Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3010/2024 06.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Təmir-Tikinti Müəssisəsinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Təmir-Tikinti Müəssisəsinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Təmir-Tikinti Müəssisəsi (bundan sonra – iddiaçı) Cavabdeh MMCyə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 noyabr 2019-cu il tarixli, 06 saylı “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsi üzrə yaranmış 9174.86 manat məbləğində icarə haqqının, 112 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 9286,86 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 noyabr 2019-cu il tarixli, 06 saylı “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsi bağlanmışdır. Sözügedən icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən, İcarəyəverən balansında olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol 54 ünvanında yerləşən, ümumi sahəsi 320 m təşkil edən qeyri-yaşayış sahəsini anbar məqsədi ilə İcarəyəgötürənin istifadəsinə vermişdir. Tərəflər icarə haqqını aylıq 409.07 manat, illik isə 4908.80 (dörd min doqquz yüz səkkiz manat səksən qəpik) manat məbləğində razılaşmışlar. Həmin icarə müqaviləsinin 5.2-ci bəndinə əsasən, icarə haqqı cari ayın 10-dək ödənilməlidir. Lakin sözügedən anbarın icarəsinə görə icarə haqqı əvvəl bir neçə ay üçün ödənilsə də sonradan ödənilməmişdir. Belə ki, Şirkətimiz tərəfiindən dəfələrlə icarə haqqının ödənilməsinə və anbarın boşaldılmasına dair məktublar göndərilməsinə baxmayaraq tələbimiz icra edilməmişdir. Nəhayət, xx.xx.2022-ci il tarixində “Rəşad Abadlıq” TTM ilə Cavabdeh MMC arasında Akt imzalanmış, sözügedən Akta əsasən, anbar Şirkətimizə təhvil verilmiş, bütün avadanlıqlar Cavabdeh MMC-nin nümayəndəsinə təhvil verilmiş, razılaşmaya əsasən yalnız 3 ədəd avadanlıq yaranmış icarə haqqı borcunun 1 ay ərzində ödənilməsi şərti ilə İcarəyə verəndə saxlanılmışdır. Lakin həmin 1 (bir) ay müddət keçəndən sonra da pul ödənilməmişdir. Hətta sözügedən aktın tərtibi zamanı başqa şirkətin nümayəndələri də iştirak etmiş və akta imza etmişlər. Göründüyü kimi, İcarəyəgötürənin 01 noyabr 2019-cu il tarixindən icarəyə götürülən anbarı təhvil verilən günə kimi, yəni xx.xx.2022- ci il tarixinə kimi, ümumilikdə 9174.86 manat məbləğində “Rəşad Abadlıq” TTM-yə icarə haqqı borcu yaranmışdır. Dəfələrlə, Cavabdeh MMC şirkətinə edilmiş həm yazılı, həm də şifahi müraciətlərimizə baxmayaraq nəticəsi olmamış, bu azmış kimi “Rəşad Abadlıq” TTM-nin direktoru Zeynalov Elgün barəsində AR DİN Binəqədi rayon polis idarəsinə şikayət ünvanlamış, polisdə də araşdırma getmişdir. Cavabdeh MMC şirkətinin nümayəndəsi polisdə də Şirkətimizə borclu olduğunu etiraf etmişdir. Zəruri olaraq qeyd edim ki, Şirkətimiz tərəfindən Cavabdeh MMC-yə rəsmi müraciət məktubları göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir cavab məktubu göndərilməmişdir. 2 Daha sonra, yenidən Cavabdeh MMC-yə müraciət (pretenziya) məktubu göndərilmişdir. Onu da qeyd edək ki, Şirkətimiz tərəfindən tərtib edilmiş Maliyyə arayışında yığılmış icarə haqqı və ödəniş məbləğləri daha dəqiq qeyd edilmişdir.
3. Daha sonra iddiaçı 27 may 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək 01 noyabr 2019-cu il tarixli, 06 saylı “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsi üzrə yaranmış 9174.86 manat məbləğində icarə haqqının, 121 manat ödənilmiş dövlət rüsumunun, 320 manat məhkəmə xərcinin, 500 manat dəbbə pulunun, ümumilikdə 10115,86 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol 54 ünvanda yerləşən 320 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında tərəflər arasında xx.xx.2019- cu il tarixdə 06 saylı İcra müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə icarə haqları Cavabdeh MMC tərəfindən 2019-cu ilin noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral və mart ayları üçün mütəmadi olaraq ödənilmişdir. Pandemiya məhdudiyyətləri tətbiq edilməyə başlandıqdan sonra cavabdeh tərəfindən iddiaçiya bir neçə dəfə müraciət edilərək, həmin məhdudiyyətlərin nəzərə alınaraq, icarə haqqı məbləğinə güzəşt edilməsi xahiş edilmiş, sonuncu dəfə bundan imtina etmişdir. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə qeyri-yaşayış sahəsinin iddiaçiya təhvil verilməsini və cavabdehə məxsus ümumi dəyəri 27 296 (iyirmi yeddi min) ABŞ dolları olan iki əsas avadanlıq və onların hissələrinin İddiaçının girovunda saxlanılmasını təsdiq edən akt tərtib edilmişdir. İcarə müqaviləsi yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə tədbirlərinin tətbiq edilməsindən bir neçə ay əvvəl imzalanmışdı və həmin müqavilə imzalanan zaman şəraitin belə əhəmiyyətli dərəcədə dəyişəcəyini əvvəlcədən görmək mümkün deyildi. İddiaçı icarə obyektinin “anbar” məqsədləri üçün icarəyə götürüldüyünü vurğulamaqla bu münasibətlərin ölkədə pandemiya ilə əlaqədartətbiq edilən məhdudiyyətlərdən kənar qaldığını sübut etməyə cəhd edir. Halbuki, qeyd edilən icarə müqaviləsi Aluminium Qapı və Pəncərə istehsalı üzrə fabrik fəaliyyəti üçün imzalanmışdı və fabrikin fəaliyyəti pandemiya dövründə mümkün olmadığına görə gəlir əldə edilməsi də mümkün olmamışdır. Həmçinin nəzərə almaq lazımdır ki, kommersiya hüquqi şəxsinin bütün fəaliyyətinin kommersiya fəaliyyətinə aid olması şübhəsizdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında da Məhkəmə bildirdi ki “..tərəfin kommersiya hüquqi şəxsi olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması.. sübhə doğurmur.” Belə olan halda şəraitin dəyişməsinin icarə müqaviləsinə aid olmadığı barədə iddiaçının mövqeyi əsassızdır və mübahisənin həlli zamanı nəzərə alınmalıdır. Qeyd edilənlərdən əlavə, xx.xx.2022-ci il tarixli Aktın Cavabdeh tərəfindən vicdanla davranaraq imzalanması, İddiaçı tərəfindən isə bu aktla girov qoyulmuş əmlakları həmin vaxtdan Cavabdehdən gizlədərək onlara baxış keçirilməsini mümkünsüz etməsi özü də iddianın əsassız olduğuna dəlalət edir. Qeyd edilən Aktdan da göründüyü kimi, həmin aktla İddiaçıya girov qoyulan əmlakların dəyəri 27 296 (iyirmi yeddi min) ABŞ dolları (46 403,2 manat) təşkil edir və bu faktı İddiaçı özü də təsdiqləmişdir. Başqa sözlə desək. Cavabdehin girovda olan əmlaklarının dəyəri İddiaçının iddia tələbindən 4 dəfədən də çoxdur. Onu da sübut etməyə ehtiyac yoxdur ki, icarə haqqının ödənilməsi tələbi, girov qoyulmuş avadanlıqların qaytarılması ilə eyni vaxtda həyata keçirilməlidir. Lakin Məhkəməyə də məlumdur ki, İddiaçı girov əmlakları nəinki, qaytarmır, hətta onlara Cavabdeh tərəfindən baxış keçirilməsinə şərait yaratmaqdan belə imtina edir və bununla bağlı İddiaçının vəzifəli şəxsinin qanunsuz hərəkətlərindən Cavabdeh hüquqi mühafizə orqanlarına şikayət etmişdir və Binəqədi rayon Polis idarəsində araşdırma aparılır. İddiaçı icarə haqqı məbləğini şəraitin dəyişməsi nəzərə alınmaqla, həmçinin özünün qarşılıqlı öhdəliyini icra etdikdən sonra 2020-ci ilinmart ayından 2024-cü ilin fevral ayına qədər (girov əmlaka baxış keçirilməsi barədə ilkin müraciətin təmin olunmaması tarixinə) olan dövr üçün yalnız həmin məbləğin ən çoxu yarısı məbləğində tələb edə bilərdi; - Girov qoyulmuş avadanlıqları Cavabdehə təqdim etməkdən imtina etməklə, İddiaçı qarşılıqlı öhdəliyini icra etməmiş sayılır ki, bu halda da onun Cavabdehdən icarə haqqı tələb etmək üçün subyektiv hüququnun yaranmadığını təsdiq edir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə müqaviləsi boşaldılan zaman cavabdehin qalıq icarə borcu ödənilənə qədər ona məxsus olan 3 ədəd avadanlıq girov olaraq icarə sahəsində saxlanılmış, hazırda da icarə sahəsindədir, bu səbəbdən iddiaçı həmin sahəni icarəyə verə bilmir, gəlirlərindən məhrum olur. İcarə haqqı borcu ödənilən kimi həmin avadanlıqlar cavabdehə qaytarılacaqdır. Cavabdehin nümayəndəsi həmin avadanlıqların qaytarılması ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etmiş, yazdığı izahatında iddiaçıya 10000 manat borcunun olmasını təsdiq etmişdir.
7. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış 01 noyabr 2019-cu il tarixli, 06 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, İcarəyəverən balansında olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol 54 ünvanında yerləşən, ümumi sahəsi 320 m təşkil edən qeyri-yaşayış sahəsini anbar məqsədi ilə icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını bu müqavilə ilə müəyyən olunmuş şərtlərə icarəyə verənə ödəməyi öhdəsinə götürür.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən İcarəyəverən öz balansında yerləşən və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə Rəsulzadə qəsəbəsi, Baksol 54 ünvanda yerləşən, ümumi sahəsi 320 m2 təşkil edən qeyri- yaşayış sahəsini anbar məqsədi ilə İcarəçinin müddətli istifadəsinə verir.
12. Müqavilənin 2.1-ci bəndinə əsasən bir aylıq icarə icarə haqqı ƏDV daxil 409.07 manat müəyyən olunmuşdur.
13. 12 fevral 2022-ci il tarixli aktda iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli 06 saylı Müqaviləyə əsasən İcarəçi Cavabdeh MMC-yə Binəqədi rayonu, Ə.Rəsulzadə qəsəbəsi, Baksol-54 ünvanında yerləşən 320 kv.m sahə anbar məqsədi ilə icarəyə verildiyi, ötən müddət ərzində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq “İcarəçi” tərəfindən icarə haqqının ödənilmədiyini, nə də “Rəşad Abadlıq” TTM-yə məxsus ərazi “İcarəçi” tərəfindən boşaldılmadığı, 12 fevral 2022-ci il tarixdə isə Cavabdeh MMC-nin nümayəndəsi X3, digər tərəfdən “Rəşad Abadlıq” TTM-nin direktoru X4, gözətçi X2, digər sexin nümayəndələri "xxxx" MMC-nin işçisi X1, "xxxx"MMC-nin işçisi X6, Cavabdeh MMC-yə məxsus bütün avadanlıqların icarə obyektindən boşaldıldığı və Cavabdeh MMC-nin nümayəndəsinə təhvil verildiyi qeyd olunmuşdur.
14. İddiaçının bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci ildə 693,34 manat, xx.xx.2020-ci ildə 346,67 manat, xx.xx.2019-cu ildə 346,67 manat, xx.xx.2019-cu ildə 346,67 manat məbləğində icarə haqları ödənilmişdir.
15. İddiaçının ƏDV sub-uçot hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya icarə müqaviləsi üzrə xx.xx.2020-ci ildə 124,80 manat, xx.xx.2020-ci ildə 62,40 manat, xx.xx.2019-cu ildə 62,40 manat, xx.xx.2019-cu ildə 62,40 manat ƏDV ödənilmişdir.
14. Məhkəmə nümayəndənin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
17. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 01 noyabr 2019-cu il tarixli, 06 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmış, icarə sahəsi xx.xx.2022-ci il tarixdə cavabdehdən geri alınmış, icarə müqaviləsi üzrə cavabdehdən tərəfindən ümumilikdə 11220,21 manat ödəniş edilməli olduğu halda, 2045,35 manat vəsait ödənilmiş, qalıq 9174,86 manat borc ödənilməmişdir.
19. Cavabdeh iddiaya dair yazılı etirazında icarə sahəsində qalmış avadanlıqlar geri qaytarılmadığı üçün öz öhdəliklərini icra etmədiyini bildirir.
20. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
22. Həmin Məcəllənin 698.1-ci maddəsinə əsasən hər hansı torpaq sahəsini və ya hər hansı otaqları kirayəyə verən kirayə hüquq münasibətlərindən irəli gələn tələbləri üzrə kirayəçinin həmin torpaq sahəsində və ya həmin otaqlarda olan əşyalarının girov qoyulması hüququna malikdir.
23. Həmin Məcəllənin 698.4-cü maddəsinə əsasən kirayəçi kirayəyə verənin girov hüququnun həyata keçirilməsinin qarşısını təminat vermək yolu ilə ala bilər; hər hansı ayrıca əşyanı onun dəyəri miqdarında təminat verərək girov hüququndan azad edə bilər.
24. Materiallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya icarə müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2020-ci ildə ödəniş edilmiş, icarə sahəsi isə xx.xx.2022-ci il tarixdə iddiaçıya təhvil verilmiş, müqavilə ləğv edildikdən sonra cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir.
25. Bundan əlavə, cavabdeh yazılı etirazında pandemiya ilə əlaqədar ölkədə elan edilmiş karantinlə bağlı (fors-major hal) ödəniş edə bilmədiyini göstərsə də, cavabdeh tərəfindən məhkəməyə müqavilənin şərtlərinin dəyişdirilməsi və ya müqavilənin daha əvvəl ləğv edilməsi ilə bağlı iddiaçıya müraciət etməsini təsdiq edən sübut təqdim edilməmişdir.
26. Belə ki, Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
28. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən hesablanmış 500 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
30. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə (6.3-cü bənd) öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
31. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 9174,86 manat məbləğində əsas borc, 500 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
32. İddia ərizəsində 320 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir.
33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hüquqi yardımla bağlı çəkilmiş xərc cavabdehə aid edilməlidir.
34. Belə ki, materiallardan görünür ki, iddiaçı tərəfindən “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 320 manat pul ödənilmişdir.
35. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 121 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 9174,86 manat əsas borc, 500 manat dəbbə pulu, 320 manat hüquqi yardıma görə xərc, ödənilmiş 121 manat dövlət rüsumu, ümumilikdə 10115,86 (on min bir yüz on beş manat səksən altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Təmir-Tikinti Müəssisəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova