Məhkəmə qərarları › İş №e-2-2(113)-3008/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3008/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3008/2022 22.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməs və müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış 20 aprel 2021-ci il tarixli BAKU1-43762-19261 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 20 aprel 2021-ci il tarixli BAKU1-43762-19261 saylı Razılaşmanın ləğv edilməsi, 17761,3 manat əsas borc, 3242,96 manat cari faiz borcu və 8691,91 manat cərimə olmaqla, cəmi 29696,17 manat kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 410 manat pul məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 20 aprel 2021-ci il tarixli BAKU1-43762-19261 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 20 aprel 2021-ci il tarixli BAKU1-43762-19261 saylı razılaşmaya əsasən ikinciyə 25% faizlə 24 ay müddətinə 20000 manat məbləğində kredit verilmiş və kreditin aylıq 1068 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. “Kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında 20 aprel 2021-ci il tarixdə BAKU1-43762- 19261+BAKU1-43851 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh2 13 may 2022-ci il tarixinədək verilmiş kredit üzrə 17761,3 manat əsas borc, 3242,96 manat cari faiz borcu və 8691,91 manat cari dəbbə borcu olmaqla, cəmi 29696,17 manat məbləğində borcu yaranmışdır. Kredit müqaviləsinin 3.1.4.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında AR MM-nin 445.2-ci maddəsinə uyğun olaraq kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 20 aprel 2021-ci il tarixli BAKU1- 43762-19261 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 20 aprel 2021-ci il tarixli BAKU1-43762-19261 saylı razılaşmaya əsasən borcalan - Cavabdeh2 illik 25% faizlə 24 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir; 21 iyul 2022-ci il tarixli maliyyə arayışına əsasən 20 aprel 2021-ci il tarixli BAKU1- 43762-19261 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 həmin tarixə borcu əsas borc üzrə 17761,3 manat, faiz borcu üzrə 4081,69 manat, cərimə üzrə 13986,5 manat, ümumilikdə 35829,49 manat qeyd olunmuşdur; 20 aprel 2021-ci il tarixdə BAKU1-43762-19261+BAKU1-43851 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borclunun 20 aprel 2021-ci il tarixli BAKU1-43762-19261 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borlu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi; kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Cavabdeh2 kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 20 aprel 2021-ci il tarixli, BAKU1- 43762-19261 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 20 aprel 2021-ci il tarixli, BAKU1-43762-19261 saylı razılaşma ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia ərizəsində qeyd olunan xüsusatların araşdırılması, aparılmış ödənişlər nəzərə alınmaqla əsas, faiz və cərimə borcunun düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 08 sentyabr 2022-ci il tarixli, 9/5047 №-li rəyində qeyd olunmuşdur ki, 20 aprel 2021-ci il tarixli BAKU1-43762-19261 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 "xxxx" MMC-yə 13 may 2022-ci il tarixə əsas borc üzrə 17684,31 manat, faiz borcu üzrə 3193 manat, 08 sentyabr 2022-ci il tarixə əsas borc üzrə 17684,31 manat, faiz borcu üzrə 4605,29 manat borcu mövcuddur. Məhkəmə hesab edir ki, əsas və faiz borcunun məbləği hesablanarkən məhkəməmühasibatlıq ekspertizasının rəyində qeyd olunan məbləğlər əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuş və ödənişlər vaxtında aparılmadığına görə kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. Lakin məhkəmə 17761,3 manat məbləğində əsas borca tənasübsüz olaraq 8691,91 manat məbləğində cərimənin hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 8691,91 manat məbləğində dəbbə pulunun məbləği azaldılmaqla 1000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. "xxxx" MMC ilə bağlanmış 20 aprel 2021-ci il tarixdə BAKU1-43762-19261+BAKU1- 43851 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borclunun 20 aprel 2021-ci il tarixli BAKU1-43762-19261 saylı kredit müqaviləsindən irəli gələn ğhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən, lakin bununla məhdudlaşmadan, əsas boorc və faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarmadığı, kredit müqaviləsində nəzərdə tutulan dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi halda kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 20 aprel 2021-ci il tarixli, BAKU1-43762-19261 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 20 aprel 2021-ci il tarixli, BAKU1-43762-19261 saylı razılaşma ləğv edilməli, 17684,31 manat məbləğində əsas borc, 3193 manat cari faiz borcu və 1000 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 21877,31 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 294 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçının xeyrinə, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçiriməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməs və müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 20 aprel 2021-ci il tarixli, BAKU1-43762-19261 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 20 aprel 2021-ci il tarixli, BAKU1-43762-19261 saylı razılaşma ləğv edilsin. 17684,31 manat məbləğində əsas borc, 3193 manat cari faiz borcu və 1000 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 21877,31 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 294 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 73 manat məbləğində hissəsi Cavabdeh2, 27 manat məbləğində hissəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar