Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3007/2023 09.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən pulun tutulması tələbi iddiasına dair sadələşdirilmiş icraat üzrə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən, 6.900 manat məbləğində əsas, 1.242 manat məbləğində ƏDV və 800 manat məbləğində cərimə borcu, cəmi 8.942 manat məbləğində icarə haqqı borcu, habelə 100 manat məbləğində mediasiya xərclərinin və 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində İddiaçı MMC (icarəyə verən) və Cavabdeh MMC (icarəçi) arasında bağlanan 202139 saylı icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsinə əsasən icarəyə verən icarəçiyə binanın 22-ci mərtəbəsində yerləşən 150 m2 sahəni icarəyə verir, icarəçi isə, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3450 manat+18% ƏDV olmaqla toplam 41.400 manat+18% ƏDV 12 aylıq avans icarə haqqı ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.2-ci maddəsinin (a) bəndinə əsasən,icarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. Müqavilənin 5.1-ci maddəsinə əsasən, “icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1 faizini ödəməlidir. Müqavilənin 9-cu maddəsinə əsasən, icarə haqqı icarəyə verən tərəfindən hesab-faturanın icarəçiyə göndərildiyi gündən 10 gün ərzində ödənilməlidir. İddiaçı MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib ofis sahəsini icarəyə verməsinə baxmayaraq Cavabdeh MMC üzərinə düşən öhdəlikləri lazimi qaydada yerinə yetirməmiş və xx.xx.2021-ci il tarixli 202139 saylı müqavilə üzrə 8.142 manat ödənilməmiş borcu yaranmışdır. Bu barədə Cavabdeh MMC-yə dəfələrlə məlumat verməyinə baxmayaraq icarəçinin hələ də müqavilə üzrə 8.142 manat, gecikdirilmiş icarə haqqı üçün cərimə 800 manat olmaqla, cəmi 8.942 manat borcu qalmışdır. Elektron qaimələrin siyahısından və bank hesabından çıxarışlardan görünür ki, cavabdehlə iddiaçı arasında icarə müqavilə münasibətləri mövcud olmuşdur və cavabdeh - 569544 və 569545 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimələr üzrə cavabdeh tərəfindən xx.xx.2021-xx.xx.2022-ci il tarixləri üçün 41.400 manat+18% ƏDV olmaqla cəmi 48.852 manat icarə haqqı ödənilmişdir; - 455301 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2022-ci il iyun ayı üçün 3.450 manat+18% ƏDV olmaqla cəmi 4.071 manat icarə haqqı ödənilmişdir. Ümumilikdə cavabdeh tərəfindən 61.065 manat icarə haqqı ödənilməli olduğu halda cəmi 52.923 manat məbləğində icarə haqqı ödənilmiş və cavabdehin ödənilməmiş 8.142 manat icarə haqqı borcu qalmışdır. 442593 saylı, xx.xx.2022-ci il tarixli iyul-avqust ayları üçün elektron qaimə üzrə isə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Hazırki müqavilə üzrə elektron qaimələr və hesab kartından göründüyü kimi Cavabdeh MMC-nin 2022-ci ilin iyul, avqust ayları olmaqla 2 ay üçün (iyul – 3.450 manat əsas borc+ 621 manat ƏDV= 4.071 manat, avqust – 3.450 manat əsas borc+ 621 manat ƏDV = 4.071 manat) cəmi 6.900 manat əsas borc, 1.242 manat ƏDV borcu, ümumilikdə 6.900+1.242= 8.142 manat icarə haqqı borcu mövcuddur. Əlavə olaraq, hazırkı müqavilənin 5.1-ci maddəsinə əsasən, icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1 faizini ödəməlidir. Belə ki, Cavabdeh MMC-nin icarə haqqını gecikdirməyə görə 800 manat cərimə borcu vardır. Bununla bağlı cavabdehlə dəfələrlə görüşləri, şifahi və telefon danışıqları olsa da heç bir nəticəsi olmayıb. Əlavə olaraq bildirmək istəyirlər ki, cavabdehlə icarə münasibətləri 2022-ci ilin sentyabr ayından sonlandırılmış, qeyd olunan tarixdən cavabdeh ofis sahəsini tərk etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3007/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən pulun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsi iddia icraatına keçirilmişdir. Cavabdeh MMC iddiaya etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı arasında icarə müqaviləsi xx.xx.2021-ci il tarixində bağlanmışdır. Həmin müqavilə xx.xx.2022-ci il tarixinə qədər faktiki icra olunmuş, 2022-ci ilin may ayının sonunda şirkətləri icarə obyektini tərk etmişdir. Bu səbəbdən də müqavilənin müddətinin uzadılması ilə əlaqədar tərəflərindən heç bir addım atılmamış, buna zərurət olmamışdır. Cavabdeh tərəfindən rəsmi bildirirş və ya məktub verilməməsi səbəbilə müqavilənin müddətinin uzadılmasına dair iddiaçının mülahizəsi əsassızdır. Belə ki, sentyabr ayından ofisdən başqa icarəçi istifadə edir. Müqavilə uzadılsa idi sentyabrda başqa müştəri ilə icarə müqaviləsi bağlanmazdı. Son əşyalarını 2022-ci ilin iyun ayının əvvəllərində icarə obyektindən çıxarıldığından iddiaçı tərəfindən onlara güzəşt edilməmiş, 2022-ci ilin iyun ayı üzrə də icarə haqqı tələb edilmişdir. Onlar da xoş məram göstərib mübahisənin yaranmasını istəmədiklərinə görə həmin xx.xx.2022-ci il tarixli 455301 saylı elektron qaimə üzrə 3.450 manat pul vəsaitini ödəmişlər. Şirkətlərinin işçiləri 2022-ci ilin iyun ayının 5-indən etibarən icarə obyektinə daxil olmamışlar. 2022-ci ilin iyul və avqust aylarında nə şirkətlərinin direktoru Qanuni nümayəndə, nə də digər işçiləri ümumiyyətlə daxil olmamışdır. Bunun müəyyən etmək üçün iddiaçı giriş-çıxışların qeydiyyat sistemindən çıxarış təqdim etməklə təsdiq edə bilər. İddia ərizəsindən görünür ki, iddiaçı hər ayın ilk günləri icarə haqqının ödənilməsi üçün elektor-qaimələr kəsmişdir. Beləliklə, şirkətləri müqavilənin ilk günü və son günü kəsilmiş elektorn qaimələri ödəmiş, müqavilə üzrə iddiaçıya borclu qalmamışdır. Lakin iddiaçı vicdanlılıq prinsipini pozaraq müqavilənin icra müddəti bitdikdən sonrakı dövrün iki ayı üzrə 6 ay keçdikdən sonra yeni elektron qaimə kəsmişdir. Şirkətlərinin belə bir öhdəliyi mövcud olmamışdır, ola da bilməzdi. Belə ki, icarə müqaviləsinin uzadılması barədə tərəflərin iradə ifadəsi mövcud olmamışdır. Göründüyü kimi icarə müddəti müəyyənləşdirilib və müddət bitdikdən sonra icarə münasibətləri də bitib. Sonrakı aylara görə icarə haqqı tələb etmək qanunsuz və əsassızdır. Beləliklə, şirkətin iddiaçıya heç bir borcu yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Vəkil2 həmçinin izahatında bildirmişdir ki, iyun ayı üzrə ödəniş edilib. Cavabdeh iyun ayı ərzində əşyalarını obyektdən çıxardırdı. Lakin iyul və avqust ayı üçün tələb edilən məbləğ əsassızdır. İyun ayının ilk beş günü ərzində əşyaları çıxardırdılar. İşçilər həmin aylar ərzində ofisə gəlməmələri barədə izahatlar verə bilərlər. Vəkil2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, müqavilənin şərti olan müqavilənin müddətinin uzadılması barədə yazılı bildiriş iddiaçıya verilməyib. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə izahatında bildirmişdir ki, yazışmalara münasibətdə qeyd etmək istəyir ki, o iddiaçının ona ünvanladığı ismarıcın mahiyyəti ilə tanış olmadan, “ödəniş” sözünü gördükdən sonra fikirləşmədən cavab vermişdir. Həmin yazışmalar aparılan vaxt o Bakı şəhərində deyildi. Onlar icarə obyektini təhvil verərkən yazılı sənəd vermişlər, lakin bu sənəd iddiaçıya təqdim edilib. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 202139 nömrəli ofis sahəsinə dair icarə müqaviləsinə əsasən icarəyə verən Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1025, Xocalı prospekti 37, ünvanında yerləşən "Demirçi Tower"-də əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında icarəçiyə verir. Həmin müqavilənin: 4.2-ci (a) bəndinə əsasən icarəçi əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. 5.1-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1 (bir) faizini ödəməlidir. 8.1-ci bəndinə görə müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarə müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci ilədək qüvvədədir. 8.2-ci bəndinə görə tərəflərdən biri, digərinə icarə müddətinin bitməsinə ən azı 90 (doxsan) gün qalmış müqavilənin müddətini uzatmaq istəməsi və ya ona xitam verilməsi haqqında yazılı bildiriş verməlidirlər. Əks halda müqavilənin müddəti 1 (bir) il daha uzadılmış hesab olunur. 9.1-ci bəndinə əsasən icarəçi əalvə 1-də göstərilən məbləği icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. 9.2-ci bəndinə əsasən icarə haqqı, icarəyə verən tərəfindən hesab-fakturanın icarəçiyə göndərildiyi gündən 10 (on) gün ərzində ödənilməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli 202139 nömrəli ofis sahəsinə dair icarə müqaviləsinin 1 nömrəli əlavəsinin: 1.1-ci bəndinə əsasən icarəyə verən, binanın 22-ci mərtəbəsində yerləşən 150 m2 sahəni icarəçiyə icarəyə verir. 2.1-ci bəndinə əssən icarəçi xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək 3.450 manat+18%ƏDV olmaqla toplam 41.400 manat+18%ƏDV 12 aylıq avans icarə haqqı ödəməyi öz öhdəsinə götürür. Ödəniş hesab faktura təqdim olunan gündən 10 gün ərzində nəğd və ya köçürmə yolu ilə ödənilməlidir. Əlavə 1 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il-xx.xx.2022-ci il tarixləri arası dövrlərdə aparılmış “whatsapp” yazışmalarından görünür ki, həmin dövrlərdə “Tahir” (cavabdehin qanuni təmsilçi Tahir Daqdaşov) adlı şəxs “Nigar” (iddiaçının işçisi) adlı şəxsə bildirmişdir ki, mühasiblə danışmış, iyun ayını bu gün ən geci sabah günortaya qədər ödəyəcəyini, amma yerdə qalanı məbləğin ödənilməsinin 2-3 gün çəkəcəyini, mühasib hesaba mədaxil etməli olmçasını və onun üçün 4-cü gün banka gedəcəyini bildirmişdir. Həmçinin yazışmalardan o da görünür ki, “Tahir” adlı şəxs “Nigar” adlı şəxsə digər 2 ayın ödənişi ilə bağlı məlumatın verilməsinə cavab olaraq bildirmişdir ki, mühasiblə danışmış və qalan ödənişləri növbəti həftənin 1-ci yarısı hamısını bağlanacağını söz vermişdir. xx.xx.2022-ci il tarixdə isə “Tahir” adlı şəxs “Nigar” adlı şəxsə npvbəti ödənişin həll olunacağını, xx.xx.2022-ci il tarixdə isə “Nigar” adlı şəxs “Tahir” adlı şəxsə ödənişin daxil olmadığını bildirmişdir. İddiaçı MMC-nin Cavabdeh MMC arasında olan xx.xx.2018-xx.xx.2023-cü il tarixli dövrü əhatə edən hesabdan çıxarış (карточка счета) məlumatlarına əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 2021-ci ilin iyun ayından etibarən 2022-ci ilin iyun ayı daxil ödənişlər edilsə də 2022-ci ilin iyul-avqust aylarının icarə haqqısı olan 8.142 manat vəsait Cavabdeh MMC tərəfindən tərəfindən İddiaçı MMC-nin hesabına köçürülməyib. X1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh MMC-də mühasib vəzifəsində çalışırdı. Həmin vaxt ofis Dəmirçi Plazada yerləşirdi. İyun ayının əvvəli və may ayının sonu onlar obyektdən çıxdılar. İ.Babayev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, iyun ayından noyabr ayınadək o mühasib kimi iddiaçıya ödəniş etmirdi. Daha sonra şirkətin direktoru iyun ayında 1-2 gün ofisdən istifadə etdikləri üçün həmin ay üçün ödəniş etməyini tapşırdı. İddiaçı ilə əlaqə olmadığı və həmin vaxt artıq şirkət fəaliyyət göstərmədiyi üçün elektron kabineti yoxlamırdı. Həmin vaxt üçün elektron qaimə gözləmirdi. Bu səbəblə iddiaçının göndərdiyi elektron qaiməni görməmiş və o sistem tərəfindən təsdiqlənmişdir. Bütün işçilər iyun ayının əvvəli ofisdən çıxdı. İddiaçı tərəfindən Cavabdeh MMC-yə borcun ödənilməsinə dair pretenziya məktubu ünvanlanaraq 8.142 manat məbləğində əsas və 800 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8.942 manat məbləğində borcun 3 gün ərzində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında ofis sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı MMC qeyri-yaşayış (Bakı şəhəri AZ 1025, Xocalı prospekti 37, ünvanında yerləşən "Demirçi Tower") binasının 22-ci mərtəbəsində yerləşən 150 m2 sahəni Cavabdeh MMC-nin istifadəsinə verməyi, Cavabdeh MMC isə həmin sahədən istifadəyə görə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin məhkəmə araşdırması zamanı o da müəyyən edildi ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2021-ci il tarixli 202139 nömrəli ofis sahəsinə dair icarə müqaviləsi üzrə 2021-ci ilin iyun ayından etibarən 2022-ci ilin iyun ayı daxil icarə haqqı ödənişlər edilmişdir. Hazırda iddiaçı sözügedən icarə sahəsinin 2022-ci ilin iyul-avqust aylarında icarə sahəsindən isifadə etdiyini, yalnız 2022-ci ildə icarə sahəsindən çıxdığını əsas gətirərək 2 aylıq müddət (2022-ci ilin iyul-avqust ayları) üçün 8.142 manat məbləğində icarə haqqının cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə 2022-ci ilin may ayının sonunda icarə obyektini tərk etdiklərini, 2022-ci ilin iyun ayının 5-indən etibarən icarə obyektinə daxil olmadıqlarını, bu səbəbdən də müqavilənin müddətinin uzadılması ilə əlaqədar tərəflərindən heç bir addım atılmadığını, mübahisənin yaranmaması üçün iyun ayı üçün icarə haqqını da ödədiklərini bildirməklə iddiaçıya xx.xx.2021-ci il tarixli 202139 nömrəli ofis sahəsinə dair icarə müqaviləsi üzrə icarə haqqı borcunun olmadığını bidirirlər. Göründüyü kimi məhkəmənin müəyyənləşdiməli olduğu mübahisəli hal 2022-ci ilin iyul-avqust aylarında cavabdehin istifadə və sahibliyində qalıb –qalmaması ilə bağlıdır. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, cavabdeh sözügedən icarə sahəsinin 2022-ci ilin iyun ayının 5-indən etibarən boşaldılmasını iddia etsə də, həmin halı təsdiq edən sübutları (təhvil-təslim aktı və s.) məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən iş materiallarında olan xx.xx.2022-ci il-xx.xx.2022-ci il tarixləri arası dövrlərdə aparılmış “whatsapp” yazışmalarından isə müəyyən edilir ki, həmin yaışmalarında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddiaçının işçisinə mühasiblə danışdığını qeyd etmiş və iyun ayının ödənişinin həmin gün, qalan “whatsapp yazışmaların ona aid olmasını mübahisələndirməmişdir) məbləğin isə 2-3 günə ödəniləcəyini vəd etmiş, növbəti yazışmalarda ödənişlərin növbəti həftə icra ediləcəyini bildirmişdir. Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə isə məhkəmə iclasında verdiyi izahatında yazışmalara münasibətdə, iddiaçının ona ünvanladığı ismarıcın mahiyyəti ilə tanış olmadan, “ödəniş” sözünü gördükdən sonra fikirləşmədən cavab verdiyini, həmin yazışmaların aparılan vaxtı onun Bakı şəhərində olmadığı qeyd etmişdir. Mülki Məcəllənin 89.2-ci maddəsinə görə aks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Məhkəmə Qanuni nümayəndə “whatsapp” yazışmalarının həqiqiliyini mübahisələndirmədiyini nəzərə alaraq sözügedən yazışmaları mötəbər sübut kimi qiymətləndirir, Qanuni nümayəndə yazışmalarda fikirləşmədən cavab verməsi, fikirləşmədən cavab verməsi, şirkətin maliyyəsi barədə məlumatı olmaması barədə dəlillərini isə inandırıcı olmamaqla özünümüdafiə xarakteri daşıması qənaətinə gəlir. X2 məhkəmədə verdiyi izahata gəldikdə məhkəmə qeyd edir ki, şahid cavabdeh şirkətlə əməkdaşlıq etmiş şəxs olmaqla işin nəticəsində maraqlı olduğundan, eləcə də şahidin verdiyi ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən həmin ifadə cavabdehin sözügedən icarə sahəsini 2022-ci ilin iyun ayının əvvəlində tərk etməsini müəyyən etmək üçün yetərli deyildir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2021-ci il tarixli 202139 nömrəli ofis sahəsinə dair icarə müqaviləsinin müddətinin xx.xx.2022-ci ildə bitməsi və uzadılmaması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, tərəflərin heç biri qarşı tərəfə müqavilə münasibətlərinə xitam verilməsi barədə bildiriş göndərmədiyindən müqavilə müddəti müqavilənin 8.2-ci bəndinə əsasən avtomatik olaraq uzadılmışdır. 2022-ci ilin iyul və avqust ayları üçün elektron qaimənin noyabr ayında göndərilməsi barədə cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, birincisi, qaimənin bir neçə ay gec göndərilməsi həmin qaimənin barəsində tərtib edildiyi xidmətlərin həqiqətdə göstərilməməsinə dəlalət etmir və cavabdehi həmin qaimədə göstərilən məbləği ödəmək öhdəliyindən azad etmir. İkincisi, o qeyd edilməlidir ki, həmin qaimənin göndərilməsindən keçən müddət ərzində cavabdeh tərəfindən onun üçün vergi öhdəliyi yaradan həmin qaimənin əsassız göndərilməsi ilə bağlı iddiaçıya və ya vergi orqanına etiraz ünvanlanmamışdır. Göstərilən hal da qaimədə göstərilmiş icarə haqqı borcunun həqiqətən də mövcud olmasını təsdiqləyir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Belə olan halda iddiaçı xx.xx.2021-ci il tarixli 202139 nömrəli ofis sahəsinə dair icarə müqaviləsi üzrə 2022-ci ilin iyul-avqust ayları üzrə cəmi 8.142 manat icarə haqqı borcunu tələb etməkdə haqlı olmuşdur. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2021-ci il tarixli 202139 nömrəli icarə müqaviləsi üzrə 400 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən ƏDV daxil 8.142 manat məbləğində icarə haqqı borcu, 400 manat məbləğində dəbbə pulu, cəmi 8.542 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMCyə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 10 manat dövlət rüsumu da iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 109,42 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 95 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 8142 manat məbləğində icarə haqqı borcu, 400 manat məbləğində dəbbə pulu, cəmi 8542 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 95 manat, dövlət rüsumunun əvəzi olaraq 2 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3007/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3007/2023
09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver