Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3050/2024 17.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit xətti, kredit razılaşması, zaminlik, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 18 noyabr 2019cu il tarixli kredit razılaşması üzrə 4153,88 manat əsas borc, 1854,61 manat faiz borcu, 1097,46 manat dəbbə pulu olmaqla ümumilikdə 7105,95 manat məbləğində pulun və ödənilmiş 91,06 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 10L000005858 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində krеdit хətti açılmış, bu müqaviləyə əsasən cavabdehə vеriləcək kredit məbləği və müddətinin ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunması şərtləndirilmişdir. Həmin uzunmüddətli kredit müqaviləsi çərçivəsində Cavabdeh2 xx.xx.2019-cu il tarixli 056R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,0833% оlmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində krеdit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 056R**********SC saylı, xx.xx.2021-ci il tarixli 056R**********SD saylı, xx.xx.2022-ci il tarixli 056R**********SE saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. 2.2. Cavabdeh2 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Belə ki, Cavabdeh2 götürdüyü krеdit bоrcundan 3846,12 manat ödəmiş, onun 4153,88 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasına əsasən, qaytarılmalı kredit məbləği üzrə faiz bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hər gün üçün hesablanır, bir gün üçün faizi aylıq faizin 1/30 hissəsi təşkil edir. Belə olan halda Cavabdeh2 xx.xx.2023-cü il tarixə 225 gün üçün kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün hesablanmış faiz borcu 1854,61 manat təşkil edir. Bundan başqa kredit razılaşmasında nəzərdə tutulmuşdur ki, borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 03.010.2023cü il tarixə 225 gün üçün hеsablanmış cərimə məbləği isə 1097,46 manat təşkil edir. 2.3. Qeyd edilən uzunmüddətli krеdit müqaviləsinə əsasən, krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqavilələrinə əsasən adıçəkilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Belə olan halda qeyd edilən məbləğlər cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448.1, 467, 472-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3050/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə digər cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi X2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmənin baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən X4 iddianın məzmununa uyğun izahlar verdi və bildirdi ki, cavabdehlər tərəfindən edilən ödənişlərin hamısı maliyyə arayışında nəzərə alınmışdır.
8. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək borcu hal-hazırda da ödəməkdə davam etdiklərini bildirdi.
9. Cavabdeh2 yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildiriş göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İddia ərizəsinə əlavə olunmuş İddiaçı QSC (bank qismində) ilə Cavabdeh2 (kredit alan qismində) arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10L000005858 saylı uzunmüddətli kredit xətti müqaviləsinin şərtlərindən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 30000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. Kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə” və “akkreditiv açılması üçün razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcək (1.1). Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 25 dekabr 2023-cü il tarixdən gec olmayaraq verilməlidir (1.2).
14. İş materiallarında olan İddiaçı QSC (bank qismində) ilə Cavabdeh2 (kredit alan qismində) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşmasının şərtlərindən görünür ki, bank məbləği 8000 manat olan krediti aylıq faiz dərəcəsi 2,0833% olmaqla 24 ay müddətinə kredit alana verir (1.1). Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür (1.2).
15. Məhkəməyə təqdim edilən xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşmasının ödəniş planından görünür ki, ilk ödəniş 18 dekabr 2019-cu il, son ödəniş tarixi isə 18 noyabr 2021-ci il olmaqla 8000 manat kredit məbləği və 2284,13 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
16. Həmin kredit razılaşmasına dəyişikliklər edilməsi haqqında 30 iyun 2021-ci il tarixli sazişdən görünür ki, xx.xx.2013-cü il tarixli 10L000005858 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 30 iyun 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
17. Adıçəkilən sazişə əlavə olunan ödəniş planından görünür ki, ilk ödəniş 20 iyul 2021-ci il, son ödəniş tarixi isə 18 yanvar 2023-cü il olmaqla 6906,85 manat kredit məbləği və 1852,25 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
18. Həmin kredit razılaşmasına dəyişikliklər edilməsi haqqında 16 dekabr 2021-ci il tarixli sazişdən görünür ki, xx.xx.2013-cü il tarixli 10L000005858 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 16 dekabr 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
19. Adıçəkilən sazişə əlavə olunan ödəniş planından görünür ki, ilk ödəniş 20 dekabr 2021-ci il, son ödəniş tarixi isə 18 yanvar 2023-cü il olmaqla 6906,85 manat kredit məbləği və 1488,74 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
20. Həmin kredit razılaşmasına dəyişikliklər edilməsi haqqında 28 iyun 2022-ci il tarixli sazişdən görünür ki, kredit alan xx.xx.2013-cü il tarixli 10L000005858 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda cərimə borcunu bu sazişə əlavə olunan 28 iyun 2022-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
21. Adıçəkilən sazişə əlavə olunan ödəniş planından görünür ki, ilk ödəniş 18 iyul 2022-ci il, son ödəniş tarixi isə 20 iyun 2023-cü il olmaqla 6549,17 manat kredit məbləği və 1141,43 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
22. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 10S000014096 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli 10L000005858 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Kredit Xətti Müqaviləsinin məbləği: 30000 ABŞ dolları; müddəti: 120 ay; faiz dərəcəsinin yuxarı həddi: 28%.
23. İddiaçı tərəfindən təsdiq edilmiş maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh2 əsas borcu 4153,88 manat, faiz borcu 1854,61 manatdır.
24. İddiaçı tərəfindən təsdiq edilmiş maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh2 əsas borcu 2754,91 manat, faiz borcu 2676,02 manatdır.
25. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3050/2024 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 19 iyul 2024-cü il tarixli 9/4795 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas borc 3987,49 manat, faiz borcu 221,52 manat təşkil edir. Həmçinin görünür ki, ekspertiza tədqiqatı zamanı xx.xx.2023-cü il tarixə qədər edilmiş ödənişlər nəzərə alınmışdır.
26. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli 10L000005858 saylı uzunmüddətli kredit xətti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşmasından irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 8000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh2 verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra adıçəkilən razılaşması 30 iyun 2021-ci il, 16 dekabr 2021-ci il və 28 iyun 2022-ci il tarixlərində restrukturizasiya edilmiş, kreditin müddəti 20 iyun 2023-cü il olaraq müəyyən edilmişdir. Həmçinin sözügedən uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit məbləğini təşkil edən 8000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
27. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 4153,88 manat əsas, 1854,61 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
28. Cavabdeh1 hazırkı tarixədək ödənişlərin edildiyini bildirir.
29. Cavabdeh2 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
30. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.
31. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
32. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
33. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
35. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
36. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
37. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı və ya cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
38. Belə olan halda məhkəmə hesab edir ki, ekspert rəyi əsas götürülməklə xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə (kredit müddətinin sonu) əsas borc 3987,49 manat, faiz borcu 221,52 manat təşkil edir. Lakin məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatı xx.xx.2023-cü il tarixə qədər edilmiş ödənişlər nəzərə alınmaqla aparılmış, buna uyğun olaraq sonuncu ödəniş kimi xx.xx.2023-cü il tarixdə edilmiş ödəniş nəzərə alınmışdır.
39. Məhkəməyə təqdim edilən Cavabdeh2 məxsus AZ38ACAB******************** nömrəli bank hesabından xx.xx.2019 – xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən sonra xx.xx.2024-cü il tarixdə edilmiş 1000 manat ödəniş əsas borca, xx.xx.2024-cü il tarixdə edilmiş 99 manat ödəniş əsas borca, xx.xx.2024-cü il tarixdə edilmiş 99,99 manat ödəniş faiz borcuna və xx.xx.2024-cü il tarixdə edilmiş 299,97 manat əsas borca olmaqla ümumilikdə 1398,97 manat əsas borca, 99,99 manat faiz borcuna silinmişdir.
40. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması üzrə kredit müddətindən sonra edilmiş ödənişlər nəzərə alınmaqla iddiaçıya 2588,52 (3987,49 – 1398,97) manat əsas borc və 121,53 (221,52 – 99,99) manat faiz borcu mövcuddur.
41. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
42. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
43. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
44. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması üzrə kredit müddətindən sonra edilmiş ödənişlər nəzərə alınmaqla 2588,52 manat əsas borc və 121,53 manat faiz borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
45. İddia ərizəsində iddiaçı 1097,46 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
46. xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşmasının 4.2.2-ci bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur.
47. xx.xx.2019-cu il tarixli 10S000014096 saylı zaminlik müqaviləsinin 3.1.2-ci bəndinə əsasən, Uzunmüddətli Kredit Müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq Kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni Zamin ödəyir.
48. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
49. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
50. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
51. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsi, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsi, ödənişləri məhkəmə icraatında olarkən də icra etmələri, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 150 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
52. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 150 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
53. İddiaçı eləcə də 100 manat mediasiya xərcinin və 91,06 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
54. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3050/2024 nömrəli qərardadı ilə artıq ödənilmiş 91,1 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır.
55. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB\9\2023-02385 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən mediasiya xərci kimi 100 manat məbləğində pul ödənmişdir.
56. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
57. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin noyabr) və mediasiya sessiyası keçirilərkən (xx.xx.2023cü il) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq mediasiya xərcləri cavabdehlər tərəfindən iddiaçıya ödənilməlidir.
58. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 19 iyul 2024-cü il 9/4795 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.
59. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
60. Həmin Məcəllənin 115.0 və 115.0.4 maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir.
61. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
62. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehlərdən tutulmalıdır.
63. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməli, ekspertiza xərci olaraq 100 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
64. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış 18 noyabr 2019-cu il tarixli 056R********** saylı kredit razılaşması üzrə 2588,52 manat əsas borc, 121,53 manat faiz borcu, 150 manat cərimə məbləği olmaqla ümumilikdə 2860,05 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova