Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3009/2024 21.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçıMMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, təhvil aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11750.44 manat əsas borc məbləğinin, hər gecikdirilmiş gün üçün 0,2 % həcmində hesablamaqla 9 710 manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 665.16 manat gecikdirmə məbləği, ümumiliklə 22 125.60 manat dəyərində borc məbləğinin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 158 manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 322 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 19 yanvar 2023-cü il tarixli, F190123NB1420X nömrəli alqı-satqı Müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı hazırki Müqavilənin şərtlərinə uyğun olaraq, sürtkü yağlarını və filterləri (bundan sonra müqavilədə “Mal” adlandırılacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən Malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”da göstərilir. Müqavilənin 4.2-ci bəndində qeyd olunmuşdur ki, Alıcı Malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Müqavilənin 8.1-ci bəndinə görə hazırki Müqavilə üzrə vəzifələrini icra etməyən və lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Müqavilənin 7.3-cü bəndinə görə ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğinin 0,2 % həcmində cərimə ödəməyi Alıcı öhdəsinə götürür. Tərəfimizdən cavabdehə xx.xx.2024cü il tarixindı pretenziya məktubu göndərilsə də heç bir ödəniş edilməmişdir. Pretenziya məktubu ilə borcun ödənilməsi xahiş olunsa da, Cavabdeh pretenziya məktubunun ona çatdığı gündən 15 (on beş) gün ərzində cavab verməklə və ya borcun ödənilməsi ilə bağlı heç bir hərəkət etməmişdir. Beləliklə, Cavabdeh MMC – nin İddiaçı MMC – yə 11 750.44 (on bir min yeddi yüz əlli manat qırx dörd qəpik) manat əsas borc məbləği, hər gecikdirilmiş gün üçün ümumi məbləğinin 0,2 % həcmində olmaqla 9 710 (doqquz min yeddi yüz on) manat dəbbə pulu və illik 5 % olmaqla 665.16 (altı yüz altmış beş manat on altı qəpik) manat gecikdirmə faizi, ümumiliklə 22 125.60 (iyirmi iki min yüz iyirmi beş manat altmış qəpik) manat dəyərində borc məbləği yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 19 yanvar 2023-cü il tarixli, F190123NB1420X nömrəli müqaviləyə əsasən “satıcı” hazırkı müqavilənin şərtlərinə uyğun olaraq, sürtkü yağlarını və filterləri “alıcı”nın mülkiyyətinə verməyi, “alıcı” isə həmin malı qəbul etməyi və malın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 7.3-cü bəndinə əsasən ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,2% həcmində cərimə ödəməyi “Alıcı” öz öhdəsinə götürür.
9. Müqavilənin 7.4-cü bəndinə əsasən Malların dəyəri və 7.3-cü bəndində göstərilən cərimələr Hesabda və/vəya Razılaşma protokolunda USD (ABŞ dolları) ilə qeyd olunduğu halda, ödənişlər ödəniş gününə "Mərkəzi Bankı"nın təyin etdiyi USD satış məzənnəyə uyğun AZN-ilə ödəniləcək.
10. Müqavilənin 7.4.1-ci bəndinə əsasən qaimə-faktura təqdim edildiyi tarixdə olan “Mərkəzi Bankı"nın təyin etdiyi USD satış məzənnəsi ilə ödəniş gününə olan həmin bankın USD satış məzənnəsi arasında yaranan fərq “Alıcı” tərəfindən əlavə ödənilir.
11. xx.xx.2023-cü il tarixli, 2093 saylı qiymət razılaşdırılması protokoluna əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 6558,44 manat, xx.xx.2023-cü il tarixli, 2262 saylı qiymət razılaşdırılması protokoluna əsasən 8732 manat, xx.xx.2023-cü il tarixli, 2337 saylı qiymət razılaşdırılması protokoluna əsasən 5192 manat məbləğində mal təhvil verilməsi razılaşdırılmışdır.
12. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, F190123NB1420X nömrəli alqısatqı müqaviləsi üzrə maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya EBCN 674524 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 434 gecikmə günü üçün 81,24 manat, EBCO 766836 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 415 gecikmə günü üçün 295,16 manat, EBDA 443859 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 406 gecikmə günü üçün 288,76 manat, cəmi 665,16 manat məbləğində illik 5 faizlə hesablanmış borcu vardır.
13. İddiaçı tərəfindən cavabdehə EBCN 674524 nömrəli xx.xx.2023-cü il tarixli 6558,44 manat, EBCO 766836 nömrəli xx.xx.2023-cü il tarixli 8732 manat, EBDA 443859 nömrəli xx.xx.2023-cü il tarixli 5192 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.
14. “X2 Azərbaycan” QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 4400 manat, xx.xx.2023-cü ildə 328 manat, xx.xx.2024-cü ildə 3000 manat pul ödənilmişdir.
15. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə EBCN 674524 nömrəli xx.xx.2023-cü il tarixli qaimə üzrə 4400 manat, EBCO 766836 nömrəli xx.xx.2023-cü il tarixli, EBDA 443859 nömrəli xx.xx.2023-cü il tarixli qaimələr üzrə xx.xx.2023-cü il tarixdə 328 manat, xx.xx.2024-cü il tarixdə EBCO 766836 nömrəli xx.xx.2023-cü il tarixli qaimə üzrə 3000 manat məbləğində ödəniş olmuşdur.
16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
20. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
22. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin 7.3-cü bəndinə əsasən hesablanmış 9710 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
23. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
24. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
25. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
26. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 550 manat məbləğində müəyyən edilməlidir.
27. İddia ərizəsindən görünür ki, iddiaçı borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 665,16 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
29. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
31. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
32. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
33. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
34. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
37. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdeh tərəfindən təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.
38. Bundan başqa iddia ərizəsində 322 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.
39. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hüquqi yardımla bağlı iddiaçının çəkdiyi xərc cavabdehə aid edilməlidir.
40. Belə ki, xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət haqqına görə 20 saylı vəkil bürosuna 322 manat vəsait ödənilmişdir.
41. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
42. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 11750,44 manat əsas borc, 550 manat dəbbə pulu, 665,16 manat faiz borcu, 322 manat hüquqi yardıma görə xərc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 158 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 11750,44 manat əsas borc, 550 manat dəbbə pulu, 665,16 manat faiz borcu, 158 manat dövlət rüsumu, 322 manat hüquqi yardıma görə çəkilmiş xərc, ümumilikdə 13445,60 (on üç min dörd yüz qırx beş manat altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova