Məhkəmə qərarları › İş №e-2-2(113)-3001/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3001/2025

19.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3001/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, podrat münasibətləri) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə 8463,75 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, tərəflər arasında 26 iyul 2024-cü il tarixli 2607/24 saylı xidmətlərin göstərilməsi haqqında müqavilə əsasında xx.xx.2024-cü ildən xx.xx.2024-cü il müddətində cavabdehin sifarişinə əsasən binada arakəsmələrin quraşdırılması işləri görülmüşdür. Bina içi 305 kv.m arakəsmənin quraşdırılması başa vurulmuş, lakin cavabdeh razılaşdırılan hər kv.m üçün 27,75 manat olmaqla 8463,75 manat pulu ödəməkdən yayınmış, təhvil-təslim aktını imzalamaqdan imtina etmişdir. İddiaçı təhvil-təslim aktını və razılaşma protokolunu imzalayaraq 5 gün müddətində göndərilməsi xahiş etmiş, lakin cavabdeh bunu təmin etməmişdir. Cavabdehə pretenziya qaydasında məktub göndərilmiş, ona da cavab verilməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi hər hansı hüquq normasına istinad edilməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini 7600 manat hissəsində müdafiə etdiklərini bildirdilər.

6. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi Nümayəndə müqavilə üzrə işlərin qüsurlarla görüldüyünü, 2 ədəd nərdivanın qaytarılmadığını, buna rəğmən 7600 manat hissəsində iddia tələbi ilə razı olduqlarını qeyd etdilər.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 2607/2024 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin sifarişi ilə bina içi arakəsmələr hazırlanmasını, cavabdeh isə görülmüş işlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin hesablaşma qaydalarına əsasən icraçı tərəfindən yerinə yetirilən işlərin haqqı onun tərəfindən təqdim edilmiş hesabfakturaya və təhvil-təslim aktına əsasən sifarişçi tərəfindən ödənilməlidir. Həmin müqaviləyə xx.xx.2024-cü il tarixli 03 nömrəli 8463,75 manat dəyərində işlərin görülməsi barədə qiymətlərin razılaşdırılması protokolu, işlərin görülməsi ilə bağlı tərtib edilmiş təhviltəslim aktı cavabdeh tərəfindən təsdiq edilməmişdir.

11. İddiaçı ərizədə nxx.xx.2024-cü il tarixli 2607/2024 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə 8463,75 manat dəyərində pulun tutulmasını tələb etmiş, lakin məhkəmə icraatının gedişində iddia tələbini 7600 manat məbləğində pulun tutulması hissəsində müdafiə etdiyini bildirmişdir.

12. Cavabdeh iddiaçı tərəfindən işlərin qüsurla icra edildiyini, 2 ədəd nərdivanın qaytarılmadığını bildirir, lakin 7600 manat hissəsində iddia tələbi ilə razı olduğunu qeyd edir.

13. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

14. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

17. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 2607/2024 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi”nin ayrı-ayrı növlərini (tapşırıq, konsessiya, ticarət agenti və s.) tənzimləyən müddəalar mövcud olsa da, həmin normalar göstərilən xidmətlərin təhvil-təslim aktı əsasında görülmüş iş kimi təhvil alınmasını əks etdirən hazırkı xidmət müqaviləsindən irəli gələn münasibətlərə tətbiq edilə bilməz.

18. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

19. Bu baxımdan iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 752.1-ci maddəsinin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

20. İddiaçı hazırda mülki qanunvericilikdən irəli gələn görülmüş işin dəyərinin ödənilməsi hüququnu realizə edir. Hazırda iddiaçının 7600 manat həddində iddia tələbini müdafiə etməsi və cavabdehin həmin hissədə iddianın qəbul etməsi səbəbindən məhkəmə hesab edir ki, iddia tələbi məhz 7600 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır. Eyni zamanda çəkimə və dispozitivlik prinsiplərinə müvafiq olaraq iddia tələbinin müdafiə olunmayan hissəsində iddia rədd edilməlidir.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

25. Beləliklə, məhkəmə qeyd edir ki, xidmət müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

26. Belə olan halda,məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024cü il tarixli 2607/2024 nömrəli müqavilə üzrə 7600 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

27. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbz əsasında müəyyən olunur ki, 105 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.

28. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

30. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehdən tutulmalıdır.

31. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 26 iyul 2024-cü il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə 7600 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar