Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-304/2024 08.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh X2 Azərbaycan Respublikasındakı Filialına qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi,əsas, faiz, cərimə borcu, iddia müddəti) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, Cavabdehin nümayəndələri Nümayəndə2 və X6 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh X1 Azərbaycan Respublikasındakı Filialına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Kommersiya mübahisəsinin mahiyyəti
1. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi və daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 35-KX saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 135,000.00 (bir yüz otuz beş min) manat əsas borcun, müqavilə müddəti üçün hesablanmış 19,544.56 (on doqquz min beş yüz qırx dörd manat, 56 qəpik) manat faiz borcunun, 155,047.50 (bir yüz əlli beş min qırx yeddi manat, 50 qəpik) manat cərimə borcunun, 55,387.50 (əlli beş min üç yüz səksən yeddi manat, 50 qəpik) manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz borcu olmaqla ümumilikdə 364,979.56 (üç yüz altmış dörd min doqquz yüz yetmiş doqquz manat, 56 qəpik) manat məbləğində borcun, 255,38 manat dövlət rüsumunun və 400 manat mediasiya xərclərinin “SP EURO SALDA MMY” ARF-dən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-yə ləğvedici təyin edilmişdir. İddiaçı ASC ilə Cavabdeh MMYARF arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli 35-KX nömrəli kredit müqaviləsinə əsasən borcalana 12 ay müddətinə 135 000 manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi həmin tarixli, GM/35-KX saylı girov müqaviləsinə əsasən, “AZ **-SJ-***” Dövlət qeydiyyat nişanlı Kamaz 654003 (Şassi XTC654003C1246354, b/i: 2013, rəngi: göy, BAN KAB.2262904, Tipi Avtokran) nəqliyyat vasitəsi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh MMYARF-nin sözügedən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə LPO İddiaçı ASC-yə 135,000.00 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 19,544.56 manat faiz borcu, 155,047.50 manat cərimə borcu, 55,387.50 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz borcu olmaqla ümumilikdə 364,979.56 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq “SP EURO SALDA MMY” ARF borcu ödəməkdən boyun qaçırır.
3. 19.12.2023-cü il tarixində cavabdeh nümayəndəsi məhkəməyə etiraz və iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. İddiaçı ilə cavabdeh arasında kredit və qirov müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh MMYARF “Kamaz 54003” markalı, 2013-cü il buraxılışlı, **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili İddiaçı ASC-də ipoteka yüklü edilmişdir. Kredobank ASC xx.xx.2014-cü il tarixdə cavabdeh ilə bağlanılmış kredit və girov müqavilələrini ləğv etmişdir. Həmin müqavilələr üzrə ipotekaya qoyulmuş “Kamaz 54003” markalı, 2013-cü il buraxılışlı, **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini xx.xx.2014-cü il tarixdə girovdan azad edilməsi barədə arayışı AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə təqdim edərək həmin yük avtomobilini X3 adına keçirilməsinə etiraz etməmişdir. İddiaçı ASC X5 arasında xx.xx.2014-cü il tarixdə “GM/66-KX Girov müqaviləsi bağlayaraq, “Kamaz 54003” markalı, 2013-cü il buraxılışlı, **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka edilmişdir. Belə olan halda cavabdeh ilə iddiaçı arasında olan müqavilə ləğv edildiyindən cavabdehin heç bir öhdəliyi yoxdur. İddia müddətinin tətbiqi barədə ərizədə etirazda göstərilənlərdən əlavə bildirilmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC 10 ildən sonra iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Müqavilə öhdəlikləri üzrə iddia müddəti 3 il olduğu halda, iddiaçı iddia müddətini ötürərək 10 ildən sonra məhkəməyə müraciət etmişdir. AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. İddia tələbinin iddia müddəti ötürüldüyündən rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun olaraq çıxış edərək kredit verildikdən sonra müqavilə üzrə heç bir ödəniş edilmədiyi üçün iddia ərizəsinin tam təmin edilməsini məhkəmədən xahiş edi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri etiraz və iddia müddətinin tətbiqi barədə ərizələrə uyğun çıxış edərək iddia tələbinin rədd olunmasını xahiş etdilər.
Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ASC-nin Xətai filialı (Borc verən) ilə “SP Euro Salda MMY” ARF (Borc alan) arasında bağlanmış arasında xx.xx.2013-cü il tarixli 35-KX saylı kredit müqaviləsi bağlanmışdır.
8. Həmin müqavilənin:
9. 2.1-ci bəndinə əsasən Bu müqavilənin predmeti milli valyuta ilə ifadə edilən pul vahidirir.
10. 2.2.-ci bəndinə əsasən Borcverən nəqliyyat vasitələrinin alınması məqsədilə Borcalana 135000 AZN məbləğində kredit xəttinin açılmasını öhdəsinə götürür.
11. 2.3-cü bəndinə əsasən Borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür.
12. 3.8-ci bəndinə əsasən Borc alan üzərinə düşən öhdəlikləri icra etməkdə bu Müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş dəbbə pulunu ödəyəcəyini vəd edir.
13. 5.1-ci bəndinə əsasən kredit vəsaitinin hərəkəti Borc verən tərəfdən Borc alan üçün açılan kredit hesabı ilə təmin edilir.
14. 5.4-cü maddəsinə əsasən Borc alana verilən kredit vəsaitindən istifadə müddəti bu müqavilənin 5.5-ci bəndində nəzərdə tutulmuş tarixdə bitir.
15. 5.5-ci bəndinə əsasən Kredit vəsaitindən istifadə müddəti 12 noyabr 2014-cü il tarixdə bitir. Bu müddətin uzadılması barədə Tərəflər razılığa gəldikdə, belə razılıq bu Müqavilənin 21-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.
16. 6.1-ci bəndinə əsasən Kredit xətti üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 18%-lə hesablanır.
17. 6.2.-ci bəndinə əsasən Kredit xətti üzrə faizlər və əsas borcun ödənişi isə xx.xx.2014-cü il tarixinə qədər Borc alan tərəfindən Borc verənə ödənilir.
18. 6.5-ci bəndinə əsasən Faktiki illik faiz dərəcəsinin (FİFD) – 18.58%.
19. 7-ci bəndinə əsasən Bu müqavilənin 5.5-ci bəndi ilə nəzərdə tutulmuş vaxt borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir.
20. xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan AZ14ANAR**********0000011AZM nömrəli hesabdan çıxarışa əsasən Kredobank ASC-nin Xətai Filialı tərəfindən “SP Euro Salda MMY” ARF-nın hesabına 135000 manat köçürülmüşdür.
21. 31.01.2023-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC ilə “SP Euro Saldo” MMY ARF arasında bağlanılmış 12 noyabr 2013-cü il tarixli 35-KX saylı kredit müqaviləsi üzrə 26 yanvar 2023-cü il tarixinə yaranmış tələb aşağıdakı kimi müəyyən edilmişdir: əsas borc – 135000 manat, müqavilənin müddəti xx.xx.2013-xx.xx.2014-cü il, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz – 19,544.56 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə - 155047,50 manat, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi – 50%, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği – 55387,50 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc – 364979,56 manat.
22. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.
23. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2013-cü il tarixli 35-KX saylı kredit müqaviləsi bağlanmışdır. Bank tərəfindən “SP Euro Salda MMY” ARF-yə 12 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 135000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixində bitmişdir. Müqavilə üzrə heç bir ödəniş olunmamışdır.
24. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.
25. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
27. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
28. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.
29. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
30. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir.
31. Belə ki, bu hüquq münasibəti çərçivəsində İddiaçının Cavabdehdən götürülən kredit üzrə əsas, faiz və cərimə borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır. Cavabdeh “SP Euro Salda MMY” ARF-nin nümayəndəsi xx.xx.2014-cü il tarixində müqavilə müddətinin bitdiyinə, iddia müddətinin keçməsinə əsaslanmaqla iddianın rəddini xahiş edir. MM-in 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
32. İş materiallarında olan sənədlər ilə “SP Euro Salda MMY” ARF-nin Banka ödənilməmiş borcun mövcudluğu müəyyən olunur.
33. Beləliklə, cavabdeh müqavilə üzrə kreditin ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq tərəflər arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya hazırkı iddia tələbini (əsas borc, müqavilə üzrə nəzərdə tutulmuş faiz, cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu) irəli sürmək hüququ vermişdir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
35. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
39. Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.
40. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində iddiaçının iddia müddətini ötürərək 10 ildən sonra məhkəməyə müraciət etməsini qeyd etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 35-KX saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, müqaviləyə əsasən öhdəliyin icrası müddətinin son tarixi xx.xx.2014-cü il olaraq müəyyən edilmişdir. Həmin tarixdən hesablanan 3 illik iddia müddəti isə xx.xx.2017-ci ildə başa çatmışdır. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Bununla belə, iddia müddətinin kəsilməsi və dayandırılmasına əsas olan hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
42. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
43. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
44. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
45. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddianı 2023-cü ilin oktyabr ayının 5-də verməklə müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Odur ki, iddia tələbi rədd edilməlidir.
46. Məhkəmə onu da qeyd edir ki, “tutmanın girov əmlaka yönəldilməsi” hazırki iddia tələbinin predmetinə daxil olmadığı üçün (iddiaçının sonrakı iddia tələbinin azaldılması barədə ərizəsinə əsasən həmin tələb çıxarıldığı üçün) cavabdehin etiraz ərizəsində girov əmlakla bağlı göstərilənlərə dair hüquqi dəyərləndirmə aparılması zərurəti də aradan qalxmış olur.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
49. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli.
Nəticə hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh X1 Azərbaycan Respublikasındakı Filialına qarşı 35-KX saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 135,000.00 (bir yüz otuz beş min) manat əsas borcun, müqavilə müddəti üçün hesablanmış 19,544.56 (on doqquz min beş yüz qırx dörd manat, 56 qəpik) manat faiz borcunun, 155,047.50 (bir yüz əlli beş min qırx yeddi manat, 50 qəpik) manat cərimə borcunun, 55,387.50 (əlli beş min üç yüz səksən yeddi manat, 50 qəpik) manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz borcu olmaqla ümumilikdə 364,979.56 (üç yüz altmış dörd min doqquz yüz yetmiş doqquz manat, 56 qəpik) manat məbləğində borcun, 255,38 manat dövlət rüsumunun və 400 manat mediasiya xərclərinin “SP EURO SALDA MMY” ARF-dən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova