Məhkəmə qərarları › İş №e-2-2(113)-3034/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3034/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3034/2025 02.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Körpələr Evi-Uşaq Bağçası MMC-yə qarşı kommersiya mübahisəsi üzrə (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, dəbbə pulu) X1 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Körpələr Evi-Uşaq Bağçası MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 001R********** saylı krеdit razılaşması üzrə 19016.57 manat məbləğində krеdit bоrcu, 1820.51 manat məbləğində faiz bоrcu və 1128.28 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21965 (iyirmi bir min doqquz yüz altmış beş) manat 36 (otuz altı) qəpik məbləğində bоrcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 155.9 manat məbləğində dövlət rüsumu cavabdеhlər “X3 Evi-Uşaq Bağçası” MMC-dən, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə X3 Evi-Uşaq Bağçası MMC və zaminlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001L**********47 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən X3 Evi- Uşaq Bağçası MMC-yə 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında X3 Evi-Uşaq Bağçası MMC-nin İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 001R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. X3 Evi-Uşaq Bağçası MMC-nin götürdüyü krеdit bоrcundan 5983.43 manat ödəmiş, onun 19016.57 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, X3 Evi-Uşaq Bağçası MMC kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 202 gün üçün hesablanmış faiz borcu 1820.51 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 202 gün üçün hеsablanmış cərimə 1128.28 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı QSC ilə X3 Evi-Uşaq Bağçası MMC və zaminlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001L**********47 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən X3 Evi-Uşaq Bağçası MMC-yə 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Müqavilənin 4.9cu bəndinə əsasən kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02% məbləğində cərimə hesablamaq hüququna malikdir. xx.xx.2023-cü il tarixli 001R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarşılıqlı razılaşmadan görünür ki, İddiaçı QSC X3 Evi-Uşaq Bağçası MMC-nin direktoru Cavabdeh3 ümumi məbləği 25000 manat olan illik faiz dərəcəsi 19% olmaqla 36 ay müddətinə kredit ayırmışdır. Zaminlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli 001L**********47 saylı uzunmüddətli kredit müqaviləsinin 11.1-ci bəndinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı və tam məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli İddiaçı QSC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə cavabdeh X3 Evi-Uşaq Bağçası MMC-nin 19016,57 manat məbləğində əsas bоrcu, 1820,51 manat məbləğində faiz bоrcu və 1128,28 manat məbləğində cərimə borcu, cəmi 21965,36 manat borcu vardır. xx.xx.2022-ci il tarixli 001L**********47 saylı kredit sazişi üzrə tərtib edilmiş ödəniş planından görünür ki, ümumi məbləği 25000 manat olan aylıq faiz dərəcəsi 1.5833% olmaqla verilmiş kreditə görə X3 Evi-Uşaq Bağçası MMC 18 sentyabr 2023-cü il tarixdən 18 avqust 2026-cı il tarixə qədər hər ayın 18-i (və ya 20-si olmaqla) 920 manat, sonuncu ay 942,60 manat ödəməlidir. xx.xx.2025-ci il tarixli 73174417 nömrəli qəbzdən görünür ki, İddiaçı QSC 155,9 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh X3 Evi-Uşaq Bağçası MMC-yə xx.xx.2022-ci il tarixli 001L**********47 saylı kredit sazişinə əsasən 25000 manat olan illik faiz dərəcəsi 1.5833% olmaqla 36 ay müddətinə kredit vermişdir. Daha sonra Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 zamin kimi xx.xx.2022-ci il tarixli 001L**********47 saylı uzunmüddətli kredit müqaviləsinin 11.1-ci bəndinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı və tam məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Cavabdehlər iddiaçıya tələbdə göstərilən məbləğdə ümumi 19016.57 manat əsas borc və 1820.51 manat məbləğində faiz bоrcu yaranmışdır. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. İşin hallarına məcmu şəkildə hüquqi qiymət verərək, cavabdehlərin tələb olunan əsas və faiz borc məbləği iş materialları ilə sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında xx.xx.2022-ci il tarixli 001L**********47 saylı kredit sazişinə əsasən 1128,28 manat məbləğində cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 1128,28 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş 155.9 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 001R********** saylı krеdit razılaşması üzrə 19016.57 manat məbləğində krеdit bоrcu, 1820.51 manat məbləğində faiz bоrcu və 1128.28 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21965 (iyirmi bir min doqquz yüz altmış beş) manat 36 (otuz altı) qəpik məbləğində bоrcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 155.9 manat məbləğində dövlət rüsumu cavabdеhlər X3 Evi-Uşaq Bağçası MMC-dən, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənildin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar