Məhkəmə qərarları › İş №e-2-2(113)-3044/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3044/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3044/2023 12.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Binyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi təmin edilməklə, 50000 manatın, habelə ödənilmiş mediasiya rüsumunun əvəzi kimi 400 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, X1 İddiaçı MMC-nin direktoru vəzifəsində çalışır. Şirkət beton istehsalı və satışı ilə məşğul olur. Cavabdeh2 X1 ilə danışıqlar apararaq sonuncunu inandırmışdır ki, Cavabdeh1 MMC-nin direktorudur və onlar hazırda müəyyən layihələri icra edirlər. Cavabdeh2 daha sonra bildirmişdir ki, həmin layihələrin icrası üçün onlara beton satılarsa, layihədən qısa zamanda pullar qazanacaqlar və betonun pulunu ödəyəcəklər. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı MMC-nin direktoru X1 arasında müqavilə bağlanmışdır. Həmin tarixdə ümumilikdə 228330 manat dəyərində beton satılması üçün razılaşma əldə olunmuşdur. Həmçinin razılaşmaya asasən 18% ƏDV Cavabdeh2 tərəfindən ödənilməli imiş. Müqavilədə göstərildiyi kimi 350 marka, 2.000 kub metr, hər kubu 78 manatdan ümumilikdə 156000 manat və 300 marka, 500 kub metr, hər kubu 75 manatdan ümumilikdə 37500 manat dəyərində, ümumilikdə 193500 manatlıq beton sifarişi qəbul etmişdir. Əlavə olaraq 34830 manat ƏDV hesablanmışdır. Yəni müqavilənin yekunu 228330 manat təşkil etmişdir. Alınan betonların pulu hissə-hissə olmaqla şirkətə ödənilməli idi. Belə ki, Cavabdeh2 onun faktiki rəhbəri olduğu "xxxx" MMCnin "Pirşağı" kəndində tikinti işləri apardığını va aldığı betonları tikintidə istifadə etdiyini bildirmişdir. Müqavilədə göstərilən həcmdə beton alıb tikintiyə sərf olunsa da, Cavabdeh2 İddiaçı MMC-yə rəhbərlik etdiyi şirkətə 42604 manat, 18% ƏDV ilə birlikdə 50000 manat pul borcu qalmışdır. Bundan sonra dəfələrlə Cavabdeh2 aldığı betonun borclu qaldığı hisǝsəsini qaytarmaq tələb edilsədə, o müxtəlif bəhanələr edərək pulu ödəməmişdir. Daha sonra Cavabdeh2 öz xətti ilə betonları aldığını və 42604 manat borclu qalması barədə sənəd yazıb təqdim etmişdir. Bundan sonra Cavabdeh2 qanunsuz əməlləri ilə bağlı Nəsimi RPİ-nə ərizə ilə müraciət edilmişdir. Ərizə üzrə müvafiq material toplanmış, Cavabdeh2 borclu olduğu sübuta yetirilmiş və faktiki rəhbəri olduğu şirkətin işlərinin yaxşı getməməsini və yaxın zamana borclu olduğu pulları ödəyəcəyini bildirmişdir. Nəticədə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş və cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən iddiaçıya məhkəmədə mülki iddia qaldıra bilmək hüqüqu izah edildiyindən, o, pozulmuş hüquqlarımın bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və ılavə olaraq bildirmişdir ki, Cavabdeh1 MMC müqavilə tərəfi olsa da, danışıqları Cavabdeh2 apardığına görə tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrin üzürlü səbəbləri barədə məlumat verməmişlər. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli 10 nömrəli İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin 1-ci bəndinə əsasən satıcı bu müqavilədə göstərilən betonu satır və satılan malların keyfiyyətinə tam zəmanət verir. Alıcı isə öz növbəsində alır və betonun dəyərinin ödənilməsinə zəmanət verir. xx.xx.2021-ci il tarixli qiymət razılaşdırma protokolundan görünür ki, satıcı İddiaçı MMC alıcı Cavabdeh1 MMC-yə yekun 193500 manat, ƏDV 18% 34830 manat, toplam 228330 manat məbləğində beton satmışdır. xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh2 İddiaçı MMC-yə 42604 manat borcu qaldığını və sözügedən borcu 2 ay müddətində ödəyəcəyini qeyd etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Nəsimi rayon polis idarəsinin istintaq şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 izahatında qardaşı X2 məxsus Cavabdeh1 MMC-nı idarə etdiyini, İddiaçı MMC-dən betonu özü sifariş etdiyini və satıcıya 42604 manat borcu qaldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli MŞB/2-02480 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə alıcı "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlansa da, satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" MMC-yə malların satılması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmiş, Cavabdeh2 isə Bakı şəhəri Nəsimi rayon polis idarəsinin istintaq şöbəsində verdiyi izahatında və üzləşmə aktında qardaşı X2 məxsus Cavabdeh1 MMC-nı idarə etdiyini, İddiaçı MMC-dən betonun özü sifariş etdiyini və satıcıya 42604 manat məbləğində borcun qaldığını və sözügedən borcu 2 ay müddətində ödəyəcəyini bildirmişdir. Göründüyü kimi İddiaçı MMC satdığı betonun dəyəri olan 50000 manat məbləğində pulunu cavabdeh "xxxx" MMC-dən tələb etsə də, məhkəməyə "xxxx" MMC-yə betonun satılmasını əks etdirən heç bir mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı Cavabdeh2 satıcı "xxxx" MMC-dən betonun aldığını və satıcıya 42604 manat məbləğində borclun qaldığını bildirmiş, lakin Cavabdeh2 "xxxx" MMC-nin rəsmi işçisi olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, satıcı İddiaçı MMC ilə alıcı "xxxx" MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmadığından, cavabdeh "xxxx" MMC-yə qarşı betonun dəyəri olan 50000 manat məbləğində pulunu tələbi hissədə iddia rədd edilməlidir. Eyni zamanda Cavabdeh2 satıcı İddiaçı MMC-dən beton aldığını və satıcıya 42604 manat məbləğində borcun olduğunu bildirdiyinə görə iddia Cavabdeh2 münasibətdə qismən 42604 manat məbləğində tələbi hissəsində təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, 400 manat məbləğində mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh2 42604 manat məbləğində borc, həmçinin 400 manat mediasiya xərci tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia "xxxx" MMC-yə qarşı və digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 42604 manat məbləğində borc, həmçinin 400 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia "xxxx" MMC-yə qarşı və digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar