Məhkəmə qərarları › İş №e-2-2(113)-2997/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2997/2025

12.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2997/2025 12.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, iddia müddəti) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən iddiaçı"xxxx" MMC-yə 34500 manat əsas borc və 6210 manat ƏDV olmaqla, ümumilikdə 40.710 manat borcun, 320 manat vəkil üçün ödənişin və 213 manat dövlət rüsumu olmaqla ümumilikdə 41243 manat vəsaitin tutularaq iddiaçı“Dirçəliş FM" MMC -yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMCilə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında AX 130/1219 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Bu Müqaviləyə əsasən Sifarişçinin tapşırığı əsasında İcraçı Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsiçərçivəsində razılaşdırılmış işləri həyata keçirir, Sifarişçi isə göstərilən xidmətlərin razılaşdırılmış dəyərini İcraçıya ödəyir. İcraçı sifarişçi "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin bütün sifarişlərini icra etmiş və sifarişçi tərəfindən görülmüş içlərin dəyəri qismən ödənilmişdir. Lakin "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin bu günə icraçıya 34500 manat əsas borc və 6210 manat ƏDV olmaqla, ümumilikdə 40710 manat ödənilməyən borcu qalmışdır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, iddiaçı tərəfindən cavabdehə pretenziya ünvanlanmış lakin bu günədək borc aktiv olaraq qalmaqdadır.

3. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdeh "xxxx" ASCyə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin əsası kimi xx.xx.2019-cu il tarixli müqaviləyə istinad etmişdir. Müqavilə tarixindən 6 il keçdikdən sonra iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də, iddiaçı iddia tələbini ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd olunanlar və MM-nin 375.2-ci maddəsinin tələbi ona əsas verir ki, iddiaçının tələbi əsassızdır, əsassız olduğuna görə də təmin edilməməlidir. Buna görə də, məhkəmədən iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə iddia müddətinin keçməsini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət bildirmişdir ki, üzrlü və obyektiv səbəblərdən məhkəmə baxış iclasında iştirakı qeyri-mümkün olacaq. Göstərilənlərə əsasən 12 iyun tarixli məhkəmə baxış iclasına iştirakı olmadan baxmağınızı və iddianın təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə gəlməyən iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. “Dirçəliş FM" MMC ilə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında AX 130/1219 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçinin tapşırığı əsasında İcraçı, Gəncə- Qazax-Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində razılaşdırılmış işləri (bundan sonra Xidmətlər adlandırılacaq) həyata keçirir, Sifarişçi isə göstərilən xidmətlərin razılaşdırılmış dəyərini İcraçıya ödəyir.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən Xidmətlər Sifarişçi tərəfindən Təhvil-Təslim Aktı əsasında qəbul olunduqdan sonra icra edilmiş sayılır.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilənin qiyməti işlərin İcra müddətində tərəflər arasında tərtib olunmuş faktiki görülmüş işlərin aktı (Forma-2, Forma-3) əsasında bank köçürmə yolu ilə ödəniləcək.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən Sifarişçi:

13. Müqavilənin 3.1.1-ci bəndinə əsasən Sifarişçi göstəriləcək xidmətlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş standartlara uyğun olmasına, keyfiyyətinə, o cümlədən xidmətlərin icrasına nəzarət edir və bunun üçün yerində baxışlar keçirir və İcraçıya öz narazılıqlarını bildirir;

14. Müqavilənin 3.1.3-cü bəndinə əsasən İcraçının gördüyü işin keyfiyyəti və ya həcmi Sifarişçinin tapşırığına, mövcud standartlara uyğun gəlmədikdə uyğunsuzluqlar! və nöqsanları İcraçıdan öz hesabına dərhal aradan qaldırmağı tələb edir;

15. Müqavilənin 3.2-ci bəndinə əsasən İcraçı:

16. Müqavilənin 3.2.1-ci bəndinə əsasən İcraçı göstərdiyi xidmətlərin yüksək keyfiyyətli, beynəlxalq və Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş standartlara tam uyğun olmasına zəmanət verir;

17. Müqavilənin 3.2.2-ci bəndinə əsasən Xidmətləri tətbiq olunan standartlara, tələblərə və texniki şərtlərə uyğun şəkildə qüsursuz, keyfiyyətlə və vaxtında icra edir və Sifarişçiyə təhvil verir;

18. Müqavilənin 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən güvvəyə minir və xx.xx.2019-cu il tarixədək qüvvədə qalır.

19. Müqavilənin 10.2-ci bəndinə əsasən müqavilənin bitmə vaxtına 10 (on) gün qalmış tərəflər bir-birinə bildiriş vermədikdə, müqavilə eyni müddətə (31.12 2020) uzadılmış hesab edilir.

20. Müqavilənin 10.3 bəndinə əsasən Müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflərdən hər-hansı biri 1 (bir) ay əvvəlcədən digər tərəfə yazılı qaydada xəbərdarlıq edərək müqaviləyə vaxtından əvvəl xitam verə bilər.

21. İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə görülmüş işlərə dair xx.xx.2020-ci il tarixli EBAJ404849 saylı 40710 manat məbləğində e-qaimə gönderilmişdir.

22. 27 yanvar 2020-ci il tarixli görülmüş işlərin qəbul aktına əsasən yekun görülmüş işlərin məbləği 113 280 manat məbləğ olmuşdur və akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

23. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

25. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

27. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

28. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə sifarişçinin tapşırığı ilə yararsız materialların (qruntun) qazılması və daşınması, yararlı materialların təmini və daşınması, yararlı materialların təmini, qazılması və kipləşdirilməsi xidmətlərinə görə xidmət haqqı müəyyən edilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

30. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

31. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

33. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

34. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

35. Belə ki, iddiaçı iddia edir ki, "xxxx" MMCilə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında AX 130/1219 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Bu Müqaviləyə əsasən Sifarişçinin tapşırığı əsasında İcraçı Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində razılaşdırılmış işləri həyata keçirir, Sifarişçi isə göstərilən xidmətlərin razılaşdırılmış dəyərini İcraçıya ödəyir. İcraçı sifarişçi "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin bütün sifarişlərini icra etmiş və sifarişçi tərəfindən görülmüş işlərin dəyəri qismən ödənilmişdir. Lakin "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin bu günə icraçıya 34500 manat əsas borc və 6210 manat ƏDV olmaqla, ümumilikdə 40710 manat ödənilməyən borcu qalmışdır. Cavabdeh isə etiraz (iddia müddətinin tətbiqi barədə) ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi xx.xx.2019-cu il tarixli müqaviləyə istinad etmişdir. Müqavilə tarixindən 6 il keçdikdən sonra iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də, iddiaçı iddia müddətini ötürmüşdür.

36. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

37. Bundan əlavə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.

38. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

40. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

41. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.

42. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

43. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı formada bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri əmələ gəldiyindən, həmin müqavilə üzrə xidmətlərin göstərilməsinə dair sənədlər işə əlavə edildiyindən məhkəmə hesab edir ki, iddiaçının borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır.

44. Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.

45. Belə ki, iş materiallarından görünür ki, müqavilə üzrə görülmüş işlər cavabdehə xx.xx.2020-ci il tarixindən təhvil verilmişdir. Cavabdeh həmin işlərə görə müəyyən ödənişlər etsə də, lakin 40710 manat ödənilməmiş qalmışdır. İddiaçının nümayəndəsinə cavabdehin sonuncu ödənişlərini təsdiq edən sənədlərin təqdim edilməsi təklif olunsa da, ödəniş sənədləri təqdim edilməmişdir.

46. Beləliklə, müəyyən olunur ki, dəyəri (40710 manat) ödənilməmiş qalmış işlər xx.xx.2020-ci il tarixində cavabdehə təhvil verilmiş, buna görə də iddia müddətinin axımı da xx.xx.2023-cü il tarixdə başa çatmış hesab olunmalıdır.

47. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

49. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

50. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

52. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Odur ki, iddia tələbi rədd edilməlidir.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.

55. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

56. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar