Məhkəmə qərarları › İş №e-2-2(113)-3046/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3046/2025

19.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3046/2025 19.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı2 (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 56530 manat məbləğin və 258 manat dövlət rüsumunun, ümumilikdə 56788 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır, 13 iyul 2020-ci il tarixdə, saat 12 radələrində Balakən rayonu, Meşəşambul kəndində yerləşən İddiaçı2 məxsus ticarət obyektində yanğın baş vermiş, nəticədə satış və xidmət sahələri içərisindəki əmlakla birlikdə tamamilə yanaraq məhv olmuş, kənd sakinlərinə məxsus fərdi yaşayış evlərində şəbəkəyə qoşulu olmuş elektrik məişət avadanlıqları sıradan çıxmışdır. Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən araşdırma aparılmışdır. Balakən rayonu, Meşəşambul kəndində yerləşən ticarət obyekti iddiaçıya məxsusdur. İddiaçı 2010-cu il tarixdə Meşəşambul kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsində ticarət obyekti inşa etdirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ticarət obyekti 14 hissədən ibarət olmaqla: 1. avtoyuma sexi; 2. avtotəmir sexi; 3. ət satışı mağazası; 4. tikinti materialları anbarı; 5. taxıl məmulatları anbarı; 6. bərbərxana; 7. kafe;

8. çörək bişirmə sexi; 9. məişət avadanlıqları satışı mağazası; 10. qonaq otağı (tikilisi); 11. ofis-idarəetmə otağı; 12. market; 13. tennis və bilyard oyunu otağı; 14. anbar sahəsindən ibarətdir. İddiaçı vergi ödəyicisidir. Ticarət obyektində fəaliyyət göstərən bütün xidmət sahələrini ailə üzvləri ilə birlikdə idarə edir və işlədir. Ticarət obyekti təbii qaz və elektrik təsərrüfatı ilə təmin olunmuşdur. Obyektin elektrik təsərrüfatı 2015-ci ildə 35-lik sip kabel ilə X8 əməkdaşları tərəfindən quraşdırılmış və sonluğunda elektrik hesablama sayğacı qutunun içərisində olmaqla divara yerləşdirilmişdir. Obyektdə ilkin yanğınsöndürmə balonları və iki ədəd yanğınsöndürmə şiti, iki ədəd olmaqla 2 və 1 tonluq su çənləri quraşdırılmışdır. 13 iyul 2020-ci il tarixdə, saat 12 radələrində iş yerində, yəni marketin içərisində olan zaman müştərilərdən biri mağazaya daxil olaraq divar qonşuluğunda inşa edilmiş məişət avadanlıqları satışı mağazasının çöl hissəsində quraşdırılmış “SİP” kabeldə partlayış baş verdiyini bildirmişdir. İddiaçı dərhal çölə çıxaraq mağazanın qarşısı ilə, yəni çöl tavan hissəsində quraşdırılmış elektrik xətlərində yanğın baş verdiyini və ticarət obyektinin dam hissəsinə yayıldığını görmüşdür. Hadisə ilə bağlı qardaşı Musanın mobil telefonuna zəng vuraraq məlumat vermişdir. Alov sürətlə iddiaçıya məxsus olan bir dam altında inşa edilmiş obyektlərə yayılmışdır. Bir müddət keçmiş yanğınsöndürənlər hadisə yerinə gələrək obyektdə baş vermiş yanğını söndürüb getmişlər. Hadisə zamanı xəsarət alan olmamış, ticarət obyekti içərisindəki əşyalarla birlikdə yanaraq məhv olmuşdur. Yanğın hadisəsinə səbəb rayon elektrik şəbəkəsinin balansında olan elektrik təsərrüfatında baş vermiş nasazlıqdan, yəni artıq enerji gərginliyinin verilişindən obyektin sayğaca qədər çəkilmiş elektrik xətlərində yaranmış nasazlıq olmuşdur. Əlavə olaraq, kənd ərazisində quraşdırılmış X10 məxsus olan elektrik hava xətləri və elektrik transfomatorları köhnə və yararsız olduğundan küləkli və yağışlı havalarda, evlərdə və obyektlərdə elektrik enerjisi verilişi artıb-azalmış və qəzalar baş vermişdir. Buna misal olaraq bir həftə əvvəl kənd ərazisində elektrik verilişində qəza baş vermiş və kənd sakinlərinə maddi ziyan dəymişdir. Yanğın hadisəsi zamanı iddiaçıyatikinti üzrə 106380,5 manat, əmtəə üzrə isə 300000 manat maddi ziyan dəymişdir. İddiaçı baş vermiş hadisə ilə bağlı Balakən rayon Elektrik Şəbəkəsinin məsul şəxslərindən şikayətçiydir. AR FHN-də aparılan araşdırma zamanı izahat vermiş X4 göstərmişdir ki, Balakən rayonu, Meşəşambul kəndində yaşayır. 13 iyul 2020-ci il tarixdə, saat 12 radələrində evinin həyətyanı sahəsində olan zaman arvadı onu çağıraraq elektrik şəbəkəsinə qoşulu olan televizorda yanğın baş verdiyini bildirmişdir. Dərhal sayğacın altında quraşdırılmış elektrik açarını söndürərək evə daxil olmuş, evdə hadisə ilə maraqlandıqda isə şəbəkəyə qoşulu olan elektrik məişət avdanlıqlarından olan televizor, tozsoran, paltaryuyan, su motoru, çılçıraq, peyk antena aparatının və s. avadanlıqlarının sıradan çıxdığını görmüşdür. Daha sonra qonşuluqda yerləşən ticarət obyektinin yandığını müşahidə edərək hadisə yerinə getmişdir. Bir müddət keçmiş yanğınsöndürənlər hadisə yerinə gələrək obyektdə baş vermiş yanğını söndürüb getmişlər. Hadisə zamanı xəsarət alan olmamış, ticarət obyekti içərisindəkilərlə birlikdə yanaraq məhv olmuşdur. Yanğın hadisəsinə səbəb rayon elektrik şəbəkəsinə məxsus elektrik təsərrüfatında baş vermiş nasazlıqdan, yəni artıq enerji gərginliyinin verilişindən obyektin sayğaca qədər çəkilmiş elektrik xətlərində yaranmış nasazlıq olmuşdur. Kənd ərazisində quraşdırılmış X10 məxsus olan elektrik hava xətləri və elektrik transfomatorları köhnə və yararsız olduğundan dəfələrlə küləkli-yağışlı havalarda evlərdə və obyektlərdə elektrik enerjisi verilişi artıb-azalmış və qəzalar baş vermişdir. Hadisə ərəfəsində kənd sakinlərinə məxsus evlərdə quraşdırılmış elektrik avadanlıqları sıradan çıxmış, kənd icra nümayəndəliyi tərəfindən aktlaşdırılmışdır. Buna misal olaraq bir həftə əvvəl kənd ərazisində elektrik verilişində qəza baş vermiş və kənd sakinlərinə maddi ziyan dəymiş, bu hallarla bağlı dəfərlərlə elektrik şəbəkəsinə şikayətlər etsələr də, onlar tərəfindən heç bir tədbir görülməmişdir. Hadisə zamanı ona 1800 manat maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə bağlı Balakən rayon Elektrik Şəbəkəsinin məsul şəxslərindən şikayəti var, və ona dəymiş ziyanın onlar tərəfindən ödənilməsini xahiş etmişdir. AR FHN-də aparılan araşdırma zamanı izahat vermiş X2 göstərdiyi xüsusatları arvadı X16 öz izahatında təsdiq etmişdir. AR FHN-də aparılan araşdırma zamanı izahat vermiş X3 göstərmişdir ki, Balakən rayonu, Meşəşambul kəndində yaşayır. 13 iyul 2020-ci il tarixdə, saat 12 radələrində evdə olan zaman elektrik şəbəkəsinə qoşulu olan televizorun partladığını görmüş və dərhal evdə olan nəvələrini çölə çıxartmışdır. Çöldə olan zaman evlərinin yaxınlığında quraşdırılmış elektrik transformatorının tüstüləndiyini və qonşuluqda yerləşən İddiaçı2 məxsus ticarət obyektində yanğın hadisəsinin baş verdiyini görmüşdür. Hadisə zamanı özlərinə məxsus elektrik məişət avadanlıqları sıradan çıxmış, dəymiş ziyanın ödənilməsi və kənd elektrik təsərrüfatının nasaz olduğundan, qeyri-sabit hava şəraitində belə halların dəfələrlə baş verdiyindən Balakən rayon Elektrik Şəbəkəsindən şikayətçidir. AR FHN-də aparılan araşdırma zamanı izahat vermiş X7 bildirmişdir ki, Balakən rayonu, Meşəşambul kəndində yaşayır. 13 iyul 2020-ci il tarixdə, saat 12 radələrində kənd ərazisində yerləşən İddiaçı2 məxsus marketə siqaret almağa getmiş, marketin qarşısına çatan zaman ona bitişik olan məişət avadanlıqları satışı mağazasının çöl hissəsində quraşdırılmış elektrik xətlərində baş vermiş partlayışı görmüş, dərhal marketə daxil olaraq baş vermiş hadisə barədə Həcər xanıma məlumat vermişdir. Baş vermiş yanğın obyektin bütün dam hissəsinə yayılaraq bütün binanı bürümüş, bir müddət keçmiş yanğınsöndürənlər hadisə yerinə gələrək obyektdə baş vermiş yanğını söndürüb getmişlər. Hadisə zamanı xəsarət alan olmamış, ticarət obyekti içərisindəkilərlə birlikdə yanaraq məhv olmuşdur. Yanğın hadisəsinə səbəb rayon elektrik şəbəkəsinə məxsus elektrik təsərrüfatında baş vermiş nasazlıqdan, yəni artıq enerji gərginliyinin verilişindən obyektin sayğaca qədər çəkilmiş elektrik xətlərində yaranmış nasazlıq olmuşdur. Hadisə ərəfəsində kənd sakinlərinə məxsus evlərdə quraşdırılmış elektrik avadanlıqları da sıradan çıxmış, kənd icra nümayəndəliyi tərəfindən aktlaşdırılmışdır. Hadisə zamanı xəsarət alan olmamışdır. Kənd ərazisində quraşdırılmış X10 məxsus olan elektrik hava xətləri və elektrik transfomatorları köhnə və yararsız olduğundan dəfələrlə, küləkli-yağışlı havalarda evlərdə və obyektlərdə elektrik enerjisi verilişi artıb-azalmış və qəzalar baş vermişdir. Buna misal olaraq bir həftə əvvəl kənd ərazisində elektrik verilişində qəza baş vermiş və kənd sakinlərinə maddi ziyan dəymiş, bu hallarla bağlı dəfələrlə elektrik şəbəkəsinə şikayətlər etmişlər, lakin onlar tərəfindən heç bir tədbir görülməmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, kənd ərazisində quraşdırılmış rayon elektrik şəbəkəsinin balansında olan elektrik hava xətlərinin və elektrik transformatorlarının köhnə və istismar dövrünü başa vurması ilə bağlı gələcəkdə bundan ağır hadisələrin baş verməməsi üçün yeniləri ilə əvəz edilməsini xahiş etmişdir. AR FHN-də aparılan araşdırma zamanı izahat vermiş X5 göstərdiyi xüsusatları kənd sakini X18 öz izahatında təsdiq etmişdir. Balakən Rayon İcra Hakimiyyəti Başçısının Meşəşambul Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 08 sentyabr 2020-ci il tarixli, 53 nömrəli məktubu ilə müəyyən olunur ki, 13 iyul 2020-ci il tarixdə, saat 12 radələrində kənd ərazisində yerləşən İddiaçı2 məxsus ticarət obyektində, X1 və X6 məxsus fərdi yaşayış evlərində Balakən rayon Elektrik Şəbəkəsinin balansında olan elektrik transformatorlarının və elektrik hava xətlərində baş vermiş nasazlıqdan yanğın hadisələri törənmiş, nəticədə kənd sakinlərinə külli miqdarda maddi ziyan dəymişdir. Kənd sakinləri dəfələrlə şəbəkəyə məxsus elektrik təsərrüfatında baş vermiş nasazlıqlarla və onlara dəymiş ziyanla bağlı Rayon Elektrik Şəbəkəsinin məsul əməkdaşlarına və İcra Nümayəndəliyinə şikayətlər və iradlarını bildirmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yanğın-texniki ekspertizasının 04 dekabr 2020-ci il tarixli, 10/2104 nömrəli ekspert rəyinə əsasən Balakən rayonu, Meşəşambul kəndində yerləşən İddiaçı2 məxsus ticarət obyektində yanğının mənbəyi obyektin məişət avadanlıqlarının satışı mağazasının çöl tərəfində dam səviyyəsində olmuşdur. Müəyyən edilmiş mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan elektrik xətlərinin olduğunu və yanğının ilkin olaraq partıltı səsi ilə həmin elektrik xətlərində aşkar edildiyini, eləcə də həmin ərəfədə qonşuluqda yerləşən fərdi yaşayış evlərində cərəyana qoşulu vəziyyətdə olan elektrik qurğularının sıradan çıxmalarını, həmçinin müəyyən edildiyi kimi qeyd olunan fərdi yaşayış evləri ilə yanğın baş vermiş obyekt eyni hava elektrik xəttindən qidalandığını nəzərə alaraq, yanğın ərazinin enerji sistemində baş vermiş elektrik qəza /gərginliyin artması/ halından obyekti və fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xəttində normadan artıq gərginliyin yaranması nəticəsində baş verməsi üçün xarakterikdir. Belə olan halda baş vermiş hadisə ilə əlaqədar “Elektrik stansiyaları və şəbəkələrin texniki istismar qaydaları”nın 5.7.1, "5.7.5, 5.7.16, 5.7.18 və 5.7.19 bəndlərinin tələbləri pozulmuşdur. Balakən rayonu, Meşəşambul kəndində yerləşən İddiaçı2 məxsus ticarət obyektini və həmin ərazidə yerləşən fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xətlərinin düzgün istismarı, onların etibarlı işləməsi, eləcə də texniki xidmət aparılaraq qüsurların aradan qaldırılması təmin edilmədiyinə görə “Elektrik stansiyaları və şəbəkələrin texniki istismar qaydalarının 5.7.1, 5.7.5, 5.7.16, 5.7.18, 5.7.19 bəndlərinin tələbləri həmin ərazi üzrə elektrik hava xətlərinə texniki baxışların keçirilməsini təşkil edib təmin etməli olan vəzifəli və digər əməkdaşları tərəfindən öz vəzifə və peşə təlimatları dairəsində pozulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 23 oktyabr 2020-ci il tarixli, 10/2116 nömrəli ekspert rəyinə əsasən Balakən rayonu, Meşəşambul kəndində yerləşən İddiaçı2 məxsus ticarət obyektində yanğın zamanı yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin 106.380,50 (yüz altı min üç yüz səksən) manat təşkil etdiyi müəyyən edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Əməliyyatistintaq İdarəsinə 22 dekabr 2020-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 14 dekabr 2020-ci il tarixli, 9/4889 nömrəli ekspert rəyinə əsasən Balakən rayonu, Meşəşambul kəndində yerləşən İddiaçı2 məxsus ticarət obyektində baş vermiş yanğın nəticəsində həmin obyektdə yerləşən satış və xidmət sahələrinə əmtəə üzrə analoji malların qiymətlərinə əsasən təqdim edilmiş məlumatlardan istifadə edilməklə dəymiş ziyanın ümumi məbləği nəzəri olaraq təxminən 225.137,59 manat müəyyən olunur. O cümlədən: Marketə 72982,99 manat, vitrinlərə 12920 manat, ofisə 4740 manat, inşaat malları mağazasına 115197,80 manat, bərbərxanaya 1647,30 manat, ət satışı mağazasına 1098 manat və kafeyə 16551,50 manat maddi ziyan dəymişdir. Beləliklə hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, ekspert rəyləri və həmçinin toplanmış digər sübutlarla müəyyən edilmişdir ki, 13 iyul 2020-ci il tarixdə, saat 12 radələrində Balakən rayonu, Meşəşambul kəndində yerləşən İddiaçı2 məxsus ticarət obyektində yanğın hadisəsi çöl “elektrik xəttində normadan artıq gərginliyin yaranması” nəticəsində baş vermişdir. Hadisəyə səbəb "xxxx" ASC-nin işçilərinin hərəkətsizlikləri olmuşdur. Daşınmaz əmlak kompleksinin market bölməsi "xxxx" ASC-də RAZ********** nömrəli sığorta müqaviləsi ilə sığorta olunduğuna görə 49850 (qırx doqquz min səkkiz yüz əlli) manat məbləğində sığorta ödənişi almışdır. 23 oktyabr 2020-ci il tarixli, 10/2116 nömrəli tikinti-texniki ekspertizasının ekspert rəyinə əsasən iddiaçıya tikinti üzrə 106380,50 manat zərər dəymişdir. Bu məbləğdən 49.850 manat çıxıldıqda iddiaçının 56530 manat zərər məbləği bu günə kimi cavabdeh təşkilat tərəfindən ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hadisənin baş verməsində cavabdehin işçilərinin hər hansı təqsiri olmamışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-345/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış, icraya yönəldilmiş, tərəflərindən tam şəkildə icra edilmişdir. Həmin qətnamədən verdikləri şikayətlər təmin edilməmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə yazılı ərizələr verib məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-345/2023 saylı qətnaməsi ilə "xxxx" ASC-dən 49850 (qırx doqquz min səkkiz yüz əlli) manat, 200 (iki yüz) manat mediasiya xərci, 36 (otuz altı) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 6(103)-7/2025 saylı Qərarı ilə "xxxx" ASC-nin nümayəndəsi X14 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(005)-292/2024 nömrəli qərarı ləğv edilmiş, "xxxx" ASC tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X12 tərəfindən qəbul edilmiş “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 oktyabr 2020-ci il tarixli, 10/2116 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən Balakən rayonu, Meşəşambul kəndində İddiaçı2 məxsus ticarət obyektində yanğın zamanı yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin dəyərinin 106380,50 (yüz altı min üç yüz səksən) manat təşkil etdiyi və aparılmış araşdırmalara əsasən smetada göstərilmiş iş həcmlərinin tədqiq olunan obyekt üzrə dəymiş ziyanın həcminə uyğun olduğu müəyyən edilmişdir.

10. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X12 tərəfindən qəbul edilmiş “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli qərara görə xx.xx.2020-ci il tarixdə Balakən rayonu, Meşəşambul kəndinə yerləşən ticarət obyektində baş vermiş hadisə ilə əlaqədar İddiaçı2, X22 və X23 tərəfindən yanğın təhlükəsizliyi qaydalarının və digər normativ aktların tələblərinin pozulması müəyyən edilmədiyi üçün barələrində cinayət təqibinə başlanılması rədd edilmiş, baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC X13 Təchizatı və Satışı İdarəsinin X8 əməkdaşlarının əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinə xitam verilmiş, hadisə nəticəsində dəymiş ziyanla əlaqədar mülki iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ barədə zərərçəkmiş şəxs İddiaçı2 məlumat verilməsi qərara alınmışdır.

11. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

12. Belə ki, məhkəmə aradırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Balakən rayonu, Meşəşambul kəndində yerləşən iddiaçıya məxsus ticarət obyektində yanğın hadisəsi baş vermiş, yanğın nəticəsində İddiaçı2 məxsus ticarət obyektinə zərər dəymiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 oktyabr 2020-ci il tarixli, 10/2116 nömrəli ekspert rəyinə əsasən həmin zərərin məbləği 106380,50 manat müəyyən edilmişdir. Həmin əmlaka dair iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli sığorta müqaviləsi əsasında sonuncu tərəfindən iddiaçıya 49850 manat məbləğində sığorta ödənişi edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-345/2023 saylı qətnaməsi ilə "xxxx" ASC-dən 49850 manat pulun subroqasiya qaydasında "xxxx" ASCnin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinə dəymiş qalan 56530 manat zərərin (106380,50 manat – 49850 manat) cavabdehdən tutulmasını xahiş edir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

16. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

17. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

18. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

19. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

20. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

23. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

24. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

25. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

26. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə xx.xx.2020-ci il tarixdə baş vermiş yanğın hadisəsi zamanı cavabdehin təqsiri nəticəsində zərər dəyməsi artıq Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-345/2023 saylı qətnaməsi ilə öz təsdiqini tapmış, qətnamə qanuni qüvvəsini almışdır.

27. Cavabdehin təqsiri ilə iddiaçıya dəymiş zərər arasındakı səbəbli əlaqə preyudisial qüvvəyə malik məhkəmə aktları ilə, eləcə də hazırkı işin məhkəmə tərəfindən araşdırılan halları ilə öz təsdiqini tapır.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, 56530 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 260 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 56530 manat məbləğində pul, 260 manat dövlət rüsumu, ümumilikdə 56790 (əlli altı min yeddi yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar