Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3063/2024 13.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilənin qüvvəsi və müqavilədən imtina) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 25 iyun 2023-cü il tarixli 372296-CNS-46322 saylı kredit müqaviləsinə əsasən 6315,27 manat əsas borc, 58,12 manat faiz borcu və 2,08 manat cərimə olmaqla ümumilikdə 6375,47 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83,75 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. cavabdeh xx.xx.2023-cü il tarixli 001 saylı bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri ilə tanış olub həmin şərtləri qəbul edərək, 25 iyun 2023-cü il tarixli 372296-CNS-46322 saylı birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə cavabdehə müraciət etmiş və ona illik 21 faiz hesablanması şərti ilə 36 ay müddətinə 7000 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, iddiaçı isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehə ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. 2.2. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmişdir. Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.26.3-cü bəndinə əsasən, müqavilə üzrə gecikdirilmiş kreditə görə birdəfəlik kreditlər üzrə hər gecikdirilən gün üçün ərizə – razılaşmada göstərilən cərimə tətbiq edilir. 25 iyun 2023-cü il tarixli 372296-CNS-46322 saylı birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən isə müəyyən edilir ki, gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 manat üçün 0,02 manat məbləğində cərimə hesablanır. 2.3. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçıya 6315,27 manat əsas borc, 58,12 manat faiz borcu və 2,08 manat cərimə olmaqla ümumilikdə 6375,47 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443, 462.1, 472.1, 739.1 və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3063/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçı tərəf məhkəməyə ərizələr ilə müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə, telefonoqram ötürməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır. III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli 001 saylı bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri ilə tanış olub həmin şərtləri qəbul etmiş, iddiaçı ilə cavabdeh arasında 25 iyun 2023-cü il tarixli 372296-CNS-46322 saylı birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizə – razılaşması bağlanmış, iddiaçı 7000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 21%-lə cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə – xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, gecikdirilmiş borc üzrə hər tam və ya natamam 10 manat üçün 0,02 manat cərimə ödənilməsi razılaşdırılmışdır. Cavabdeh kredit məbləğini təşkil edən 7000 manat məbləğində pul vəsaitinə (35 manat komissiya haqqı çıxılmaqla) mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
12. İddiaçı adıçəkilən kredit razılaşması üzrə 6315,27 manat əsas borc, 58,12 manat faiz borcu və 2,08 manat cərimənin cavabdehdən tutulmasını xahiş edir.
13. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.
14. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.
15. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
17. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
18. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
19. İş materiallarından görünür ki, iddiaçı 13 mart 2024-cü il tarixli 1012P nömrəli pretenziya məktubu ilə cavabdehə müraciət edərək bütün əsas borcu, xx.xx.2024-cü il tarixə faiz və cərimə borcunu tələb etmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə sonuncunun ünvanında qəbul edilmişdir.
20. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
21. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.
22. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
23. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu yollayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və həmin məktubun qəbul edildiyi xx.xx.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda, iddiaçı xx.xx.2024-cü il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.
24. Lakin iddiaçı hazırkı iddia ilə əsas borcu və ancaq xx.xx.2024-cü il tarixə olan faiz borcunu tələb edir.
25. Məhkəməyə təqdim edilən xx.xx.2023 – xx.xx.2024-cü il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 290 manat, 29.08 – xx.xx.2023-cü il tarixdə 243,1 manat, xx.xx.2023-cü il tarixdə 251 manat, xx.xx.2023-cü il tarixdə 22 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 240 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 70 manat, xx.xx.2024cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 70 manat olmaqla ümumilikdə 1836,1 manat ödəniş edilmiş, həmin ödənişlərdən 693,83 manat əsas borca, 997,83 manat faiz borcuna, 128,98 manat cəriməyə silinmiş, qalan 15,46 manat komissiyaya çıxılmışdır.
26. İddiaçının xx.xx.2024-cü il tarixə təqdim etdiyi maliyyə arayışından görünür ki, əsas borc 6306,17 manat qalmış, faiz və cərimə borcu qalmamışdır.
27. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit razılaşması üzrə ödəniş qrafikinin məlumatları və izahlı maliyyə arayışı ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, 25 iyun 2023-cü il tarixli 372296-CNS-46322 saylı kredit müqaviləsi üzrə əsas borc 6306,17 manat (7000 manat – ödənilən 693,83 manat), iddiaçının tələb etdiyi tarixə gecikdirilmiş faiz və cərimə borcu isə 0 manat təşkil edir.
28. Belə olan halda məhkəmə hesab edir ki, 25 iyun 2023-cü il tarixli 372296-CNS- 46322 saylı kredit müqaviləsi üzrə borc məbləği maliyyə arayışına əsaslanmaqla 6306,17 manat əsas borc, faiz və cərimə borcu 0 manat kimi müəyyən edilməlidir.
29. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 25 iyun 2023-cü il tarixli 372296-CNS- 46322 saylı kredit müqaviləsi üzrə 6306,17 manat əsas borc cavabdeh X1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
30. İddiaçı eləcə də 83,75 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
31. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 83,75 manat dövlət rüsumu ödənilmişdir.
32. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
33. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
35. Məhkəmə iddia tələbinin əsaslı olduğunu, məhkəmə icraatının gedişində cavabdeh tərəfindən edilmiş 70 manat ödəniş müvafiq borclara silindiyindən iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83,75 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2023-cü il tarixli 372296-CNS-46322 saylı kredit razılaşmasına əsasən 6306 (altı min üç yüz altı) manat 17 (on yeddi) qəpik əsas borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83 (səksən üç) manat 75 (yetmiş beş) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova