Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-300/2023 21.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, elektron qaimə, prosessual maraq, mediasiya xərci, dövlət rüsumu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 iyul 2021-ci il tarixli xidmət müqaviləsi üzrə 10 000 manat əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, mediasiya prosesinə çəkilmiş xərcinin əvəzi 100 manat olmaqla, ümumilikdə 10 120 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixində 0xx/xx/2021 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində və ya etibarnamə əsasında istifadəsində olan xüsusi texnika və nəqliyyat vasitələri ilə cavabdehin sifarişi əsasında göstərilən sahədə yük qaldırma, yüklərin yerdəyişməsi və ya bir yerdən digər yerə daşınmasını öhdəsinə götürmüş, iddiaçı isə xidmət haqqını müqavilədə razılaşdırılmış qaydada ödəməyi öhdəsinə götürmüşdür. Adıçəkilən müqavilədə hər ay ərzində göstərilmiş xidmət üçün elektron qaimənin tərtib olunması və təsdiq edilmiş elektron qaiməyə əsasən ay ərzində faktiki göstərilmiş xidmət haqqının növbəti ayın 15 təqvim günü ərzində cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən müqaviləyə xx.xx.2021-ci il tarixdə 1 saylı əlavə edilmişdir. Həmin əlavəyə əsasən 25 tonluq avtokranın aylıq xidmət haqqı 5000 manat müəyyənləşdirilmişdir. 2.2. Sözügedən xidmət müqaviləsinə əsasən hər ay işlər tam təmin edilmiş və müqaviləyə əsasən xidmət haqqı hesablanmış, elektron qaimə hər ay göndərilmişdir. Cavabdeh tərəfindən işlərin və xidmətlərin göstərilməsi haqda göndərilmiş elektron qaimə-fakturalar qəbul edilmişdir. Lakin xidmət müqaviləsi üzrə yaranmış xidmət haqqı borcu olan 10 000 manat ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubu göndərilsə də, hal-hazıradək həmin borcun ödənilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı addım atılmamışdır. Eləcə də mübahisənin məhkəmədən kənar həlli üçün cavabdeh mediasiya prosesinə cəlb edilmiş, lakin ilkin mediasiya sessiyasında sonuncu iştirak etməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 448-ci və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, tərəflər arasında 02 iyul 2021-ci il tarixdə xidmət müqaviləsi bağlanmış, cavabdehə üç ay – iyul, avqust və sentyabr aylarında xidmət göstərilmişdir. Həmin müqaviləyə əsasən xidmətlərin həcminin elektron qaimə ilə müəyyənləşdirilməsi nəzərdə tutulduğundan, hər ayın sonunda cavabdehə xidmət haqqı barədə elektron qaimə göndərilmişdir. Lakin cavabdeh yalnız bir ayın xidmət haqqını (5000 manat) oktyabr ayında ödəmiş, digər ödənişləri isə etməkdən yayınmışdır.
5. Məhkəmənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, ödəniş bank hesabına köçürmə yolu ilə həyata keçirilmiş, təqdim edilən hesabdan çıxarış ilə də bu hal təsdiq olunur.
6. Cavabdehin nümayəndəsi və vəkili məhkəmənin ikinci hazırlıq iclasında iştirak edərək kommersiya mübahisəsinin materialları ilə tanış olmaq üçün iclasın təxirə salınmasını xahiş etmiş, sonrakı məhkəmə iclaslarında iştirak etməmişdir.
7. Cavabdeh və onun nümayəndəsi və vəkili sonuncunun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə məhkəmə bildirişləri yerləşdirilməklə, eləcə də cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclaslarının yeri və vaxtı barədə “SMS” bildiriş göndərilməklə, cavabdehin hüquqi ünvanına məhkəmə bildirişləri çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmış, cavabdehin nümayəndəsi bir neçə dəfə məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmiş, lakin cavabdehin hər hansı nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir (qətnamənin 6-cı paraqrafı nəzərə alınmaqla). Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə üzrə sübutetmə predmetinə tərəflər arasında xidmət müqaviləsinin bağlanması, həmin xidmət müqaviləsi üzrə razılaşdırılmış xidmətin göstərilməsi, xidmət haqqının razılaşdırılmış müddətdə ödənilməməsi kimi halların müəyyən olunması daxildir.
12. Məhkəməyə təqdim olunan cavabdehin möhürü və direktorunun imzası, iddiaçının imzası ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 0xx/xx/2021 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən xidmət göstərən (iddiaçı) mülkiyyətində və ya etibarnamə əsasında istifadəsində olan xüsusi texnika və nəqliyyat vasitələrini Sifarişçinin (cavabdehin) Xidmət Sifarişi əsasında göstərilən sahədə yük qaldırma, yüklərin yerdəyişməsi və ya bir yerdən digər yerə daşınmasım öhdəsinə götürür. Sifarişçi isə xidmət haqqını müqavilədə razılaşdırılmış qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə görə, göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması əsasında e-qaiməyə uyğun olaraq müəyyənləşdirilir. Bu Müqavilə üzrə Xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan “Əlavə"-də qeyd edilir.
13. Adıçəkilən müqavilənin 3.1-ci bəndinə əsasən hər ay ərzində göstərilmiş xidmət üçün elektron qaimə tərtib olunur və təsdiq edilmiş e-qaiməyə əsasən ay ərzində faktiki göstərilmiş xidmət haqqı növbəti ayın 15 təqvim günü ərzində Sifarişçi tərəfindən Xidmət göstərənin bank hesabına köçürmə yolu ilə ödənilir.
14. Qeyd edilən müqaviləyə xx.xx.2021-ci il tarixli, 1 saylı Əlavədən görünür ki, 25 tonluq avtokranın aylıq xidmət haqqı 5000 manat razılaşdırılmışdır.
15. İş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli EBBF 758602 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli EBBH 459273 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli EBBK 196030 seriya və nömrəli elektron qaimələrdən görünür ki, iddiaçı 0xx.xx.2021-ci il saylı müqaviləyə əsasən hər biri 5000 manat dəyərində olmaqla xidmətlərin görülməsinə dair cavabdehə elektron qaimə-faktura təqdim etmişdir.
16. Məhkəməyə təqdim edilən iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan AZ28BRES******************** nömrəli hesabından xx.xx.2021-xx.xx.2023-cü illəri əhatə çıxarışlardan görünür ki, cavabddeh tərəfindən xx.xx.2021-ci il tarixli EBBF 758602 seriya və nömrəli elektron qaimə üzrə xx.xx.2021-ci il tarixdə 5000 manat məbləğində pul iddiaçının hesabına köçürülmüşdür.
17. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsi “Elektron qaimə (e-qaimə)” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli EBBF 758602 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli EBBH 459273 seriya və nömrəli elektron qaimə-fakturalar sistem tərəfindən, xx.xx.2021-ci il tarixli EBBK 196030 seriya və nömrəli elektron qaiməfaktura isə cavabdeh tərəfindən təsdiqlənmişdir.
18. Göründüyü kimi, cavabdeh məhz sistem tərəfindən təsdiqlənən elektron qaiməfaktura əsasında (xx.xx.2021-ci il tarixli EBBF 758602) 5000 manat ödəniş etmişdir.
19. Belə olan halda, məhkəmə hesab edir ki, digər – sistem tərəfindən və cavabdehin özü tərəfindən təsdiq olunan elektron qaimə-fakturalar da məhz razılaşdırılan işlərin görülməsini təsdiq edir.
20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, həmin münasibətin məzmununu iddiaçı tərəfindən yük qaldırma, yüklərin yerdəyişməsi və ya bir yerdən digər yerə daşınması kimi işlərin görülməsi, cavabdeh tərəfindən isə görülmüş işlərin dəyərinin ödənilməsi təşkil etmişdir. Xidmət haqqı aylıq 5000 manat olmaqla razılaşdırılmışdır. Razılaşdırılmış işlər üç ay müddətində görülmüş, hər ay üçün elektron qaimə-fakturalar tərtib edilərək cavabdehə göndərilmiş, həmin qaimələrdən ikisi sistem tərəfindən, biri isə məhz cavabdeh tərəfindən təsdiqlənmişdir. Sistem tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli EBBF 758602 seriya və nömrəli elektron qaimə üzrə ödəniş xx.xx.2021-ci il tarixində həyata keçirilmiş, digər iki qaimə üzrə isə ödənişlər edilməmişdir.
21. İddiaçı xx.xx.2021-ci il tarixli, 0xx/xx/2021 nömrəli müqavilə üzrə 2 ay üçün görülmüş işlərin dəyərini təşkil edən 10 000 manat pulu tələb edir.
22. Cavabdeh və ya onun nümayəndəsi və vəkili hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir və məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabineti vasitəsi ilə iddiaçı tərəfindən təqdim edilən bütün sübutlarla tanış olmaq imkanına malik olmasına rəğmən heç bir etiraz təqdim etmir.
23. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
25. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eləcə də vurğulayır ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
26. Buna görə də, məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
27. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyət etibarilə podrat müqaviləsi olub, iddiaçının görülmüş işlərin əvəzinin ödənilməsi tələbinin hüquqi əsasını isə Mülki Məcəllənin 752.1, 753.1 və 769-cu maddələri təşkil edir.
28. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
29. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
30. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
31. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qeyd olunan normaların dispozisiya şərtləri mövcuddur.
32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. İddiaçının razılaşdırılmış işi 3 ay icra etdiyini, cavabdehin razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyini pozaraq 2 ay üçün razılaşdırılmış muzdu ödəmədiyini, iddiaçının müqavilə üzrə muzdu tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi xidmət müqaviləsi üzrə borcun tutulması hissəsində əsaslıdır və ödənilməmiş 10 000 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
37. İddia ərizəsində iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş etmişdir.
38. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6-4521 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixə keçirilməsi nəzərədə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi üçün 100 manat ödəniş etmişdir.
39. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, ********* nömrəli qəbzlə 20 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
42. Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
43. Göründüyü kimi, kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
44. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Hazırkı iş üzrə iddia tələbi tam təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 02 iyul 2021-ci il tarixdə bağlanmış xidmət müqaviləsinə əsasən 10 000 (on min) manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova