Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3066/2024 10.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC cavabdehlər Cavabdeh4, Cavabdeh3 MMC-yə, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və zaminlik müqaviləsi, faiz borcu, cərimə borcu, dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3 MMC-yə, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3 MMC və Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2298,25 manat məbləğində kredit bоrcu, 245,22 manat məbləğində faiz bоrcu və 74,6 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2618,07 manat məbləğində bоrcun və ödənilmiş 46,18 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 MMC İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 011A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 17701.75 manat ödəniş etmiş və оnun iddiaçıya 2298.25 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 147 gün üçün hesablanmış faiz borcu 245.22 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 147 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 74.6 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişikliklə kommersiya mübahisələri zamanı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələbi ləğv edilmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. "xxxx" QSC-nin “Xaçmaz” filialı (kredit verən) ilə Cavabdeh3 MMC (kredit alan) arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli, 011A********** saylı kredit müqaviləsinə əsasən bank ümumi məbləği 20000 manat məbləğində olan borc pulu aylıq 1.9167% olmaqla 24 ay müddətinə kredit alana verir.
5. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür.
6. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit kredit alana avadanlıq alışı məqsəd üçün verilir və kredit alan ondan yalnız bu məqsəd üçün istifadə etmyi öz öhdəsinə götürür.
7. Müqavilənin 3.3-cü bəndinə əsasən kredit alandan daxil olan vəsait hesabına əvvəl xə\rclər, cərimə, faiz və nəhayət kredit məbləği silinir.
8. Müqavilənin 4.2.1-ci bəndinə əsasən kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağa borcludur.
9. Müqavilənin 4.2.3-cü bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməyə borcludur.
10. "xxxx" QSC-nin “Xaçmaz” filialı (bank) ilə Aktaş Erdem, Cavabdeh4 və Cavabdeh1 (zaminlər) arasında müvafiq olaraq 18 yanvar 2022-ci il tarixli, 011G**********01 saylı, 011G**********02 saylı və 011G**********03 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilələrin giriş hissəsinə əsasən həmin müqavilələr "xxxx" QSC ilə borclu Cavabdeh3 MMC arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli, 011A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərini təmin etmək üçün bağlanmış, Müddətli kredit müqaviləsinin məbləğinin 20000 manat məbləğində, 1.9167% dərəcəsi ilə müddətinin 24 ay olması müəyyən edilmişdir.
11. Həmin müqavilələrin: - 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. - 3.1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. - 3.1.2-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. - 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. - 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir.
12. xx.xx.2022-ci il tarixli kreditin verilməsinə dair köçürmə qəbzindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh3 MMC-nin hesabına 20.000 manat pul köçürülmüşdür.
13. "xxxx" QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh3 MMC MMC-nin "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixə əsas borcu 2298,25 manat, faiz borcu 245,22 manat, (gecikdirilən günlərin sayı 147 gün) cərimə borcu 74,6 manat olmaqla, cəmi borc 2618,07 manat təşkil edir.
14. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
21. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
22. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
23. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
24. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
26. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilərinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 2298,25 manat əsas borc, 245,22 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 2298,25 manat əsas borc, 245,22 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
27. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 74,6 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Məhkəmə hesab edir ki, Cavabdeh3 MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
30. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından 74,6 manat məbləğində müəyyən edilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Materiallardan da göründüyü kimi iddiaçı 46,18 manat dövlət rüsumu ödəmişdir.
33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 46,18 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.
IV. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 011A********** saylı kredit müqaviləsi üzrə 2298,25 manat əsas borc məbləği, 245,22 manat faiz borcu, 74,6 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 46,18 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova