Məhkəmə qərarları › İş №e-2-2(113)-3069/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3069/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3069/2024 20.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı «pulun tutulması» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı «pulun tutulması» tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı «pulun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə haqqı borcu xx.xx.2021-ci il tarixli, 723 nömrəli icarə müqaviləsi üzrə 6499.77 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “SPEKTR-İ” Məhdud Məsuliyətli Cəmiyyəti arasında ünvan 1ünvanında yerləşən 3712.1 kv.m. torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 723 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 6499.77 (altı min dörd yüz doxsan doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində icarə haqqı borcu mövcuddur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi barədə” xx.xx.2024-cü il tarixli, 3-21-3/2-1492/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də cavabdeh məktubu qəbul etməkdən, eyni zamanda icarə haqqı borcunu ödəməkdən imtina etmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən xx.xx.2021-ci il tarixli, 723 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə mövcud olan 4999.77 (dörd min doqquz yüz doxsan doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Rüstəmov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh xx.xx.2024-cü il tarixdə 1500 manat vəsait ödəmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbində qeyd olunan borcu etiraf edərək, borcu cari ilin sonuna qədər ödəyəcəklərini bildirdi. Əlavə olaraq bildirdi ki, tərəflərindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 1500 manat vəsait ödənilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Tərəflər arasında bağlanmış 30 avqust 2021-ci il tarixli 723 nömrəli hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İcarəyəverənin icarəyə verdiyi ünvan 2 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 3712.1 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir.

8. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqının vaxtında və tam həcmdə ödənilməsini tələb etmək icarəyəverənin hüququdur.

9. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə torpaq sahəsinin illik icarə haqqı 18000.0 manat; aylıq icarə haqqı 1500.0 manat təşkil edir.

10. Cavabdehin icarə müqaviləsi üzrə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən cavabdehin xx.xx.2024-cü il tarixə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu 4999.77 manat təşkil edir.

11. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 1500 manat icarə haqqı ödənilmişdir.

12. Daşınmaz əmlakın dövlət registrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən cavabdehə icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 3712.1 kv.m torpaq sahəsi dövlətin mülkiyyətindədir.

13. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

14. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 30 avqust 2021-ci il tarixli 723 nömrəli icarə müqaviləsi bağlanmış, icarə müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixə 4999,77 manat borcu qalmış, müqavilə bağlandığı tarixdən hazıradək göstərilən torpaq sahəsi cavabdehin istifadəsindədir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

16. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 30 avqust 2021-ci il tarixli 723 nömrəli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

17. İddia ərizəsində xx.xx.2024-cü il tarixə yaranmış ümumilikdə 4999,77 manat icarə haqqının cavabdehdən tutulması tələb edilsə də, materiallardan və tərəflərin nümayəndələrinin izahatlarından göürünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya 1500 manat vəsait ödənilmişdir.

18. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 3499,77 manat məbləğində pul (4999,77 manat – 1500 manat) tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

21. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən 55 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3499,77 (üç min dörd yüz doxsan doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 55 (əlli beş) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar