Məhkəmə qərarları › İş №e-2-2(113)-3083/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3083/2021

28.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3083/2021 28.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Nümayəndə2 MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Nümayəndə2 MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas vəsait ƏDV daxil 11.800 manat və hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 590 manat olmaqla, ümumilikdə 12390 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında CSG 2020-011 nömrəli, 17 fevral 2020-ci il tarixli daşınar əmlakın icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcarəyə verən” balansında (qanuni istifadəsində, mülkiyyətində) olan bu Müqaviləyə qoşulmuş və onun ayrılmaz hissəsi sayılan Əlavədə göstərilən və müvafiq texniki şərtlərə cavab verən avadanlıqları (texnika və s.) Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə “İcarəçi”nin icarəsinə verməyi, “İcarəçi” isə həmin avadanlıqları qəbul edib, istehsal təsərrüfatı fəaliyyətində texniki təyinatı üzrə istehsalçının təsnifatına uyğun istifadəsinə və əvəzində “İcarəyə verən”ə icarə haqqı ödəməyi öhdələrinə götürürlər. Müqavilənin 2.1.7-ci bəndinə əsasən “İcarəyə verən” “İcarəçi”dən bu Müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqını vaxtında ödəməyi tələb edir və sözügedən müavilənin 2.2.3-cü bəndinə əsasən “İcarəçi” icarə haqqını Müqavilənin 3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə, məbləğdə və qaydada ödəyir. Bu müqavilənin 3.1-ci bəndənə əsasən isə Müqavilə üzrə “İcarəçi” icarəyə götürülmüş hər bir avadanlığın istifadəsinə görə “İcarəyə verən”ə bu Müqaviləyə qoşulmuş və onun ayrılmaz hissəsi sayılan Əlavədə göstərilən aylıq icarə haqqını ödəyir. Lakin “İcarəçi” müqavilənin müvafiq bəndlərini kobud surətdə pozaraq indiyədək yaranan öhdəliyini icra etməmiş və iddiaçıya ƏDV daxil 11800 AZN borcu yaranmışdır. Sözügedən borc 30.12.2020-ci il tarixli üzləşmə aktında da öz əksini tapmış və bir növ cavabdeh öz borcunu qəbul etmişdir. Artıq xeyli müddətdir ki, yuxarıda göstərilən borcun ödənilməsinin təmin ediləcəyi barədə onlara dəfələrlə vəd verilsə də, bugünki günədək sözügedən borcun ödənilməsi təmin olunmamışdır. Qeyd olunan bu vəziyyət isə onların da kreditorlar qarşısında olan öhdəliklərinin gecikməsinə və bunun da kreditorların onlara qarşı olan haqlı iddialarına səbəb olmuşdur. Borcun ödənilməsinin təmin edilməsi üçün cavabdeh müəssisənin aidiyəti məsul əməkdaşları ilə aralarında danışıqlar aparılsa da, bu danışıqlar müsbət nəticə vermədiyindən tərəflərindən cavabdeh müəssisəyə 05.03.2021-ci il tarixli pretenziya məktubu göndərilərək onlara olan borcun ödənilməsinin təmin olunması cavabdeh təşkilatdan xahiş edilmişdir. Lakin bugünədək sözügedən pretenziyaya cavab verilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Abbasov iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 17 fevral 2020-ci il tarixli CSG 2020-011 nömrəli daşınar əmlakın icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən icarəyə verən (iddiaçı) balansında (qanuni istifadəsində, mülkiyyətində) olan bu Müqaviləyə qoşulmuş və onun ayrılmaz hissəsi sayılan Əlavədə göstərilən və müvafiq texniki şərtlərə cavab verən avadanlıqları (texnika və s.) Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə icarəçinin (cavabdeh) icarəsinə verməyi, icarəçi isə həmin avadanlıqları qəbul edib, istehsal təsərrüfat fəaliyyətində texniki təyinatı üzrə istehsalçının təsnifatına uyğun istifadəsini və əvəzində icarəyə verənə icarə haqqı ödəməyi öhdələrinə götürürlər. Müqavilənin 2-ci bəndinə əsasən icarəyə verən Müqavilə imzalandığı andan 5 gün müddətində təhvil-qəbul aktı tərtib etməklə icarəyə verilən avadanlıqları müqavilə şərtlərinə tam uyğun şəkildə istismara yararlı vəziyyətdə (bu barədə tərəflər arasında təsdiqlənmiş təhvil-qəbul aktında müvafiq qeydlər aparılmaqla) icarəçiyə verir... İcarəçi icarə haqqını Müqavilənin 3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə, məbləğdə və qaydada ödəyir. Müqavilənin 3-cü bəndinə əsasən bu müqavilə üzrə icarəçi icarəyə götürülmüş hər bir avadanlığın istifadəsinə görə icarəyə verənə bu müqaviləyə qoşulmuş və onun ayrılmaz hissəsi sayılan əlavədə göstərilən aylıq icarə haqqını ödəyir... İcarəçi icarə haqqını aylıq olaraq, daşınma xərcləri (icarənin ilk və son ayları üçün) daxil olmaqla Əlavə 1-də göstərilmiş ümumi məbləğin təqdim olunmuş hesab-faktura alındığı tarixində etibarən 30 təqvim günü ərzində icarəyə verənin bank hesabına köçürmə yolu ilə ödəyir. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30.12.2020-ci il tarixli üzləşmə aktına əsasən cavabdehin iddiaçıya aralarında bağlanmış müqavilə üzrə 30.12.2020-ci il tarixinə olan borcun ƏDV daxil 11800,0 manat olması göstərilmişdir. Müqavilə və üzləşmə aktı tərəflərin möhürləri və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 04.03.2020-ci il tarixli CSG-00943 nömrəli invoysa əsasən ƏDV daxil 3229,27 manat, 03.04.2020-ci il tarixli CSG-00990 nömrəli invoysa əsasən ƏDV daxil 5900 manat, 08.05.2020-ci il tarixli CSG-01030 nömrəli invoysa əsasən ƏDV daxil 5900 manat, 09.06.2020-ci il tarixli CSG-01059 nömrəli invoysa əsasən 24.06.2020-ci il tarixə ƏDV daxil 3539.86 manat məbləğində icarə haqqı ödənilməlidir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş EBAK 897018 nömrəli 09.06.2020-ci il tarixli elektron qaiməyə əsasən 3539,86 manat, EBAJ 099527 nömrəli 23.04.2020-ci il tarixli elektron qaiməyə əsasən 3229,26 manat, EBAK 895792 nömrəli 09.06.2020-ci il tarixli elektron qaiməyə əsasən 5900,00 manat, EBAİ 826100 nömrəli 15.04.2020-ci il tarixli elektron qaiməyə əsasən 5000,00 manat məbləğində icarə haqqı ödənilməlidir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 05.03.2021-ci il tarixli 06/21 nörməli məktubdan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış CSG 2020-011 nömrəli müqaviləyə əsasən yaranmış borcun 31.03.2021-ci il tarixədək cavabdehdən ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 17.02.2020-ci il tarixli, CSG 2020- 011 saylı daşınar əmlakın icarə müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin daşınar əmlakın icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 11.800 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 11.800 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddiaçı cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 590 manat məbləğində pulun ödənilməsi tələbini də irəli sürmüşdür. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddiaçı iddia tələbində cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 590 manat məbləğində pulun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi beş faizlik borcun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən əldən çıxmış fayda kimi 590 manat pul tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 11.800 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 11.800 (on bir min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Nümayəndə2 MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar