Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3058/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 30,4 manat, ümumilikdə, 780,4 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sığortalı PİM/24/0081 saylı xx.xx.2024-cü il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsi ilə İddiaçı ASC-də sığorta təminatı almış və ünvan 1 ünvanında yerləşən mənzilə subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. xx.xx.2024-cü il tarixində ünvan 1ünvanında yerləşən X1 məxsus olan mənzilə yerləşdiyi mərtəbənin yuxarı mərtəbəsində, yəni Cavabdeh məxsus 42 saylı mənzilin sanitar otağında istifadə olunan gigiyenik duş şlanqının zədələnməsi (deşilməsi) səbəbindən suyun axıdılması nəticəsində maddi ziyan dəymişdir. Yuxarıda qeyd edilən mənzilə dəymiş zərər 750 (yeddi yüz əlli) manat məbləğində müəyyən edilərək sığorta ödənişi İddiaçıSC tərəfindən faydalanan şəxsə ödənilmişdir. BŞİK 108 saylı Mənzil Tikinti Kooperativinin subasma hadisəsinə dair xx.xx.2024-cü il tarixli arayışında qeyd olunan hadisə təsdiqlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə,subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixində cavabdehə pretenziya məktubu göndərilsə də, bugünədək "xxxx" ASC-ə iş üzrə hər hansı ödəniş daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh fərdi sahibkar statusu olsa da, hazırkı mübahisə onun fərdi sahibkar kimi həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Belə ki, sığortalı İlham Söhbətov PİM/24/0081 saylı xx.xx.2024-cü il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsi ilə İddiaçı ASC-də sığorta təminatı almış və ünvan 1 ünvanında yerləşən mənzilə subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. BŞİK 108 saylı Mənzil Tikinti Kooperativinin subasma hadisəsinə dair xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh məxsus 42 saylı mənzilin sanitar otağında istifadə olunan gigiyenik duş şlanqının zədələnməsi (deşilməsi) səbəbindən suyun axıdılması nəticəsində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, ... MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 13-cü bəndində qeyd olunur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1 və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** saylı qəbz üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3058/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3058/2025
10.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver