Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3028/2021 23.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi iddiaçının nümayəndəsi Nümayəndə2 cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, LPO İddiaçı ASC-nin "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 22.639.059,08 (iyirmi iki milyon altı yüz otuz doqquz min əlli doqquz dollar, 08 sent) ABŞ dolları–bundan 19680909 (on doqquz milyon altı yüz səksən min doqquz yüz doqquz) ABŞ dolları əsas, 1184134.69 (bir milyon bir yüz səksən dörd min bir yüz otuz dörd dollar, 69 sent) ABŞ dolları faiz, 967.644,69 (doqquz yüz altmış yeddi min altı yüz qırx dörd, 69 sent) ABŞ dolları cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 806.370,70 (səkkiz yüz altı min üç yüz yetmiş dollar, 70 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh "xxxx" MMCdən iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakı filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 29.03.2019-cu il tarixli 026 BFHŞ saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə 12 (on iki) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 19680909 (on doqquz milyon altı yüz səksən min doqquz yüz doqquz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4.4- cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.1.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********260 saylı 02.02.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər.Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 25.01.2021-ci il tarixinə "xxxx" MMC-nin kredit üzrə cəmi borcu 22.639.059,08 (iyirmi iki milyon altı yüz otuz doqquz min əlli doqquz dollar, 08 sent) ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında iddia tələbini rədd etdiklərini qeyd edərək, iddia tələbinin şişirdilmiş rəqəmlər əsasında tərtib edildiyini, əsas borca hesablanmış faiz və cərimə borcları çox yüksək hesablanmamışdır. Əlavə olaraq cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbini sübuta yetirən sənədlər məhkəməyə təqdim olunmamışdır. Belə ki, ayrılan kredit məbləğinin iri həcmli olması nəzərə alındıqda, belə bir həcmdə kredit borcunun verilməsi zamanı iddiaçının idarə heyətinin razılığı olmadan kreditin ayrılması şübhə doğurur. Əlavə olaraq iddia tələbinin sübutu kimi iddiaçı tərəfindən sadəcə olaraq hesabdan çıxarış təqdim edilmişdir ki, müasir dövrdə internet bankçılıq sistemi ilə bunun həyata keçirilməsi o qədər də çətin deyil. Qeyd olunan bütün hallar cavabdeh tərəfindən qeyd olunan məbləğdə pul vəsaitini almasını şübhəli hala salır. Buna əsasən də tərəflər arasında imzalanmış əqd etibarsız əqd hesab olunmalı və iddia rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ASC “kredit verən” "xxxx" MMC “kredit alan” olmaqla imzalanmış 29 mart 2020-ci il tarixli, 026 BFHŞ saylı kredit müqaviləsinə əsasən “kredit verən” “Kredit alan”a kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib ondan 1.2-ci bənd ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “kredit verən”ə ödəməyi öhdəsinə götürür. “Kredit alan” kreditdən dövriyyə vəsaitlərinin artırılması üçün istifadə edəcəkdir. 3.1-ci bəndə əsasən bu müqavilə üzrə “kredit alan”a 19 680 909.00 (on doqquz milyon altı yüz səksən min doqquz yüz doqquz) ABŞ dolları məbləğində kredit verilir. 3.2-ci bəndə əsasən müqavilənin 2.4.12. yarımbəndində göstərilən vəzifə “kredit alan” tərəfindən icra edildikdən sonra, kredit “kredit verən” tərəfindən bankda onun üçün açılan ssuda hesabına köçürülməsi yolu ilə verilir. 3.3-cü bəndə əsasən kredit məbləği kreditin “kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq müddətin sonunadək “kredit alan” tərəfindən “kredit verən”in hesabına nağd va ya köçürülmə yolu ilə 4.1 bəndi ilə müəyyən olunan müddət ərzində ödənilməlidir. 3.4-cü bəndə əsasən “kredit alan” kreditdən istifadəyə göyə “kredit verən”ə illik 6 (altı) % ödəyir. 5.2-ci bəndə əsasən müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti “kredit alan” tərəfindən gecikdirildiyi halda, o hər gecikdirilən gün üçün müqavilənin 3.4 bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. 5.3-cü bəndə əsasən müqavilənin 3.6 bəndində göstərilən vəzifənin icra müddəti “kredit alan” tərəfindən gecikdirildiyi halda o, “kredit verən”ə 3.4 bəndi ilə müəyyən olunan faizlərin iki misli miqdarında cərimə ödəyir. 5.4-cü bəndə əsasən müqavilənin 2.4.3 yarmbəndində göstərilən vəzifəsini icra etməyən va ya lazımınca icra etmayən “kredit alan” “kredit verən”ə kredit məbləğinin 5 (beş) faizi miqdarında cərimə ödəyir. 7.4-cü bəndə əsasən “kredit alan” tərəfindən müqavilənin 3.3. və 3.6 bəndləri ilə müəyyənləşdirilən vəzifələr tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiqlənən ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir. Məhkəməyə təqdim olunan 03 fevral 2021-ci il tarixli **********295 saylı maliyyə arayışından məlum olur ki, 25 yanvar 2021-ci il tarixə müqavilə üzrə 19.680.909 ABŞ dolları əsas borc, 1.184.134,69 ABŞ dolları tələb olunan faiz, 967.644,69 ABŞ dolları məbləğində hesablanmış cərimə, 806.370,70 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla ümumilikdə müqavilə tələbləri əsasında yaranmış 22.639.059,08 ABŞ dolları məbləğində ümumi borc olması qeyd olunmuş, qeyd olunan sənəd Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərə iş idarəsinin rəisi tərəfindən imzalanmışdır. "xxxx" MMC adına açılan 29.03.2019-06.09.2021-ci il dövrlərini əhatə edən cari hesabdan çıxarışdan məlum olur ki, 19.680.909 ABŞ dolları məbləğində vəsait "xxxx" MMC-nin cari hesabına köçürülmüşdür. LPO İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanan pretenziya məktubunda tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, 22 639 059.08 (iyirmi iki milyon altı yüz otuz doqquz min əlli doqquz, 08-sent) ABŞ dolları məbləğində borcun ödənilməsini 3 (üç) gün ərzində təmin edilməsi tələb olunmuş əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. LPO İddiaçı ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə "xxxx" MMC-nin LPO İddiaçı ASC-yə müqavilənin bitdiyi tarixə 19.680.909 ABŞ dolları əsas və 1.184.134,69 ABŞ dolları faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə cavabdeh "xxxx" MMC-nin 29 mart 2019-cu il tarixli, 026 BFHŞ saylı kredit müqaviləsi üzrə LPO İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin LPO İddiaçı ASC-yə borcunun yarandığını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehdən tutulması tələbinə dair hissədə iddiaçı LPO İddiaçı ASC-nin iddiası əsaslı olmaqla təmin edilməlidir. Mübahisəli kredit müqavilələrinin müddəti bitdikdən sonrakı dövr üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesabı ilə hesablanmış 806.370, ABŞ dolları məbləğində faizlərin ödənilməsinə dair iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə də iddia təmin edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 967.644,69 (doqquz yüz altmış yeddi min altı yüz qırx dörd, 69 sent) ABŞ dolları məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan dəbbə (cərimə) pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tələb olunan məbləğ əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından isə görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-dən cəmi 22.639.059,08 (iyirmi iki milyon altı yüz otuz doqquz min əlli doqquz dollar, səkkiz sent) ABŞ dolları–bundan 19680909 (on doqquz milyon altı yüz səksən min doqquz yüz doqquz) ABŞ dolları əsas, 1184134.69 (bir milyon bir yüz səksən dörd min bir yüz otuz dörd dollar,altmış doqquz sent) ABŞ dolları faiz, 967.644,69 (doqquz yüz altmış yeddi min altı yüz qırx dörd, altmış doqquz sent) ABŞ dolları cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 806.370,70 (səkkiz yüz altı min üç yüz yetmiş dollar, yetmiş sent) ABŞ dolları faiz borcu məbləğində vəsait ödəniş gününə rəsmi məzənnə nisbəti olmaqla və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq, LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-dən 19.680.909 (on doqquz milyon altı yüz səksən min doqquz yüz doqquz) ABŞ dolları əsas, 1.184.134,69 (bir milyon bir yüz səksən dörd min bir yüz otuz dörd dollar, altmış doqquz sent) ABŞ dolları faiz, 967.644,69 (doqquz yüz altmış yeddi min altı yüz qırx dörd, altmış doqquz sent) ABŞ dolları cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 806.370,70 (səkkiz yüz altı min üç yüz yetmiş dollar, yetmiş sent) ABŞ dolları faiz borcu məbləğində pul vəsaiti ödəniş gününə rəsmi məzənnə nisbəti olmaqla və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq, LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3028/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3028/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver