Məhkəmə qərarları › İş №e-2-2(113)-3003/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3003/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3003/2023 20.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26.384,75 manat məbləğində əsas, əsas borca görə 5% hesablanmaqla 1.319,2 manat məbləğində vəsait, hüquqi xidmətlərə görə 500 manat haqq olmaqla, 200 manat mediasiya xərci olmaqla cəmi 28.403,95 manat pul məbləğinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə arasında iki ədəd texnikanın icarəsinə dair müqavilə bağlanmışdır. Müqavilənin əlavəsi olan 1 və 2 saylı razılaşma protokoluna müvafiq olaraq “Tırtıllı Ekskavator” JCB JS290 texnikasının xidmət haqqı ayda 12.000 manat, üstəgəl Əlavə dəyər vergisi (ƏDV), “Hitachi-350” markalı tırtıllı ekskavatorun xidmət haqqı ayda 13.000 manat + ƏDV təşkil etmişdir. İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, Cavabdeh MMC tərəfdən heç bir üzrlü səbəb olmadan öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, götürdüyü texnikaları 2022-ci ilin aprel, may, iyun aylarında işlətmiş və ümumi texnikalara görə 38.384,75 azn ödəniş (ƏDV daxil) etməli olduğu halda cəmi 12.000 azn pul ödəmiş, iyul ayından etibarən heç bir ödəniş etməmişdir. Ona görə də hazırda Cavabdeh MMC İddiaçı MMC-ə 26.384,75 manat məbləğində (ƏDV daxil) borclu olduğu müəyyən edilmişdir. Belə olduğu halda, qanunvericilik 26.384,75 manat məbləğində borcun geri qaytarılması ilə yanaşı, eyni zamanda öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə vurulmuş ziyanın ödənilməsini də nəzərdə tutur. Hesab edirik ki, Cavabdeh MMC 26.384,75 (iyirmi altı min üç yüz səksən dörd manat yetmiş beş qəpik) manat məbləğində pulu, 200 (iki yüz) manat mediasiya xərcini, əsas borca görə ilə əlavə 5% hesablanmaqla, 1.319,2 (min üç yüz on doqquz manat iki qəpik) manat məbləğində cəriməni, hüquqi xidmətlərə görə 500 (beş yüz) manat haqqı şəxsən ödəməlidir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.

8. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

9. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 23 nömrəli müqavilə, xx.xx.2022-ci il tarixdə 1 saylı razılaşma protokolu və xx.xx.2022-ci il tarixdə 2 saylı razılaşma protokolu imzalanmışdır.

11. Tərəflər arasında bağlanmış müqavilənin 1-ci bəndinin və razılaşma protokollarının məzmunundan görünür ki, qeyd edilmiş müqavilə icarə müqaviləsidir.

12. xx.xx.2022-ci il tarixli razılaşma protokoluna əsasən JCB 290 markalı 01 ədəd tırtıllı ekskavatorun aylıq icarə haqqı ƏDV daxil 14.160 (12000+2160) manat, xx.xx.2022ci il tarixli razılaşma protokoluna əsasən 01 ədəd “Hitachi-350 markalı tırtıllı ekskavatorun aylıq icarə haqqı ƏDV daxil 15.340 (13000+2340) manat müəyyən edilmişdir.

13. Müqavilə və qiymət razılaşma protokolları hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.

15. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun texnikalardan istifadəyə görə icarə haqqı haqqı ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

16. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili texnikaların müqavilə imzalanan gün təhvil verildiyini, geri qaytarılanda isə akt tərtib edilmədiyini, cavabdeh tərəfindən 4720 və 8000 manat olmaqla, 12720 manat ödəniş edildiyini, həmin məbləğdən 720 manatın cavabdehə geri qaytarıldığını, cavabdeh tərəfindən ümumilikdə, 12000 manat ödənildiyini, cavabdehin aprel, may, iyun aylarında avadanlıqdan istifadə etdiyini, avadanlığı hər gün işlətmədiyini, borcu avadanlığın işlədildiyi günlərə görə hesabladıqlarını, iyul ayından etibarən heç bir ödəniş edilmədiyini bildirmişdir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilsə də məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət bildirməmişdir.

18. İş materiallarına əlavə olunmuş, Cavabdeh imza və möhürü ilə təsdiq olunmuş, 2022-ci ilin may ayına aid təhvil-təslim aktlarından görünür ki, “Tırtıllı Ekskavator” JCB 290 və “Hitachi-350 markalı tırtıllı ekskavatorlar Cavabdehnə təhvil verilmişdir.

19. Bundan başqa, işdən görünür ki, EBBW 546784 saylı xx.xx.2022-ci il tarixli dəyəri 4.720,01 manat olan, EBCC 90500 saylı xx.xx.2022-ci il tarixli dəyəri 13.320,76 manat olan, EBCG 866611 saylı xx.xx.2022-ci il tarixli dəyəri 4.719,95 manat olan, EBCG 867907 saylı xx.xx.2022-ci il tarixli dəyəri 5.965,54 manat olan, EBCG 867169 saylı xx.xx.2022-ci il tarixli dəyəri 9.658,49 manat olan elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.

20. Sadə riyazi hesablama ilə görünür ki, göndərilmiş olan elektron qaimələrdəki məbləğlərin cəmi 38.384,75 manat təşkil edir.

21. İşdə olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya EBBW 546784 saylı xx.xx.2022-ci il tarixli dəyəri 4720,01 manat olan elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 4.720 manat məbləğində ödəniş edilmişdir.

22. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 720 manat məbləğində pul cavabdehə geri qaytarılmışdır.

23. İddiaçı tərəf qeyd edilmiş pulun ƏDV hesabına ödənilməli olduğundan geri qaytarıldığını bildirmişdir.

24. Bundan başqa qeyd edilən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 8.000 manat məbləğində ödəniş edilmişdir.

25. Qeyd edilmiş hal yəni, göndərilmiş elektron qaimə üzrə cavadehin ödəniş etməsi onu təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər məhz elektron qaimələr üzərindən həyata keçirilmişdir.

26. Belə olan halda, yəni göndərilmiş olan elektron qaimələrdəki məbləğlərin cəminin 38.384,75 manat olması, cavabdeh tərəfindən isə 12.000 manat pulun ödənilməsini nəzərə alaraq Məhkəmə hesab edir ki, cavabdehin verilmiş olan texnikalara görə ödənilməmiş ƏDV daxil 26.384,75 (38.384,75-12.000) manat məbləğində borcu qalmışdır.

27. Ona görə də, 26.384,75 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödəniməlidir.

28. Məhkəmə iddianın əsas borca görə illik 5% hesablanmaqla 1.319,2 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

29. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2023-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 49 gün sonra yəni, xx.xx.2023-cü il tarixində verilmişdir.

30. Qeyd edilməlidir ki, əsas borca illik 5 faiz hesablanarkən məbləğin ƏDV hissəsi çıxılmalıdır. Belə olan halda, 21.635,5 (26.384,75-4.749,25) manat məbləğində pulun illik 5 faiz olmaqla 49 gün üçün pul hesablanmalıdır.

31. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 145,2 (21.635,5x5/100=1.081,77 (1 il üçün), 1.081,77/365=2,963 (1 gün üçün), 2,963 x49=145,2(49 gün üçün) manat məbləğində pul da cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır.

32. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/9-00780 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 200 manat məbləğində pul Bakı 9 X1 ödənmişdir.

33. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilməlidir.

34. Məhkəmə hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 500 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

35. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, vəkil xərcinin əvəzi olaraq 500 manat məbləğində pul ödənmişdir.

36. Ona görə də, məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

38. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 26.384 (iyirmi altı min üç yüz səksən dörd) manat 75 (yetmişi beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı MMCyə ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 145 (bir yüz qırx beş) manat, 20 (iyirmi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar