Məhkəmə qərarları › İş №e-2-2(113)-302/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-302/2021

12.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-302/2021 12.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh MTK-ya qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” ASC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 17.247,60 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu 07/17/247 olan Cavabdeh MTK X1 etməsi ilə bağlı iddiaçı “xxxx” ASC-yə cəmi 17.247,60 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh MTK tərəfindən dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 17.247,60 manat məbləğində borcu bu günə qədər ödəməyərək «xxxx» ASC-yə zərər vurmuşdur. “xxxx” ASC-nin əməkdaşları hər ay Cavabdeh MTK-nın ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş-xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin «Enerji və Su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında» xx.xx.2002-ci il tarixli, 893 saylı Sərəncamı ilə təsdiq edilmiş “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nda elektrik enerjsinin təchizatı ilə məşğul olan şirəktlərə tapşırılmışdır ki, elektrik enerjisinə görə ödənişləri aparmayan təşkilatların şərtsiz olaraq şəbəkədən açılması üçün müvafiq tədbirləri həyata keçirsinlər. «xxxx» ASC mülki hüquq subyekti olduğu üçün digər hüquqi şəxs tərəfindən pozulmuş hüquqları qanunvericiliyə uyğun olaraq bərpa edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili X4 ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin keçməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək hazırkı borcun əsaslılığı məsələsinə əvvəllər məhkəmədə baxıldığını, eyni zamanda iddiaçı tərəfindən iddia müddətinin buraxıldığını və buna görə də iş üzrə icraata xitam verilməsini çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)-1024/2-241 saylı, xx xxxx 2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh MTK-nın cavabdeh “xxxx” ASC-yə qarşı xx.xx.2007-ci ildən xx.xx.2008-ilədək olan dövrdə istifadə olunmuş elektrik enerjisi üçün məcburi qaydada artıq ödənilmiş pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi, “xxxx” ASC və “xxxx” ASC-nin Nəsimi rayonu Enerji təchizatı və Satışı İdarəsinə Cavabdeh MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, 302-ci məhəllə Ş.Əzizbəyov küçəsində inşa etdiyi 88, 88a, 88b hündür mərtəbəli binaların su nasoslarına, liftlərinə və həyətin işıqlandırılmasına görə hesablamaların transformatordan çıxan enerjiyə görə yox, uçot cihazının (sayğacların) hesablaşma dövründəki göstəricilərinə əsasən hesablanması barədə iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxx” ASC və “xxxx” ASC-nin Nəsimi rayonu Enerji təchizatı və Satışı İdarəsi tərəfindən Cavabdeh MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, 302-ci məhəllə Ş.Əzizbəyov küçəsində inşa etdiyi 88, 88a, 88b hündür mərtəbəli binaların su nasoslarına, liftlərinə və həyətin işıqlandırılmasına görə hesablamaların transformatordan çıxan enerjiyə görə deyil, uçot cihazının (sayğacların) hesablaşma dövründəki göstəricilərinə əsasən hesablanması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. - xx.xx.2012-ci il tarixdə həmin qətnamə əsasında icra vərəqəsi verilmiş və icra edilməsi üçün Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə Nəsimi rayon İcra Şöbəsininn təqdimatı təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)1024/2-241 saylı xx.xx.2012-ci il tarixli icra vərəqəsi əsasında başlanmış icra icraatına icra sənədinin tam icra olunması ilə əlaqədar xitam verilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-1(81)- 1024/2-241 saylı qərardadının surətindən görünür ki, “xxxx” ASC və “xxxx” ASC-nin Nəsimi rayonu Enerji təchizatı və Satışı İdarəsi tərəfindən Cavabdeh MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, 302-ci məhəllə Ş.Əzizbəyov küçəsində inşa etdiyi 88, 88a, 88b hündür mərtəbəli binaların su nasoslarına, liftlərinə və həyətin işıqlandırılmasına görə hesablamaların transformatordan çıxan enerjiyə görə deyil, uçot cihazının (sayğacların) hesablaşma dövründəki göstəricilərinə əsasən hesablanmasına dair Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-1024/2-241 saylı, xx xxxx 2008-ci il tarixli qətnaməsinə – Cavabdeh MTK tərəfindən 88, 88a, 88b saylı ünvanlarda istifadə edilmiş və uçot göstəricilərinə uyğun olaraq ödənilməsi nəticəsində silinmiş 14.444 manat məbləğin yenidən tələb edilməsinin əsaslı olmaması” qaydada izah edilmişdir. - xx xxxx 2021-ci il tarixli maliyyə arayışından görünür ki, abonent kodu 07/17/247 olan Cavabdeh MTK-nın X1yə görə xx.xx.2021-ci il tarixinə 16.260,72 manat məbləğində “xxxx” ASC qarşısında borcu yaranmışdır. - İstifadə olunan elektrik enerjisinin hesablaşmasına dair arayışlardan görünür ki, xx.xx.2007-ci il tarixə olan qalıq borcu 1.675,07 manat, xx.xx.2008-ci il tarixə olan qalıq borcu 2.591,43 manat, xx.xx.2009-cu il tarixə olan qalıq borcu 9.382,58 manat, xx.xx.2010-cu il tarixə olan qalıq borcu 9.156,32 manat, xx.xx.2011-ci il tarixə olan qalıq borcu 9.886,08 manat, xx.xx.2012-ci il tarixə olan qalıq borcu 12.226,84 manat, xx.xx.2013-cü il tarixə olan qalıq borcu 13.969,50 manat, xx.xx.2014-cü il tarixə olan qalıq borcu 14.175,39 manat, xx.xx.2015-ci il tarixə olan qalıq borcu 14.468,69 manat, xx.xx.2016-cı il tarixə olan qalıq borcu 14.535,12 manat, xx.xx.2017-ci il tarixə olan qalıq borcu 14.535,22 manat, xx.xx.2018-ci il tarixə olan qalıq borcu 15.049,75 manat, xx.xx.2019-cu il tarixə olan qalıq borcu 15.244,52 manat, xx.xx.2020-ci il tarixə olan borcu 17.749,41 manat təşkil edir. - Abunə haqqında məlumatdan görünür ki, abonent Cavabdeh MTK-nın “xxxx” ASCyə borcu 16.700,30 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxx” ASC-nin hazırkı iddia ərizəsində ödənilməsini tələb etdiyi borc məbləği Cavabdeh MTK-nın istifadə etdiyi elektrik enerjisinə görə yaranmış və sayğac göstəricilərinə əsasən hesablanmış borcdur. Cavabdeh iddiaya etirazına əsas kimi həmin borcun 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)-1024/2-241 saylı, xx xxxx 2008-ci il tarixli qətnaməsinə əsasən silinməsinə, eləcə də iddia ərizəsinin iddia müddəti buraxılmaqla verilməsinə istinad etmişdir. Birinci dəlillə bağlı qeyd edilməlidir ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)- 1024/2-241 saylı, xx xxxx 2008-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK-nın istifadə edilmiş elektrik enerjisinə görə hesablanmanın uçot cihazının (sayğacların) hesablaşma dövründəki göstəricilərinə əsasən hesablanması qət edilmişdir. Həmin qətnaməyə əsasən artıq ödənilmiş pulun geri qaytarılması tələbinə dair hissədə iddia rədd edilmiş, eləcə də həmin qətnaməyə əsasən hər hansı məbləğdə borcun silinməsi qət edilməmişdir. Digər tərəfdən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarından da göründüyü kimi 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)-1024/2-241 saylı, xx xxxx 2008-ci il tarixli qətnaməsi qəbul edilərkən iddiaçının göstərilən məbləğdə borcu mövcud olmamışdır. Belə ki, 2008-ci il üçün Cavabdeh MTK-ya istifadə olunan elektrik enerjisinin hesablaşmasına dair arayışa əsasən müəyyən edilir ki, MTK-nın xx.xx.2007-ci il tarixə qalıq borc 1675,07 manat təşkil etmiş, 2008-ci il yanvar – may aylarında abinentə 6.284,52 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda 2008-ci il yanvar – may aylarında abonent tərəfindən 7950,6 manat məbləğində pul ödənilməklə X1yə görə borc tam bağlanmışdır. Beləliklə, xx.xx.2008-ci il tarixə abonent Cavabdeh MTK-nın X1yə görə ümumiyyətlə borcu olmamışdır. Belə olan halda iddiaçının hal-hazırda ödənilməsini tələb etdiyi borc məbləği 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)-1024/2-241 saylı, xx xxxx 2008-ci il tarixli qətnaməsi qəbul edilərkən mövcud olmadığından həmin qətnaməyə əsasən silinə də bilməzdi. İddia müddətinin buraxılması barədə iddiaçının verdiyi ərizəyə gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.3-cü, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Hazırkı işdə ödənilməsi tələb edilən borc məbləği 2009-cu ildən başlayaraq formalaşmağa başlasa da, Cavabdeh MTK tərəfindən hər ay istifadə edilmiş elektrik enerjisinə görə borcun müəyyən hissəsi ödənilmiş, bununla da iddia müddətinin axımının kəsilməsinə səbəb olan borcu etiraf etməsini göstərən hərəkətlər edilmişdir. Digər tərəfdən Mülki Məcəllənin 440.1-ci maddəsinə görə əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. Göründüyü kimi Cavabdeh MTK-nin X1yə görə etdiyi ödənişlər “xxxx” ASC tərəfindən Mülki Məcəllənin 440.1-ci maddəsinin tələblərinə əsasən daha əvvəl yaranmış borclara silindiyindən iddiaçının ödənilməsini tələb etdiyi borc məbləği faktiki olaraq MTK-nın son yarım il ərzində sərf etdiyi elektrik enerjisinə görə yaranmış borcdur. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi iddia müddəti buraxılmadan verilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində 17.247,60 manat məbləğində borcun ödənilməsini tələb etsə də, həmin borcun bir hissəsi cavabdeh tərəfindən ödənilmiş və sonuncu maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 16.260,72 manat təşkil edir. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8.14-ci bəndinə görə istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. İşin yuxarıda göstərilən hallarından və istinad edilən qanunvericilik normalarından da göründüyü kimi iddiaçı “xxxx” ASC Cavabdeh MTK-nın istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 16.260,72 manat məbləğində borcun ödənilməsini tələb etmək hüququna malik olduğundan iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh MTK-dan 16.260,72 manat məbləğində borc tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 5 manat hissəsi iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 16.260,72 manat məbləğində X1yə görə borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar