Məhkəmə qərarları › İş №e-2-2(113)-3027/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3027/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3027/2021 02.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu) qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 6205,83 (altı min iki yüz beş manat, 83 qəpik) manat- bundan 4697,23 (dörd min altı yüz doxsan yeddi manat, 23 qəpik) manat əsas, 464,18 (dörd yüz altmış dörd manat, 18 qəpik) manat faiz, 363,87 (üç yüz altmış üç manat, 87 qəpik) manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 680,55 (altı yüz səksən manat, 55 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2015-ci il tarixli, 2006 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 6000 manat məbləğində heyvandarlığn inkişafı etdirilməsi məqsədi Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********286 saylı 21.04.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və İİİ şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 02 iyun 2015-ci il tarixli, 2006 saylı kredit müqaviləsi bağlanmış və kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 6 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. 6000 manat məbləğində pul 02 iyun 2015-ci il tarixli kassa məxaric orderi ilə Cavabdeh tərəfindən imza edilərək qəbul edilmişdir. Sonuncu tərəfindən edilməli olan ödənişlər vaxtı-vaxtında edilmədiyindən borc yaranmışdır. İş materiallarəna əlavə edilmiş 20 aprel 2021-ci il tarixli maliyyə arayışından da görünür ki, Cavabdeh Banka 02 iyun 2015-ci il tarixli 2006 saylı kredit müqaviləsi üzrə 14 aprel 2021ci il tarixə əsas borc üzrə 4697,23, 464.18 manat faiz, 363,87 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 680,55 manat faiz borcu vardır. Hazırki iş üzrə əsas və faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1 və 741-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (741). Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış kredit müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun kredit müqaviləsi üzrə verilmiş məbləğə görə onu müəyyən edilmiş müddətdə qaytarması vəzifəsi, iddiaçının isə kredit borcunun tələb edilməsi hüququ yaranmışdır. Hazırkı işdə də yuxarıda qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur. Ona görə də, tələb edilən əsas və faiz borcu hissəsində iddia əsaslıdır. Məhkəmə iddianın 363,87 manat cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 4697,23 manat məbləğində əsas borcuna münasibətdə iddiaçı 363,87 manat cərimə hesablayıb tələb etmişdir və məhkəmə hesab edir ki, həmin məbləğin əsas borca mütənasib olmaqla ağlabatan və ədalətlidir. Məhkəmə iddianın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 680,55 (altı yüz səksən manat, 55 qəpik) manat faiz borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddəti 02 iyun 2018-ci il tarixdə başa çatmış, lakin cavabdeh həmin tarixə olan 4697,23 manat əsas borcu iddiaçıya qaytarmalı olduğu halda geri qaytarmamışdır. İddiaçı da 14 aprel 2021-ci il tarixdədək illik 5 faiz hesablanmaqla pul tələb edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən gecikdirilmiş 35 ay vaxt üçün illik beş faiz pulun tutulmasını tələb etməkdə haqlıdır. Həmin məbləğ isə 682 (altı yüz səksən manat, 55 qəpik) manat təşkil edir. (4697,23 x 5% = 234,8; 1 ay üçün 234,8/12=19,5;, 35 ay üçün 19,5x35 =682) təşkil edir. İddiaçı da iddia tələbində 680,55 (altı yüz səksən manat, 55 qəpik) manat pulun tutulmasını nəzərə almaqla məhkəmə hesab edir ki, qeyd edilən hissədə də, iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borca görə 4697,23 manat, 464,18 manat faiz, 363,87 manat cərimə, kredit müqaviləsi bitəndən sonra illik 5 faiz hesablanmaqla 680,55 manat faiz borcu, cəmi 6205,83 (altı min iki yüz beş manat, səksən üç qəpik) manat məbləğində pul Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar