Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3044/2021 17.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16.02.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 2350,57 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10400 manat dəyərində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 16.02.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 16.02.2021-ci il tarixə yaranan borcuna görə 10400 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə 22.02.2021-ci il tarixli, **********6 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 16.02.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 2350,57 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, borc ödənilmişdir. Siyahıya alınmış əmlak Cavabdeh ASC-nin deyil, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyətindədir. Bu halı əmlaklar siyahıya alınan zaman da vergi orqanının əməkdaşlarına bildirmişdir. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X4 oğlu məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, siyahıya alınmış əmlaklar məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyətinə verilmişdir. Həmin məhkəmə qərarı icraya yönəlmiş və hazırda icra mərhələsindədir. Eyni zamanda cavabdeh tərəfindən də borc məbləği ödənilmişdir. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə vergi borcunun ödənilməsinə dair bildiriş göndərilərək, yaranmış vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 16.02.2021-ci il tarixli qərar qəbul olunmuşdur. Həmin qərara əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus 2 ədəd Borudüzən Komatsu (10K-012 və 10K-013 dövlət qeydiyyat nişanlı) və 1 ədəd Yolbasan (CAT CS533E) texnikaları və 1 ədəd **-AC-*** dövlət nömrə nişanlı VAZ-21074 markalı minik avtomobili siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında 22.02.2021-ci il tarixli, **********6 nömrəli protokol və əmlakın məsul saxlanca verilməsi haqqında akt tərtib edilmişdir. İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, 16.02.2021-ci il tarixli qərara əsasən 10400 manat dəyərində olan əmlak siyahıya alınmışdır, əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. Belə ki, müəyyən edildi ki, vergi ödəyicisi olan cavabdeh “Cavabdeh Açıq Səhmdar Cəmiyyətin vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borclarının ödənilməsini təmin etməmişdir. Göstərilən səbəbdən də Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 16.02.2021-ci il tarixə yaranan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10400 manat dəyərində əmlakı siyahıya alınmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunanadək, vergi borcunun ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmişdir. Mübahisəli əmlakların siyahıya alınması haqqında tərtib edilmiş protokol və akt cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Üçüncü şəxsin nümayəndəsi X4 oğlu məhkəmə iclasında bildirmişdir ki, siyahıya alınmış əmlaklar məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyətinə verilmişdir. Həmin məhkəmə qərarı icraya yönəlmiş və hazırda icra mərhələsindədir. İş materialları ilə müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-472/2017 saylı, 06 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı “" QSC-nin cavabdeh “" MMC-yə qarşı iddiası təmin edilərək, cavabdeh “" MMC-dən 26860570,44 manat kredit borcunun və 30 manat dövlət rüsumunun “" QSC-nin xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi, “" MMC-nin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, “" QSC-nin həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə “" QSC-nin qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması barədə öhdəlik qoyulması qət edilmişdir. "xxxx" QSC tərəfindən qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 8-2(81)-56/2018 saylı 09 oktyabr 2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, həmin qətnamənin icra üsulu dəyişdirilmiş, borc tələbi "xxxx" MMC-yə məxsus daşınar və daşınmaz əmlaklara, o cümlədən "xxxx" MMC-nin adında olan “BMW 750 minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı və “X7 minik” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə və "xxxx" MMC-nin Cavabdeh ASC-də olan 47,5001 faiz təsis payına, eyni zamanda həmin təsis payı həcmində Cavabdeh ASC-yə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi, "xxxx" MMC-nin və Cavabdeh ASC-nin yuxarıda qeyd edilən əmlaklar və təsis payı üzərində mülkiyyət hüquqlarına xitam verilməsi, "xxxx" QSCnin həmin əmlaklar və təsis payı üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Azərbaycan Respublikası Baş X8 İdarəsinin və digər səlahiyyətli orqanların üzərinə "xxxx" QSC-nin yuxarıda qeyd edilən əmlakların və təsis payının yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, yuxarıda göstərilən əmlaklar borcun ödənilməsi üçün kifayət etmədikdə yerdə qalan borc məbləğinin cavabdeh "xxxx" MMC-dən tutulması qərara alınmışdır. Həmçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-564/2019 saylı, 30 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iddiası qismən təmin edilərək, cavabdeh “" MMC-dən cəmi 37872073,37 manat kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması, tutmanın "xxxx" MMC-nin Cavabdeh ASC-də olan 47,8303% təsis payı həcmində Cavabdeh ASC-yə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri, texnikalar, avadanlıqlar və s.) yönəldilməsi, Cavabdeh ASC-nin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, "xxxx" QSC-nin həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə "xxxx" QSC-nin qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Qətnamənin icrası ilə bağlı Yasamal rayon İcra şöbəsi tərəfindən müvafiq icra tədbirləri görülərək Cavabdeh ASC-yə məxsus daşınmaz və daşınar əmlakların müəyyən edilməsi üçün sorğular göndərilmişdir. Cavabdeh ASC-yə məxsus **-AC-*** dövlət nömrə nişanlı VAZ-21074 markalı minik avtomobilinin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı Yasamal rayon İcra şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən rəy verilmiş və həmin əmlakın bazar dəyəri 3100 manat olaraq müəyyənləşdirilmişdir. Göründüyü kimi vergi orqanı tərəfindən siyahıya alınmış əmlaklardan yalnız **-AC-*** dövlət nömrə nişanlı VAZ-21074 markalı minik avtomobilinin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə bağlı "xxxx" QSC-nin mülkiyyətinə verilməsi ilə bağlı icra tədbirlərinin həyata keçirildiyi müəyyən edilir. Digər əmlakların yuxarıda qeyd edilən məhkəmə qətnamələrinin icrası ilə bağlı "xxxx" QSC-nin mülkiyyətinə verilməsini təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Eyni zamanda cavabdeh tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək 2350 manat vergi borcunun ödənildiyi bildirilmiş və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, Cavabdeh ASC tərəfindən 14.07.2021-ci il tarixdə 2350 manat məbləğində vəsaitin 143491 nömrəli büdcə səviyyə kodu üzrə Dövlət Vergi Xidmətinə ödənilməsini təsdiq edən ********* nömrəli qəbz məhkəməyə təqdim edilsə də, həmin ödənişin hazırkı iş üzrə qeyd olunan borc üzrə ödənilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin yaranmış borcları tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlaklar qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı vergi borcunun onun əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 10 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 16.02.2021-ci cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 2350,57 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakı - 2 ədəd Borudüzən Komatsu (10K-012 və 10K-013 dövlət qeydiyyat nişanlı) və 1 ədəd Yolbasan (CAT CS533E) texnikaları ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən həmin borc və 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, satışdan artıq qalan məbləğ Səyyarmextikinti” Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 16.02.2021-ci cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 2350,57 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakı - 2 ədəd Borudüzən Komatsu (10K-012 və 10K-013 dövlət qeydiyyat nişanlı) və 1 ədəd Yolbasan (CAT CS533E) texnikaları ixtisaslaşdırılmış açıq hərracda satılsın. Göstərilən əmlakların satılmasından əldə edilmiş məbləğdən borc və 10 (on) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3044/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3044/2021
17.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver