Məhkəmə qərarları › İş №e-2-2(113)-3081/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3081/2024

10.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3081/2024 10.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. X2 və X7 (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış 02 mart 2022ci il tarixli icarə müqaviləsinə əsasən “İcarəyə verən” X3 (1/2 hissə) və X4 (1/2 hissə) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m olan mənzili aylıq 1000 manata Cavabdeh xx.xx.2024-cü il tarixədək icarəyə vermişdir.

2. X5 və X7 (satıcılar) ilə İddiaçı (alıcı) arasında bağlanmış 06 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcılar X3 və X7 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m olan mənzili 1.400.000 manata İddiaçı satmışdır.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m olan mənzil üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

4. İddiaçı xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin ləğvinə dair bildirişlə Cavabdeh müraciət edərək, bildirmişdir ki, xx.xx.2023-cü ildə onunla X2 və X4 arasında notarial qaydada bağlanmış Alqı-satqı Müqaviləsi əsasında həmin ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 94.5 kv.m mənzil tərəfindən satın alınmışdır. xx.xx.2023-cü il tarixində ona, həm İddiaçı, həm də əvvəlki mülkiyyətçilər birlikdə məlumat verdilər ki, həmin mənzilin kirayə (icarə) haqqını xx.xx.2023-cü ildən başlayaraq artıq ona (İddiaçı) ödəyəcəkdir. Dəfələrlə şifahi xəbərdarlıq etsələr də 2023-cü ilin iyun, iyul, avqust aylarına aid cəmi 12.000 manatlıq icarə haqqını hələ də ödəməmişdir. Bu səbəblə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 685.2.l-ci maddəsinə əsasən onunla, X2 və X4 arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli İcarə Müqaviləsini yeni mülkiyyətçi olaraq xx.xx.2023-cü il tarixində ləğv edir. Bundan başqa daha əvvəl də ona bildirdiyi kimi həmin mənzilə özü və ailə üzvlərinin şəxsi ehtiyacı var və bu səbəblə İcarə Müqaviləsinin ləğv etmək istəyir. O xahişi əsasında icarə haqqını vaxtında ödəmək şərti ilə müqavilə müddəti ərzində orda qalmağına şifahi razılıq verdi. Lakin icarə haqqını artıq 3 ardıcıl aydır ki, ödəmir. Bu səbəblə həmin icarə müqaviləsini həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 692.2.2-ci maddəsinə əsasən də xx.xx.2023-cü il tarixindən ləğv edir. Onunla, X2 və X4 arasında notarial qaydada bağlanmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 94.5 kv.m mənzilin xx.xx.2024-ci il tarixinədək yazılı müqavilə üzrə aylıq 1000 manatlıq, faktiki olaraq avlıq 4000 manatlıq icarə (kirayə) haqqı ilə ona icarəyə (kirayəyə) verilməsinə dair xx.xx.2022-ci il tarixli İcarə Müqaviləsini yeni mülkiyyətçi olaraq Azərbaycan Respublikası Miilki Məcəlləsinin 685.2.1-ci və 692.2.2-ci maddələrinə əsasən xx.xx.2023-cü il tarixindən ləğv edir. Bu səbəblə xahiş edir ki, həmin mənzili xx.xx.2023-cü il tarixində boşaldılsın və ödəmədiyi 12.000 manat icarə haqqını ödəsin, əks təqdirdə tərəfindən qanunvericilik ilə nəzərdə tutulan və qadağan edilməyən bütün addımlar atılacaqdır.

5. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla İddiaçı müraciət edərək, A.Yeganənin məktubunda qeyd etdiyi ziddiyətlə bağlı bildirmək istəyir ki, ortada heç bir ziddiyət və anlaşılmayan bir hissə yoxdur. O icarə haqlarını yetərli qədər ödəmiş və heç bir öhdəliyini pozmamışdır. Əksinə onlar öhdəliklərini pozaraq onun biznesini satmağına mane yaradaraq ona maddi ziyan vurmuşlar və indi hal-hazırda obyekti tərk etməyini istəyirlər. Halbuki o hələ biznesini sata bilməmiş və kirayə haqqını tam ödəmişdir. Əvvəlki icarə haqlarını da və ona da ödəniş etmişdir.

6. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla İddiaçı müraciət edərək, bildirmişdir ki, o, Cavabdeh, 02 mart 2022-ci il tarixində X2 və X1 bağladığı icarə müqaviləsinə xitam vermək məqsədilə hal-hazırki sahibkar İddiaçı məlumat bildirir.

7. İddiaçı (icarəyə verən) ilə “X9” MMC (icarəçi) arasında bağlanmış 20 yanvar 2024cü il tarixli icarə müqaviləsinə əsasən “icarəyə verən” İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m olan mənzili aylıq 5400 manata “X9” MMC-yə xx.xx.2025-ci il tarixədək icarəyə vermişdir.

8. "xxxx" ASC tərəfindən verilmiş (Cavabdeh aid) hesabdan çıxarışa əsasən, xx.xx.2023-cü il tarixində Cavabdeh tərəfindən 2.045 manat məbləğində pul vəsaiti hesabından məxaric edilmişdir.

9. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli pretenziya ünvanlanaraq borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, cavabdeh onun rəhbəri olub, həm də dostluq münasibətləri olub. Obyektdə kassir, menecer vəzifəsində işləmişəm. İddiaçı iyun ayının 14-ü icarə haqqını tələb etməyə gəlmişdir. Həmin vaxt kassada nağd pul vəsaiti olmadığına görə bank hesabından iki min manatdan yuxarı pul çəkilmiş və iki aylıq icarə haqqı ödənilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli İcarə Müqaviləsinə əsasən cavabdehə icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 94.5 kv.m mənzilin xx.xx.2023-ci il tarixindən xx.xx.2023-cü il tarixində qədər ödənilməyən cəmi 20.000 manat icarə (kirayə) haqqı və həmin pulun gecikdirilməsi səbəbi ilə illik 5%-lə hesablanan 3000 manat gecikmə faizini, ümumilikdə 23.000 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 165 manat dövlət rüsumu, 120 manat hüquqi xidmət xərci, cəmi 280 manat məhkəmə xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə X2 və X4 arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94.5 kv.m mənzil xx.xx.2024-ci il tarixinədək yazılı müqavilə üzrə aylıq 1000 manata, faktiki olaraq 4000 manata icarə (kirayə) haqqı ilə icarəyə (kirayəyə) verilmişdir. Yəni Bakı şəhəri Səbail rayonu Məmmədəliyev küçəsi, ev19 məşhur “Tarqoviy” adlanan yerdə yerləşir və həmin yerdə mağazaların 2022-ci ildən bəri 1 kv.m-nin orta hesabla icarə haqqı 40-50 manat təşkil edir. Hal-hazırda həmin yer aylıq 5400 manat icarə haqqı olmaqla icarəyə verilib. xx.xx.2023-cü ildə iddiaçı- İddiaçı ilə X2 və X4 arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin mənzil tərəfindən satın alınmışdır. xx.xx.2023-cü il tarixində iddiaçının cavabdehin və X2 və X4 iştirakı ilə keçirilmiş görüş zamanı, X2 və X4,cavabdehə həmin daşınmaz əmlakın iddiaçıya satıldığını, aylıq icarə haqqı olan 4000 manatı iddiaçıya ödəməli olduğunu bildirdi. Cavabdeh də bunu qəbul etdi. Lakin həmin tarixdən etibarən cavabdeh, iddiaçıya icarə haqqını ödəmədi. xx.xx.2023-ci il tarixində iddiaçı, cavabdehə icarə haqqını ödəmədiyi icarə müqaviləsini ləğv etdiyini bildirdi və daşınmaz əmlakı boşaltmasını və hələ də ödəmədiyi 3 aylıq icarə haqqı olan 12.000 manat pulu ödəməyi tələb etdi. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda deyilir ki, o, 5 noyabr 2023-cü ildən həmin obyektdə fəaliyyətini dayandırıb. Göründüyü kimi, cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2023cü il tarixinə qədər, yəni 5 ay heç bir icarə haqqı ödəmədən istifadə edib. Bu iddia tələbinin məqsədi cavabdehin ödəmədiyi aylıq icarə haqqının, yəni 20.000 manat pulun və 2000 manat gecikmə faizinin ondan tutulub iddiaçıya ödənilməsi ilə bağlıdır. Bu məqsədlə cavabdehə iddiaçı xx.xx.2024-cü il tarixində pretenziya məktubu göndərərək 20.000 manat məbləğindəki icarə haqqı (2023-cü ilin iyun, iyul, avqust sentyabr, oktyabr aylarına aid olmaqla), 3000 manat gecikmə faizini, cəmi 23.000 manat pulu 3 gün ərzində İddiaçı ödəməyi xahiş edildi. Lakin cavabdeh bu günə qədər həmin pulu hələ də ödəməyib.

12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi AR Konstitusiyasının 13-cü, 29-cü, 60cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675, 685.2.1, 699.1, 692.2 və 700-cü maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

13. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

14. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, iddia əsassızdır, iddiaçı ilə cavabdeh arasında müqavilə olmayıb. İcarə obyekti iddiaçı tərəfindən alındığına görə tərəfin maraqlarına toxuna bilər, lakin hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən heç bir öhdəlik pozulmayıb. İki aylıq ödəniş ödənilməsinə baxmayaraq iddiaçı tərəf həmin ödənişi etiraf etmir. Cavabdeh qeyd edilən obyekti icarəyə götürdükdə 60000 manat xərc çəkib. Mülkiyyətçi tərəfindən ona güzəşt edilib. Lakin yeni mülkiyyətçi bu halı nəzərə almır. Vəkil məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin yer qeyri-yaşayış obyektidir, restoran kimi fəaliyyət göstərir. İki ay ödəniş edilməsini təsdiq edən şahid ifadələri var. İki aylıq edilmiş ödəniş 2000 manat olub.

16. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, iclasda üzrlü səbəbdən iştirak edə bilmirlər, həmin iclası iştirakları olmadan keçirib, iddia ərizələrinin təmin edilməsini xahiş etmişlər.

17. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

18. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

19. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

20. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 699.1-ci maddəsinə görə kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. - 685.2-ci maddəsinə görə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: - 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; - 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 697.2-ci maddəsinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər. - 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətlərin yarandığı zaman qüvvə olan redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

21. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. V. MƏHKƏMƏNİN MÖVQEYİ

22. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X2 və X4 (icarəyə verənlər) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış 02 mart 2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verənlər ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,5 kv.m olan mənzili xx.xx.2024-cü il tarixədək aylıq 1000 manata Cavabdeh icarəyə vermişlər. İcarə obyekti olan mənzil 06 iyun 2023-cü il tarixdə İddiaçı satıldıqdan sonra da Cavabdeh icarə obyektindən istifadə etməkdə davam etmişdir. xx.xx.2023-cü ildə iddiaçı cavabdehə icarə müqaviləsinin ləğvi barədə bildiriş göndərməklə üç aylıq müddət üçün icarə haqqının ödənilməməsi əsası ilə icarə müqaviləsini birtərəfli qaydada ləğv etmişdir. xx.xx.2023-cü ildə cavabdeh icarə sahəsini boşaltmışdır.

24. Hazırda İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdən icarə sahəsini tərk etdiyi tarixədək - xx.xx.2023-cü il tarixədək olan dövr üçün icarə haqqını ödəmədiyini, eləcə də icarə müqaviləsində aylıq icarə haqqı 1000 manat məbləğində müəyyənləşdirilsə də, tərəflərin aylıq icarə haqqının 4000 manat olması barədə şifahi razılığa gəldiklərini əsas göstərərək 5 aylıq müddət üçün 20.000 manat məbləğində icarə haqqının, eləcə də pul öhdəliyinin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulmasını tələb edir.

25. Cavabdeh isə iddiaya etiraz edir və etirazının faktiki əsası kimi iddiaçı ilə icarə müqaviləsi bağlamamasına, belə olan halda iddiaçı qarşısında heç bir öhdəliyi pozmamasına, eləcə də iddiaçı icarə obyektini əldə etdikdən sonra iddiaçıya xx.xx.2023cü il tarixdə 2 aylıq müddət üçün 2000 manat məbləğində ödəniş etməsinə istinad edir.

26. Məhkəmə ilk növbədə iddiaçı ilə aralarında icarə müqaviləsinin olmaması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli icarə müqaviləsi ilkin olaraq icarəyə verən qismində iddiaçı tərəfindən bağlanmasa da, icarə obyektini aldıqdan, yəni xx.xx.2023-cü il tarixdən sonra iddiaçı Mülki Məcəllənin 699.1-ci maddəsinin tələblərinə əsasən icarə münasibətlərində icarə verənləri əvəz etmişdir. İcarə münasibətlərinin iddiaçı ilə davam etməsi həmçinin onunla təsdiq edilir ki, cavabdeh həmin vaxt icarə obyektini yeni mülkiyyətçiyə (iddiaçıya) təhvil verməmiş, icarə obyektindən istifadə etməkdə davam etmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatında iki aylıq icarə haqqını iddiaçıya ödədiyini bildirməklə iddiaçının icarə münasibətlərində icarəyə verənləri əvəz etməsi barədə məlumatlı olmasını, eləcə də icarə münasibətlərini iddiaçı ilə davam etdirməsini dolayısı ilə təsdiq etmişdir.

27. Digər tərəfdən məhkəmə iki aylıq müddət üçün icarə haqqını iddiaçıya ödəməsi barədə cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində həmin faktı təsdiq etsə də, məhkəmə şahidin cavabdehin işçisi olmaqla işin nəticəsində maraqlı şəxs olmasını, eləcə şahid ifadələrini təsdiq edən digər sübutların məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, şahid ifadələri 2 aylıq icarə haqqının iddiaçıya ödənilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir.

28. Cavabdeh tərəfindən baxış iclasında təqdim edilmiş xx.xx.2023-cü il tarixdə cavabdehin hesabından nağd pul çıxarılmasını təsdiq edən bank hesabından çıxarışa münasibətdə məhkəmə qeyd edir ki, həmin çıxarış baxış iclasında təqdim edilməklə yanaşı “Elektron məhkəmə” İnformasiya Sistemi vasitəsinə məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə həmin sənədi sübut qismində nəzərə alınmasını mümkün hesab etmir.

29. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, iddiaçı icarə obyektini əldə etdikdən sonra mübahisəli icarə müqaviləsinə əsaslanan icarə münasibətləri onunla davam etsə də, cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək olan müddət üçün icarə haqqını ödəməmişdir. Belə olan halda isə iddiaçı xx.xx.2023-cü il tarixdə ləğvetmə barədə bildiriş göndərməklə icarə müqaviləsini birtərəfli qaydada ləğv etməkdə haqlı olmuşdur.

30. Digər tərəfdən işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı icarə müqaviləsini birtərəfli qaydada ləğv etsə də, cavabdeh xx.xx.2023-cü il tarixədək icarə obyektindən istifadə etməkdə davam etmişdir. Odur ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün icarə haqqının, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün isə icarə haqqı məbləğində kompensasiyanın ödənilməsini tələb etməkdə haqlıdır.

31. Cavabdehdən icarə haqqı və icarə haqqının kompensasiyası olaraq tutulmalı olan məbləğə gəldikdə qeyd edilməlidir ki, iddiaçı cavabdehlə aylıq icarə haqqının 4000 manat olması barədə razılığa gəldiklərini iddia etsə də, göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

32. Bununla bağlı icarə obyektinin yerləşdiyi ərazidə oxşar obyektlərin 1 kv.m.-in üçün adi icarə haqqının 40 manat civarında olması barədə iddiaçının dəlilinə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cu maddəsində təsbit edilmiş müqavilə azadlığı prinsipinə əsasən tərəflər müqavilə şərtlərini, o cümlədən hazırkı halda olduğu kimi icarə haqqı məbləğini sərbəst müəyyən edə bilərlər. Odur ki, mübahisəli icarə müqaviləsində müəyyənləşdirilmiş icarə haqqı məbləğinin adi bazar qiymətlərinə nisbətən aşağı olması öz təsdiqini tapsa belə göstərilən hal tərəflərin əslində aylıq icarə haqqının 4000 manat olması barədə razılığa gəlmələrinə dair əsaslı nəticəyə gəlmək üçün kifayət etmir.

33. Odur ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq icarə haqqı (və icarə haqqı məbləğində kompensasiya məbləği) 5 aylıq müddət üçün 5000 manat məbləğində müəyyən edilməlidir.

34. Tələbin pul öhdəliyinin icra edilməməsinə görə faiz tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə cavabdehin icarə haqqını ödəmək öhdəliyinin icrasını gecikdirməsi öz təsdiqini tapdığından iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin tutulmasını tələb etməkdə haqlıdır.

35. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tutulmalı olan faizlərin məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, mübahisəli icarə müqaviləsində aylıq icarə haqqının ödəmək öhdəliyinin icrası müddəti müəyyənləşdirilməmişdir.

36. Odur ki, məhkəmə Mülki Məcəllənin 427.2-ci maddəsinin tələblərinə əsasən cavabdehin icarə haqqını ödəmək öhdəliyini ağlabatan müddət ərzində icra etməli olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı halda aylıq icarə haqqı ən geci icarə haqqının hesablandığı ay bitdikdən sonra bir ay ərzində cavabdeh tərəfindən ödənilməli idi.

37. Belə olan halda Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən icarə haqqının ödənilməsinin gecikdirilməsinə görə faizlər aşağıdakı qaydada hesablanmalıdır.

38. xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası dövr üçün icarə haqqının ödənilməsi üçün ağlabatan müddətin bitdiyi tarix xx.xx.2023-cü il müəyyən edilməklə, öhdəliyin gecikdirildiyi müddət 9 ay; həmin öhdəliyin gecikdirilməsinə görə faiz məbləği isə 1000*5%/12*9 ay=37,5 manat;

39. xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası dövr üçün icarə haqqının ödənilməsi üçün ağlabatan müddətin bitdiyi tarix xx.xx.2023-cü il müəyyən edilməklə öhdəliyin gecikdirildiyi müddət 8 ay; həmin öhdəliyin gecikdirilməsinə görə faiz məbləği isə 1000*5%/12*8 ay=33,3 manat;

40. xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası dövr üçün icarə haqqının ödənilməsi üçün ağlabatan müddətin bitdiyi tarix xx.xx.2023-cü il müəyyən edilməklə öhdəliyin gecikdirildiyi müddət 7 ay; həmin öhdəliyin gecikdirilməsinə görə faiz məbləği isə 1000*5%/12*7 ay=29,17 manat;

41. xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası dövr üçün icarə haqqının ödənilməsi üçün ağlabatan müddətin bitdiyi tarix xx.xx.2023-cü il müəyyən edilməklə öhdəliyin gecikdirildiyi müddət 6 ay; həmin öhdəliyin gecikdirilməsinə görə faiz məbləği isə 1000*5%/12*6 ay=25 manat;

42. xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası dövr üçün icarə haqqının ödənilməsi üçün ağlabatan müddətin bitdiyi tarix xx.xx.2023-cü il müəyyən edilməklə öhdəliyin gecikdirildiyi müddət 6 ay; həmin öhdəliyin gecikdirilməsinə görə faiz məbləği isə 1000*5%/12*6 ay=20,83 manat olmaqla, ümumilikdə faiz borcu 145,8 manat təşkil edir.

43. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 165 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.

44. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 159 manat təşkil edir.

45. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddia verilərkən artıq ödənilmiş 6 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.

46. Bununla yanaşı məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 120 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 5000 manat məbləğində borc və 145,8 manat məbləğində faiz, cəmi 5145,8 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 40 manat və vəkil xidmətinə çəkilən xərclərin əvəzi olaraq 120 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən artıq ödənilmiş 6 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar