Məhkəmə qərarları › İş №e-2-2(113)-2999/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2999/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2999/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqavilənin xitam edilməsi” tələbinə dair iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti ilə yenidən təşkil edilmiş "xxxx" MTK (Hüquqi varisi: İddiaçı MMC) arasında bağlanılmış xx.xx.2005-ci il tarixli 05/318 saylı müqavilənin xitam edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4302/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən məlum olur ki, “Halal" MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti ilə onun arasında bağlanılmış xx.xx.2005-ci il tarixli 05/318 saylı müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qətnamə ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1177/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4302/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.22-ci maddəsinin tələbinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsini qəbul etməkdən imtina edir. Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar dedikdə, məhz eyni tərəflər arasında olan iddiaların eyni faktiki əsasa malik olması və eyni hüquq münasibətinə əsaslanması başa düşülür. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadının 40-cı bəndində göstərilmişdir ki, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, əvvəlki yəni, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-4302/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə aid iddia ərizəsinə və hazırkı iddia ərizəsinə nəzər yetirildikdə, görünür ki, tam olaraq analoji iddia ərizələridir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən əldə edilmiş vergi ödəyicisinin tarixçəsindən məlum olur ki, ********* sylı VÖEN-ə sahib vergi ödəyicisinin əvvəlki adı "xxxx" Mənzil-tikinti Kooperativi, hazırki adı isə indiki iddiaçı olan İddiaçıdir. Yəni, "xxxx" Mənzil-tikinti Kooperativi ancaq təşkilatı hüquqi formasını dəyişmiş və İddiaçınə çevrilmişdir. Göründüyü kimi, hazırkı İddiaçı, əvvəlki iş üzrə iddiaçı olmuş "xxxx" Mənzil-tikinti Kooperativinin universal hüquq varisidir. Nəzərə alınmadır ki, hüquqi şəxsin təşkilati hüquqi formasını və yaxud adını dəyişərək, hər dəfə başqa adla Məhkəməyə müraciət etməsi onun başqa hüquqi şəxs olması anlamına gəlməməlidir. Hazırda iddianın da, əvvəl irəli sürülmüş iddianın predmeti və faktiki əsası eynidir. Yəni, iş üzrə tərəflər, iddianın predmeti və faktiki əsası eynidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki ərizənin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: "xxxx" MMC-nin Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqavilənin xitam edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin. **********39 nömrəli qəbzə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101 (bir yüz bir) manat məbləğində pul "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar