Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3032/2023 24.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin məcburi qaydada ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra Mərkəzi Bank) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin məcburi qaydada ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan "xxxx" MMC 2021-ci ilin 2-ci rübü üzrə müəyyən olunmuş formada və müddətdə hesabat təqdim etmədiyi üçün Mərkəzi Bank tərəfindən sonuncuya 2021-ci il 30 iyul tarixində yazılı göstəriş - təqdimat verilmişdir. Təqdimat icra edilmədiyinə görə "xxxx" MMC-yə sığorta agenti fəaliyyətinə verilmiş lisenziya Mərkəzi Bankın 2021-ci il 29 sentyabr tarixli qərarı ilə dayandırılmışdır. "xxxx" MMC tərəfindən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar aradan qaldırılmadığı üçün “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Sığorta fəaliyyəti haqqında” Qanun) 107.1.2-ci maddəsinə uyğun olaraq X3 Heyətinin xx.xx.2022-ci il tarixli 11 nömrəli qərarı ilə sığorta agenti fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilən xx.xx.2013-cü il tarixli 000969 nömrəli lisenziya ləğv edilmişdir. Lisenziya ləğv edilərkən “Sığorta fəaliyyəti haqqında” Qanun 102-ci, 103-cü, 106-cı və 107-ci maddələrinin tələbləri yerinə yetirilmişdir. Həmin Qanununun 108.8-ci maddəsinə görə müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin lisenziyası bu Qanunun 107.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edildikdə maliyyə bazarlarına nəzarət orqanı lisenziya sahibinin məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi mübahisənin inzibati mübahisə olması ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdehin hüquqi ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmir etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əvvəlcə qeyd edir ki, məhkəməyə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Mülki prosessual qanunvericiliyə görə, iddia ərizəsi yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmçinin məhkəmələr mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin icraata qəbul edilməsi zamanı yoxlamalıdırlar. Eyni zamanda ərizənin (mübahisənin, iddianın) mümkünlük şərtləri mülki məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Kommersiya məhkəmələrinin aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra Mülki Prosessual Məcəllə) ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 26-cı maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Digər tərəfdən, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 1-4-cü bəndlərinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Mübahisə tərəflərindən iddiaçı publik hüquqi şəxs, cavabdeh isə hüquqi şəxsdir. Publik hüquqi şəxs olan iddiaçı Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə banklar, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya şirkətləri və qiymətli kağızlar bazarında digər lisenziyalaşdırılan şəxslər, investisiya fondları, investisiya fondunun idarəçiləri, klirinq (prosessinq) fəaliyyətini həyata keçirən şəxslər, kredit büroları və maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən digər şəxslərin (nəzarət subyektlərinin) fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və fəaliyyətləri üzərində nəzarəti həyata keçirir. Cavabdeh müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğuldur. Mübahisənin predmeti ümumi (publik) hüquq sahəsinə aid olan məsələ - sığorta bazarının peşəkar iştirakçılarının fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və fəaliyyətləri üzərində nəzarətin həyata keçirilməsi, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan və lisenziyası ləğv edilən hüquqi şəxsin məhkəmə qaydasında məcburi ləğv edilməsi ilə bağlıdır. Mərkəzi Bank hazırkı mübahisədə mülki dövriyyənin bərabər hüquqlu subyekti kimi çıxış etmir, mübahisə sonuncunun publik hüquqi şəxs olaraq yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət edən və bu məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyətindən də irəli gəlmir. Cavabdehə sığorta agenti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya iddiaçı tərəfindən ləğv edilmişdir. İddiaçı cavabdehin lisenziyasını mülki hüquqi öhdəlikləri pozduğu üçün deyil, sonuncu, ümumi hüquqla təsbit olunan vəzifələri yerinə yetirmədiyi üçün “Sığorta fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulan əsaslarla ləğv etmişdir. Müəyyən fəaliyyət növü ilə məşğul olmaq üçün şəxsə verilmiş lisenziyanın ləğv edilməsi, maraqlı şəxsi hüququndan məhrum etdiyi üçün, “İnzibati icraat haqqında” Qanunun 2.0.2 və 2.0.11-ci maddələri anlamında əlverişsiz inzibati aktdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bölməsinə görə, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan sayılır. Mübahisə iddiaçının inzibati orqan olaraq “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsində anlayışı verilən qaydada aparılmış inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətlə bağlıdır. Belə ki, iddiaçı həmin münasibətdə hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirmişdir, bu fəaliyyət ümumi (publik) hüquq sahəsində ictimai idarəetmə ilə bağlı olmuş və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunmuşdur, bu da iddiaçının mübahisə üzrə münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirakını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir; 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisəyə inzibati mühakimə icraatı qaydasında baxılmalı olması o deməkdir ki, həmin mübahisənin predmeti ümumi (publik) hüquq sahəsi ilə bağlıdır və bu növdən iddiaların maddi hüquqi əsasını ümumi hüquq sahəsinə daxil olan qanunvericilik aktları təşkil edir, başqa deyişlə, predmeti ümumi (publik) hüquq sahəsi ilə bağlı olan mübahisələr həll edilərkən işə ümumi hüquq sahəsinə aid olan qanunvericilik aktlarının normaları tətbiq edilməlidir. Əksinə ifadə ilə, inzibati mühakimə icraatı qaydasında baxılan mübahisələrin maddi hüquqi əsası kimi yalnız ümumi hüquq sahəsinə aid olan qanunvericilik aktlarının normaları çıxış edə bilər. Bu mənada, Mülki Məcəllənin 59-cu maddəsi istinadən deyilə bilməz ki, adıçəkilən norma mübahisənin məhkəmə aidiyyətinə də təsir edir. Çünki, sözügedən maddə hazırkı iddianın maddi hüquqi əsasını təşkil etmir, belə bir əsas kimi sığorta bazarının peşəkar iştirakçılarının fəaliyyətinin lisenziyalaşdırılması, fəaliyyətləri üzərində nəzarətin həyata keçirilməsi, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan və lisenziyası ləğv edilən hüquqi şəxsin məhkəmə qaydasında məcburi ləğv edilməsi məsələrini tənzimləyən qanunvericilik aktlarının müddəalarına istinad oluna bilər. Digər tərəfdən, həmin Məcəllənin 59.2.3-cü maddəsində hüquqi şəxsin məhkəmə qərarı əsasında ləğvinin Mülki Məcəllədə nəzərdə tutulan hallarda həyata keçirilə biləcəyi təsbit edilməklə yanaşı, ümumi hüququn tənzimləmə predmetinə aid olan, o cümlədən “Sığorta fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulan hallara birbaşa göndəriş edilmişdir. Həmçinin, “Sığorta fəaliyyəti haqqında” Qanunun 108.8-ci maddəsində sığorta fəaliyyəti ilə məşğul olan şəxsin lisenziyası ləğv edildikdə və bundan sonra Mərkəzi Bank lisenziya sahibinin məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırdıqda, ləğv edilən lisenziya sahibinin (onun səhmdarlarının, payçılarının, iştirakçılarının) Mərkəzi Bankın lisenziyanın ləğv edilməsi haqqında qərarından həmin məhkəmədə qarşılıqlı iddia qaldıra biləcəyi təsbit edilmişdir. Mərkəzi Bankın lisenziyanın ləğv edilməsi haqqında qərarından iddiaya inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalı olması nəzərə alınarsa, bu barədə qarşılıqlı iddianın da lisenziya sahibinin məcburi qaydada ləğv edilməsi tələbinə dair işə baxan məhkəməyə, yəni inzibati məhkəməyə verilməsi labüd olur. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170, 261-262, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin məcburi qaydada ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3032/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3032/2023
24.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver