Məhkəmə qərarları › İş №e-2-2(113)-3005/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3005/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3005/2025 02.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun хеyrinə xx.xx.2023-cü il 021R********** saylı krеdit razılaşması üzrə 11415,76 manat məbləğində krеdit bоrcu, 519,12 manat məbləğində faiz bоrcu və 439,08 manat məbləğində cərimə borcu, cəmi 12373,96 manat, cavabdеh Cavabdeh3 onun хеyrinə xx.xx.2023-cü il tarixli 22E**********80 saylı kart krediti və girov barədə qarışıq müqavilə üzrə 1075,97 manat məbləğində kredit borcu, 283,93 manat məbləğində faiz bоrcu olmaqla, cəmi 1359,90 manat bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 131,2 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilmədini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh3 və zamin Cavabdeh1 Əlibaba oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli 021L**********45 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh3 120 ay müddətinə 200000 manat məbləğində krеdit хətti açılmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixli 021S**********01 saylı Qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh3 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 manat məbləğində məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 021R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 13584,24 manat ödəmiş, onun 11415,76 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 97 gün üçün hesablanmış faiz borcu 519,12 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 97 gün üçün hеsablanmış cərimə 439,08 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Bundan başqa, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 22E**********80 saylı kart krediti və girov barədə qarışıq müqavilə əsasında cavabdehə “X1 Credit Cards” növlü kart hesabı və 24 ay müddətinə, 1500 manat məbləğində kredit limiti açılmışdır. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Cavabdeh3 əsas borcu üzrə 1075,97 manat məbləğində kredit borcu qalmışdır. Kart krediti və girov barədə qarışıq müqaviləsinin 2.4-cü bəndinə müvafiq olaraq, xx.xx.2025-ci il tarixə 155 gün üçün hesablanmış faiz borcu 283,93 manat təşkil edir. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirmişdir ki, iddianı qismən qəbul edir, borc məbləği ilə razıdır, maddi cəhətdən vəziyyəti yaxşı olmadığı üçün borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Borcun hər ay hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, İddia tələbinə etirazı yoxdur. Əsas borclu Cavabdeh3 borcu ödədiyi təqdirdə ondan tələb edilməsinə razı deyildir. xx.xx.2023-cü 021R********** saylı krеdit razılaşması üzrə borc məbləğini qəbul edir. Lakin o, digər banklardan kredit götürdüyü üçün aylıq gəlirindən 700 manat öz kredit borcuna çıxılır. Krediti götürən şəxsin Cavabdeh3 olduğunu bildirmişdir. Kredit borcunun onun əmək haqqına yönəldilməsi, iddianın ondan tutulması hissəsinə etiraz etmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Borcalan Cavabdeh3, zamin Cavabdeh1 ilə kreditor İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 021L**********45 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən cavabdehə sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün 120 ay müddətinə 200.000 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən kreditin faiz dərəcəsinin yuxarı həddi 28%, faktiki illik faiz dərəcəsi FİFD 30 % təşkil edir. 4.9-cu bəndinə əsasən kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02% məbləğində cərimə hesablamaq hüququna malikdir. 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. xx.xx.2023-cü il tarixli 021S**********01 saylı Qoşulma barədə sazişə əsasən cavabdеh Cavabdeh2 xx.xx.2022-ci il tarixli 021L**********45 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin 2.15 və 2.16-ci bəndlərinə uyğun olaraq, zamin qismində həmin müqaviləyə qoşlmuşdur. xx.xx.2023-cü il tarixli 021R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, İddiaçı QSC Cavabdeh3 ümumi məbləği 25.000 manat olan illik faiz dərəcəsi 21% olmaqla 18 ay müddətinə kredit ayırmışdır. xx.xx.2023-cü il tarixli ödəniş planına əsasən xx.xx.2022-ci il tarixli 021L**********45 saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə aylıq faiz dərəcəsi 1.75% olmaqla verilmiş kreditə görə Cavabdeh3 xx.xx.2023-cü il tarixdən 06 may 2025-ci il tarixinə qədər hər ayın 6-sı (və ya 8-i olmaqla) 1637 manat, sonuncu ay 1641,69 manat ödəniş etməlidir. xx.xx.2023-cü il tarixli kreditin verilməsi-köçürmə qəbzindən və hesabdan çıxarışdan görünür ki, Cavabdeh3 hesabına 25000 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli 22E**********80 saylı kart krediti və girov barədə qarışıq müqaviləsindən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh3 aylıq faiz dərəcəsi 2% olmaqla 24 ay müddətinə, 1500 manat məbləğində kredit limiti açılmış, kredit ödəniş kartı vasitəsi ilə verilmişdir. xx.xx.2024-c il tarixli “xx.xx.2023-cü il tarixli 021R********** nömrəli kredit sazişinə ödəniş planına dəyişiklik edilməsi haqqında” Sazişdən görünür ki, Cavabdeh3 xx.xx.2023cü il tarixli 021R********** saylı kredit sazişinə əsasən götürdüyü kreditin qalığını bu sazişə əlavə olunan xx.xx.2024-cü il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. xx.xx.2025-ci il tarixli ödəniş planına əsasən xx.xx.2022-ci il tarixli 021L**********45 saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə aylıq faiz dərəcəsi 1.75% olmaqla verilmiş kreditə görə Cavabdeh3 xx.xx.2024-cü il tarixdən 06 may 2025-ci il tarixinə qədər hər ayın 17-si (və ya 19-u olmaqla) 1647 manat, sonuncu ay 1644,13 manat ödəniş etməlidir. xx.xx.2025-ci il tarixli İddiaçı QSC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh3 11415,76 manat məbləğində əsas bоrcu, 519,12 manat məbləğində faiz bоrcu və 439,08 manat məbləğində cərimə borcu, cəmi 12373,96 manat borcu vardır. xx.xx.2025-ci il tarixli İddiaçı QSC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh3 1075,97 manat məbləğində əsas bоrcu, 283,93 manat məbləğində faiz bоrcu, cəmi 1359,9 manat borcu vardır. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı QSC 131,20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh3 xx.xx.2023-cü il tarixli 021R********** saylı kredit sazişinə əsasən illik faiz dərəcəsi 21% olmaqla 18 ay müddətinə 25000 manat kredit vermişdir. Cavabdeh1 Əlibaba oğlu zamin kimi xx.xx.2022-ci il tarixli 021L**********45 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı və tam məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 zamin kimi xx.xx.2023-cü il tarixli 021S**********01 saylı Qoşulma barədə sazişlə xx.xx.2022-ci il tarixli 021L**********45 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı və tam məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor, yəni iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək borcalana kredit versə də, borcalan və zaminlər, yəni cavabdehlər müqavilələr üzrə öhdəlikləri tam icra etməyərək kredit məbləğini və ona hesablanmış faizləri aylar üzrə vaxtaşırı ödəməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı müqavilələr əsasında borcu tələb etmək hüququ yaranmışdır. İşin hallarına məcmu şəkildə hüquqi qiymət verərək, mülki qanunvericiliyin tələblərini, cavabdehlərin tələb olunan borc məbləğini qəbul etdiklərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında xx.xx.2023-cü 021R********** saylı krеdit razılaşması üzrə 439,08 manat məbləğində cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də kreditorun mənafeyini, cavabdehin borc məbləğini qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 439,08 manat məbləğində cərimə məbləği tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdеhlərdən müştərək qaydada xx.xx.2023-cü 021R********** saylı krеdit razılaşması üzrə 11415,76 manat əsas borc, 519,12 manat faiz bоrcu və 439,08 manat cərimə olmaqla, cəmi 12373,96 manat borc, həmçinin Cavabdeh3 xx.xx.2023-cü il tarixli 22E**********80 nömrəli kart kredit və girov barədə qarışıq müqavilə üzrə 1075,97 manat əsas borc, 283,93 manat faiz bоrcu olmaqla, cəmi 1359,90 manat borc iddiaçı "xxxx" QSC-nin хеyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş 131,2 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada xx.xx.2023cü 021R********** saylı krеdit razılaşması üzrə 11415,76 manat əsas borc, 519,12 manat faiz bоrcu və 439,08 manat cərimə olmaqla, cəmi 12373 (on iki min üç yüz yetmiş üç) manat 96 (doxsan altı) qəpik məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 131 (yüz otuz bir) manat 20 (iyimri) qəpik dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə tutulsun. Cavabdeh3 xx.xx.2023-cü il tarixli 22E**********80 nömrəli kart kredit və girov barədə qarışıq müqavilə üzrə 1075,97 manat əsas borc, 283,93 manat faiz bоrcu olmaqla, cəmi 1359 (min üç yüz əlli doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar