Məhkəmə qərarları › İş №e-2-2(113)-3056/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3056/2025

06.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3056/2025 06.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair birinci iş, iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair ikinci (birləşdirilmiş) iş üzrə kommersiya mübahisəsi (açar sözlər: sənədlərin təqdim edilməsi, səhmin alqı-satqısı müqaviləsi, əqdinin etibarsızlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Birinci iş üzrə cavabdeh, ikinci (birləşdirilmiş) iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair birinci iş, iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair ikinci (birləşdirilmiş) iş üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti a) Birinci iş üzrə İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair

1. İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh1 ASC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin səhmdarlarının reyestrinin, həmçinin 2019-cu ildən 2024-cü ilədək olan dövrün illik və maliyyə hesabatlarının, nizamnaməsinin və səhmdarlarının ümumi yığıncağının protokolunun iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı cavabdehin səhmdarı olmaqla, onun cəmiyyətdən dividend almaq, cəmiyyətin fəaliyyəti barədə məlumatlar almaq və qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları vardır. Bununla yanaşı iddiaçı 2021-ci il noyabr ayından 2024-cü il iyun ayınadək cavabdehin direktoru vəzifəsində işləmişdir. Bu mövqedən çıxış edərək iddiaçı qanunla qorunan hüquqlarından istifadə etməklə cavabdehə müraciət edərək səhmdarların reyestrinin, həmçinin 2019-cu ildən 2024-cü ilədək olan dövrün illik və maliyyə hesabatlarının təsdiq olunmuş surətlərini istəmişdir. Lakin cavabdeh aidiyyəti olmayan səbəblər əsas gətirməklə bundan qərəzli olaraq imtina etmişdir. Cavabdehin bu qanunsuz əməlləri nəticəsində iddiaçıya mülki dövriyyə iştirakçısı olaraq ziyan vurulduğundan, o, pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 98.1, 99.1, 99.2, 102.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

b) İkinci (birləşdirilmiş) iş üzrə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair

5. İddiaçı Cavabdeh1 ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 52 ədəd səhmin və xx.xx.2023cü il tarixdə 52 ədəd səhmin alınmasına dair alqı-satqı müqavilələrinin, İddiaçı tərəfindən 5 ədəd səhmin Cavabdeh2 satmasına dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh2 1 ədəd səhmin Cavabdeh3 satmasına dair xx.xx.2025-ci il tarixli 1364-BK/25 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun, 1500 manat vəkil xərcinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçının direktoru İddiaçı fəaliyyət göstərdiyi dövrdə qanunsuz və əsassız olaraq səhm alqı-satqısı həyata keçirmişdir. Belə ki, qiymətli kağız mülkiyyətçilərinin reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, İddiaçı adına Cavabdeh1 ASC-yə aid 52 ədəd səhm, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən 47 ədəd səhm və xx.xx.2024-cü il tarixli çıxarışa əsasən isə 99 ədəd səhm aşkar edilmişdir. Eyni zamanda qiymətli kağız mülkiyyətçilərinin reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, Cavabdeh2 adına Cavabdeh1 ASC-yə aid 5 ədəd səhm aşkar edilmiş, xx.xx.2025-ci il tarixdə isə səhmlərin miqdarı 4-ə enmişdir. Bununla yanaşı qiymətli kağız mülkiyyətçilərinin reyestrindən xx.xx.2025-ci il tarixli çıxarışa əsasən, Cavabdeh3 adına Cavabdeh1 ASC-yə aid 1 ədəd səhm aşkar edilmişdir. Sözügedən səhm alqı-satqısı ilə bağlı İddiaçı qanunvericiliyin tələblərinə riayət etməmiş, nəticədə Cavabdeh1 ASC-nin direktoru olduğu dövrdə müxtəlif tarixlərdə qanunsuz və əsassız səhm alışı və satışı həyata keçirmişdir. Məhkəmənin müvafiq sorğusuna Azərbaycan Respublikasının Mərkəzi Bankı Milli Depozit Mərkəzi tərəfindən verilmiş cavaba əsasən məlum olmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 52 ədəd səhm və xx.xx.2023-cü il tarixdə 52 ədəd səhm almışdır. Daha sonra İddiaçı xx.xx.2023-cü il tarixdə 5 ədəd səhmini satışa çıxarmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 5 ədəd səhmi almışdır. xx.xx.2025-ci il tarixdə isə Cavabdeh2 1 ədəd səhmi birjadankənar bazarda bağlanılmış 1364-BK/25 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmışdır. Belə olan halda, yuxarıda qeyd edilən alqı-satqı müqavilələri qanunverciliyin tələbləri pozulmaqla bağlandığından etibarsız hesab edilməlidir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Cavabdeh1 ASC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Yuxarıda qeyd edilən səhm alqısatqısını isə direktor kimi fəaliyyət göstərdiyi dövrdə həyata keçirmişdir. Qanunvericiliyin tələbləri baxımından cəmiyyətin icra orqanının və ya direktorlar şurasının (müşahidə şurasının) üzvü mülkiyyətində olan qiymətli kağızlarla əqdi bağlamaqdan əvvəl bu barədə məlumatı mediada açıqlamalıdır. Lakin İddiaçı sözügedən səhm alqı-satqısı ilə bağlı müqavilələri bağlamaqdan əvvəl bu barədə mediada açıqlama verməmişdir.

7. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 49.4, 107- 10.5, 107-10.6, 337-ci və s. maddələri göstərilmişdir.

8. Mülki Prosessual Məcəllənin 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-7441/2025 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair e-2-2(113)- 7441/2025 saylı işin İddiaçı Cavabdeh1 ASC-yə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair e-2-2(113)-3056/2025 saylı işlə bir icraatda birləşdiriməsi qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

10. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə cavabdeh, ikinci (birləşdirilmiş) iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 və Nümayəndə birinci iş üzrə iddiaya etiraz etdi, ikinci (birləşdirilmiş) iş üzrə iddianın məzmununa uyğun izahat verdilər və eyni zamanda göstərdilər ki, İddiaçı 2024-cü il iyun ayına qədər Cavabdeh1 ASC-nin qanuni təmsilçisi olmuş, 2022-ci ildə 99 səhm əldə etmişdir. 2022, 2023-cü illərin hesabatı “Respublika” qəzetində dərc olunmuş, 2024-cü il yeni bitdiyindən hesabat hələ verilməmişdir. 08 avqust 2023-cü ildə 2022-ci ilin, 27 iyul 2024-cü il tarixində 2023-cü ilin hesabatı verilmişdir. Daha sonra isə bildirmişdir ki, artıq 2024-cü ilin hesabatı da dərc olunmuşdur. İddiaçı Cavabdeh1 ASC-nin icra orqanının rəhbəri olduğu dövrdə səhmlərin alqı-satqısını həyata keçirmiş, lakin həmin müqavilələr barədə mediada hər hansı məlumat dərc edilməmişdir.

11. Məhkəmənin suallarına cavab olaraq birinci iş üzrə cavabdeh, ikinci (birləşdirilmiş) iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 göstərdi ki, 2019, 2020, 2021-ci illərə aid hesabatlar hazırda onlarda mövcud deyildir.

12. Birinci iş üzrə iddiaçı, ikinci (birləşdirilmiş) iş üzrə cavabdeh məhkəmə iclaslarında iştirak edərək birinci iş üzrə iddianın məzmununa uyğun izahat verdi və həmin iddianın təmin edilməsini xahiş etdi.

13. Məhkəmənin suallarına cavab olaraq birinci iş üzrə iddiaçı, ikinci (birləşdirilmiş) iş üzrə cavabdeh qeyd etdi ki, Cavabdeh1 ASC-nin icra orqanının rəhbəri kimi hüquqi şəxsə aid sənədlərlə tanış olsa da, onların surətlərini əldə etməmişdir. Hazırda hüquqi şəxsin səhmdarı kimi hüquqlarından istifadə edərək sənədlərin təqdim olunmasını tələb edir.

14. Məhkəmənin sonucu baxış iclasının yeri və vaxtı barədə birinci iş üzrə iddiaçı, ikinci (birləşdirilmiş) iş üzrə cavabdeh lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin şəxsin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.

15. İkinci (birləşdirilmiş) iş üzrə Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə həmin cavabdehlərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

16. Mülki-Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İddia tələbləri ilə bağlı

17. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

18. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

19. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh1 ASC-nin icra orqanının rəhbəri olmuşdur. Eyni zamanda İddiaçı Cavabdeh1 ASC-də xx.xx.2022-ci il tarixdən səhmdar olmaqla hazırda bir ədədinin nominal dəyəri 2 manat olan 99 ədəd adi səhmə malikdir.

20. Birinci iş üzrə iddiaçı, ikinci (birləşdirilmiş) iş üzrə Cavabdeh1 ASC-nin səhmdarlarının reyestrinin, həmçinin 2019-cu ildən 2024-cü ilədək olan dövrün illik və maliyyə hesabatlarının, nizamnaməsinin və səhmdarlarının ümumi yığıncağının protokolunun iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir.

21. Birinci iş üzrə cavabdeh, ikinci (birləşdirilmiş) iş üzrə İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 52 ədəd səhmin və xx.xx.2023-cü il tarixdə 52 ədəd səhmin alınmasına dair alqı-satqı müqavilələrinin, İddiaçı tərəfindən 5 ədəd səhmin Cavabdeh2 satmasına dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh2 1 ədəd səhmin Cavabdeh3 satmasına dair xx.xx.2025-ci il tarixli 1364-BK/25 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir.

22. Məhkəmə kommersiya mübahisəsinin həlli üçün, əvvəla, ikinci (birləşdirilmiş) iş üzrə iddiaya qiymət verilməsini zəruri hesab edir.

23. İş materiallarında olan Milli Depozit Mərkəzinin xx.xx.2025-ci il tarixli 6-1-1/2- 1304/2025 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə fond birjası vasitəsilə Cavabdeh1 ASC-nin 52 ədəd səhmini, xx.xx.2023-cü il tarixdə fond birjası vasitəsilə Cavabdeh1 ASC-nin 52 ədəd səhmini əldə etmiş, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ASC-nin 5 ədəd səhmini fond birjası vasitəsilə Cavabdeh2 satmış, Cavabdeh2 xx.xx.2025-ci il tarixdə ünvanlı satış qaydasında Cavabdeh1 ASC-nin 1 ədəd səhmini Cavabdeh3 satmışdır.

24. Mülki Məcəllənin 107-10.6-ci maddəsinə əsasən, cəmiyyətin icra orqanının və ya direktorlar şurasının (müşahidə şurasının) üzvü mülkiyyətində olan qiymətli kağızlarla əqdi bağlamaqdan əvvəl bu barədə məlumatı mediada açıqlamalıdır.

25. Göründüyü kimi, səhmdar cəmiyyətin icra orqanının və ya direktorlar şurasının (müşahidə şurasının) üzvü öz mülkiyyətində olan qiymətli kağızlarla əqdi bağlamaqdan əvvəl bu barədə məlumatı mediada açıqlamalıdır.

26. Bu mənada İddiaçı fond birjası vasitəsilə səhm alması sonuncunun öz mülkiyyətində olan qiymətli kağızlarla əqd bağlaması hesab olunmadığından, Cavabdeh2 və Cavabdeh3 arasında səhmin alqı-satqı əqdinin bağlanması sonuncular səhmdar cəmiyyətin icra orqanının və ya direktorlar şurasının (müşahidə şurasının) üzvü olmadığından Mülki Məcəllənin 107-10.6-cı maddəsinin tətbiq dairəsinə düşmür.

27. Lakin xx.xx.2023-cü il tarixdə İddiaçı Cavabdeh1 ASC-nin 5 ədəd səhmini fond birjası vasitəsilə Cavabdeh2 satması Cavabdeh1 ASC-nin icra orqanının rəhbəri olan İddiaçı iş materiallarında əqdi bağlamaqdan əvvəl bu barədə məlumatı mediada açıqlaması ilə bağlı sübut olmadığından Mülki Məcəllənin 107-10.6-cı maddəsinin pozuntusu hesab edilə bilər. Məhkəmə hesab edir ki, qeyd olunan maddənin tələbinin pozulması əqdin etibarsız hesab edilməsi üçün əsas deyildir.

28. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).

30. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 107-10.6-cı maddəsi əqdin etibarlılıq şərti olmayıb səhmdar cəmiyyətinin icra orqanının üzvünün korporativ vəzifəsini müəyyən edir. Belə ki, korporativ idarəetmənin şəffaflıq və şəxsi və hüquqi şəxsin maraqlarının balanslaşdırılması prinsiplərindən irəli gələrək qanunverici cəmiyyətin icra orqanının və ya direktorlar şurasının (müşahidə şurasının) üzvünə mülkiyyətində olan qiymətli kağıza dair əqd barədə mediada məlumat verilməsi vəzifəsini təsbit etmişdir. Qeyd edilən qaydanın pozulması isə adıçəkilən üzv üçün korporativ məsuliyyəti şərtləndirə bilər. Eyni qayda iddianın əsaslandırılması üçün istinad olunan digər normalara da şamil olunur.

31. Odur ki hazırda əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin – əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlərin pozulduğu müəyyən edilmədiyindən İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış əqdin etibarsızlığından söhbət gedə bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, ikinci (birləşdirilmiş) iş üzrə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

33. Birinci iş üzrə isə aşağıdakılar göstərilməlidir.

34. Mülki Məcəllənin 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir.

35. Həmin Məcəllənin 106-1.3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq hüququ vardır.

36. Həmin Məcəllənin 106-2.3-cü maddəsinə əsasən, səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir.

37. Cavabdeh1 ASC-nin Nizamnaməsinin 5.1.2-ci bəndinə əsasən səhmdarların cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq hüququ vardır.

38. Hazırkı iş üzrə iddiaçı Cavabdeh1 ASC-nin səhmdarı kimi ASC-nin səhmdarlarının reyestri və 2019-cu ildən 2024-cü ilədək olan dövrün illik və maliyyə hesabatlarının təqdim edilməsini xx.xx.2025-ci il tarixdə yazılı müraciət edərək cavabdehdən tələb etmiş, qeyd olunan sənədlərin tələb olunmasına dair iddia ərizəsi də xx.xx.2025-ci il tarixdə (məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət olunmuş) cavabdehə çatdırılmış, lakin həmin sənədlər iddiaçıya təqdim edilməmişdir.

39. Məhkəmə ilk növbədə nəzərə alır ki, direktor kimi sənədlərə malik olmaq şəxsin vəzifə səlahiyyətindən irəli gəlsə də, səhmdar kimi sənədlərin təqdim olunmasının tələb olunması səhmin mülkiyyətçisi kimi hüququndan irəli gəlir.

40. Məhkəmə Cavabdeh1 ASC-nin İddiaçı direktor vəzifəsindən çıxarkən sənədləri ona təqdim etməməsi ilə bağlı etirazına münasibətdə isə bildirir ki, ASC-dən sənədlərin təqdim olunmasını tələb edən səhmdarın (iddiaçı) sübut etməli olduğu işin halı ASC-nin səhmdarı olması, sənədlərin təqdim edilməsi üçün cəmiyyətə müraciət etdiyi, lakin sənədlərin ona verilmədiyidir. Sənədlərin onda olmadığına istinad edən ASC isə İddiaçı vəzifəsindən azad edildiyi vaxt sənədlərin cəmiyyətə təhvil verilmədiyini (məsələn, sənədlərin çatışmazlığı barədə akt, yeni direktorun sənədləri qəbul edə bilməməsi barədə daxili əmr və ya audit rəyi, şəxs vəzifədən getdikdən sonra sənədləri qaytarmadığı üçün ona qarşı iddianın irəli sürülməsi və s.) sübut etməlidir. Yalnız bu halda məhkəmə hüquqdan sui-istifadə məsələsinə qiymət verə bilər. Hazırkı iş üzrə İddiaçı sübutetmə vəzifəsini yerinə yetirmiş, ASC isə etirazının əsasını təşkil edən halı sübut edə bilməmişdir.

41. Beləliklə, qanunvericiliyin tələbindən və ASC-nin nizamnaməsindən göründüyü kimi, səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin səhmdarların reyestrinin və illik hesabat və maliyyə hesabatlarının surətini tələb etmək hüququ birbaşa təsbit olunmuşdur.

42. Lakin iş materiallarından İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh1 ASC-nin səhmdarı olduğu görünür. Belə olan halda 2019-cu il tarixdən 2022-ci il tarixədək olan dövr üçün İddiaçı səhmdara məxsus olan hər hansı hüququ realizə etməsi mümkün deyildir.

43. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, birinci iş üzrə iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin üzərinə həmin hüquqi şəxsin səhmdarlarının reyestrinin, 2022-ci ildən 2024-cü ilədək olan dövrün illik və maliyyə hesabatlarının təsdiq edilmiş surətlərinin İddiaçı təqdim edilməsi öhdəliyi qoyulmalıdır. b) Məhkəmə xərcləri ilə bağlı

44. İş materiallarında olan **********53 nömrəli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən 100 manat, ********** nömrəli mədaxil qəbzinə əsasən Cavabdeh1 ASC tərəfindən 100 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi ilə bağlı dövlət büdcəsinə ödənilmişdir.

45. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Beləliklə, məhkəmə birinci iş üzrə iddia tələbinin qiymətləndirilməyən olduğunu, ikinci iş üzrə iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Cavabdeh1 ASC-dən tutularaq İddiaçı ödənilməli, ikinci iş üzrə məhkəmə xərcləri həmin iş üzrə iddiaçıya aid edilməlidir.

V. Nəticə:

48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Birinci iş üzrə iddia qismən təmin edilsin. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin üzərinə həmin hüquqi şəxsin səhmdarlarının reyestrinin, 2022-ci ildən 2024-cü ilədək olan dövrün illik və maliyyə hesabatlarının təsdiq edilmiş surətlərinin İddiaçı təqdim edilməsi öhdəliyi qoyulsun. Birinci iş üzrə iddia qalan hissədə təmin edilməsin. İkinci iş üzrə iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar