Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-306/2024 22.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək qaz sərfiyyatının hesablanmasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-cü bəndinin tələblərinə əsasən aparılması, 39100 manat borcun silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək qaz sərfiyyatının hesablanmasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-cü bəndinin tələblərinə əsasən aparılması, 39100 manat borcun silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus **********0000 istehlakçı hesab kodlu ünvanda yerləşən qaz sayğacı nasaz vəziyyətə düşdüyündən xx.xx.2023-cü il tarixdə cavabdehə məlumat verilmişdir. Cavabdehin əməkdaşları tərəfindən bu hal yerində yoxlanılaraq öz təsdiqini tapmış və müəssisəyə xx.xx.2023-cü il tarixdə yeni sayğac qoyulmuşdur. Cavabdeh tərəfindən sayğacın işləmədiyi müddət üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yəni 15 gün ərzində gündəlik sərfiyyat 9607 kub metr, ümumilikdə isə 144105 kub metr olması müəyyən edilmişdir. Bu sərfiyyat guya müəssisənin 5 sutqalıq sərfiyyatının 48037 kub metr olması səbəb gətirilərək hesablanmışdır. Halbuki, elektron baza məlumatları vasitəsi ilə müəyyən etmək olar ki, fəaliyyət göstərdiyi müəssisənin günlük sərfiyatı 9607 kub metr deyil, ondan qat-qat azdır. Yuxarıda göstərilən xüsusatlarla bağlı cavabdehə pretenziya məktubu göndərilərək borcun 3 gün ərzində silinməsi xahiş edilsə də, cavabdeh borcun silinməsi ilə bağlı hər hansı addım atmamışdır. Bundan sonra mübahisənin mediasiya yolu ilə həll edilməsi üçün cavabdehə mediasiya prosesinin tətbiqinə dair təklif göndərilmişdir. Lakin təklif cavabsız qalmışdır. Bundan sonra iddiaçı mediasiya prosesinin tətbiq ediməsi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Keçirilmiş mediasiya prosesində cavabdeh iştirak etməmişdir. Hazırda cavabdehlə iddiaçı arasında yaranmış mübahisənin həll edilməsi ilə bağlı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Yuxarıda sadalanan hallardan görünür ki, cavabdehin iddiaçıya məxsus sayğacın işləmədiyi xx.xx.2023xx.xx.2023-cü il tarixləri ərzində 144105 kub metr qaz sərfi üçün hesabladığı 31900 manat məbləğində qaz borcu əsassızdır.
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, "xxxx" MMC xx.xx.2023-cü il tarixli 11 nömrəli məktubla Salyan RQİİnə müraciət edərək kərpic zavodunun xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-yə icarəyə verildiyini, zavodun qaz xətti üzərinə quraşdırılmış G400 markalı 80081092 nömrəli qaz sayğacının işləmə prinsipində nasazlıq yarandığını, sayğacın mexaniki və elektron göstəriciləri arasında əmsalın əvvəlki aylara nisbətən 3 dəfədən artıq olduğunu, sayğacdan yüksək səs gəldiyini bildirmiş, həmin sayğacın digəri ilə əvəz olunmasını, xarab sayğacın dövlət laboratoriyasına təmir olunmasına göndərilməsini xahiş etmişdir. Qeyd olunan müraciətlə qaz sayğacının yoxlanılması üçün Cavabdeh İB-yə müraciət olunmuşdur. xx.xx.2023-cü il tarixdə qaz sayğacı çıxarılaraq müvəqqəti qaz sayğacı quraşdırılmışdır. Müvəqqəti quraşdırımış qaz sayğacının 5 günlük qaz sərfiyyatı 48037 m3 olmuşdur. Müvəqqəti quraşdırımış qaz sayğacı ilə iddiaçı gündəlik 9607 m3 qaz sərf etmişdir. İddiaçı ilə qarşılıqlı razılaşmaya əsasən G400 markalı 80081092 nömrəli qaz sayğacının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qeydə alınmadığı qaz sərfi gündəlik 9607 m3 nəzərə alınmaqla 15 günlük hesabat aparılmış, ümumilikdə 144105 m3 qaz sərfi hesablanmışdır. (15 (gün) x 9607m3 (gündəlik qaz sərfi)=144105 m3 (15 günlük qaz sərfi) Aparılmış hesabat aktla rəsmiləşdirilmiş və akt istehlakçının nümayəndəsi Rizvan Müslümov tərəfindən imzalanmışdır. Tərəflər arasında tərtib olunmuş akt mücərrəd müqavilə xarakterli olmaqla tərəflər arasında qarşılıqlı razılaşmanı özündə əks etdirir.
II. Tərəflərin mövqeləri:
4. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
8. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
9. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Abonent kodu **********0000 olan İddiaçı abonent saldosundan görünür ki, abonentin təbii qazdan istifadəyə görə 2023-cü ilin iyun ayının sonuna 230673 m3, iyul ayının sonuna 336406 m3 qaz sərfiyyatı olmuş və eyni zamanda abonentin təbii qazdan istifadəyə görə 2023-cü ilin iyul ayı üçün qalıq və aktlar qrafasında 31703,1 manat qeyd edilmişdir.
11. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktdan görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində 15 gün ərzində qaz sərfiyyatı ümumilikdə 144105 m3 (144105*0.22=31703,1 manat) qeydə alındığı müəyyən edilmişdir.
12. Eyni zamanda həmin aktdan görünür ki, 5 sutkalıq sərf 48037 m3 olduğu üçün sutkalıq sərf 9607 m3 götürülməklə qaz sərfiyyatı hesablanmışdır.
13. Məhkəmə cavabdehin 2023-cü ilin iyul ayının 21-dən avqust ayının 4-nə qədər (15 gün üçün) apardığı hesablama ilə (5 sutkalıq sərf üzrə) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-cü bəndinin tələblərinə əsasən razı deyil. Belə ki, həmin qaydalara əsasən qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
14. Odur ki, məhkəmə hesab edir ki, qaz sayğacının olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyəri üzrə hesablama sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalı olduğundan mübahisə olunan dövrün qaz sərfiyyatının hesabatı 2023-cü ilin iyun ayının orta gündəlik sərfinə uyğun aparılmalıdır.
15. Belə ki, sayğac göstəricilərinə əsasən 2023-cü ilin iyun ayının ümumi sərfiyyat 230673 m3 olmuş, hər 1 m3 qiyməti isə 0,22 manat olduğundan iddiaçı həmin dövrdə 50748,06 manat məbləğində qazdan istifadə etmişdir ki, bu halda 2023-cü ilin iyun ayının orta gündəlik sərfiyyatı 7689,1 m3 (230673 m3 / 30 gün = 7689,1 m3), dəyəri isə 1691,602 manat olmuşdur.
16. Beləliklə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-cü bəndinin tələblərinə uyğun olaraq qaz sayğacının olmadığı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində 15 gün ərzində istifadə edilmiş qazın sərfiyyatı 115336,5 m3, dəyəri isə 25374,03 manat olmuşdur.
17. Cavabdeh isə məhkəməyə heç bir hesablama qaydaları ilə bağlı sübut təqdim etmədən iddiaçıya qaz sayğacının olmadığı 15 gün müddət üçün 31703,1 manat məbləğində qazdan istifadəyə görə borc hesablamışdır.
18. Göründüyü kimi cavabdeh tərəfindən mübahisəli dövr üçün iddiaçıya 6329,07 manat (31703,1 - 25374,03) məbləğində artıq borc hesablanmışdır.
19. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış qaz sərfiyyatı üzrə 6329,07 manat borc silinməli, iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçınə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış qaz sərfiyyatı üzrə 6329,07 manat borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev