Məhkəmə qərarları › İş №e-2-2(113)-2992/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2992/2021

28.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2992/2021 28.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X14, Cavabdehin nümayəndəsi X5, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidmətinin Cavabdeh Firmasına qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidməti (bundan sonra – iddiaçı) Cavabdeh Firmasına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 98560 manat məbləğində təbiətə dəymiş ziyan məbləğinin alınıb iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 14.06.2018-ci il tarixli, 379/ü nömrəli əmri ilə yaradılmış işçi qrupun üzvləri tərəfindən "xxxx" əhəngdaşı yatağında istismar işləri aparan cavabdehə məxsus daş karxanasında mövcud qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət məqsədilə monitorinq araşdırması aparılmışdır. Araşdırma zamanı karxananın nümayəndəsi Namiq Yusifov iştirak edirdi. "xxxx" firmasının daş karxanasında 1 ədəd SM- 89 markalı daş kəsən kombayn və 1 ədəd NKM-2U markalı şırım açan vasitəsilə istismar işləri aparılmışdır. İlin sonunda hasilat üzrə 5GK illik hesabatı Nazirliyin X12 üzrə X11 fonduna təqdim olunmamışdır. X13 bərpası üzrə Dövlət Fonduna ayırmalar (ödəmələr) köçürülməmişdir. İstehsal sahəsində topoqraf R.Əliheydərli tərəfindən topogeodezik ölçmələr aparılmış, sahənin ölçmələri 100 m * 80 m * 1,6 m = 12800 m əhəng daşı istismar edildiyi müəyyən olunmuşdur. Bununla da “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 9, 10, 21, 46-cı maddələrinin tələblərinin pozulması müəyyən edilmiş və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 Departamenti (hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidməti) tərəfindən tərtib olunmuş 24 avqust 2018ci il tarixli, 49303 nömrəli akt və araşdırma zamanı toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daha sonra KQMBİ-nin tapşırığına əsasən yenidən araşdırma aparılaraq 2019-cu il 10 oktyabr tarixli 56077 akt tərtib edilərək cavabdeh tərəfindən 98560 manat məbləğində təbiətə ziyan vurulması faktı bir daha öz təsdiqini tapmışdır. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 16 yanvar 2019-cu il № 476 Fərmanı ilə X12 Departamentinin əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidməti yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il tarixli 975 nömrəli Fərmanı ilə Xidmətin Əsasnaməsi təsdiq edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Əsgərov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin tələbinə əsasən yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi icazə sahibinin təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərə, habelə icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. Hazırkı halda cavabdeh X1 Karxanasının hüquqi varisi olmasına baxmayaraq, yenidən yerin təkindən istifadə hüququ verən icazənin alınması üçün aidiyyatı quruma müraciət etməli, öz adına lisenziya (icazə) almalı idi. Belə ki, adıçəkilən Qanunun tələbinə görə icazənin qüvvəsi yalnız həmin icazə verilmiş şəxsə aiddir, icazə üzrə hüquqlar üçüncü şəxsə, o cümlədən hüquqi varisə şamil edilə bilməz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi F.Yusufova iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, uzun müddətdir ki, Cavabdeh Firmasının direktorudur, rəhbərlik etdiyi firma X1 Karxanasının hüquqi varisidir, həmin Daş Karxanasına yerin təkindən istifadə üçün verilmiş olan icazə müddətsizdir, bundan əlavə cavabdeh tərəfindən dövlətə hər hansı ziyan vurulmamış, cavabdeh qanunvericiliyin tələbinə əsasən hər il aidiyyatı dövlət orqanına öz fəaliyyəti barədə hesabat vermiş, həmin hesabatlar da təsdiq edildikdən sonra X13 bərpası üzrə dövlət fonduna ayırmalar ödənilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş aktlar qanunsuz və əsassızdır. Sübutların tədqiqi: Cavabdeh 35012 saylı şəhadətnamə ilə 01 oktyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmışdır. 21 avqust 1997-ci il tarixli təsis müqaviləsi ilə təsdiq edilmiş cavabdehin Nizamnaməsinin 1-ci maddəsinin 3-cü abzasında göstərilmişdir ki, Firma Bakı şəhəri X1 karxanasının əmlakının özəlləşdirilməsi işlərində yaradılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 037941 nömrəli 02 oktyabr 2008-ci il tarixli lisenziyadan görünür ki, Cavabdeh Firmasına Bakı şəhəri Qaradağ rayonu, Səngəçal ŞTQ-da dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasına 5 il müddətinə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 073701 nömrəli 28 noyabr 2013-cü il tarixli lisenziyadan görünür ki, Cavabdeh Firmasına Bakı şəhəri Qaradağ rayonu, Səngəçal ŞTQ-da dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasına 5 il müddətinə icazə verilmişdir. İş materiallarına əlavə olunmuş “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci maddəsinə əsasən bu Fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilmişdir. Cavabdeh tərəfindən Milli Geoloji Kəşfiyyat Xidmətinə ünvanlanmış 13 yanvar 2020-ci il tarixli 1 nömrəli məktubdan görünür ki, cavabdeh 2019-cu il üzrə ümumi yayılmış X4 balans hesabatını (5GK forması) təqdim etmişdir. Ümumi yayılmış X4 2019-cu il üzrə balans hesabatından görünür ki, Cavabdeh Firması tərəfindən 1232 manat məbləğində mişar daşı hasil olunmuşdur. 5GK forması Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş 2013-2020-ci illər üzrə X4 hesabat balanslarından görünür ki, qeyd olunan hesabat balansları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 06.10.2009-cu il tarixli 7-3175/17 saylı məktubdan görünür ki, X17 Nəzarət Dövlət Komitəsinin 01.12.1991-ci il tarixli 49 saylı X18 əsasən keçmiş "xxxx" MDK-nın faktiki istifadəsində olan 64.5 ha torpaq sahəsi hazırda onun hüquqi varisi olan Cavabdeh firmasının qanuni istifadəsindədir. 03 dekabr 1991-ci il tarixli Dağ-Ayırma aktından görünür ki, "xxxx" firmasına Bakı şəhərindən 56 km cənub-qərb istiqamətdə yerləşən 64.5 hektar torpaq sahəsində əhəngdaşı hasil edilməsinə icazə verilmişdir. 11.03.2005-ci il tarixli Abşeron rayonu ərazinində yerləşən "xxxx" əhəngdaşı yatağında fəaliyyət göstərən Cavabdeh Firmasının daş karxanasının dağ-mədən işlərinin inkişafı planından görünür ki, Cavabdeh Firmasının daş karxanası Karvansaray əhəngdaşı yatağının mərkəzində təşkil olunmuşdur. Firma cəmi 10,0 ha yataq sahəsinə malikdir. Qeyd olunan plan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi və Azərbaycan Respublikası Dövlətdağtexnəzarət Komitəsi Yerin Təkinin Mühafizəsi və Dağ-Mədən Nəzarəti müfəttişliyi tərəfindən razılaşdırılaraq təsdiq olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X8 və X10 Agentliyi tərəfindən verilmiş 19.02.2014-cü il tarixli k/4469 nömrəli texniki təhlükəsizliyə dair ekspertiza rəyinin təsdiq edilməsi barədə qərardan görünür ki, Qaradağ rayonu ərazisində yerləşən "xxxx" əhəngdaşı yatağında fəaliyyət göstərən Cavabdeh firmasına məxsus daş karxanasının 2015-ci il üçün dağ-mədən işlərinin aparılması ilə bağlı təqdim edilmiş “Dağmədən işlərinin inkişafı planı” üçün Cavabdeh Firması tərəfindən verilmiş "xxxx" MMC tərəfindən aparılmış ekspertiza rəyinə baxılmış və **-LS-***9-2014 nömrə ilə qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş Qaradağ rayonu ərazisində yerləşən "xxxx" əhəngdaşı yatağında fəaliyyət göstərən Cavabdeh firmasına məxsus daş karxanasının 2015-ci il üçün dağ-mədən işlərinin aparılması ilə bağlı təqdim edilmiş “Dağ-mədən işlərinin inkişafı planı”na dair 1038 nömrəli 11 dekabr 2014-cü il tarixli ekspert rəyindən görünür ki, Dağ-mədən işlərinin texniki təhlükəsizlik baxımından təhlükəsiz aparılmasının təmin olunması üçün tədbirlər layihədə lazımi səviyyədə əks olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 Departamenti tərəfindən tərtib olunmuş 24 avqust 2018-ci il tarixli aktdan görünür ki, 24.08.2018-ci il tarixdə "xxxx" əhəngdaşı yatağı ünvanında yerləşən Cavabdeh MMC-də yoxlama aparılarkən Daş Karxanasının torpaqayırma sərəncamı və yerin təkindən istifadəyə dair sənədlər, “Dağ-mədən” ayırması aktı, ekspertiza rəyi, geoloji pasport, daş-mədən işlərinin inkişaf planının təqdim olunmadığı, istismar sahəsində 1 ədəd SM-8.9 markalı daşkəsən kombayn, 1 ədəd şırım açan vasitəsilə istismar işləri aparıldığı, istehsal nəticəsində yaranan tullantıların yığılması, qorunması, uçotunun aparılması təmin olunmamış, faydalı qazıntının normadan artıq itkisinə yol verildiyi, ilin sonunda hasilat üzrə 5GK illik hesabatı Nazirliyin X12 üzrə Dövlət İnformasiya və Arxiv Fonduna təqdim olunmadığı, Mineral- Xammal bazasının bərpası üzrə Dövlət Fonduna ödənişlərin edilmədiyi, İstismar sahəsində X2 mühəndisi Rauf Əliheydərli tərəfindən topogedezik ölçmələrin aparıldığı və ölçmə nəticəsində 100 m * 80 m * 1,6 m = 12800 kub.m həcmdə əhəngdaşının istismar edildiyi müəyyən olunmuşdur. Alt işçi qrupun əməkdaşları tərəfindən imzalanmışdır. Cavabdehin nümayəndəsi isə aktı imzalamaqdan və onun bir nüsxəsini almaqdan imtina etmişdir. Azərbaycan Respuvlikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 Departamenti tərəfindən tərtib olunmuş 10 oktyabr 2019-ci il tarixli 56077 nömrəli aktdan görünür ki, X12 Departamentinin 08.10.2019-cu il tarixli 096/ü nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş 2011-2019-cu il tarixli 145 nömrəli məktubunda göstərilənlərlə bağlı Qaradağ rayonunun inzibati ərazisində yerləşən "xxxx" əhəngdaşı yatağında fəaliyyət göstərən cavabdehə məxsus mişar daşı karxanasında təkrar araşdırma aparılmışdır. Təkrar araşdırma zamanı təqdim olunmuş sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, cavabdeh 01.10.1997-ci il tarixdə 35012 nömrəli şəhadətnamə ilə Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Cavabdeh keçən əsrin 90-cı illərində "xxxx" əhəngdaşı yatağında istismar işləri aparmış "xxxx" X3 məxsus əmlakı özəlləşdirmiş və bununla bağlı firmaya Dövlət Əmlak Komitəsinin 18.08.1997-ci il tarixli 5801 saylı şəhadətnaməsi verilmiş, firmanın nizamnaməsinə əsasən keçmiş "xxxx" MDK-nın hüquqi varisidir. Firma rəhbərliyi tərəfindən 2018-ci il üçün Dağ-mədən işlərinin inkişaf planı tərtib olunmuş, ancaq ETSN ilə razılaşdırılmamışdır. Nazirliyin İnformasiya Arxiv Fonduna Statistik hesabat (fomra 5 GK) təqdim olunmuş, lakin X13 Bərpası üzrə Fonda vəsait ödənilməmişdir. Firmaya məxsus ərazidə hazırda 1 ədəd daşkəsən kombayn və 1 ədəd şırım açan vasitəsilə ilə istismar işləri aparılmışdır. Hüquqi dəyərləndirmə: Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası “Yerin təki haqqında Qanunun: 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər. Yer təki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə alındığı andan yaranır. 9-cu maddəsinə əsasən yer təki istifadəçiləri ayırma hüdudları daxilində yerin təkindən icazədə göstərilmiş fəaliyyət növü üçün istifadə edilməsi hüququna malikdirlər. 10-cu maddəsinə əsasən yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. http://www.eqanun.az/framework/4273Dağ-mədən ayırmasının ilkin hüdudları dağ-mədən ayırması statusu verilərkən müəyyən edilir. 13-cü maddəsinə əsasən yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində maddi ziyanın ödənilməsini tələb etsə də, bu hal sübutlar vasitəsi ilə əsaslandırılmamışdır. Belə ki, hüquqi şəxsdən zərərin ödənilməsinin tələb edilməsi üçün əsas şərtlərdən biri şəxsin təqsirli və hüquqazidd hərəkətinin törədilməsini müəyyən etməkdir. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi tələb olunur. Cavabdehin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq edilməlidir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olur. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:

1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;

2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;

3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. İddiaçı, cavabdehin göstərilən hərəkəti nəticəsində ona maddi zərər dəyməsini, eləcə də ona dəymiş zərərin məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, sübut qismində "xxxx" əhəngdaşı yatağında cavabdeh tərəfindən mövcud qanunvericiliyin tələblərinə raiyət olunmasına nəzarət etmək məqsədilə aparılan monitorinq nəticəsində tərtib edilmiş 2 ədəd aktı təqdim etmişdir. 24.08.2018-ci il tarixli aktda cavabdeh tərəfindən müvafiq sənədlərin təqdim edilmədiyi, hasilat üzrə 5GK illik hesabatın təqdim edilmədiyi, X13 bərpası üzrə ayırmaların ödənilmədiyi göstərilmiş, 10.10.2019-cu il tarixli aktda cavabdeh tərəfindən "xxxx" əhəngdaşı yatağında qanunsuz olaraq 12800 kub metr həcmində əhəngdaşının hasil edildiyi, bununla da dövlətə 98560 manat ziyan vurulduğu, cavabdeh tərəfindən yerin təkindən istifadəyə icazə verən sənədlərin təqdim edilmədiyi göstərilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş hesabat da mötəbər sübut hesab edilə bilməz. Belə ki, həmin hesabatda Qaradağ rayonu ərazisində yerləşən "xxxx" əhəngdaşı yatağında cavabdeh tərəfindən qanunsuz olaraq istismar işlərinin aparılması ilə əlaqədar 98560 manat məbləğində təbiətə ziyan vurulduğu göstərilsə də, həmin ziyanın hansı dövr üzrə və hansı qaydada hesablandığı öz əksini tapmamışdır. Məhkəmə iddiaçının “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özünün istifadə edə bildiyini, başqa şəxslərə, o cümlədən həmin şəxslərin varislərinə şamil edilmədiyi barədə dəlilinə cavab olaraq bildirir ki, bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir (Mülki Məcəllə, maddə 6.5). “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin tələbinə əsasən yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi icazə sahibinin təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərə, habelə icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. Hazırkı halda cavabdeh X1 Karxanasının hüquqi varisi olduğundan həmin Daş Karxanasının malik olduğu bütün hüquq və vəzifələr universal hüquq varisliyi qaydasında ona ötürülmüşdür. Başqa sözlə, “Yerin təki haqqında” qanunun 20-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, yerin təkindən istifadə hüququ verən icazənin sahibi və yerin təkindən istifadə edən şəxslər müxtəlif fiziki və ya hüquqi şəxslər olmuş olsun. Hazırkı işin hallarından aydın olur ki, burada iki fərqli şəxs deyil, bir hüquqi şəxs – Cavabdeh firması yerin təkindən istifadə edir. Cavabdeh firması bu hüququnu hər hansı başqa şəxsdən əldə etməyib, əksinə əvvəlcədən bu hüquqa malikdir. Çünki hüquqi varisi olduğu X1 Karxanasının belə bir istifadə hüququ vardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.5-ci maddəsinə görə, bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Bundan başqa, Azərbaycan Respuvlikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 Departamenti tərəfindən tərtib olunmuş 10 oktyabr 2019-ci il tarixli 56077 nömrəli aktda, əvvəlki 24 avqust 2018-ci il tarixli aktdan fərqli olaraq, ümumiyyətlə təbiətə zərər vurulduğuna dair heç bir qeydə yer verilməyib. Belə ki, 10 oktyabr 2019-ci il tarixli 56077 nömrəli aktda Cavabdeh firmasının iddiaçıya təqdim etdiyi sənədlər sadalanmış, 24 avqust 2018-ci il tarixli aktda göstərilənlərin öz təsdiqini tapdığına dair mövqe ifadə edilməyib. Bu isə, 24 avqust 2018-ci il tarixli aktın qanuna uyğun olaraq tərtib edildiyini, yəni həmin aktın mötəbərliyini şübhə altına alır. Odur ki, 24 avqust 2018-ci il tarixli akt qanuni sayıla bilməz. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlarda cavabdeh tərəfindən hasilat üzrə 5GK illik hesabatın təqdim edilmədiyi göstərilsə də, materiallara əlavə edilmiş 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020-ci illər üçün aparılmış hasilat barədə hesabatlardan görünür ki, cavabdeh tərəfindən təqdim edilmiş qeyd olunan hesabat balansları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən imza və möhürlə təsdiq olunmuş, həmin hesabat balanslarının həqiqiliyi də məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən təsdiq edilmişdir. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı 24.08.2018-ci il tarixli aktda göstərilən halların mövcudluğunu, yəni cavabdeh tərəfindən "xxxx" əhəngdaşı yatağında aparılmış hasilatın qanunsuz olduğu, bununla da dövlətə 98560 manat ziyan dəydiyi hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (cavabdeh tərəfindən hüquqazidd hərəkətin törədilməsi) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X9 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03.11.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.12.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26.07.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Nəticə: Beləlikdə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar