Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3081/2023 19.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər XXXXna və digərlərinə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, restrukturizasiya, zaminliyə xitam, zamindən tələb hüququnun kəsici müddəti, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər XXXXna, Cavabdeh3, XXXX qızına qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) cavabdehlər XXXX, Cavabdeh3 və XXXX qızına qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1856,34 ABŞ dolları əsas borc, 439,81 ABŞ dolları faiz borcu, 2992,66 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən əsas borca illik 5% ilə hesablanmış 270,4 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 5559,21 məbləğində pulun və ödənilmiş 4,51 manat dövlət rüsumunun, 110 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçının Yasamal filialı ilə cavabdeh XXXX arasında ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə sonuncuya dövriyyə vəsaitinin artırılması məqsədi ilə 24 ay müddətinə illik 33% dərəcəsi ilə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh XXXXna kredit verilərkən Cavabdeh3 və XXXX qızı ilə iddiaçı arasında 440005063/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və cavabdeh XXXXnun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində iddiaçıya dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, cavabdehlər Cavabdeh3 və XXXX qızı iddiaçı qarşısında cavabdeh XXXX ilə eyni həcmdə məsuliyyət daşıyır. 2.2. Həmin kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4790,24 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Cavabdeh XXXX isə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 125 manat məbləğində ödəniş etmişdir. 2.3. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərə qarşı “borcun ödənilməsi” tələbi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etmədiklərindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/10-000155 nömrəli xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********769 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni iddiaçının fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idilər, iddiaçı öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 449, 739-cu və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3081/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
5. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçı ilə Cavabdeh3 bağlanmış zaminlik müqaviləsi üzrə zaminə qarşı yönələ biləcək tələb barədə iddia müddəti ötürülmüşdür. Bu səbəbdən iş üzrə iddia müddəti tətbiq edilərək həmin cavabdehin zamin qismində iştirakına xitam verilməlidir.
6. Ərizədə etirazın hüquqi əsası kimi Mülki Məcəllənin 372.1, 375.2, 477.0.4-cü maddələri və s. maddələr qeyd edilmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə digər cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, təkrar və ya əlavə ekspertizanın keçirilməsi barədə vəsatəti yoxdur, 23 avqust 2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasına münasibəti məhkəmənin mülahizəsinə buraxır.
9. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etdi ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə dondurulmuş 1320,04 ABŞ dolları faiz borcu və 1281,03 ABŞ dolları cərimə borcu hazırda iddianın obyektini təşkil edən 2992,66 ABŞ dolları cərimənin tərkibində tələb olunur.
10. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia müddəti keçdiyindən Cavabdeh3 münasibətdə iddianın rədd edilməsini xahiş etdi.
11. Cavabdehlər XXXX və Cavabdeh1 qeydiyyatda olduğu ünvanlarına məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilmişdir. Lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə həmin cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. İddiaçı (kreditor qismində) ilə cavabdeh XXXX (borcalan qismində) arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin 1-ci hissəsinə əsasən, həmin müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir.
15. Adıçəkilən müqavilənin 2-ci hissəsinə əsasən, kreditor borcalana 6370 ABŞ dolları məbləğində kredit verir (2.1). Bu müqaviləyə əsasən kredit borcalana dövriyyə vəsaitini məqsədilə verilir (2.2). Kredit 24 ay müddətinə verilir (2.3). Kreditin istifadəsinə görə borcalan kreditora illik 33 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 33 faiz təşkil edir (2.4). Güzəşt müddəti yoxdur (2.6).
16. Sözügedən müqaviləyə 1 nömrəli əlavədən görünür ki, kreditin verilmə tarixi xx.xx.2014-cü il, son ödəmə tarixi xx.xx.2016-cı il, kreditin məbləği 6370, kreditin illik faiz dərəcəsi 33%, faktiki illik faiz dərəcəsi 33%, aylıq ödəniş 366,21 ABŞ dolları, banka ödəniləcək ümumi faiz məbləği 2418,99 ABŞ dolları, ümumi məbləğ isə 8788,99 ABŞ dolları təşkil edir.
17. İddiaçı (kreditor qismində), cavabdeh XXXX (borcalan qismində) ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (zamin qismində) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 440005063/ZM nömrəli zaminlik müqaviləsinə əsasən, həmin müqavilənin predmeti ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsidir (1.1). Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayrılan vəsaitdir (1.2). Zaminliklə təmin edilmiş öhdəlik: 6370 ABŞ dolları təşkil edən kredit məbləği (2.1); 24 ay təşkil edən kreditin qaytarılma müddəti (2.2); 33% təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi (2.3); 66% təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək illik 5,5% isə aylıq cərimə faiz dərəcəsi (2.4).
18. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə sazişdən görünür ki, kredit aşağıdakı şərtlərlə restrukturizasiya edilir: borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4790,24 ABŞ dolları təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1,4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2189,17 ABŞ dolları əsas borc, 1320,04 ABŞ dolları faiz borcu və 1281,03 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu əlavə saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və lazımınca icra edildikdə və 12 aydan sonra ilk 12 ay ərzində gecikmə günlərinin sayı 30 gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə ilk 12 ay ərzində gecikmə günlərinin sayı 30 gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kredit 12 aydan öncə tam bağlanarsa, ödənilmiş məbləğ 12 ayın yerdə qalan ayları üzrə bu sazişə əlavə edilmiş ödəniş qrafikinə əsasən hesablanacaq faizlər həcmində dondurulmuş faizlərdən silinir və dondurulmuş faizlərin qalan hissəsi kreditor tərəfindən güzəşt edilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir (1.1). Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 (səkkiz) faiz təşkil edir (1.2).
19. Həmin əlavə sazişə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2017-ci il, son ödəniş tarixi xx.xx.2020-ci il, hər ay 80,75 ABŞ dolları (sonuncu ay isə 80,89 ABŞ dolları) olmaqla ümumilikdə 2189,17 ABŞ dolları, 233,47 ABŞ dolları faiz borc üzrə ödənişlərin edilməsi nəzərdə tutulmuşdur.
20. xx.xx.2014-cü il tarixli ********* nömrəli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4790,24 ABŞ dolları təşkil edir (1.1). Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2189,17 ABŞ dolları əsas borc, 1320,04 ABŞ dolları faiz borcu və 1281,03 ABŞ dolları cərimə borcu təşkil edir (1.1.1). Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir (1.2). Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 (səkkiz) faiz təşkil edir (1.4).
21. İddia ərizəsinə əlavə edilmiş 09 fevral 2023-cü il tarixli **********728 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 30 yanvar 2023-cü il tarixə əsas borc 1856,34 ABŞ dolları, müqavilə müddətinə faiz borcu isə 439,81 ABŞ dolları təşkil edir.
22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3081/2023 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 23 avqust 2023-cü il tarixli 9/6053 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 28 mart 2020-ci il tarixə (müqavilənin bitdiyi tarixə) xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə 02 nömrəli əlavə sazişə əsasən cavabdeh XXXXnun iddiaçıya olan əsas borcu 1822,7 ABŞ dolları, faiz borcu isə 157,16 ABŞ dolları təşkil edir.
23. Məhkəməyə təqdim edilən cavabdeh XXXXna məxsus bank hesablarından çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə 2 nömrəli əlavə saziş üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir.
24. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh XXXX arasında xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 6370 ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə cavabdeh XXXXna verməyi, cavabdeh isə aldığı pul vəsaitini 24 ay müddətinə, illik 33% dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra adıçəkilən müqavilə üzrə 2189,17 ABŞ dolları əsas, 1320,04 ABŞ dolları faiz və 1281,03 ABŞ dolları cərimə borcu olmaqla qalıq borc xx.xx.2020-ci il tarixədək ödənilmək şərtilə illik 8 faizlə restrukturizasiya edilmişdir. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi və ona xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə saziş üzrə cavabdeh XXXXnun öhdəliklərinin icrasının təminatı olaraq isə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixli 440005063/ZM nömrəli zaminlik müqaviləsi və ona xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə saziş bağlanmışdır. Cavabdeh XXXX kredit məbləğini təşkil edən 6370 ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
25. İddiaçı adıçəkilən kredit müqaviləsi və ona əlavə saziş üzrə 1856,34 ABŞ dolları əsas borc və 439,81 ABŞ dolları faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
26. Cavabdeh3 iddia müddətinin tətbiq edilərək ona qarşı iddianın rədd edilməsini xahiş edir.
27. Cavabdehlər XXXX və XXXX qızı hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən, iddiaya heç bir etiraz etmir.
28. Məhkəmə adıçəkilən cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
30. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
31. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
32. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.
33. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
34. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
35. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
37. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
38. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
39. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı və cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
40. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli 44005063 nömrəli kredit müqaviləsi üzrə borc məbləği 23 avqust 2023-cü il tarixli 9/6053 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyinə uyğun olaraq 1822,7 ABŞ dolları əsas borc, 157,16 ABŞ dolları faiz borcu kimi müəyyən edilməlidir.
41. Məhkəmə zaminlər XXXX qızı və Cavabdeh3 öhdəliyi və onun həcmi barədə aşağıdakıları qeyd edir.
42. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
43. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
44. Həmin Məcəllənin 477.0 və 477.0.4-cü maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
45. xx.xx.2014-cü il tarixli ********* nömrəli zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən zaminliyə xitam verilir: zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürülmədiyi halda.
46. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə nəzərdə tutulmuş müddətin hüquqi təbiəti ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir.
47. İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.
48. Göründüyü kimi, tələb hüquqları üçün, bir qayda olaraq, iddia müddəti xas olsa da, kreditorun zaminə qarşı borcun ödənilməsi tələbi üzrə qanunverici iddia müddəti deyil, kəsici müddət müəyyən etmişdir. Kəsici müddətlər isə cavabdehin ərizə verməsindən asılı olmayaraq tətbiq edilir.
49. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2020-ci il tarixdə başa çatdığından və iddiaçı yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək zamindən pulun tutulmasını tələb etdiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsi və tərəflər arasındakı razılaşmanın 5.1.4-cü bəndinə uyğun olaraq XXXX qızı və Cavabdeh3 zaminliyinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir və onlara qarşı xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən (əlavə saziş daxil olmaqla) irəli gələn iddia təmin oluna bilməz.
50. Məhkəmə “Elektron məhkəmə” informasiya sisteminin məlumatları və xx.xx.2014-cü il tarixli kredit müqaviləsində qeyd olunmuş XXXXnun şəxsiyyət vəsiqəsi məlumatları (AZE 6877371, FİN xxxxxxx) əsasında müəyyən edir ki, XXXXnun soyadı ləğv olunmuşdur (yeni şəxsiyyət vəsiqəsi məlumatları: AZE ********, FİN xxxxxxx).
51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 saylı əlavə saziş üzrə 1822,70 ABŞ dolları əsas borc, 157,16 ABŞ dolları faiz borcu cavabdeh XXX Rüfət Zahid oğlundan tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanan illik 5 faizin tutulması tələbi ilə bağlı
52. İddiaçı xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 saylı əlavə saziş üzrə illik 5 faizlə hesablanmış 270,4 ABŞ dolları pulun cavabdehlərdən tutulmasını xahiş edir.
53. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
54. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).
55. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2020-ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır.
56. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edir ki, müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən etibarən iddiaçının tələb etdiyi (maliyyə arayışı – səh. 31) xx.xx.2023-cü il tarixədək (1039 gün üçün) əsas borca illik 5 faizlə hesablanmış məbləğ 259,5 (1822,7*5/100/365*1039) ABŞ dolları təşkil edir.
57. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən əsas borca illik 5 faizlə hesablanmaqla 259,5 ABŞ dolları məbləğində pul cavabdeh XXX Rüfət Zahid oğlundan tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir (zaminə münasibətdə bax §40-48).
c) Kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
58. İddia ərizəsində iddiaçı 2992,66 ABŞ dolları cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
59. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişə əsasən, əgər ödəniş qrafiki üzrə ilk 12 ay ərzində gecikmə günlərinin sayı 30 gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir.
60. İddiaçı dondurulmuş 1320,04 ABŞ dolları faiz borcunu və 1281,03 ABŞ dolları cərimə borcunun dəbbə pulu kimi tələb edildiyinə istinad edir.
61. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
62. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
63. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
64. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh pul məbləğini qaytarmadığı halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir.
65. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdeh XXXXndan tutulmalı cərimə məbləğinin 90 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
66. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 90 ABŞ dolları cavabdeh XXX Rüfət Zahid oğlundan tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir (zaminə münasibətdə bax §40-48).
d) İddia tələbinin xarici valyutada göstərilməsi ilə bağlı
67. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
68. Qeyd edilən qərara əsasən məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 saylı əlavə saziş üzrə əsas borc, dəbbə pulu və faiz məbləği qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə tutulmalıdır.
e) Məhkəmə xərcləri ilə bağlı
69. İddiaçı eləcə də 110 manat (ödəniş tapşırığı – səh.26) mediasiya xərcinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.
70. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/10-000155 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və ödəniş tapşırığından görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdehlər xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat məbləğində mediasiya xərci ödənmişdir.
71. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən olunur ki, iddia ərizəsinin verilməsi üçün 4,51 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
72. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, 23 avqust 2023-cü il tarixli 9/46053 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 145 manat təşkil edir.
73. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
74. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
75. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
76. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
77. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
78. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 47 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2 manat cavabdeh XXX Rüfət Zahid oğlundan tutularaq iddiaçı LPO İddiaçı ASCyə ödənilməli, mediasiya xərci və dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, ekspertiza xərci olaraq 61 manat cavabdeh XXX Rüfət Zahid oğlundan, 84 manat məbləğində pul iddiaçı LPO İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
79. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Saziş üzrə 1822 (bir min səkkiz yüz iyirmi iki) ABŞ dolları 70 (yetmiş) sent əsas borc, 157 (yüz əlli yeddi) ABŞ dolları 16 (on altı) sent faiz borcu, 90 (doxsan) ABŞ dolları cərimə, əsas borca illik 5% hesablanmaqla 259 (iki yüz əlli doqquz) ABŞ dolları 50 (əlli) sent olmaqla, ümumilikdə 2329 (iki min üç yüz iyirmi doqquz) ABŞ dolları 36 (otuz altı) sent məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cavabdeh XXX XXXX oğlundan (FİN xxxxxxx) tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 47 (qırx yeddi) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2 (iki) manat məbləğində pul cavabdeh XXX Rüfət Zahid oğlundan tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 61 (altmış bir) manat məbləğində pul cavabdeh XXX Rüfət Zahid oğlundan, 84 (səksən dörd) manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova