Məhkəmə qərarları › İş №e-2-2(113)-307/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-307/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-307/2021 23.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 02 iyun 2016cı il tarixli, “H01516” saylı kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilə daxilində 26.05.2017-ci il tarixli, H041KR17-H01516 saylı kredit sazişi üzrə məbləği 41.405,92 manat məbləğində əsas, 4391,33 manat məbləğində faiz və kreditin gecikdirilməsinə görə hesablanmış 8585,50 manat məbləğində cərimə olmaqla, cəmi 54.382,75 manat məbləğində borcun və tərəflərindən işin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq banka ödənilməsini; yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin 02 iyun 2016-cı il tarixli, 3M-233 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758/759, 76 nömrəli mənzilə yönəldilməsini; həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı АSC ilə cavabdeh, Cavabdeh arasında bağlanmış 02 iyun 2016-cı il tarixli, “H01516” saylı kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilə daxilində 26.05.2017-ci il tarixli, H041KR17- H01516 saylı kredit sazişinə əsasən, bank kredit alana 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə, 86.402,77 manat məbləğində kredit ayırmışdır. Kredit alan müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və qaytarmağı öhdəsinə götürmüşdür. Kredit alan tərəfindən müqavilənin şərtləri dəfələrlə kobud şəkildə pozulmuş, imzalanmış ödəniş cədvəlinə müvafiq olaraq üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmişdir. Belə ki, kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlinə müvafiq olaraq, 15.09.2020-ci il tarixinə kredit alanın banka borc məbləği 41.405,92 manat əsas, 4391.33 manat faiz və kreditin gecikdirilməsinə görə hesablanmış 8585,50 manat cərimə olmaqla, cəmi 54.382,75 manat təşkil edir. Yaranmış borcla bağlı kredit alana dəfələrlə şifahi və yazılı şəkildə xəbərdarlıq edilsə də, borcun ödənilməsi bu günədək təmin edilməmişdir. Sonuncu dəfə kredit alana, 27 avqust 2020-ci il tarixli, HD-92/20 nömrəli bildirişlə yazılı şəkildə xəbərdarlıq edilsə də, borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Beləliklə, bank tərəfindən kredit alanla mübahisənin məhkəməyə qədər həlli (pretenziya) qaydasına riayət edilsə də, bu bir nəticə verməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh (və ya onun nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq COVİD-19 virusuna yoluxması ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, MPM-in tələblərinə əsasən birinci instansiya məhkəməsində işlərə baxılması zamanı tərəflərin vəkillə təmsil olunması məcburi sayılmadığından vəkilin məhkəmə iclasında iştirakı mümkün olmadığı halda tərəf şəxsən məhkəmə iclasında iştirak etməklə mövqeyini müdafiə etmək imkanına malikdir. Məhkəmə yuxarıda göstərilən halları, eləcə də iş üzrə keçirilmiş sonuncu üç məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin və ya onun nümayəndəsinin həmin məhkəmə iclaslarında iştirak etmədiyini nəzərə alaraq MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. MPM-in: 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. 185.6-ci maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ASC (bank) ilə Cavabdeh (kredit alan) arasında 02 iyun 2016-cı il tariхli, H01516 saylı kredit limitinin ayrılması haqqında müqavilə bağlanmışdır. Həmin müqavilədən müəyyən olunur ki, bank kredit alana 84 ay müddətinə 300.000 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin: 2.1.3-cü bəndinə əsasən illik maksimum 30% dərəcəsi ilə kredit limitin ayırması nəzərdə tutulur. Kredit alan bu Müqavilə və kredit limitin ayrılması haqqında müqavilə daxilində kredit sazişləri ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti kredit sazişinin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən qaytarmağı öhdəsinə götürür. 5.2-ci bəndinə əsasən bu müqavilə çərçivəsində verilən kreditlər üzrə gecikdirilmiş kreditlərə görə, kredit alan kredit sazişləri ilə müəyyən olunan kredit borcunun gecikdirilən hissəsinin kredit sazişi ilə müəyyən olunan miqdarında cərimə ödəyir. Müqavilə bank tərəfindən imza və möhür ilə, kredit alan tərəfindən imza ilə təsdiq edilmişdir. 26.05.2017-ci il tarixdə İddiaçı ASC (bank) ilə Cavabdeh (kredit alan) arasında 02 iyun 2016-cı il tariхli, H01516 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində H041KR17-H01516 saylı kredit sazişi bağlanmışdır. Həmin sazişin: 1-ci maddənin: B bəndinə əsasən kreditin məbləği 86.402,77 manat təşkil edir; C bəndinə əsasən kreditin müddəti 48 ay təşkil edir; Ç bəndinə əsasən kredit üzrə faiz illik 23% təşkil edir; 2-ci maddənin: C bəndinə əsasən cərimə məbləği – kreditin gecikdirilən hissəsi üzrə gündəlik 0,5% təşkil edir. Saziş bank tərəfindən imza və möhür ilə, kredit alan tərəfindən imza ilə təsdiq edilmişdir. 02 iyun 2016-cı il tariхli, H01516 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində 26.05.2017-ci il tarixdə H041KR17-H01516 saylı kredit sazişi əsasında tərtib edilmiş kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən müəyyən edilir ki, kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 86.402,77 manat, faizin məbləği 46.429,00 manat, cəmi ödəniləcək məbləğ 132.831,77 manat təşkil edir. Cədvəl bank tərəfindən imza və möhür ilə, kredit alan tərəfindən imza ilə təsdiq edilmişdir. İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka qoyan) arasında 02 iyun 2016cı il tariхli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə, 62 nömrəli binanın “B” girişində yerləşən 3 otaqdan ibarət olan yaşayış sahəsi 89,57 kv.m., ümumi sahəsi 149,06 kv.m olan 76 nömrəli mənzil (çıxarış: Seriya: MH, № 0036833, dövlət reyestrində 158 nömrəli reyestr kitabının 15921 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********88-05301-093018, qeydiyyat nömrəsi 110632865, qeydiyyat tarixi 05.09.2006) ipoteka qoyanın 02 iyun 2016-cı il tariхli, H01516 saylı kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilənin daxilində bağlanan kredit sazişlərindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri qiymətləndirmə aktına əsasən 255.000 manat təşkil edir. 3.1.1-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak ipoteka qoyanın sahibliyində və istifadəsində qalır. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 4758-759-cu məhəllədə istifadədə olan 182 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 16 mərtəbəli binanın “B” girişində, 9-cu mərtəbəsində yerləşən 149,09 kv.m. ümumi, 89,57 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 76 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 158 nömrəli reyestr kitabının 15921 nömrəli vərəqində qeydiyyata alınmışdır. 01.09.2020-ci il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh bildirilmiş ünvanlanaraq, Cavabdeh 02 iyun 2016-cı il tarixli, H01516 saylı kredit müqaviləsindən irəli gələn 41.405,92 manat məbləğində əsas borc, 4.020,98 manat məbləğində faiz borcu, 8.585,5 manat məbləğində cərimə borcu ödənilmədiyindən ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə, 62 nömrəli binanın “B” girişində yerləşən 76 nömrəli mənzilə yönəldilməsi proseduruna başlanacağı bildirilmişdir. İpoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş 07.09.20201-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 18.05.2021-ci il tarixli, LP-085/21 saylı rəyə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə, 62 saylı evin, 76 saylı mənzilin real bazar qiyməti 320.000 manat, likvid qiyməti isə 300.000 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında 02 iyun 2016-cı il tariхdə, H01516 saylı kredit limitinin ayrılması haqqında müqaviləsi bağlanmışdır. İddiaçı ASC göstərilən müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra edərək kredit məbləğini cavabdehin mülkiyyətinə versə də, Cavabdeh kredit məbləğini müqavilədə müəyyən edilmiş müddət ərzində iddiaçıya qaytarmamaqla kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə Cavabdeh 02 iyun 2016-cı il tariхli, H01516 saylı kredit limitinin ayrılması müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını, İddiaçı ASC-nin isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC cavabdehdən həmin müqavilə üzrə əsas və faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə 13.01.2021-ci il tarixə cavabdehin İddiaçı ASC-yə olan əsas borcunun 41.405,92 manat, bank tərəfindən iddia tələbi irəli sürülərkən borcun hesablandığı tarixə - 15.09.2020-ci il tarixinə faiz borcunun 4,135,09 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək bu baxımdan, eyni zamanda məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan əsas borcun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən ekspert rəyi ilə mübahisəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə əsas borcunun mövcud olması öz təsdiqini tapmışdır. Odur ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 41.405,92 manat məbləğində əsas borc tutulmalıdır. Cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, İddiaçı ASC iddia ərizəsində 15.09.2020-ci il tarixədək olan müddət üçün hesablanmış 4.391,33 manat məbləğində faiz borcunun ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə ekspert rəyi ilə cavabdehin iddiaçıya həmin tarixə olan faiz borcunun 4.135,09 manat olmasının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməli və cavabdehdən 15.09.2020-ci il tarixə olan 4.135,09 manat məbləğində faiz borcu tutulmalıdır. İddiaçı ASC-nin 8585,50 manat məbləğində dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tutulması tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq tutulması tələb olunan dəbbə pulunun azaldılaraq 3.000 manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı ASC kredit müqaviləsinə əsasən borcun tutulması tələbi ilə yanaşı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2016-cı il tariхli ipoteka müqaviləsinə əsasən 02 iyun 2016-cı il tariхli, H01516 saylı kredit limitinin ayrılması haqqında müqaviləsi ilə öhdəliklərin icrasına təminat olaraq tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllədə yerləşən 62 nömrəli binanın 76 nömrəli mənzili ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İşin yuxarıda göstərilən halları ilə isə təsdiq edilir ki, Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, borc üzrə tutma Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllədə yerləşən 62 nömrəli binanın 76 nömrəli mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh qaytarılmalı, Satışdan əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi ümumi qaydada Cavabdeh tutulmalıdır. Bundan əlavə “İpoteka haqqında” Qanunun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından müəyyən edilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetinin resal bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyləri alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan mənzilin real bazar qiyməti 320.000 manat, likvid dəyəri isə 300.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qiymətləndiricinin müəyyən etdiyi ipoteka predmetinin real bazar qiymət və likvid dəyərini, eləcə də yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllədə yerləşən 62 nömrəli binanın 76 nömrəli mənzilinin ilkin satış qiyməti 300.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı qətnamə ilə iddia qiymətinin 90%-inə yaxın məbləğə münasibətdə iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat pul, eyni zamanda qiymətləndirici xidmətlərinə görə "xxxx" MMC-yə iddiaçı tərəfindən ödənilmiş pulun əvəzi olaraq 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eləcə də iş üzrə keçirilmiş məhkəmə -mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 41.405,92 manat (qırx bir min dörd yüz beş manat doxsan iki qəpik) məbləğində əsas borc, 4.135,09 manat (dörd minyüz otuz beş manat doqquz qəpik) məbləğində faiz borcu, 3000 (üç min) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 48.541,01 manat (qırx səkkiz min beş yüz qırx bir manat bir qəpik) məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllədə yerləşən 62 nömrəli binanın 76 nömrəli mənzilinə yönəldilsin. Həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 300.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC -nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh qaytarılsın. Satışdan əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh tutulsun. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul məbləği Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Mütəxəssis rəyinin verilməsinə görə ödənilməli olan 300 (üç yüz) manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin bank hesabına (VÖEN:**********, "xxxx" ASC-nin Yasamal filialı, VÖEN: **********, kod:512565, h/h:AZE30AZRT********************, m/h:AZE02NABZ********************; SWİFT:AZRTAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar