Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3063/2021 12.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh1 MMC, Cavabdeh2 qarşı pul tələbi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh1 MMC, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 12.250 (on iki min iki yüz əlli) manat məbləğində pul tələbinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, 13 iyul 2017-ci il tarixdə "xxxx" MMC-nin təsisçisi X3 ilə Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 ilə 15000 (on beş min) manat məbləğində borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin bağlanmısının əsası 12.07.2017-ci il tarixli qaimə fakturada göstərilən 17 adda 25 ədəd kondisioner və soyuduculardan ibarət əşyaları “Electrolux” şirkəti vasitəsi ilə cavabdehə verilməsi olmuşdur. "xxxx" MMC ilə 01.0.2014-cü il tarixdə “Elektrolyuks” şirkəti arasında müqavilə bağlanmışdır. Cavabdehin bu günə olan borcu 12250 (on iki min iki yüz əlli) manat təşkil edir. Sonuncu ödəniş 20 iyun 2019-cu il tarixdə olmuşdur. Cavabdeh tez bir zamanda götürdükləri borcu qaytaracaqlarına söz versələr də, bu günədək həmin məbləği qaytarmamış, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu günədək borcun qaytarılması ilə bağlı müraciətlərə hər dəfə bir bəhanə gətirilərək, pulu ödəməkdən yayınmışdır. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına və dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb edilməsi və Cavabdeh1 MMC-dən 12.550 (on iki min beş yüz əlli) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmdən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş borc müqaviləsi iddiaçı tərəfindən saxta olaraq hazırlanmışdır. Çünki, tərəflər arasında hər hansı bir borc müqaviləsi imzalanarkən müqavilənin hər bir vərəqi tərəflər arasında imzalanmalıdır. Borc müqaviləsinin birinci vərəqdində müqavilənin tarixi 13.07.2017-ci il qeyd edilsə də, müqavilənin 2.2.1-ci bəndində müqavilənin bitmə tarixi 27.11.2016-cı il qeyd edilmişdir. Müqavilənin bitmə tarixindən sonrakı müqavilə necə imzalana bilər? Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ötməsin deyə iddiaçı tərəfindən saxta olaraq 20.06.2019-cu il tarixli ödəniş edilmişdir. Ödəniş qəbzini birinci dəfədir görür. Belə bir ödəniş etməmişdir. Ödəniş qəbzində onun tərəfindən ödənişin edilməsini təsdiqləyici heç bir göstərici (imza) yoxdur. Asan imza ilə Vergilər Nazirliyinin elektron saytına daxil olduqda borcun yaranmasını təsdiqləyən elektron qaimə mövcud deyil. Daha sonra cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış borc müqaviləsinin icra müddəti 27 noyabr 2016-cı ildə bitmişdir, habelə cavabdeh tərəfindən borc müqaviləsi üzrə heç bir ödəniş olmamışdır. 20.06.2019-cu il tarixli kassa mədaxil orderində olan ödəniş cavabdeh tərəfindən ödənilməmişdir. Kassa mədaxil oderində İlham adlı şəxsin adı qeyd edilmiş və ödənişin kim tərəfindən edildiyi və kimin imza atdığı məlum deyildir. İddiaçı tərəfindən isə hazırki iddia ilə məhkəməyə 2021-ci ilin iyun ayında müraciət olunmuşdur. Göründüyü kimi qanunla nəzərdə tutulmuş iddia müddəti iddiaçı tərəfindən ötürürlmüşdür. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: “Borc verən” X3, “borc alan” Cavabdeh2 olmaqla imzalanmış 13 iyul 2017-ci il tarixli borc müqaviləsinə əsasən “borc verən” 15.000 (on beş min) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu (bundan sonra “borc” adlandırılacaq) “borc alan”a verməyi, “borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “borc verən”ə geri qaytarmağı öhdəsinə götürür. Qeyd olunan müqavilə "xxxx" MMC-nin və Cavabdeh1 MMC-nin möhürləri ilə təsdiqlənmişdir. 4.2-ci bəndə əsasən tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməzsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılacaq. 7.1-ci bəndə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və “borc alan” tərəfindən borcun tam həcmdə “borc verən”ə geri qaytarıldığı günədək, yəni 27 noyabr 2016-cı il tarixədək qüvvədə qalır. 20 iyun 2019-cu il tarixli kassa mədaxil orderlərinə əsasən, 2450 manat məbləğində ödəniş 3 ay 15 gün ümumi reklam ödənişi təyinatı olmaqla, 2450 manat məbləğində ödəniş isə X4 tərəfindən təyinatı üzrə ödənilməsi barədə qeyd olunmaqla tərtib edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənən borc müqaviləsi tərtib edilmişdir. Hazırda iddiaçı müqavilə üzrə ödənişi tələb etsə də, cavabdeh qeyd olunan müqaviləni ümumiyyətlə imzalamadığını, müqavilə üzrə isə heç bir ödəniş edilmədiyini bildirmişdir. Əlavə olaraq cavabdeh iddiaçı tərəfindən iddia müddətini ötürüldüyü üçün iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəyə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1-ci maddəyə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi qanunverici müqavilə tələbləri üzrə 3 il müddət müəyyən etmişdir. Belə olan halda məhkəmə cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin olduğunu nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Belə ki, sübut qismində iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş kassa mədaxil orderlərinin cavabdeh tərəfindən ödənişlərin olması məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh1 MMC, Cavabdeh2 qarşı pul tələbi iddia müddəti keçdiyindən təmin edilməməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh1 MMC, Cavabdeh2 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3063/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3063/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver