Məhkəmə qərarları › İş №e-2-2(113)-3066/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3066/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3066/2025 21.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X2 qızının iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı LPO İddiaçı ASC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 150911,18 (bir yüz əlli min doqquz yüz on bir ABŞ dolları on səkkiz sent) ABŞ dolları borc olmaqla, 118200 ( bir yüz on səkkiz min iki yüz) ABŞ dolları məbləğində əsas, 20333,01 (iyirmi min üç yüz otuz üç ABŞ dolları bir sent) ABŞ dolları məbləğində faiz borcu, 12378,17 (on iki min üç yüz yetmiş səkkiz ABŞ dolları on yeddi sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, eyni zamanda iş üzrə ödənilmiş 546 (beş yüz qırx altı) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış 28 avqust 2020-ci il tarixli, 001/U saylı Kredit xətti müqaviləsinə əsasən borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 24 (iyirmi dörd) ay müddətinə illik 4% faiz dərəcəsi ilə 118 200 (bir yüz on səkkiz min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən müqavilə üzrə ayrılmış krediti və həmin məbləğə heysablanmış faizlərin Borc alandan müqaviləyə uygun ödənilməsini tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin 5.4.2-cü bəndinə əsasən borcalan aldığı krediti qanunvericiliyə uyğun olaraq kredit məqsədi üzrə istifadə edilməsi və kreditin vaxtında qaytarılması üçün məsuliyyət daşıyır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 12- 5/2-2753/2024 saylı xx.xx.2024-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin Banka 118 200 ( bir yüz on səkkiz min iki yüz) ABŞ dolları məbləğində əsas, 20 333,01 (iyirmi min üç yüz otuz üç ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində faiz borcu, 12 378,17 (on iki min üç yüz yetmiş səkkiz ABŞ dolları 17 sent) ABŞ dolları, Azərbaycan Respubikası Mülki Məcəlləsinin (bundan sonra “Mülki Məcəllə” adlanacaq) 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%) borcu olmaqla ümumilikdə 150 911,18 (bir yüz əlli min doqquz yüz on bir ABŞ dolları 18 sent) ABŞ dolları məbləğində borcu yaranmışdır.

İİ.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ş.İbayeva-Hüseynli iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

İİİ.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin:

7. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

8. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

9. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

11. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 28 avqust 2020-ci il tarixli, 001/U saylı kredit xətti müqaviləsinə əsasən borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 24 (iyirmi dörd) ay müddətinə illik 4% faiz dərəcəsi ilə 118200 (bir yüz on səkkiz min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir.

13. 28.08.2020-ci il tarixli, UN1001 saylı ödəniş tapşırığına görə iddiaçı tərəfindən cavabdehə 117747 manat məbləğində kredit verilmişdir.

14. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə 28 avqust 2020-ci il tarixli, 001/U saylı kredit müqaviləsi üzrə yaranmış əsas borc 118200 ABŞ dolları, faiz borcu 20333,1 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 12378,17 ABŞ dolları təşkil edir.

15. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə ayrılmış krediti və həmin məbləğə heysablanmış faizlərin Borc alandan müqaviləyə uygun ödənilməsini tələb etmək barədə Bankın hüququ vardır.

16. Müqavilənin 5.4.2-cü bəndinə əsasən borcalan aldığı krediti qanunvericiliyə uyğun olaraq kredit məqsədi üzrə istifadə edilməsi və kreditin vaxtında qaytarılması üçün məsuliyyət daşıyır.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2025-ci il tarixli, 9/2599 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə 28 avqust 2020ci il tarixli, 001 /U saylı kredit müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC-nin ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borcu, faiz borcu və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış (illik 5 faiz) faiz borcunun məbləğləri (rəy verilən tarixə edilmiş bütün ödənişlər nəzərə alınmaqla) iddiaçı "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixinə (müqavilə müddəti bitən tarixə) əsas borcu 118.200,00 manat, faiz borcu 7.053,1 manat, xx.xx.2024-cü il tarixə illik 5%-lə hesablanan faiz borcu 12.509,50 manat təşkil edir.

18. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

22. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

23. Beləliklə, işin hallarından məlum olur ki, Cavabdeh MMC-yə iddiaçı ilə bağladığı 28 avqust 2020-ci il tarixli, 001/U nömrəli kredit müqaviləsinə əsasən illik 4% olmaqla 24 ay müddətinə 118 200 ABŞ dolları məbləğində krеdit verilmişdir. Cavabdeh krеdit müqaviləsinin tələbini pоzaraq müqavilə üzrə ödəmələri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.

24. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehdən kredit müqaviləsi üzrə əsas və faiz borcu tutularaq iddiaçıya ödənilməli, cavabdehdən bu hissədə tutulacaq əsas və faiz borcun məbləği xx.xx.2025-ci il tarixli ekspert rəyinə uyğun müəyyən edilməlidir.

25. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2025-ci il tarixli, 9/2599 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə 28 avqust 2020-ci il tarixli, 001/U nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə (müqavilə müddəti bitən tarixə) əsas borcu 118200 ABŞ dolları, faiz borcu 7053,1 ABŞ dolları təşkil edir.

26. Bundan əlavə, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 12378,17 ABŞ dolları (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) məbləğində pulun ödənilməsi tələbini də irəli sürmüşdür.

27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

29. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

30. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

31. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

32. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

33. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

36. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

37. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

38. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır, iddia bu hissədə də təmin edilməlidir.

39. xx.xx.2025-ci il tarixli ekspert rəyində illik 5 faizlə hesablanan faiz borcunun məbləği 12509,50 ABŞ dolları müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

40. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 118200 ABŞ dolları əsas borc, 7053,10 ABŞ dolları faiz borcu, 12378,17 ABŞ dolları illik beş faizlə hesablanmış faiz borcu, ümumilikdə 137631,27 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 523,98 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 22,02 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

43. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir.

44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 100 (bir yüz) manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 118200 ABŞ dolları əsas borc, 7053,10 ABŞ dolları faiz borcu, 12378,17 ABŞ dolları illik beş faizlə hesablanmış faiz borcu, ümumilikdə 137631,27 (bir yüz otuz yeddi min altı yüz otuz bir ABŞ dolları iyirmi yeddi sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 523,98 (beş yüz iyirmi üç manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 22,02 (iyirmi iki manat iki qəpik) manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar