Məhkəmə qərarları › İş №e-2-2(113)-308/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-308/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-308/2025 20.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc, ipoteka, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada onun хеyrinə - 056R********** saylı krеdit razılaşması üzrə 23020,57 manat məbləğində krеdit bоrcu, 3070,4 manat məbləğində faiz bоrcu və 1624,18 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 27715,15 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 173,14 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus olan qeydiyyat nişanı 10BA893 olan, SİNOBOOM GTJZ0608S markalı qaldırıcıya yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və ümumilikdə cəmi 27715,15 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 173,14 manat məbləğində dövlət rüsumunun qeydiyyat nişanı 10BA893 olan, SİNOBOOM GTJZ0608S markalı qaldırıcının hərracdan satışından əldə olunan vəsait hesabına ona ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 056L**********62 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 manat məbləğində krеdit хəttiaçılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 056R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 6979.43 manat ödəmiş, onun 23020.57 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2Adil oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 252 gün üçün hesablanmış faiz borcu 3070.4 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 252 gün üçün hеsablanmış cərimə 1624.18 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh2v’ cavabdeh – ipoteka verən Cavabdeh1ilə Bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 056M**********01 saylı ipoteka müqaviləsi (Bakışəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilib) əsasında qeydiyyat nişanı 10BA893 olan, SİNOBOOM GTJZ0608S markalı qaldırıcı iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. X11 İnkişaf Mərkəzi tərəfindən verilmiş № 001726 saylı çıxarışa əsasən Cavabdeh1 məxsus olan qeydiyyat nişanı 10BA893 olan, SİNOBOOM GTJZ0608S markalı qaldırıcı Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə AR Kənd Təsərrüfatı Nazirliyi 1 saylı X12 Mərkəzinə təqdim olunmuş və ərizə xx.xx.2024-cü il tarixində qeydə alınmışdır. İpoteka verən Cavabdeh1 həyat yoldaşı X2 xx.xx.2021-ci il tarixində Bakı şəhəri 53 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, Cavabdeh1 məxsus olan qeydiyyat nişanı 10BA893 olan, SİNOBOOM GTJZ0608S markalı qaldırıcının İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini əsas və faiz borcu hissəsində qəbul etdiyini, hesablanmış cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Sonda o, iddia tələbində qeyd edilmiş əsas borcun ekspert rəyinə uyğun, faiz borcunun isə iddia tələbinə uyğun tutulmasını və cərimə borcunun azaldılmasını qeyd etmiş, ipoteka ilə yüklü edilmiş əmlakın 12000 manat məbləğində qiymətləndirilməsinə etiraz etməmişdir, iddianın qismən təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 056L**********62 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşmaları ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixli 056L**********62 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 056R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC Cavabdeh2 ümumi məbləği 30000 manat olan aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 36 ay müddətinə kredit ayırmışdır. Müqavilənin 4.1.3-cü bəndinə əsasən Kredit alan Ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq Kredit Alanın Bankda olan hesablarından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmçin cərimə borcunun ödənilməsini Kredit Alandan tələb edir. "xxxx" QSC-nin ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 056S**********02 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin giriş hissəsinə əsasən həmin müqavilə "xxxx" QSC ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 056L**********62 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərini təmin etmək üçün bağlanmış, kreditin məbləği 500000 manat məbləğində, müddəti 120 ay, faiz dərəcəsinin yuxarı həddi 28%, ödənişlərin dövriliyinin hər təqvim ayında bir dəfə olması müəyyən edilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır; 3.1.1-ci bəndinə əsasən kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir; 3.1.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ gecikdirilərkən, zamin hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəyir; 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. "xxxx" QSC-nin ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 056S**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin giriş hissəsinə əsasən həmin müqavilə "xxxx" QSC ilə borclu Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 056L**********62 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərini təmin etmək üçün bağlanmış, kreditin məbləği 500000 manat məbləğində, müddəti 120 ay, faiz dərəcəsinin yuxarı həddi 28%, ödənişlərin dövriliyinin hər təqvim ayında bir dəfə olması müəyyən edilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır; 3.1.1-ci bəndinə əsasən kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir; 3.1.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ gecikdirilərkən, zamin hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəyir; 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. 27 avqust 2021-ci il tarixli, 056M**********01 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2-ci bəndində göstərilən əmlakı tərəflər arasında Bakı şəhərində bağlanmış xx.xx.2021-ci il tarixli 056L**********62 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 12000 manat müəyyən edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən ipotekaya verilən əmlakın təsviri: Cavabdeh1 məxsus olan Avtomobil ipotekası. Texniki göstəricilər: buraxılış ili: 2018, rəngi: qırmızı, dövlət qeydiyyat nişanı 10BA893 olan, SİNOBOOM GTJZ0608S markalı qaldırıcı. xx.xx.2024-cü il tarixli bank tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh2 23020,57 manat məbləğində əsas bоrcu, 3070,4 manat məbləğində faiz bоrcu və 1624,18 manat məbləğində cərimə borcu, cəmi 27715,15 manat borcu vardır. xx.xx.2021-ci il tarixli 056L**********62 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 056R********** saylı kredit razılaşması üzrə tərtib edilmiş ödəniş planından görünür ki, ümumi məbləği 30000 manat olan aylıq faiz dərəcəsi 1.9167% olmaqla verilmiş kreditə görə X9 06 iyul 2022-ci il tarixdən 06 iyun 2025-ci il tarixinə qədər hər ayın 06-sı (və ya 8-i olmaqla) 1172 manat, sonuncu ay 1147,56 manat ödəməlidir. Hesabdan çıxarış məlumatlarına əsasən müəyyən edilir ki, 30000 manat kredit Cavabdeh2 AZ50ACAB**********0000924451 nömrəli hesabına köçürülmüşdür. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrinin 001726 saylı 27 avqust 2021-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh1 mülkiyyətindəki 10BA893 olan, SİNOBOOM GTJZ0608S markalı qaldırıcı xx.xx.2021-ci il tarixli 056M**********01 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, ipoteka saxlayan İddiaçı QSC qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2024-cü il tarixli, 9/6799 saylı ekspert rəyinə əsasən Cavabdeh2 "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixli 056L**********62 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 31 may 2022-ci il tarixli 056R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas kredit borcu 22203,41 manat, faiz borcu 3901,02 manat və xx.xx.2024-cü il tarixə (ekspert rəyinin verildiyi tarixə) əsas kredit borcu 22203,41 manat, faiz borcu 8043,18 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərrə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 056L**********62 saylı uzunmüddətli kredit müqaviləsi tərkibində bağlanmış 31 may 2022-ci il tarixli 056R********** saylı kredit razılaşması üzrə əsasən sonuncuya 36 ay müddətinə aylıq 1.9167 %-lə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər, həmçinin Cavabdeh1 ilə Bank arasında bağlanmış 27 avqust 2021-ci il tarixli, 056M**********01 saylı ipoteka müqaviləsinə əsasən öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 mülkiyyətində olan 10BA893 dövlət qeydiyyat nişanlı SİNOBOOM GTJZ0608S markalı qaldırıcı ipoteka ilə yüklü edilmişdir. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. xx.xx.2021-ci il tarixli 056L**********62 saylı uzunmüddətli kredit müqaviləsi tərkibində bağlanmış 31 may 2022-ci il tarixli 056R********** saylı kredit razılaşmasına əsasən iddiaçı 23020.57 manat əsas, 3070.4 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, maliyyə arayışının tərtib edildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixə əsas borc 22203,41 manat, faiz borcu isə 3901,02 manat hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, əsas borcun məbləği ekspert rəyinə uyğun olaraq 22203,41 manat müəyyən olunmalıdır. Ancaq MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, faiz borcun məbləği isə iddia tələbində ekspert rəyinə nisbətdə daha az göstərildiyindən faiz borcu iddia tələbinə uyğun olaraq 3070,40 manat müəyyən olunmalıdır. Eyni zamanda iddiaçı 1624,18 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 1110 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddiaçı tutumanın ipoteka predmeti olan Cavabdeh1 məxsus 10BA893 dövlət qeydiyyat nişanlı SİNOBOOM GTJZ0608S markalı qaldırıcıya yönəldilməsini, həmin əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsini və hərracdan əldə olunacaq vəsait kifayət etmədikdə qalan borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə vaxtaşırı ödənişləri ödəmədiklərindən iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsini və açıq hərracdan satılmasını tələb etməkdə haqlıdır. İpoteka predmeti olan 10BA893 dövlət qeydiyyat nişanlı SİNOBOOM GTJZ0608S markalı qaldırıcı açıq hərracda satılarkən ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ilkin satış qiyməti müəyyən edildiyindən və cavabdehlər ilkin satış qiyməti ilə razılaşdıqlarından ipoteka predmetinin ilkin satış qiyməti 12000 manat müəyyən olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh1 məxsus 10BA893 dövlət qeydiyyat nişanlı SİNOBOOM GTJZ0608S markalı qaldırıcıya yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, ilkin satış qiyməti 12000 manat müəyyən olunmalı, satışdan əldə olunmuş vəsait hesabına borc iddiaçının xeyrinə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 173,14 manat dövlət rüsumunun 169,15 manat hissəsinin əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 5 manat məbləğində hissəsi İddiaçı ASCdən, 95 manat məbləğində hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada krеdit müqaviləsi üzrə 22203,41 manat məbləğində əsas bоrc, 3070,40 manat məbləğində faiz bоrcu və 1110 manat məbləğində cərimə borcu olmaqla cəmi 26383 (iyirmi altı min üç yüz səksən üç) manat 81 (səksən bir) qəpik borc, habelə ödənilmiş dövlət rüsumunun 169 (yüz altmış doqquz) manat 15 (on beş) qəpiyinin əvəzi İddiaçı QSC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətindəki ipoteka ilə yüklü edilmiş 10BA893 dövlət qeydiyyat nişanlı SİNOBOOM GTJZ0608S markalı qaldırıcıya yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, ilkin satış qiyməti 12000 (on iki min) manat müəyyən edilsin, satışdan əldə olunmuş vəsait hesabına 26383,81 manat məbləğində borc və 169,15 manat dövlət rüsumunun əvəzi ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 95 (doxsan beş) manat məbləğində hissəsi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada, 5 (beş) manat məbləğində hissəsi isə iddiaçı "xxxx" QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar