Məhkəmə qərarları › İş №e-2-2(113)-3010/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3010/2021

03.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3010/2021 03.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Baş İdarəsinin Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə) icarə haqqının ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Baş İdarəsi Cavabdehnə (Cavabdeh MMC) qarşı dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 223148 manat borcunun "xxxx" MMC-dan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC-nin (VÖEN: **********) dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 13.10.2020-ci il tarixə dövlət büdcəsinə 223148 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə “dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında” xəbərdarlıq göndərilməsinə baxmayaraq cəmiyyət tərəfindən borc xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” 11 dekabr 1998-ci il tarixli Qanununun 14-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 710.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Mülki Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmçinin “Torpaq icarəsi haqqında” Qanunun 29-cu maddəsinə əsasən torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 23 dekabr 2000-ci il tarixli, 226 nömrəli qərarı ilə dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 23 noyabr 2005-ci il tarixli, 321 saylı Fərmanına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Bakı şəhəri Baş İdarəsi tərəfindən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət qaydasında aparılan təhlillər zamanı müəyyən edilmişdir ki, Cavabdeh (VÖEN: **********) tərəfindən icarəyə götürülmüş torpaq sahələrinə görə ümumilikdə dövlət büdcəsinə 223148 manat icarə haqqı ödənilməlidir. Bununla bağlı Cavabdehnə “Torpaq sahələrinə görə icarə haqqının ödənilməsi barədə” aidiyyəti üzrə xəbərdarlıq məktubu göndərilmişdir. Borclu tərəfindən xəbərdarlıq məktubu ilə tanış olunmasına baxmayaraq, yaranmış borc dövlət büdcəsinə ödənilməmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsində göstərilir ki, torpaq sahəsindən istifadəyə görə yaranmış icarə haqqını vaxtında ödəmək icarəçinin vəzifəsidir. Göründüyü kimi Cavabdeh tərəfindən torpaq icarəsi üzrə yaranmış borc dövlət büdcəsinə vaxtında ödənilməməklə qanunvericilikdə nəzərdə tutulmuş vəzifələr icra edilməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - İcarəyə verən qismində Bakı Şəhər İcra Hakimiyyəti ilə icarəçi qismində Cavabdeh müəssisəsi arasında bağlanmış 23.11.2005-ci il tarixli, 0641 saylı icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində ayrılmış 110000 m2 torpaq sahəsini 49 il müddətinə icarəçinin istifadəsinə vermişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsi mehmanxana və isirahət kompleksinin tikintisi üçün verilir; 7.4-cü bəndinə əsasən icarəçi hər il ********* manat (köhnə məzənnə ilə) icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. - 23.11.2005-ci il tarixli, 0641 saylı icarə müqaviləsinə 08 yanvar 2010-cu il tarixli Dəyişikliklərdən görünür ki, “1.1-ci bənddə 110000 kv.m 40000 kv.m kimi oxunsun; 7.3-cü bənd icarə haqqı 21.06.2007-ci il tarixindən hesablanır; 7.4-cü bənd icarəçi tərəfindən hər il 13708,80 manat hüquqi şəxsin uçotda olduğu vergi orqanının müvafiq xəzinə hesabına ödənilməlidir” kimi qeyd edilmiş, həm icarəçi, həm də icarəyəverən tərəfindən qeyd edilən dəyişiklər imzalanaraq təsdiqlənmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Baş İdarəsi tərəfindən Cavabdehnə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehdən 223148 manat məbləğində torpaq icarə haqqı üzrə borcun 7 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, müəyyən edildi ki, Bakı Şəhər İcra Hakimiyyətinin 24.12.2004-cü il tarixli, 305 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində ayrılmış 110000 m2 torpaq sahəsi mehmanxana və isirahət kompleksinin tikintisi üçün icarə əsasında Cavabdehnın istifadəsinə verilmiş, Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh müəssisəsi arasında 23.11.2005-ci il tarixdə 0641 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 110000 m2 torpaq sahəsi 49 il müddətinə hər il ********* manat (köhnə məzənnə ilə) icarə haqqı olmaqla Cavabdehnın istifadəsinə vermişdir. Sonradan 23.11.2005-ci il tarixli, 0641 saylı icarə müqaviləsinə 08 yanvar 2010-cu il tarixli Dəyişikliklər edilərək torpaq sahəsi 40000 kv.m; icarə haqqının 21.06.2007-ci il tarixindən hesablanması; icarəçi tərəfindən hər il 13708,80 manat icarə haqqının ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Baş İdarəsi tərəfindən Cavabdehnə pretenziya məktubu ünvanlanaraq cavabdehdən 223148 manat məbləğində torpaq icarə haqqı üzrə borcun 7 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında" 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 02 iyul 2010-cu il tarixli, 291 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanının 13.2-ci bəndin altıncı abzası aşağıdakı redaksiyada verilmişdir: “həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir." Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci bəndinə əsasən Dövlət Vergi Xidmətinin dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Baş İdarəsi hazırkı iddianın qaldırılması ilə bağlı subyektiv hüquqa malik deyildir. Belə ki, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 23.11.2005-ci il tarixli, 0641 saylı müqavilə Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. Hazırkı iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə münasibətləri yaranmamış və nəticədə Cavabdehnın icarə haqqının ödənilməsi ilə əlaqədar iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Baş İdarəsi qarşısında öhdəliyi mövcud deyildir. Eyni zamanda göstərilən normativ hüquqi aktların məzmunundan göründüyü kimi Dövlət Vergi Xidmətinə hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq hüququ verilməmişdir. Həmin torpaqlara münasibətdə torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Baş İdarəsi Cavabdehndən icarə haqqının tutulmasını tələb etməyə, yəni hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olmadığından iddia rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar