Məhkəmə qərarları › İş №e-2-2(113)-3040/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3040/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3040/2025 12.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 38836,72 manat (otuz səkkiz min səkkiz yüz oyuz altı manat yetmiş iki qəpik) pul vəsaitinin əlavə dəyər vergisi qismində müvafiq hesaba ödənilməsi öhdəliyinin Cavabdeh MMC-yə həvalə edilməsi, dövlət rüsumu qismində ödənilmiş 207 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 520 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı MMC arasında P09/18 saylı alqı-satqı müqaviləsi bağlanmış və öhdəlik münasibətlərinə girilmişdir. Sözü gedən müqavilənin 2-ci maddəsinin 2-ci bəndinə əsasən mal alıcıya tam həcmdə çatdırıldıqdan sonra 5 (beş) bank günü ərzində alıcı satılmış malların dəyərini satıcının bank hesabına köçürməli və müvafiq digər hüquqi hərəkətləri yerinə yetirməlidir. Satıcı tərəf olaraq bütün öhdəliklər yerinə yetirilmiş, lakin alıcı hüquqi şəxs tərəfindən müqavilə şərtləri uzun müddət yerinə yetirilmədiyindən məhkəmə mübahisəsi yaranmış və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-4002/2023 nömrəli qətnaməsi ilə Cavabdeh MMC-dən 280004,56 manat məbləğində əsas borc və 15553 manat dəbbə pulu olmaqla, cəmi 295557,56 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Alqı-satqının tərkib hissəsi olan 16 ədəd elektron-qaimənin məzmunu ilə təsdiqlənir ki, satıcı hüquqi şəxs tərəfindən alıcıya müxtəlif adda və müxtəlif çeşiddə 840791,37 manat dəyərində malmaterial satılmışdır. Tərəflər arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə alıcının satıcıya xx.xx.2022-ci il tarixə qalıq borcunun ƏDVsiz 930546,69 manat, ƏDV ilə 1098045,09 manat təşkil etməsi də təsdiqlənmişdir. Satılmış malların miqdarına münasibətdə alqı-satqının dəyərindən hesablanmalı olan əlavə dəyər vergisinin məbləği 50400,72 manat (əlli min dörd yüz manat yetmiş iki qəpik) təşkil edirdi. Həmin pul vəsaiti müvafiq qaydada hesaba ödənilmədiyindən qarşı tərəfə xx.xx.2025-ci il tarixli pretenziya qaydasında müraciət olunmuş və cavabdehin vermiş olduğu həmin tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Qeyd etdiyiniz pretenziya məktubunda 50400,72 manat (əlli min dörd yüz manat yetmiş iki qəpik) ƏDV məbləği qətnamə tarixinə olan borc məbləğidir. Bu tarixdən sonra ödəmələr həyata keçirilmişdir: xx.xx.2024 – 5000, xx.xx.2024 – 900, xx.xx.2024 – 4800, xx.xx.2024 – 864, cəmi: 11564 manat. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 50400,72 manat (əlli min dörd yüz manat yetmiş iki qəpik) qalıq borcdan, ödənilən 11564 (on bir min beş yüz altmış dörd) manat məbləğin çıxılaraq, pretenziya məktubunu yenidən yazmağınızı sizdən xahiş edirik. Ödəniş sənədləri məktuba əlavə olunur.” Tərəfin müraciəti müsbət qarşılanaraq xx.xx.2025-ci il tarixdə yenidən pretenziya məktubu ilə müraciət edilmiş və qeyd olunmuşdur ki, “Hazırkı müraciətlə sizə bildirilir ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı MMC arasında P09/18 saylı alqı-satqı müqaviləsi bağlanmış və öhdəlik münasibətlərinə girilmişdir. Satılmış malların miqdarına münasibətdə alqı-satqının dəyərindən hesablanmalı olan əlavə dəyər vergisinin məbləği 50400,72 manat (əlli min dörd yüz manat yetmiş iki qəpik) təşlik edir. Bununla əlaqədar sizə pretenziya məktubu verilmiş və məbləğin müvafiq qaydada hesaba ödənilməsi xahiş edilmişdir. Lakin sizin xx.xx.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, qeyd etdiyiniz pretenziya məktubunda 50400,72 manat (əlli min dörd yüz manat yetmiş iki qəpik) ƏDV məbləği qətnamə tarixinə olan borc məbləğidir. Bu tarixdən sonra tərəfimizdən ödəmələr həyata keçirilmişdir: xx.xx.2024 – 5000, xx.xx.2024 – 900, xx.xx.2024 – 4800, xx.xx.2024 – 864, cəmi: 11564 manat. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 50400,72 (əlli min dörd yüz manat yetmiş iki qəpik) qalıq borcdan ödənilən 11564 (on bir min beş yüz altmış dörd) manat məbləğin çıxılaraq, pretenziya məktubunu yenidən yazmağınızı sizdən xahiş edirik. Ödəniş sənədləri məktuba əlavə olunur.” Bunu nəzərə alaraq sizə yenidən müraciət edilərək tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn vəzifələri yerinə yetirərək əlavə dəyər vergisinin məbləği olan 38836,72 (otuz səkkiz min səkkiz yüz oyuz altı manat yetmiş iki qəpik) miqdarında pul vəsaitinin ödənilməsini təmin etməyinizi tələb edirik. Əks təqdirdə məhkəməyə müraciət olunacaq və çəkilmiş əlavə xərclər, əldən çıxmış faydaya, maddi və mənəvi ziyana görə əlavə pul vəsaitinin ödənliməsi də sizdən tələb ediləcəkdir.” Lakin aradan keçən müddət ərzində pul vəsaiti ƏDV mqsədləri üçün müvafiq qaydada ödənilməmişdir. Ona görə də məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Qanunvericiliyin mənasına görə ƏDV vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi respublika ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Maddi ziyan vurulması ilə müşayiət olunan pozuntu törətməklə razılaşmanın icrasından yayınan cəmiyyətiniz uzun müddət qeyd olunan məbləğin müvafiq hesablara köçürülməməsi ilə yanaşı hesablanmış əlavə dəyər vergisini də ödəməmişdır.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 38836,72 manat pul vəsaitinin əlavə dəyər vergisi qismində, dövlət rüsumu qismində ödənilmiş 207 manatın və hüquqi yardıma görə vəkilə ödənilmiş 520 manat pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

6. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli, P09/18 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı mal-materialları satır, alıcı isə həmin malın tam dəyərini ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri müqavilənin 1 nömrəli əlavəsində qeyd olunan məbləğ təşkil edir. Həmin müqaqvilənin 2.2-ci bəndinə əsasən müqavilənin dəyəri mal alıcıya tam həcmdə çatdırıldıqdan və quraşdırıldıqdan sonra 5 bank günü ərzində satıcının bank hesabına köçürmə yolu ilə aparılır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı tərəfindən sübut qismində bəzi elektron qaimələr təqdim olunmuşdur. 10 "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş “A” formatı, xx.xx.2024-cü il tarixli, 213OPXO242150159 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 5000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 374230 nömrəli elektron qaimə qismən ödəniş qeyd edilmişdir.

11. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş “A” formatı, xx.xx.2024-cü il tarixli, 213OCAZ242221502 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 4800 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 374230 nömrəli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.

12. xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 864 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 374230 nömrəli elektron qaimə əsasında qismən ƏDV ödənişi qeyd edilmişdir.

13. xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 900 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 374230 nömrəli elektron qaimə əsasında qismən ƏDV ödənişi qeyd edilmişdir.

14. İddiaçı MMC və Cavabdeh MMC arasında P09/1 saylı müqaviləyə əsasən 2022ci il (6 ay)-2023-cü il üzrə debitor və kreditor cədvəlinin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixinə 453608 manat qalıq borc, 20412 manat faiz borcu vardır (gecikən günlərin sayı: 45).

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-4002/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin olunaraq, Cavabdehndən 280004,56 manat məbləğində əsas borc və 15553 manat dəbbə pulu, cəmi 295557,56 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

16. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan müəyyən olunur ki, İddiaçı MMC-yə olan 50400,72 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

17. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, pretenziya məktubunda 50400,72 manat (əlli min dörd yüz manat yetmiş iki qəpik) ƏDV məbləği qətnamə tarixinə olan borc məbləğidir. Bu tarixdən sonra ödəmələr həyata keçirilmişdir: xx.xx.2024 – 5000, xx.xx.2024 – 900, xx.xx.2024 – 4800, xx.xx.2024 – 864 cəmi: 11564 manat. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 50400,72 (əlli min dörd yüz manat yetmiş iki qəpik) qalıq borcdan, ödənilən 11564 (on bir min beş yüz altmış dörd) manat məbləğin çıxılması xahiş edilmişdir.

18. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan müəyyən olunur ki, İddiaçı MMC-yə olan 38836,72 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

21. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2018ci il tarixli, P09/18 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək, mallar göndərilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək, müqavilə üzrə ƏDV ödənişlərini həyata keçirməmişdir.

22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4002/2023 saylı qətnaməsi ilə işin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdehə 16 ədəd elektron-qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif adda və müxtəlif çeşiddə 840791,37 manat dəyərində mal-material satılmışdır. xx.xx.2022-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə qalıq borcu ƏDV-siz 930546,69 manat, ƏDV ilə 1.098.045,09 manat təşkil etmişdir. Həmin işdə iddia tələbini təşkil edən ƏDV-siz 311.073 manat borcdan 31068,44 manat ödənildiyi nəzərə alınaraq, iddia tələbi əsas borcun tutulması gissəsində qismən, 280.004,56 manat hissədə təmin olunmuşdur. Göründüyü kimi, həmin işdə tələb ƏDV-siz əsas borcun tutulması ilə bağlı olmuşdur.

23. Göründüyü kimi, qarşılıqlı üzləşmə aktından göründüyü kimi, ƏDV ilə birlikdə malın ümumi dəyəri 1098045,09 manat, həmin məbləğin ƏDV-siz əsas hissəsi 930546,69 manat olmuş, qalan hissəsini isə ƏDV məbləğini təşkil etmişdir. Cavabdeh həmin məbləğləri ƏDV daxil bütövlükdə iddiaçıya ödəmək öhdəliyi daşımışdır.

24. Hazırda iddiaçı ƏDV məbləğinin tam ödənilmədiyini iddia edərək, cavabdehdən xx.xx.2018-ci il tarixli, P09/18 nömrəli müqavilə üzrə 38836,72 manat ƏDV borcunun tutulmasını xahiş edir.

25. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının qeyd olunan məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən ƏDV məbləğində görə 38836,72 manat (otuz səkkiz min səkkiz yüz otuz altı manat yetmiş iki qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, pretenziya məktubunda 50400,72 manat (əlli min dörd yüz manat yetmiş iki qəpik) ƏDV məbləği qətnamə tarixinə olan borc məbləğidir, bu tarixdən sonra 11564 manat ödəmə həyata keçirilmişdir, yuxarıda qeyd olunanları nəzərə alaraq, 50400,72 (əlli min dörd yüz manat yetmiş iki qəpik) qalıq borcdan, ödənilən 11564 (on bir min beş yüz altmış dörd) manat məbləğin çıxılması xahiş edilmişdir. iddiaçı həmin ödənişin olunduğunu qəbul edərək, iddia tələbinin həcmini azaltmışdır (50400,72-11564=38836,72). Həmin məbləğin ödənilməsi ilə bağlı sübutlar da məhkəməyə təadim edilmişdir.

26. Eləcə də, iddiaçı dövlət rüsumu qismində ödənilmiş 207 manatın və hüquqi yardıma görə vəkilə ödənilmiş 520 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

27. Məhkəmə hesab edir ki, iddia qiymətinə uyğun olaraq 206,51 manat (iki yüz altı manat əlli bir qəpik) dövlət rüsumu və 520 (beş yüz iyirmi) manat hüquqi yardım xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətindən ödənilməli ƏDV məbləğinə görə 38836,72 manat (otuz səkkiz min səkkiz yüz otuz altı manat yetmiş iki qəpik), hüquqi yardım xərci olaraq 520 (beş yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumuna görə 206,51 manat (iki yüz altı manat əlli bir qəpik) olmaqla, ümumilikdə 39563,23 manat (otuz doqquz min beş yüz altmış üç manat iyirmi üç qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar