Məhkəmə qərarları › İş №e-2-2(113)-3074/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3074/2023

04.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3074/2023 04.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, Cavabdeh4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qarşı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 17.123,2 manat əsas, 1.846,18 manat faiz, 327,24 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 19.296,62 manat borcun və 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya xərcinin) tutulması; tutmanın İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh4 mülkiyyətindəki HİTACHİ ZX180W markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, narıncı rəngli ekskavatorun (ban: JK6CCB**********5, mühərrik № 926699 ) açıq hərrac vasitəsilə satılması hesabına ödənilməsi; ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehlər tərəfindən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 mart 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən X3 İddiaçı ASC-dən illik 30 %-lə 120 ay müddətinə 250.000 manat məbləğində kredit limiti ayrılmışdır. 18 mart 2021-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən X5 İddiaçı ASC-dən illik 21 faizlə 24 ay müddətinə 45.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh4 oğu və Cavabdeh3 ilə 17 mart 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda borcun təminatı olaraq Cavabdeh4 mülkiyyətindəki HİTACHİ ZX180W markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, narıncı rəngli ekskavator (ban: JK6CCB**********5, mühərrik № 926699 ) 17 mart 2021-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilərək, dövlət qeydiyyatına alınmışdır. 2023-cü il fevral ayının 13-dək X2 18 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 17.123,2 manat əsas borc, 1.846,18 manat faiz borcu, 1.308,94 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 20.278,32 manat borcu vardır. X2 18 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 1.308,94 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 75% miqdarında olmaqla, yəni 327,24 manat məbləğində tələb olunur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov (ipoteka) predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda bildirişin qeydə alınması barədə reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında 19 aprel 2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmişdir. Məhkəmə iclasında Cavabdeh4 borcu olduğunu etiraf edərək, izahatında sonuncu dəfə noyabr ayında ödəniş etdiyini, hesablanmış borc məbləğinin həcmi ilə və ekspert rəyləri ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və tarixi barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər və iddiaçı iclasda iştirak etməmiş, lakin iddiaçı ərizə ilə müraciət edərək, iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, digər cavabdehlər gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən tərəflər kredit limitinin məbləği 250.000 manat, kredit limitinin müddəti 120 ay, kredit limiti üzrə 30 faiz dərəcəsi və kredit limiti üzrə illik cərimə 72 faiz dərəcəsi olmaqla kredit limitinin ayrılması, kreditin təminatı kimi Cavabdeh4 ilə bağlanan ipoteka müqaviləsinin bağlanması barədə razılığa gəlmişlər. Kredit məbləğinə hesablanmış faizləri, kreditin ödənişləri və digər şərtləri tərəflərin razılığı əsasında əlavə kredit müqavilələri ilə tənzimlənir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (zaminlər) arasında müvafiq olaraq xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən zaminlər, xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilələr kreditorun imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir. İddiaçı ASC (ipoteka saxlayan), Cavabdeh1 (borc alan) və Cavabdeh4 (ipoteka qoyan) arasında 17 mart 2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı xx.xx.2021-ci il tarixli, 3-MAGZ3- 5-0-104-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün bank qarşısında ipoteka ilə yüklü edir. Müqavilənin: 2.1-ci bəndinə əsasən ipotekanın predmeti mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus HİTACHİ ZX180W ekskavator (narıncı rəngli) markalı 10BC110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir. 2.2-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 85.000 manat məbləğində müəyyən edilmişdir. 7.1-ci bəndinə əsasən qanunvericilikdə və bu müqavilədə müəyyən edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan hərhansı biri və ya bir neçəsi baş verdikdə ipoteka saxlayan ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ vardır. 12.1-ci bəndinə əsasən bu müqavilə tərəflər onu imzaladığı gündən bağlanmış, qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alındıqdan sonra isə qüvvəyə minmiş hesab edilir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə ipoteka qoyan, ipoteka saxlayan və borc alan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir. İpoteka müqaviləsinin qedyiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi Reyestrindən 001555 saylı xx.xx.2021-ci il tarixli Çıxarışla təsdiq edilir ki, HİTACHİ ZX180W Ekskavator (narıncı rəngli) markalı 10BC110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində Cavabdeh4 mülkiyyət hüququ 17 mart 2021-ci il tarixli, 3-MAGZ3-5-0- 104-21 saylı ipoteka müqaviləsi əsasında İddiaçı ASC-nin qarşısında xx.xx.2021-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 saylı kredit müqaviləsinə əsasən kreditor biznes məqsədi üçün borc alana kreditin müddəti 24 ay (bitmə tarixi xx.xx.2023-cü il), kredit üzrə faiz dərəcəsi 21%, kredit üzrə illik cəriə faiz dərəcəsi 72% olmaqla, 45.000 manat məbləğində kredit verir. Müqavilə hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir. 3-MAGZ3-5-0-104-21 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 45.000 manat, faizin məbləği 10.260,65 manat, cəmi ödəniləcək məbləğ 55.260,65 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank və borcalan tərəfindən imzalanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka qoyan Cavabdeh4 ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2023-cü il tarixli bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq HİTACHİ ZX180W Ekskavator (narıncı rəngli) markalı 10BC110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edildiyi və həmin ipoteka müqaviləsinin daşınar əmlakın müvafiq dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş və xx.xx.2021-ci il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixinə əsas borcu 17.123,2 manat, faiz borcu 1.846,18 manat, cərimə borcu 1.308.94 manat olmaqla cəmi borc 20.278,32 manat təşkil edir. Yelo Bank” ASC tərəfindən verilmiş sonuncu hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 sonuncu dəfə xx.xx.2022-ci il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir. "xxxx" MMC-nin 14 avqust 2023-cü il tarixli, LP-150/2023 saylı mütəxəssis rəyinə əsasən HİTACHİ ZX180W Ekskavator (narıncı rəngli) markalı 10BC110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hazırkı bazar dəyəri 45.000 manat, likvid qiyməti 40.000 manat dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 9/5184 saylı ekspert rəyinə əsasən Cavabdeh1 hesabdan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 saylı krеdit müqaviləsinin şərtləri əsas götürülməklə, Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə (ipotekaya tutma yönəldilməsi barədə bildirişin göndərildiyi tarixə) banka olan əsas borcu 17.464,84 manat, faiz borcu isə 560,33 manat məbləğində, xx.xx.2023-cü il tarixə (maliyyə arayışının verildiyi tarixə) banka olan əsas borcu 17.464,84 manat, faiz borcu isə 753,90 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 saylı kredit limiti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 250.000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin müqavilə əsasında tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 biznes məqsədi üçün borc alana kreditin müddəti 24 ay olmaqla, 45.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı ASC Cavabdeh1 müqavilədə müəyyən edilmiş şərtlərlə 45.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. İddiaçı ASC hazırda 18 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 17.123,2 manat əsas və 1.846,18 manat faiz borcunun tutulmasını tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki, Cavabdeh1 məhkəmədə verdiyi izahatında mübahisəli kredit müqaviləsi üzrə hesablanmış borcun ekspert rəyində göstərilən məbləğdə olması faktını etiraf etmişdir. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Digər tərəfdən isə borc məbləğlərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə (ipotekaya tutma yönəldilməsi barədə bildirişin göndərildiyi tarixə) banka olan əsas borcu 17.464,84 manat, faiz borcu isə 560,33 manat məbləğində, olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Bununla belə əsas borc məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh1 banka olan əsas borcun ekspert rəyində göstərilən məbləğdə olmasını qəbul etsə də İddiaçı ASC isə 18 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 17.123,2 manat əsas borcu tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə işə iddia tələbləri həddində baxaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 saylı kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia təmin edilməli, 17.123,2 manat məbləğində əsas borcun Cavabdeh1 bankın xeyrinə tutulmalıdır. Faiz borcu məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərə xx.xx.2023-cü il tarixli ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərməklə kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsinə və belə olan halda mübahisəli kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Odur ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malik olduğundan mübahisəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcu ekspert rəyində müəyyən edilmiş xx.xx.2023-cü il tarixə olan faiz borcu əsas götürülməklə 560,33 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. İşin yuxarıda göstərilən hallarından isə görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunu ödəniş qrafikinə uyğun ödəməməklə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri əhəmiyyətli dərəcədə pozmuş, belə olan halda isə iddiaçının kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Odur ki, İddiaçı ASC Cavabdeh1 17.123,2 manat məbləğində əsas və 560,33 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı İddiaçı ASC əsas və faiz borcu ilə yanaşı 327,24 manat məbləğində dəbbə pulunun ilkin Cavabdeh1 tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini də tələb etməkdə haqlıdır. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 saylı kredit limiti müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kreditor) ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (zaminlər) arasında müvafiq olaraq xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşlar. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 saylı kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Bundan əlavə iş materiallardan görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 kredit limiti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı ASC və Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 saylı ipoteka müqaviləsinə əsasən hazırda mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus HİTACHİ ZX180W Ekskavator (narıncı rəngli) markalı 10BC110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutma yönəldilməsi ilə bağlı “İpotekahaqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınar əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh Bayramov Heyrat Vahid oğlu kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh4 məxsus HİTACHİ ZX180W Ekskavator (narıncı rəngli) markalı 10BC110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 147,89 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunun məbləğindən artıq olduğundan mediasiya xərclərini ödəmiş ilkin iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 190 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaitinin 190 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 10 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməli, qiymətləndirmə rəyinin alınmasına görə 200 manat məbləğində pul vəsaitinin 190 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 10 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 18 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 17.123,2 manat əsas, 560,33 manat faiz, 327,24 manat cərimə borcu olmaqla, ümumilikdə 18.010,77 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh4 mülkiyyətində olan HİTACHİ ZX180W Ekskavator (narıncı rəngli) markalı 10BC110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər X1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulsun. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaitinin 190 manat hissəsi cavabdehlər X1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 10 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qiymətləndirmə rəyinin alınmasına görə 200 manat məbləğində pul vəsaitinin 190 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 10 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar