Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-302/2025 25.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəymiş maddi ziyanın ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil1, cavabdehin nümayəndəsi/vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X4” MMC-nin direktoru vəzifəsindən azad edilməsi, cavabdeh tərəfindən “X4” MMC-yə vurulmuş 259034 manat məbləğində zərərin, 549,03 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 02 oktyabr 2018-ci il tarixdə “X4” MMC-ni (VÖEN: **********) təsis etmişdir. O, Cəmiyyətin nizamnamə kapitalının 50% payçısı olmaqla yanaşı, həmçinin Cəmiyyətin fəaliyyəti üçün onun hesabına maya dəyəri kimi qoyulmuş pul vəsaitlərinin tam sahibidir. Cəmiyyət fəaliyyətə başladığı vaxtdan direktor səlahiyyətləri cəmiyyətin digər payçısı Cavabdeh həvalə edilmişdir. İddiaçı müəssisədə fəaliyyətə başladığı tarixdən normal gəlir əldə edə bilməmiş, buna görə də cəmiyyətin düzgün və səmərəli idarə edilməsi ilə bağlı onda şübhələr yaranmışdır. Bununla bağlı Cavabdeh ilə danışsa da, ondan əsaslı cavablar ala bilməmişdir. Bu səbəbdən Cəmiyyətin idarə olunmasında birbaşa iştirak etmək üçün Satış və təchizat üzrə direktor vəzifəsinə təyin olunması üçün ərizə yazmış və 15 noyabr 2023-cü il tarixdən həmin vəzifəyə təyin edilmişdir. İlk növbədə Cəmiyyət fəaliyyətə başladığı tarixdən, yəni 02 oktyabr 2018-ci ildən 2024-cü ilin yanvar ayınadək, yəni 5 il ərzində bir dəfə də olsun təsisçilərin (iştirakçıların) ümumi yığıncağı keçirilmədiyi üçün iştirakçıların ümumi yığıncağının keçirilməsini tələb etmiş və bu barədə direktora, yəni Cavabdeh yazılı qaydada bildiriş göndərmişdir. xx.xx.2024-cü il tarixə ümumi yığıncaq təyin edilmişdir. O, ümumi yığıncağın gündəliyinə 3 məsələ qoymuşdur. Birinci və ikinci məsələlər direktorun dəyişdirilməsi, üçüncü məsələ isə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi ilə bağlı olmuşdur. Birinci və ikinci məsələlərə cavabdeh etiraz etdiyi üçün qəbul olunmamışdır. Gündəliyin üçüncü məsələsi hər iki təsisçinin razılığı ilə qəbul olunmuşdur. Bundan sonra müstəqil auditor dəvət edilmiş və bu barədə fikir alınmışdır. Lakin cavabdeh bu günə kimi iclasın protokolunu heç bir səbəb olmadan imzalamaqdan imtina etdiyi üçün Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması müstəqil auditor tərəfindən aparıla bilmir. İddiaçı Satış və təchizat üzrə direktor kimi fəaliyyətə başladıqdan sonra cəmiyyətin mal-materiallarının uçotunda çatışmazlıqlar olmuş, anbarda kresloların kütləvi hissələri çatışmadığına görə dəfələrlə nağd pulla bazardan ehtiyat hissələri alınmış, sonra anbarı tam analiz etdikdə mal və materialların saxlanılmasının düzgün aparılmadığı, anbarda tam yararsız hala salınmış xeyli miqdarda malllar aşkar edilmiş, əksər mallarda əskiklik olduğu ortaya çıxmışdır. Buna görə də, iddiaçı 15 noyabr 2023-cü il tarixdə “X4 MMC”-nin uçotunda olan mal-material qalıqlarının inventarizasiyasının aparılmasına dair 002/2023 nömrəli əmr hazırlamış və əmr təsdiqlənmişdir. Lakin anbarda mal-materialların qarışıq yığılması, onların qurularda komplekt olmaması, malların saxlanılmasının, düzülməsinin normativ tələblərə uyğun olmaması, kresloların ehtiyat hissələrinin kütləvi çatışmaması tam sayım üçün əlavə vaxt tələb etdiyi üçün iddiaçı həmin əmrin icra müddətinin uzadılması zərurəti ilə əlaqədar 01 dekabr 2023-cü il tarixdə əmrə əlavənin layihəsini hazırlamış, lakin cavabdeh həmin əmri imzalamaqdan imtina etmişdir. Qeyd etmək lazımdır ki, Cavabdeh direktor kimi Cəmiyyətin hüquqi ünvanına aylarla gəlməmiş, Cəmiyyətin normal idarə edilmməsi üçün gündəlik yaranan problemlərlə məşğul olmamış, hətta öz adından olan sənədlərin imzalanmasını digər işçilərə tapşırmışdır. Buna səbəb onun başqa şəxslərlə Cəmiyyətin fəaliyyətinə konkurensiya yaradaraq, Cəmiyyətin kommersiya sirlərini belə istifadə etməklə eyni fəaliyyət növü ilə kənarda məşğul olmasıdır. O, aylarla Cəmiyyətin Bakı şəhəri, Həsən Əliyev 96 ünvanında yerləşən mağazasında olmuşdur. Həmin mağazanın orta aylıq satış həcmi 25-30 min manat olduğu halda, gəlirlər getdikcə aşağı düşmüş, belə ki, 2023-cü ilin oktyabr ayı üçün 17500 manat, noyabr ayı üçün 13200 manat, dekabr ayı üçün 16500 manat, 2024-cü ilin yanvar ayı üçün 14000 manat, fevral ayı üçün 9800 manat olmuşdur, mart ayının 29 günü üçün 7200 manat olmuşdur. Mağazanın aylıq xərci isə 6000 manat məbləğində olmuşdur. Cavabdeh bu hərəkətləri ilə Cəmiyyətə xeyli həcmdə zərər vurmuşdur. Beləliklə, bu aylar ərzində Cəmiyyətin qazanacağı böyük məbləğdə gəlir əldən çıxmışdır. Bu zərərləri görməsinə baxmayaraq cavabdeh zərərin aradan qaldırılması, mağazanın normal gəlirlərinin bərpa olunması istiqamətində heç bir tədbir görməmiş, buna heç bir reaksiya verməmişdir. Cavabdeh eyni zamanda şirkətdən öz adına və müxtəlif təşkilatların adına mallar götürür və bu malların dəyərini, həmçinin cəmiyyətin biznes kartından pul məbləğlərini cəmiyyətin kassasına mədaxil etməyərək istifadə edir. xx.xx.2024-cü il tarixli “X4 MMC”-nin təsisçisi və 15 noyabr 2023-cü ildən satış və təchizat üzrə direktoru təyin olunmuş İddiaçı tərəfindən bildirişdə cavabdehin dövriyyədən kənarlaşdırdığı məbləğlər cəmi 10739 manat olmaqla aşağıdakılardan ibarətdir: Kəpəz zavodu – 345 manat (xx.xx.2021-ci il tarixdən), Kristal müəssisəsi – 415 manat (xx.xx.2023-cü il tarixdən), özünə götürülüb – 100 manat (xx.xx.2023-cü il tarixdən), başqa mağaza adı ilə - 430 manat (xx.xx.2023-cü il tarixdən), bacı oğluna götürüb – 200 manat (xx.xx.2023-cü il tarixdən), birkartdan götürülüb – 1903 manat (xx.xx.2024-cü il tarixdən), mağazadan götürülüb – 120 manat (31 dekabr 2023-cü il), Kristal beton zavodu – 170 manat (xx.xx.2023-cü il tarixdən), Samuray kreslo götürülüb – 440 manat (xx.xx.2024-cü il tarixdən), 38 ədəd kreslo götürülüb - 6840 manat (xx.xx.2024-cü il tarixindən). xx.xx.2024cü il tarixli “X4 MMC”-nin maliyyə təsərrüfat fəaliyyəti barədə Məlumatda 2024-cü ilin yanvar ayından aprel ayınadək anbarda satış üçün yığılıb mağazalara göndərilən kresloların ehtiyat hissələrindən 6720 manatlıq amartizatorun çatışmaması, KTM seriyalı kresloların komplektləşdirici hissələrindəm 24988 manat dəyərində əskikliyin aşkar edilməsi, anbarda olan 777 adda maldan 64-nün yoxlanması zamanı 172409 manat məbləğində əskikliyin aşkar edilməsi, əskikliklərin cəmi 204117 manat təşkil etməsi əks edilmişdir. Bununla yanaşı direktor Cavabdeh cəmiyyətin biznes bank kartından 1903 manat vəsaiti götürüb cəmiyyətin kassasına təhvil vermir və eyni zamanda 2996 manat dəyərində malları satıb pulunu bir ildir kassaya təhvil vermir. H.Əliyev 196 ünvanındakı mağazadakı 50018 manat əskikliyi və direktorun anbardan apardığı 875 manatlıq mal da nəzərə alınsa, həmin tarixə cəmiyyətin balansından 259034 manat məbləğində malmaterial və nağd pul vəsaiti mənimsənilib. Bundan başqa, cavabdehin göstərişi ilə Həsən Əliyev küçəsində yerləşən mağazanın həftənin bazar günləri, Sədərək-1 mağazasının isə cümə günləri işləməməsinə qərar verilib ki, bu da 2 mağazanın ay ərzində 8 gün işləməməsi, yəni orta hesabla 10-15 min manat satışın azalması deməkdir. Halbuki 1 nəfər satıcı işə götürməklə hər iki mağaza fasiləsiz işləyə bilər və həm də Sədərək-2 mağazasının işçilərinin də istirahətinə kömək etmiş olardı. Əvvəlki illərdə bu mağazalar fasiləsiz olaraq fəaliyyət göstərmişlər. Cavabdeh dəfələrlə dividend bölünməsi məsələsini qaldırmış, lakin cəmiyyətin fəaliyyətinin araşdırılması üçün müstəqil auditor cəlb edilməsi barədə protokolu təsdiqləməmişdir. İddiaçı yuxarıda qeyd olunanları dəfələrlə cavabdehdən tələb etsə də, cavabdeh şirkətin mənafeyi ilə bağlı onun bu mühüm məsələlərə dair qanuni və əsaslı tələblərinə məhəl qoymamışdır. Mübahisənin pretenziya qaydasında nizama salınması üçün cavabdehə rəsmi qaydada xəbərdarlıq (bildiriş) məktubu da göndərilmiş, lakin cavabdeh xəbərdarlıq məktubunu almasına baxmayaraq, ona heç bir münasibət bildirməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1,21.2, 425.1 və s. maddələrinə istinad olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3025/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “hüquqi şəxsin direktorunun tutduğu vəzifədən azad edilməsi və hüquqi şəxsə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin “hüquqi şəxsin direktorunun tutduğu vəzifədən azad edilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması məqsədilə audit aparılmasına zərurət olmuşdur. Lakin audit yoxlaması tam və obyektiv qaydada aparılmamışdır. Bunun əsas səbəbi müəssisənin direktoru tərəfindən bütün zəruri sənədlərin auditə təqdim edilməməsi olmuşdur. Bu barədə cavabdehə dəfələrlə müraciətlər edilmiş, həmin müraciətlər iş materiallarına əlavə olunmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən auditin aparılması üçün heç bir şərait yaradılmamışdır. Audit rəyinə əsasən, 88405 manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən sənədsiz qaydada nağd şəkildə götürüldüyü, həmçinin 50018 manat məbləğində vəsaitin mənimsənildiyi müəyyən edilmişdir. Eyni zamanda, anbarda qalan malların dəqiq hesablanması və müəyyən edilməsi zəruri olsa da, faktiki şərait buna imkan verməmişdir. Halbuki həmin malların dəyəri əhəmiyyətli olmuşdur. Nümayəndə əlavə olaraq bildirmişdir ki, təqdim olunmuş sübutlar audit rəyində tam əksini tapmasa da, faktiki olaraq müəssisədən çıxarılan və müəssisəyə daxil olan əmlak və mallara aiddir və onların dəyəri iddia ərizəsində göstərilən məbləği əhatə edir. O, həmçinin vurğulamışdır ki, cavabdeh məhkəmə iclaslarında dəfələrlə məlumatlandırılmasına və auditin keçirilməsi ilə bağlı müraciətlər edilməsinə baxmayaraq, həmin proseslərdə iştirak etməmiş və iştirakdan imtina etmişdir. Nümayəndə əlavə etmişdir ki, ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, “X4” MMC-nin fəaliyyəti dövründə 88405 manat məbləğində pul vəsaiti direktor Cavabdeh tərəfindən cəmiyyətin xəzinəsindən sənədsiz olaraq nağd şəkildə götürülmüş, 50018 manat məbləğində vəsait isə cəmiyyətin işçisi tərəfindən mənimsənilmişdir. Onun sözlərinə görə, əgər ekspert bu halları aşkar etməmiş olsaydı, müvafiq aktın tərtib edilməsinə ehtiyac qalmazdı. Bundan əlavə, cavabdeh tərəfindən götürülmüş əmlakların siyahısı da ekspertə təqdim edilmişdir. Şirkətin fəaliyyəti dövründə rəsmi audit təşkil edilməsə də, bu istiqamətdə daxili araşdırma aparılmış və həmin araşdırma komissiyasına cavabdeh özü sədrlik etmişdir. Sədrlik edən hakim tərəfindən verilən suala cavab olaraq nümayəndə bildirmişdir ki, vergi orqanları tərəfindən son 6 il ərzində cəmiyyətin fəaliyyətinə dair hər hansı yoxlama aparılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, Cavabdeh cəmiyyətin faktiki idarəçiliyi ilə məşğul olmamışdır. Audit yoxlaması 26 avqust tarixində aparılmış və audit rəyində bütün hallar öz əksini tapmışdır. Belə ki, audit rəyinə əsasən, 227586,42 manat məbləğində xalis mənfəətdən 50018 manatın cəmiyyətin işçisi X2 tərəfindən mənimsənildiyi müəyyən edilmişdir. Bununla bağlı müvafiq hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur. Bu halların isə Cavabdeh ilə hər hansı əlaqəsi yoxdur. 88405 manat məbləğə münasibətdə nümayəndə bildirmişdir ki, auditorun öz rəyində də qeyd edildiyi kimi, həmin məbləğ sifarişçi tərəfindən təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir. Yəni, iddiaçı tərəfindən hansı məbləğ təqdim olunmuşdursa, həmin məbləğ də rəyə daxil edilmişdir. Nümayəndə vurğulamışdır ki, 259034 manat məbləğində iddia edilən zərərlə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. O, işin faktiki hallarına toxunaraq bildirmişdir ki, tərəflər əvvəlcə dörd ortaq olmuş, sonradan iki ortaq ayrılmış və nəticədə İddiaçı ilə Cavabdeh 2018-ci ildə yeni cəmiyyət təsis etmişlər. Lakin həmin dövrdən sonra Cavabdeh cəmiyyətin faktiki idarəçiliyində iştirak etməmişdir. Nümayəndə qeyd etmişdir ki, 88405 manat məbləğlə bağlı hər hansı rəy mövcud deyil, yalnız akt tərtib olunmuşdur. Həmin aktda göstərilsə də ki, bu məbləğ Cavabdeh tərəfindən sənədsiz olaraq götürülmüşdür, buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, bu məsələ ilə bağlı Cavabdehla əlaqə saxlanılmış, o isə həmin vəsaiti götürmədiyini bildirmişdir. Nümayəndənin sözlərinə görə, ekspert faktiki olaraq tərəflərin izahatlarını akt şəklində əks etdirmiş, lakin nə öz mülahizəsini bildirmiş, nə də müstəqil araşdırma aparmışdır. Bu səbəbdən həmin akt sübut kimi qəbul edilə bilməz. 50018 manat məbləğində mənimsəmə faktı ilə bağlı nümayəndə bildirmişdir ki, bu hal cəmiyyətin satıcısı tərəfindən törədilmiş və bununla əlaqədar vaxtında Nərimanov rayon prokurorluğuna müraciət edilmişdir. Həmin müraciət üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, tərəflərə isə mübahisənin mülki qaydada həll edilməsi tövsiyə olunmuşdur. Bu halın da cavabdeh ilə hər hansı əlaqəsi yoxdur. Sonda nümayəndə qeyd etmişdir ki, Cavabdeh qeyd olunan mağazada fəaliyyət göstərməmiş və göstərilən yeyinti məbləğləri ilə əlaqəsi olmamışdır. Bu səbəbdən 259034 manat məbləğində iddia tələbi sübut olunmadığından əsassızdır və rədd edilməlidir. Nümayəndə əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən hər hansı obyektiv araşdırma aparılmamış, birtərəfli qaydada hazırlanmış, imzasız və möhürsüz excel cədvəllər ekspertə təqdim edilmiş və nəticədə yalnız iddiaçının mövqeyini əks etdirən akt tərtib olunmuşdur. Həmin aktda da göstərilmişdir ki, Cavabdeh 88405 manat məbləğində pul vəsaitini götürmədiyini bildirmiş və audit yoxlamasında iştirakdan imtina etmişdir. Bu isə hər hansı obyektiv tədqiqatın aparılmadığını göstərir. Tədqiq olunan sübutlar İş materiallarında olan: 23 yanvar 2024-cü il tarixli "X4" MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının 01 saylı protokolunda Cəmiyyətin maliyyə-təsərrufat fəaliyyətinin yoxlanılması üçün müstəqil sərbəst auditorun cəlb edilməsi qərara alınmış, protokol Ümumi yığıncağın sədri İddiaçı və katib tərəfindən imzalanmış, direktor Cavabdeh tərəfindən imzalanmamışdır. 15 noyabr 2023-cü il tarixli, 002/2023 nömrəli "X4" MMC üzrə Əmrə əsasən 16 noyabr 2023-cü il tarixindən "X4" MMC-nin uçotunda olan mal-material qalıqlarının inventaziyasının aparılması, inventarizasiya üzrə kommisiyanın 01 dekabr 2023-cü il tarixinə yekun inventarizasiya aktını tərtib etməsi və rəhbərliyə təqdim etməsi əmr edilmişdir. 01 dekabr 2023-cü il tarixli əmrə əlavə ilə anbar təsərrufatı üzrə invertarizasiyanın aparılma müddətinin 15 mart 2024-cü il tarixinə qədər uzadılması əmr edilmişdir. xx.xx.2024-cü il tarixli “X4" MMC-nin H. Əliyev 196 ünvanındakı mağazasında çatışmayan malların sayı və məbləği” barədə cədvəldə məbləğ 13358,000 manat, “debitor borcları” cədvəlində isə 36 660 manat müəyyən edilmişdir. "X4" MMC-nin anbarında seçmə üsulu ilə aparılan sayımın nəticəsi 172409,00 manat qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, 01 nömrəli qüsur aktında mal-materialların sayımı zamanı mallarda qüsurlar və əksiklərin dəyəri 990 manat, 02 nömrəli qüsur aktında 1150 manat, 03 nömrəli qüsur aktında 1040 manat, 04 nömrəli qüsur aktında 1340 manat, 05 nömrəli qüsur aktında 1440 manat, 06 nömrəli qüsur aktında 760 manat, 07 nömrəli qüsur aktında 336 manat, həmin tarixli 08 nömrəli qüsur aktında 1991 manat, 09 nömrəli qüsur aktında 3392 manat, 10 nömrəli qüsur aktında 8669 manat, 11 nömrəli qüsur aktında 1886 manat, 13 nömrəli qüsur aktında 8714 manat qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli, 17 nömrəli qüsur aktında mal-materialların sayımı zamanı mallarda qüsurlar və əskiklərin dəyəri 550 manat, 15 nömrəli qüsur aktında 370 manat, 14 nömrəli qüsur aktında 1460 manat, 16 nömrəli qüsur aktında 620 manat müəyyən edilmişdir. Bakı Kommersiya Məhkəməsinin, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli qərardadları ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/2304/2025 nömrəli, 08 yanvar 2026-cı il tarixli, 3-16-16/2-9/4240/2025 nömrəli məktubları ilə ekspertizanın aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatası Sərbəst auditor X5 tərəfindən Bakı Kommersiya Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2-2(113)-302/2025 saylı qərardadının icrası ilə əlaqədar "X4" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair xx.xx.2025-ci il tarixli ekspert rəyinin “nəticə” hissəsində qeyd olunmuşdur ki, Birinci sual üzrə: “X4” MMC-də mövcud qanunvericiliyin tələblərinə zidd olaraq 2018-2024-cü illərin maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün audit yoxlamaları aparılmamışdır. İkinci sual üzrə: “X4” MMC-də xx.xx.2018-xx.xx.2024-cü illər üzrə audit yoxlamasının aparılmaması, faktiki qalıqların müntəzəm yoxlanılmaması maliyyə pozuntularının vaxtında aşkar olunmamasına səbəb olmuşdur. Yalnız cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu Həsən Əliyev 50 ünvanında yerləşən ofis mebellərində satıcı işləyən X1 işdən çıxması ilə əlaqədar onun öhdəsində olan mal-material dəyərlilərinin sayılması aparılmış 50018 manat çatışmamazlıq aşkar olunmuşdur. Üçüncü sual üzrə: “X4” MMC-nin təsisçilərinin yığıncağı tərəfindən xx.xx.2018-xx.xx.2024-cü illər üzrə dividentlər elan olunmamışdır. Dördüncü sual üzrə: “X4” MMC-nin 2018-2024 cü illər üzrə xalis mənfəəti aşağıdakı kimi olmuşdur. 2018-ci il-0 manat, 2019-cu il-300,81 manat, 2020-ci il-126490,62 manat, 2021ci il-54070,72 manat, 2022-ci il-30603,17 manat, 2023-cü il-(43510,97) manat zərər, 2024cü il-59632,07 manat, cəmi:227586,42 manat Cəmiyyətin 2018-ci ildə fəaliyyəti olmamış, 2023-cü ili 43510,97 manat zərərlə başa vurmuşdur. 2023-cü ildə yaranmış 43510,97 manat zərər 2024-cü ilin mənfəəti hesabına tam kompensasiya edilmişdir. Beşinci sual üzrə: “X4” MMC-nin mühasibat balansına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər onun təsisçiləri tərəfindən maliyyə və kapital qoyluşu (məqsədli maliyyələşmə və ya borc qismində maliyyə yardımı götərilməsi) əks olunmamışdır. Audit yoxlamasının aparılması barədə 24 noyabr 2025-ci il tarixli aktda qeyd olunmuşdur ki, audit ilə əhatə olunan dövrdə cəmiyyətin xalis mənfəəti 227586,42 manat olmuşdur. Təqdim olinmuş “Mənfəət vergisinin bəyannaməsi”nə əsasən xx.xx.2025-ci il tarixə cəmiyyətin xalis mənfəət qalığı 57740,70 manat olmuş qalan 169845,72 manat illər üzrə istifadə olunmuşdur. Vəsaitn istifadəsi çəkilən xərclərə aid olunmayan məsrəflərin ödənilməsinə sərf olunmuşdur. Sifarişçi tərəfindən təqdim olunmuş sənədlərdə icraçı direktor Cavabdeh tərəfindən cəmiyyətin xəzinəsindən 88405 manat pul vəsaitinin sənədsiz olaraq nağd götürüldüyü göstərilmişdir. Pul vəsaitlərinin xəzinədən pul vəsaitinin illər üzrə götürülməsi illər üzrə aşağıdakı kimi göstərilmişdir. 2018-ci ildə 6268 manat, 2019-cu ildə 17516 manat, 2020-ci ildə 16038 manat, 2021-ci ildə 22888 manat, 2022-ci ildə 14620 manat, 2023-cü ildə 9918 manat, 2024-cü ildə 1157 manat qeyd olunmuşdur. Aparılmış audit zamanı müəyyən olundu ki, pul vəsaitinin xəzinədən direktor Cavabdeh tərəfindən götürülməsi sənədləşdirilməmiş və təqdim olunmuş hesabatlarda əks olunmamışdır. Aparılan audit yoxlamasında iştirak etmək üçün təsisçi Cavabdeh tərəfimizdən (telefon ***-***-**-**) zəng olundu. Təsisçi Cavabdeh göstərilən pul vəsaitinin (88405 manat) onun tərəfindən götürülmədiyini bidirərək aparılan audit yoxlamasında iştirakdan imtina etdi. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumunun əvəzi olaraq 549,03 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Maddə 49.4. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. Maddə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır... Maddə 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: ... 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; ... Maddə 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin “X4” MMC-nin direktoru olduğu dövrdə cəmiyyətə məxsus pul vəsaitlərini və mal-material dəyərlilərini mənimsədiyini iddia edərək, ümumilikdə 259034 manat məbləğində zərərin ödənilməsini tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək, göstərilən məbləğin onun tərəfindən mənimsənilmədiyini, təqdim olunmuş audit rəyinin və digər sənədlərin obyektiv sübut olmadığını, həmçinin həmin dövrdə faktiki idarəetməni həyata keçirmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, hüquqi şəxsin adından çıxış edən şəxsin hüquqi şəxsə dəyən zərərə görə məsuliyyətini müəyyən edən hallar Mülki Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulmuşdur. İddiaçının istinad etdiyi hallar həmin maddənin 49.4.5-ci bəndinə, yəni hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halına uyğunlaşdırılmışdır. Mülki Məcəllənin 49.3 və 49.4-cü maddələrinə əsasən hüquqi şəxsin idarəetmə orqanının üzvünün məsuliyyətə cəlb olunması üçün hüquqa zidd davranışın mövcudluğu, hüquqi şəxsə zərərin vurulması və həmin zərərlə davranış arasında səbəbli əlaqə məcmu şəkildə sübuta yetirilməlidir. Hazırkı iş üzrə məhkəmə hesab edir ki, qeyd olunan elementlərdən ən azı biri – səbəbli əlaqə sübuta yetirilməmişdir. İş materiallarından görünür ki, cəmiyyətdə müəyyən mal-material çatışmazlıqları və maliyyə uyğunsuzluqları mövcud olmuşdur. Lakin həmin çatışmazlıqların məhz cavabdehin konkret hərəkətləri nəticəsində baş verdiyini təsdiq edən birbaşa və mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, çatışmazlığın mövcudluğu öz-özlüyündə onun konkret şəxs tərəfindən mənimsənilməsi faktını təsdiq etmir. Bunun üçün konkret əməl, həmin əməli törədən şəxs və əməl ilə nəticə arasında birbaşa səbəbli əlaqə aydın şəkildə müəyyən edilməlidir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlar isə bu əlaqəni birmənalı şəkildə təsdiq etmir. İddiaçı öz tələbinin əsaslandırılması üçün auditor rəyi və audit aktına istinad etmişdir. Lakin məhkəmə hesab edir ki, həmin sənədlər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, audit yoxlaması zamanı ilkin maliyyə sənədləri tam həcmdə təqdim olunmamış, audit əsasən iddiaçı tərəfindən təqdim edilmiş məlumatlara əsaslanmış, cavabdeh audit prosesində iştirak etməmiş və təqdim olunan məlumatların doğruluğu qarşı tərəf tərəfindən yoxlanılmamışdır. Həmçinin audit rəyində göstərilən məbləğlərin cavabdeh tərəfindən mənimsənilməsini təsdiq edən konkret sənədləşdirilmiş əməliyyatlar müəyyən edilməmişdir. Bu baxımdan audit rəyi ehtimal xarakterli məlumat daşıyır və sübut kimi qəti nəticə çıxarmağa əsas vermir. İş materialları ilə müəyyən olunur ki, cəmiyyətin maliyyə fəaliyyətinə uzun müddət nəzarət edilməmiş, müntəzəm audit aparılmamış, uçot və inventarizasiya qaydaları lazımi səviyyədə təşkil edilməmişdir. Eyni zamanda müəyyən çatışmazlıqların digər işçilərlə bağlı olduğu da aşkar edilmişdir (məsələn, 50018 manat məbləğində mənimsəmə halı satıcı X2 ilə bağlıdır). Bu hallar göstərir ki, yaranmış zərər sistemli idarəetmə və uçot problemləri nəticəsində də baş verə bilər və bu zərərin tam həcmdə məhz cavabdehin hərəkətləri ilə bağlı olması sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin konkret qanunsuz hərəkətləri, həmin hərəkətlər nəticəsində zərərin yaranması və bu zərərin tələb olunan məbləğdə olması mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu səbəbdən iddia tələbi əsassızdır, təmin edilməməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-302/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-302/2025
25.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver