Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3061/2024 03.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsinin ləğvi, icarə haqqı, iddia müddəti) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və 80 ay ərzində icarə haqqına görə yaranmış 16.000 (on altı min) manat borcun və 138 manat dövlət rüsumunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “ünvan 1 ünvanda yerləşən keçmiş Mexaniki Təmir sexinin korpusunda Metal model sahələrinə aid olan hissəsini xx.xx.2017ci il tarixli İcarə müqaviləsinə əsasən Cavabdeh MMC-nə icarəyə vermişdir. Həmin gündən “İcarəçi” özünə məxsus “COLET-160” markalı frez dəzgahını qeyri-yaşayış sahəsində quraşdıraraq oradan istifadə edir. İcarə müqaviləsində göstərilmişdir ki, "xxxx" ümumi sahəsi S=150 kv.m olan icarə sahəsinə görə icarə haqqını ƏDV ilə birlikdə müəyyən edilmiş 200 manat məbləği ASC-nin kassasına hesabat ayının 25-i tarixinə kimi nağd və ya köçürmə yolu ilə ödəməyə borcludur (Bənd 2.1). Müqavilə müddəti başa çatdıqda və ya müqavilə ləğv edildikdə "xxxx" icarəyə götürdüyü sahəni ASC-nin sədrinin müavininə müvafiq aktla istifadəyə yararlı vəziyyətdə təhvil verdikdən və “İcarəyəverənə” olan borclarını tam ödədikdən sonra bu müqavilə öhdəliyindən tam azad olur. Cavabdeh MMCnin rəhbərliyinə dəfələrlə icarə haqqını və ƏDV-ni ödəmək barədə məlumat verilsə də, bir müddət vaxt istəmiş sonradan isə icarə haqqını ödəməmişdir. Bundan sonra cavabdeh MMC-nə həmin vaxtda yaranmış cəmi 15817 manat icarə haqqlarının 10 gün müddətində ödənilməsini təmin edərək, “COLET-160” markalı frez dəzgahını sexin ərazisindən çıxarılması barədə hüquqi şəxsin qeydiyyata alındığı ünvana xx.xx.2024-cü il tarixdə pretenziya/xəbərdarlıq göndərilmişdir. Lakin, cavabdeh MMC xx.xx.2024-cü il tarixdə pretenziyanı rəsmi olaraq qəbul etsə də, icarə haqqını könüllü ödəməkdən yayınmış və icarə müqaviləsinin ləğv edilməsinə dair münasibət bildirməmişdir. Daha sonra cavabdeh MMC-nin elektron ünvanına pretenziya və iddia ərizəsinin sürəti göndərilmişdir. Halhazırda isə ASC-yə cavabdeh MMC-nin 16.000 manat borcu vardır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 427.3, 442.1, 675, 700.1-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, “ünvan 1 ünvanda yerləşən keçmiş Mexaniki Təmir sexinin korpusunda Metal model sahələrinə aid olan hissəsini xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinə əsasən Cavabdeh MMC-yə icarəyə vermişdir. Həmin gündən icarəçi özünə məxsus “COLET-160” markalı frez dəzgahını qeyri-yaşayış sahəsində quraşdıraraq oradan istifadə edir. İcarə müqaviləsində göstərilmişdir ki, icarə haqqını ƏDV ilə birlikdə müəyyən edilmiş 200 manat AZN məbləği "xxxx" ASC-nin kassasına hesabat ayının 25-i tarixinə kimi nağd və ya köçürmə yolu ilə ödəməyə borcludur Müqavilə müddəti başa çatdıqda və ya müqavilə ləğv edildikdə icarəyəgötürən icarəyə götürdüyü sahəni ASC-nin sədrinin müavininə müvafiq aktla istifadəyə yararlı vəziyyətdə təhvil verdikdən və icarəyəverənə olan borclarını tam ödədikdən sonra bu müqavilə öhdəliyindən tam azad olur. Cavabdehin rəhbərliyinə dəfələrlə icarə haqqını və ƏDV-ni ödəmək barədə məlumat verilsə də, bir müddət vaxt istəmiş sonradan isə icarə haqqını ödəməmişdir. Həmçinin tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İcarə haqqında Qanunda göstərilir ki, icarə müqaviləsi bir dəfə bağlanılır və tərəflər bir-birinə müraciət etmədikdə qeyd olunan icarə müqaviləsi həmin müddətə və həmin şərtlərlə bağlanmış hesab olunur. Bugünə kimi icarə müqaviləsi davam edir. İddia müddəti keçməmişdir. Bugunki gündə də cavabdeh oradan əmlakını çıxartmamışdır. İddianı verdiyi tarixdən artıq 5 ay müddət keçmişdir. İddiaçı qanunveriliyə əsasən iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edə bilərdi. Sadəcə ədalətli mövqedən yanaşaraq bu tələblə məhkəməyə müraciət etmişdir. İcarəni götürən şəxsə bugünki gündə hörmət edir. Əlavə olaraq 1000 manat da ödənilməsini qarşı tərəfdən tələb etmir. Lakin buna baxmayaraq tərəf iddia müddətinin tətbiq edilməsini istəyir. Bu ərizənin verilməsi tərəfin iddianı qəbul etməsi lakin müddət ötdüyünə görə ödəmək niyyəti olmadığını bildirir. Cavabdeh tərəfindən icarə müqaviləsi üzrə heç bir ödəniş olunmayıb. Cavabdehin rəhbərliyinə dəfələrlə icarə haqqını və ƏDV-ni ödəmək barədə məlumat verilsə də, bir müddət vaxt istəmiş sonradan isə icarə haqqını ödəməmişdir. 2018-ci ildə müqavilə müddəti bitərkən tərəfi çağırıb avadanlığı götürməsi barədə rəsmi olaraq ona dəfələrlə müraciət olunmuşdur. Müqavilə müddəti bitərkən də tərəfi çağırıb avadanlığı çıxarması barədə danışıqlar aparıblar. Odur ki, iddia tələbinin təmin edilməsi və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh MMC ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən cavabdeh öz hesabına emal üçün lazım olan texnikanı 200000 avro ödəyərək almışdır. Müqaviləyə əsasən cavabdeh onlara 1 ton üçün 500 manat olmaqla ayda 200 ton çuqun emal etməli idi. Lakin onlar müqavilənin şərtlərini pozaraq həmin məbləği ödəməmişlər. Buna əsasən cavabdehin onlara icarə haqqı olaraq ödəməli olduğu 200 manat ödəməmişdir. İddiaçı tərəf onun texniki avadanlıqlarının yerləşdiyi yeri zəbt etmiş, onu çox baha qiymətə aldığı texnikanın yararlı hissələrini götürmüşdür. Cavabdehə işləmək imkanı verməmişlər. İddiaçı tərəf daxili qərar çıxararaq onun texnikasını metalloma vermək qərarına gəlmişdir. 01 oktyabr 2015-ci ildə bağlanmış qərara əsasən cavabdeh iddiaçıya 200 manat ödəməli idi. Lakin bunun üstündən 9 il keçmişdir. İddiaçı həm də Azərbaycan Respublikasının 373, 375.2-ci maddələrinin tələblərini də pozmaqla iddia tələbi də irəli sürmüşdür. Beləliklə iddiaçının iddiası ilə razı deyil, cavabdehin ona heç bir borcu yoxdur, əksinə iddiaçı cavabdehə xeyli miqdarda vurduğu zərərə görə pul vəsaiti ödəməlidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, müqaviləni bağladığı andan avadanlığı bir gün belə işlətməmişdir və maddi cəhətdən çox ziyana düşmüşdür. İddiaçı tərəfin niyyəti pis olmuşdur. İddiaçı tərəf avadanlığı söküb parçalamaq istəyir. Cavabdeh həmin icarə yerinə getdiyində ora başqa avadanlıqlarla dolu olmuşdur. Çəkilişlər məhkəməyə təqdim edildikdən sonra iddiaçı tərəf oranı boşaltmışdır. Onun tək istəyi avadanlığı parçalamadan satıb iddiaçıya da hörmət edib çıxmaqdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" ASC (İcarəyə verən) ilə Cavabdeh MMC (İcarəyə götürən) arasında imzalanmış 01 avqust 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, ASC-nin keçmiş Mexaniki Təmir sexinin korpusunda olan Metal model sahələrinə aid olan hissəsini İcarəyə götürən müxtəlif çeşiddə mexaniki emal işlərini həyata keçirmək üçün icarəyə götürərək, burada özünəməxsus avadanlıqları (1 ədəd Frez dəzgahı – COLET 160) quraşdıraraq fəaliyyət göstərəcək və ASC-nin sifarişi ilə xüsusi şərtlər əsasında ona haqqı ödənilən işlər görəcək, xidmətlər göstərəcəkdir. Müqavilə əsasında nəzərdə tutulmuş icarə haqqı və ya digər xərclər ayda bir dəfə icarəyə götürən tərəfindən ödənilməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən “İcarəyə götürən” ümumi sahəsi S=150m2 olan icarə sahəsinə görə icarə haqqını ƏDV ilə birlikdə müəyyən edilmiş 200 AZN məbləği ASC-nin kassasına hesabat ayının 25-i tarixinə kimi nəğd və ya köçürmə yolu ilə ödəməyə borcludur. Müqavilənin (İcarə müqaviləsinin şərtləri) 1.1-ci bəndinə əsasən icarəyə götürülən sahədə “icarəyə götürən” yalnız müxtəlif çeşiddə mexaniki emal işlərini həyata keçirmək üçün istifadə edir və bu sahədə mövcud qanunvericiliyə zidd və ya icarəyə verənin iqtisadi maraqlarına zidd fəaliyyət göstərməməlidir, icarəyə verilmiş sahədə dəyişiklik etmək, ancaq icarəyə verən tərəfin razılığı ilə həyata keçirilə bilər, eyni zamanda icarəyə götürdüyü ərazilərdə olan avadanlıqların qorunub saxlanmasına cavabdehdir. Müqavilənin 1.8-ci bəndinə əsasən müqavilə müddəti başa çatdıqda və ya müqavilə ləğv edildikdə icarəyə götürən icarəyə götürdüyü sahəni ASC-nin sədrinin müavininə müvafiq aktla istifadəyə yararlı vəziyyətdə təhvil verdikdən və icarəyəverənə olan borclarını tam ödədikdən sonra bu müqavilə öhdəliyindən tam azad olur. Müqavilənin 1.10-cu bəndinə əsasən bu müqavilə xx.xx.2017ci ildən xx.xx.2018-ci il tarixinədək qüvvədədir. Cavabdeh MMC tərəfindən təqdim edilmiş video çəkilişlərdən görünür ki, birinci videoda dəzgah yeni quraşdırıldığı vaxtdır, işlək vəziyyətdədir, ətrafında maneə olan əşyalar yoxdur, ikinci videoda isə dəzgahın ətrafına kənar əşyalar və başqa maneələr yığılmış, sexin dəzgahın yerləşdiyi hissəsinin ətrafı bağlanmışdır. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, dəzgahın ətrafında və üzərində olmuş kənar əşyalar götürülmüş, avadanlığın ətrafı boşaldılmışdır. 15 aprel 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən dövlət büdcəsinə 138 manat dövlət rüsumu ödənilmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti keçdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycab Respublikası Qanunun 13-cü maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq ASC-nin keçmiş Mexaniki Təmir sexinin korpusunda olan Metal model sahələrinə aid olan hissəsini cavabdehə icarəyə vermiş, cavabdeh isə müqavilə üzrə nəzərdə tutulmiş icarə haqqı məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq icarə haqqının dəyərini tələb etmək hüququ olsa da, iddiaçı tərəf MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırıldığına görə iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı mövqeyə uyğun olaraq, cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə cavabdehə qarşı müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir. Məhkəmə, iddiaçının cavabdehə qarşı tələb irəli sürməyə subyektiv hüquqa malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında cavabdehlə bağlanmış icarə müqaviləsinin müddəti 2018-ci ildə bitdikdən sonra hər il ardıcılıq olaraq cavabdehə müraciət edərək, icarə haqqını və ƏDV-ni ödənilməsini, həmçinin icarə sahəsində ona aid olan avadanlıqların çıxarılmasını tələb etdiyini qeyd etmişdir. Bu isə o deməkdir ki, iddiaçı müqavilənin tərəfi olaraq İcarəyəverən kimi müqavilənin müddətinin uzatmaq niyyətində olmamış, xx.xx.2018-ci il tarixindən sonra tərəflər arasında icarə münasibətləri davam etməmişdir. Çünki cavabdehə məxsus dəzgah iddiaçının sexində olsa da, cavabdeh həmin sexdən istifadə etməmiş, onun dəzgahının ətrafına və üzərinə kənar əşyalar qoyularaq istifadəsinə maneə yaradılmış, həmçinin müqavilə müddəti başa çatdıqdan sonra iddiaçı dəzgahın çıxarılmasını tələb etmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatda da qeyd etmişdir ki, icarə müqaviləsi bağlandıqdan sonra o, həmin avadanlıqdan ümumiyyətlə istifadə etməmişdir. Təqdim edilən video çəkilişlərdən göründüyü kimi icarə obyektində olan dəzgahın ətrafı başqa maneələrlə əhatə olunmuş, dəzgahın istifadəsi mümkünsüz olmuş, həmin çəkilişdən sonra iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkillərdə avadanlığın (dəzgahın) ətrafında olan kənar əşyalar və maneələr götürülmüşdür. Bu səbəbdən iddiaçının cavabdehdən müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tarixindən sonra icarə haqqını tələb etməsi əsassızdır. Həmçinin iddiaçının icarə müqaviləsinin ləğvi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsi xx.xx.2018-ci il tarixdə başa çatdığından və müqavilə müddəti uzadılmadığından həmin müqavilə qüvvədən düşdüyü üçün onun ləğv edilməsinə zərurət qalmamışdır. Cavabdeh MMC iddia müddətinin tətbiqi barədə ərizəsində müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu və həmin müddətinin keçdiyini bildirmiş, iddiа müddəti keçdiyi üçün iddianın təmin edilməməli və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli olduğunu qeyd etmişdir. Məhkəmə Cavabdeh MMC tərəfindən təqdim edilmiş ərizəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixində bitmiş, daha sonra tərəflər müqavilə müddətinin uzadılmasında maraqlı olmamış, faktiki olaraq icarə münasibətləri davam etməmiş, yəni həmin müqavilə üzrə icarə haqqının ödənilməsi barədə tələblər üzrə iddia müddətinin axımı xx.xx.2018-cü il tarixdə başlanmış, iddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddianın rədd edilməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumuna görə ödəniş iddiaçıya aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3061/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3061/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver