Məhkəmə qərarları › İş №e-2-2(113)-3033/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3033/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3033/2025 28.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X3 Cəmiyyətinin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması, icarə sahəsinin boşaldılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X3 Cəmiyyətinin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması, icarə sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" X3 Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması, icarə sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1999,38 manat icarə haqqı borcu, dəymiş maddi ziyanın əvəzi olaraq isə 800 manat və 48 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması və icarə sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" ATSC arasında bağlanmış, 22 sentyabr 2023-cü il il tarixli, 09/4 saylı icarə müqaviləsinə əsasən "xxxx" ATSC-yə məxsus, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 104 ünvanında yerləşən, ümumi sahəsi 90 kv metrdən ibarət olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 400 (dörd yüz) manat məbləğində müəyyənləşdirilməklə Cavabdeh MMC-nin müddətli icarəsinə verilmişdir. Yuxarıda sözügedən 22 sentyabr 2023-cü il il tarixli, 09/4 saylı müqaviləyə 26 dekabr 2024-cü il tarixində tərəflərin qarşılıqlı razılığına əsasən xitam verilmiş və həmin sazişin 2-ci bəndində tərəflər bəyan etmişlər ki, Cavabdeh MMC-nin icarə haqqına görə xx.xx.2024-cü il tarixinə 1999,38 manat (bir min doqquz yüz doxsan doqquz manat otuz səkkiz qəpik) manat "xxxx" ATSC-yə borcu qalmışdır və bu borc müqavilə üzrə icra edilməmiş öhdəliklərdir. Həmçinin sözügedən müqavilənin 3-cü bəndində göstərilmişdir ki, müqaviləyə xitam verilməsi barədə saziş qüvvəyə mindikdən sonra sazişdə qeyd olunan 1999,38 (bir min doqquz yüz doxsan doqquz manat otuz səkkiz qəpik) manat borc 10 (on) gün müddətinə “Bakı Şərab1” ATSC-yə tamamilə ödənilməlidir. Qeyd edilir ki, hazırkı vaxtadək Cavabdeh MMC tərəfindən yuxarıda sözügedən müqavilə üzrə yaranmış 1999,38 manat borc ödənilməmişdir. Tərəflər arasında olan mübahisənin məhkəmədənkənar həll edilməsi mümkün olmamışdır. Belə ki, "xxxx" ATSC tərəfindən İnternet Vergi İdarəsi vasitəsi ilə cavabdehə xx.xx.2025-cü il tarixində ünvanlanmış pretenziyada yuxarıda göstərilən borc məbləği könüllü olaraq ödənilməsi xahiş olunsa da, cavabdeh borcunu ödəməmişdir. Həmçinin icarə sahəsində Cavabdeh MMC-yə məxsus avadanlıq olduğundan iddiaçı tərəfindən həmin icarə sahəsinin başqa şəxslərə icarəyə verilməsi mümkün olmamışdır ki, bu səbəbdən də hazırkı vaxtadək cavabdeh tərəfindən "xxxx" ATSC-yə əlavə olaraq 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan dəymişdir. Qeyd edilməsi zəruridir ki, Cavabdeh MMC-nin "xxxx"ATSC-yə ümumilikdə 2799,38 (iki min yeddi yüz doxsan doqquz manat otuz səkkiz qəpik) manat borcu yaranmışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Musayev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə müqaviləsinə ikitərəfli razılaşma əsasında xitam verilməsinə baxmayaraq qalıq icarə haqqı borcu bu günədək ödənilməmiş, icarə sahəsindən cavabdeh öz əşyalarını çıxarmamış, bu səbəbdən iddiaçı zərərə uğrayaraq sahəni yenidən icarəyə vermək imkanından məhrum olmuşdur. Bu səbəbdən iddiaçı iki aylıq müddət üçün ümumilikdə 800 manat kompensasiya ödənilməsini və sahənin boşaldılmasını tələb edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışa görə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr.104 ünvanında yerləşən ümumi sahəsi 47653,2 kv.m təşkil edən əmlak kompleksi "xxxx" ATSC-nin mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2010).

8. İddiaçı (icarədar) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 09/4 nömrəli icarə müqaviləsinə görə icarədar müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr.104 ünvanında yerləşən ümumi sahəsi 90 kv.m təşkil edən "xxxx" ATSC-nin balansında olan qeyri-yaşayış sahəsini icarəçiyə müvəqqəti ofis kimi istifadə üçün icarəyə verir.

9. Müqavilənin 3-cü bəndinə görə icarəçi icarəyə verilən sahəni qəbul edir və müqavilə bağlanan andan icarədara icarə haqqı ödəməlidir.

10. Müqavilənin 4-cü bəndinə görə icarə haqqı icarəyə verilən qeyri-yaşayış sahəsi üzrə hər ay üçün ƏDV ilə birlikdə 400 manat müəyyən edilir.

11. Müqavilənin 16-cı bəndinə görə müqavilə xx.xx.2023-cü il tarixindən qüvvəyə minir. Tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərməzsə, bu müqavilənin müddəti hər növbəti il üçün 1 il müddətinə uzadılmış hesab edilir.

12. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli xitam sazişinin 1ci bəndinə görə tərəflər arasında bağlanmış 09.2023-cü il tarixli, 09/4 nömrəli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilir.

13. Sazişin 2-ci bəndinə görə cavabdehin iddiaçıya icarə haqqına görə 1999,38 manat borcu qalmış və icra edilməmişdir.

14. Sazişin 3-cü bəndinə görə saziş qüvvəyə mindikdən sonra 1999,38 manat borc cavabdeh tərəfindən 10 gün müddətində iddiaçıya ödənilməlidir.

15. Sazişin 4-cü bəndinə görə hazırki xitam sazişi tərəflərin imza və möhürü ilə təsdiq olduğu andan qüvvəyə minir.

16. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

17. Hazırkı iddia bir neçə hissədən ibarətdir: 1. icarə haqqı borcunun tutulması; 2. icarə sahəsinin boşaldılması; 3. kompensasiyanın tutulması.

18. Məhkəmə hesab edir ki, iddia tələb birinci hissədə əsaslıdır.

19. Belə ki, məhkəmə araşdırması araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmiş və icarə sahəsi cavabdehin istifadəsinə verilmiş, daha sonra tərəflər həmin müqaviləyə xx.xx.2024-cü il tarixli sazişlə xitam vermişlər. Həmin müqavilə üzrə cavabdehin iddiaçıya 1999,38 manat məbləğində ödənilməmiş icarə haqqı borcu yaranmışdır.

20. Belə ki, 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

21. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

22. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

23. Məhkəmə hesab edir ki, iddia tələbi ikinci hissədə də əsaslıdır.

24. İddia ərizəsindən görünür ki, iddiaçı icarə verilmiş qeyri-yaşayış sahəsinin boşaldılması tələbini də irəli sürmüşdür.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə xx.xx.2024-cü il tarixli sazişlə xitam verilməsinə baxmayaraq sahə cavabdeh tərəfindən boşaldılmamış, iddiaçıya geri qaytarılmamış, icarə sahəsi hazırda da cavabdehin sahiblik və istifadəsindədir. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərlə cavabdehə məxsus əşyaların hələ də icarə sahəsində olması öz təsdiqini tapır.

26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.

27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, icarə sahəsi cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

28. Məhkəmə iddia tələbini üçüncü, 800 manat kompensasiyanın tutulması hissəsində də əsaslı hesab edir.

29. Belə ki, işin araşdırılan hallarından icarə sahəsinin cavabdeh tərəfindən icarə müddəti bitdikdən sonra iddiaçıya geri qaytarılmadığı müəyyən edildiyindən iddiaçı hazırda cavabdehdən 2 aylıq müddət üçün kompensasiya tələb etməkdə haqlıdır.

30. Belə ki, Mülki Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.

31. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi sonuncu hissədə də əsaslı olduğundan təmin edilməli, cavabdehdən 800 manat (400 manat icarə haqqı * 2 ay) kompensasiya tutularaq iddiaçıya ödənilməlidir.

32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1999,38 manat pul, 800 manat kompensasiya tutularaq iddiaçıya ödənilməli, icarə sahəsi cavabdeh tərəfindən tam boşaldılmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 48 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 52 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 1999,38 manat əsas borc, 800 manat kompensasiya, 48 manat dövlət rüsumu, ümumilikdə 2847,38 (iki min səkkiz yüz qırx yeddi manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 52 (əlli iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 104 ünvanında yerləşən ümumi sahəsi 90 kv.metr olan qeyri-yaşayış sahəsi cavabdeh "xxxx" MMC tərəfindən boşaldılaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar