Məhkəmə qərarları › İş №e-2-2(113)-3083/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3083/2024

29.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3083/2024 29.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X8, Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğvi, hərracın etibarsızlığı” tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh2 ASC və Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X3 qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: icra qeydi, hərrac protokolu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 ASC-nin nümayəndəsi X4, Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X8, Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğvi, hərracın etibarsızlığı” tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh2 ASC və Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X3 qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC cavabdehlər "xxxx"MMC, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X8, Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğvi, hərracın etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-2365 nömrəli, xx.xx.2023-cü il tarixli “İcra qeydi” ləğv edilməklə, həmin icra qeydi əsasında iddiaçı "X7" MMC-nin mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 22 ünvanında yerləşən, ümumi sahəsi 464 kv.m-dən ibarət 30 nömrəli mənzilə tutmanın yönəldilməsi nəticəsində cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş hərracın və cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 279/23 saylı protokolun etibarsız hesab edilməsi, iddiaçı "X7" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında, ümumi sahəsi 464 kv.m-dən ibarət 30 nömrəli mənzilə dair Cavabdeh2 ASC-nin adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC ilə iddiaçı "X7" MMC arasında 20 dekabr 2022-ci ildə 1**-MF-*** nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə iddiaçı tərəfindən banka illik 17 % dərəcəsi olmaqla, hesablanmış faizlər və 866.000 AZN məbləğində əsas borc 48 ay müddətində annuitet ödəniş cədvəlinə əsasən hissə-hissə ödənilməlidir. 21 dekabr 2022-ci il tarixli, 113-MFİ-402 nömrəli alqısatqı və İpoteka müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 464 kv.m-dən ibarət 30 nömrəli mənzil cavabdeh bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında alqı-satqı və İpoteka müqaviləsi bağlanan zaman əldə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AFB 0137/22-20/12/22 saylı “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabat”ına əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 464 kv.m-dən ibarət 30 nömrəli mənzilin bazar dəyəri 1011500,00 (bir milyon on bir min beş yüz) manat, likvid dəyəri 910000 (doqquz yüz on min) manat məbləğində qiymətləndirilmişdir. 13 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayon icra şöbəsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli 224646/2023-15- 2 nömrəli tələbin könüllü icrası barədə bildiriş və xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar rəsmən təqdim edilmişdir. Həmin qərardan görünür ki, İcra sənədi üzrə borclu "X7" MMCdən 925645.61 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Cavabdeh2 ASC-nin xeyrinə ödənilməlidir. "X7" MMC-dən və X1 ipoteka predmeti olan 1) (alqı-stqı və ipoteka müqaviləsi 113-MFİ-402) "X7" MMC-yə məxsus ünvan 1 ünvanında, ümumi sahəsi 464 kv.m-dən ibarət 30 nömrəli mənzilə və 2) (Girov Müqaviləsi 113-MFG-402) "X7" MMC-yə məxsus Hacı Zeynalabdin qəsəbəsi, Bakı Quba yolunun 34-cü km-də Socarın Şimal anbarında yerləşən metal qırıntıları və borulara tutma yönəldilməlidir. Öhdəliyi müəyyən edən 1**-MF-*** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 866.000 AZN əsas borc, 58479,07 AZN faiz borcu, 1141,54 AZN dəbbə pulu olmaqla, cəmi 925620,61 AZN təşkil edir. Həmçinin 13 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayon icra şöbəsi tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli 1509-224646/23-15-2B nömrəli məktub təqdim edilmişdir. Həmin məktubdan görünür ki, Bakı şəhəri, 36 saylı Notariat Kontorunun 8İ-2365 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 22 ünvanında yerləşən 30 nömrəli mənzil boşaldılaraq tələbkar Cavabdeh2 ASC-yə təhvil verilməlidir. İcra sənədinin icrası ilə bağlı icra hərəkətləri xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Bakı şəhəri, Nərimanov rayon icra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya təqdimedilmiş Bakı şəhəri, 36 saylı Notariat Kontorunun 8İ-2365 nömrəli, xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, "X7" MMC-dən və X1 ipoteka predmeti olan 1) (alqı-stqı və ipoteka müqaviləsi 113-MFİ-402) "X7" MMC-yə məxsus ünvan 1 ünvanında, ümumi sahəsi 464 kv.m-dən ibarət 30 nömrəli mənzilə və (Girov Müqaviləsi 113-MFG-402) "X7" MMC-yə məxsus Hacı Zeynalabdin qəsəbəsi, Bakı- Quba yolunun 34-cü km-də Socarın Şimal anbarında yerləşən metal qırıntıları və borulara tutma yönəldilməlidir. (Öhdəliyi müəyyən edən 1**-MF-*** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 866.000 AZN əsas borc, 58479,07 AZN faiz borcu, 1141,54 AZN dəbbə pulu olmaqla, cəmi 925620,61 AZN təşkil edir). Bakı şəhəri, Nərimanov rayon icra şöbəsindən ünvan 1 ünvanında, ümumi sahəsi 464 kv.m-dən ibarət 30 nömrəli mənzilin hansı sənəd əsasında Banka təhvil verilməli olduğunu soruşduqda, mənzilin hərracda satıldığı bildirildi. İcra şöbəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 ASC arasında xx.xx.2023-cü il tarixdə 279/23 saylı protokol imzalanmış, bank da həmin protokol əsasında mənzili mülkiyyətinə keçirmiş və çıxarış əldə etmişdir. Hərrac sənədlərindən də görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti çox aşağı müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 20 dekabr 2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmamasına görə tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə heç bir rəsmi bildiriş alınmamışdır. Həmçinin iddiaçının belə bir icra qeydinin verilməsi barədə məlumatı olmamış, nə Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən, nə də Cavabdeh2 ASC tərəfindən belə bir məlumat verilməmişdir. Belə bir tələbin olduğu barədə xx.xx.2024-cü il tarixdə icra şöbəsində olarkən məlumatlı olmuşlar. Eyni zamanda hərrac prosesi barədə də heç bir rəsmi məlumatları olmamışdır. Əmlak icra şöbəsi tərəfindən yenidən qiymətləndirilmədən birbaşa hərraca göndərilmişdir. Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş 8İ-2365 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi tam əsassız və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla verilmiş və aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3083/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə X12, Bakı şəhəri 12 saylı Notariat Ofisi, e-2-2(113)-3083/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində iş üzrə icraata cəlb edilmişlər.

4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 Bakı şəhəri 36 saylı Notariat Ofisi və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğvi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-2365 nömrəli, xx.xx.2023-cü il tarixli İcra qeydi"inin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC ilə iddiaçı "X7" MMC arasında 20 dekabr 2022-ci ildə 1**-MF-*** nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə iddiaçı tərəfindən banka illik 17 % dərəcəsi olmaqla, hesablanmış faizlər və 866.000 AZN məbləğində əsas borc 48 ay müddətində annuitet ödəniş cədvəlinə əsasən hissə-hissə ödənilməlidir. Onunla "AFBBank” ASC arasında xx.xx.2022-ci il tarixli, 113-MFZ-402 nömrəli zaminlik müqaviləsi bağlanılmış, onun Cavabdeh2 ASC ilə iddiaçı "X7" MMC arasında 20 dekabr 2022-ci ildə bağlanılmış 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 866000 (səkkiz yüz altmış altı min) manat vəsaitə zamin durmağım müqavilədə qeyd edilmişdir. 13 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayon icra şöbəsi tərəfindən mənə xx.xx.2024-cü il tarixli 1509-224646/23-15-2B nömrəli məktub təqdim edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, 36 saylı Notariat Kontorunun 8İ-2365 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı ünvan 2 ünvanında yerləşən 30 nömrəli mənzil boşaldılaraq tələbkar Cavabdeh2 ASC-yə təhvil verilməlidir. İcra sənədinin icrası ilə bağlı icra hərəkətləri xx.xx.2024-cü il tarixə saat 11:00a təyin edilmişdir. Bakı şəhəri, Nərimanov rayon icra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə mənə təqdim edilmiş Bakı şəhəri, 36 saylı Notariat Kontorunun 8İ-2365 nömrəli, xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, "X7" MMC-dən və X1 ödənilməmiş 866.000 AZN əsas borc, 58479,07 AZN faiz borcu, 1141,54 AZN dəbbə pulu olmaqla, cəmi 925620,61 AZN tutularaq Cavabdeh2 ASC-yə ödənilməlidir. 20 dekabr 2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmamasına görə tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə heç bir rəsmi bildiriş alınmamışdır. Həmçinin belə bir icra qeydinin verilməsi barədə məlumatı olmamış, nə Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən, nə də Cavabdeh2 ASC tərəfindən ona belə bir məlumat verilməmişdir. Belə bir tələbin olduğu barədə xx.xx.2024-cü il tarixdə icra şöbəsində olarkən məlumat alınmışdır. Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş 8İ-2365 nömrəli, xx.xx.2023cü il tarixli icra qeydi tam əsassız və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla verilmiş və aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı kommersiya mübahisəsi üzrə X9 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

8. Cavabdeh2 ASC-nin nümayəndəsi M.Dursunov iddia ərizəsinə, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş ərizəyə etiraz edib ərizələrin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar hüquqi cəhətdən icra qeydinin verilməsi ilə bağlı bütün qaydalara tam şəkildə riayət etmişlər. Bildirişlər göndərildikdən sonra 20 gün etiraz müddəti gözlənilmiş, həmin müddət ərzində heç bir etiraz daxil olmamış, icra qeydinin verilməsi üçün notariat ofisinə müraciət edilmiş, sonuncu tərəfindən icra qeydi qəbul edilmiş, icraya yönəldilmişdir. Keçirilmiş hərraclar da tam qanuni olmuş, tələbkar tərəfindən əldə edilmiş, hazırda onların mülkiyyətindədir. Hərracın etibarsızlığı üçün əsas yoxdur. İcra qeydindən borclunun xəbərsiz olması barədə dəlil əsassızdır. Belə ki, bank tərəfindən xəbərdarlıq şəxsən Əzim Əliyevə təqdim edilmiş, sonuncu bunu almasını imzası ilə təsdiq etmiş, imzanın ona məxsus olmasını məhkəmə iclasında təsdiq etmişdir. Bundan əlavə, bank dəfələrlə ona borcun ödənilməsi üçün müraciətlər etmiş, lakin borclu buna laqeyd yanaşmış, borcunu ödəməmişdir. İlkin satış qiyməti isə tərəflər arasında olan müqavilədə razılaşdırılmış, icra məmuru tərəfindən də həmin satış qiyməti əsas götürülməklə hərrac keçirilmişdir.

9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddia ərizələrini müdafiə edib onların məzmununa uyğun izahat verərək iddia ərizələrinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, materiallarda olan xəbərdarlığın alınması barədə poçt qəbzlərində imzalar ona məxsus olsa da, bank tərəfindən çağırılmış, bankın inzibati binasında həmin poçt qəbzləri ona formal olaraq imza etdirilmiş, lakin faktiki olaraq xəbərdarlıq ona təqdim edilməmişdir. O, icra qeydindən xəbərsiz olmuşdur. İcra qeydində göstərilən borcla razı deyildir. Bundan əlavə, hərraclar barədə məlumatsız olmuş, ona hər hansı bildiriş gəlməmişdir. Belə ki, o, qeydiyyatda olduğu ünvanda yaşamasa da, həmin ünvanda yaşayış vardır. Lakin həmin ünvana hər hansı məktub gəlməmişdir. İddiaçı da hüquqi ünvanda fəaliyyət göstərmir. Hərracın yekunlarından yalnız əmlak boşaldılması ondan tələb edildikdə məlumat almışdır. Hazırkı kredit müqaviləsi bağlandıqdan sonra cüzi ödəniş etmiş, daha sonradan tərəflərindən hər hansı ödəniş edilməmişdir.

10. Digər cavabdehlərə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X8 məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişlər.

11. Məhkəmə iclasının digər cavabdehlərin və üçüncü şəxslərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən X9 İddiaçı MMCnin qanuni təmsilçisidir.

14. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 464 kv.m sahəsi olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ (tam pay) ilə X10 məxsus olmuşdur.

15. X12 (Satıcı), Cavabdeh2 ASC (İpoteka saxlayan) və İddiaçı MMC (Alıcı; İpoteka qoyan; Borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli _113-MFİ-402 nömrəli alqısatqı və ipoteka müqaviləsinə görə X12 ümumi sahəsi 464 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı MMC-nin mülkiyyətinə verir.

16. Müqavilənin 1.4-cü maddəsinə görə daşınmaz əmlakın satış qiyməti 870000 (səkkiz yüz yetmiş min) manatdır və onun dəyərinin 4000 (dörd min) manat hissəsi İddiaçı MMC-nin özü tərəfindən, 866000 (səkkiz yüz altmış altı min) manat hissəsi isə Cavabdeh2 ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən İddiaçı MMC-yə verilmiş kredit vəsaiti hesabına ödənilir.

17. Müqavilənin 1.5-ci maddəsinə görə İddiaçı MMC satılan əmlakı bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edir.

18. Müqavilənin 1.7-ci maddəsinə görə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilmiş rəyə əsasən ipoteka predmeti ******* (bir milyon o bir min beş yüz) manat qiymətləndirilir, İddiaçı MMC və Cavabdeh2 ASC ipoteka predmetinin ilkin satış qiymətinin 870000 (səkkiz yüz yetmiş min) manat olduğunu qəbul edirlər.

19. xx.xx.2022-ci il tarixli 22582168 nömrəli ödəmə tapşırığına əsasən 871740 (səkkiz yüz yetmiş bir min yeddi yüz) manat məbləğində vəsait İddiaçı MMC-yə məxsus bank hesabından X5 (notariusun depozit hesabı) məxsus hesaba köçürülmüşdür.

20. İddiaçı MMC-nin hesabdan çıxarışına əsasən xx.xx.2022-ci il tarixdə 871740 (səkkiz yüz yetmiş bir min yeddi yüz) manat məbləğində vəsait Cavabdeh2 ASC tərəfindən onun hesabına köçürülmüşdür.

21. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən Bakı şəhəri 12 saylı notariat ofisinin depozit hesabından dövlət büdcəsinə 14322 manat vəsait köçürülmüşdür.

22. İddiaçı MMC (Borcalan) ilə Cavabdeh2 ASC (Bank) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsinə görə Cavabdeh2 ASC 866000 (səkkiz yüz altmış altı min) manat məbləğində, 48 ay müddətinə, illik 17% dərəcəsi ilə İddiaçı MMC-yə kredit verir.

23. Müqavilənin 1.2-ci maddəinə görə kredit ünvan 1 ünvanında yerləşən mənzilin alışı məqsədilə verilir.

24. Müqavilənin 2.5-ci maddəsinə görə müqavilə üzrə faizlərin hesablanması kreditin İddiaçı MMC-yə verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir.

25. Cavabdeh2 ASC (Girov saxlayan) ilə İddiaçı MMC (Girov qoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 113-MFG-402 nömrəli girov müqaviləsinə görə Hacı Zeynalabdin qəsəbəsi Bakı-Quba yolunun 34-cü km-də Socarın Şimal anbarında yerləşən metal qırıntıları və borular İddiaçı MMC-nin Cavabdeh2 ASC qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçün girovla yüklü edilmişdir.

26. Müqavilənin 2.3-cü maddəsinə görə girov predmetinin bazar dəyəri 500000 (beş yüz min) manat təşkil edir.

27. Müqavilənin 3.1-ci maddəsinə görə müqavilə üzrə girovla təmin olunan ödəliyin əmələ gəlməsi üçün əsas İddiaçı MMC ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsidir.

28. Cavabdeh2 ASC (Girov saxlayan) ilə İddiaçı MMC (Girov qoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli Akta əsasən, 1000 ton metal qırıntılar və borular xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə yüklülük ilə təmin edilmiş öhdəliyin icrası ilə bağlı girov qoyulmuşdur.

29. X9 (Zamin), Cavabdeh2 ASC (Kreditor) və İddiaçı MMC (Borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 113-MFZ-402 zaminlik müqaviləsinə görə İddiaçı MMC 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə X9 onunla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi icra etməyi və İddiaçı MMC öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda Cavabdeh2 ASC-nin ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə dərhal Cavabdeh2 ASC-yə ödəməyi öz üzərinə götürmüşdür.

30. Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli Çıxarış əsasən Hacı Zeynalabdin qəsəbəsi Bakı-Quba yolunun 34-cü km-də Socarın Şimal anbarında yerləşən metal qırıntıları və borular xx.xx.2022-ci il tarixli 113-MFG-402 nömrəli girov müqaviləsinə əsasən Cavabdeh2 ASC-nin xeyrinə yüklü edilmişdir.

31. Cavabdeh2 ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı MMC ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixə vaxtı keçmiş ümumi kredit borcu 925620,61 manat (866000 manat əsas borc, 58479,07 manat faiz borcu, 1141,54 manat dəbbə pulu) təşkil edir. Həmin arayışa əsasən əsas borc üzrə ödəniş edilməmiş, 24536,67 manat faiz borcu ödənilmişdir. Son ödəniş xx.xx.2023-cü ildə edilmiş, ödənişin məbləği 1549,17 manat olmuşdur.

32. Cavabdeh2 ASC tərəfindən İddiaçı MMC-yə və X6 xx.xx.2023-cü il tarixli bildirişlər göndərilmiş, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləği tələb edilmiş və borcun 20 gün müddətində ödənilmədiyi təqdirdə icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir. 089607 və 089610 saylı poçt qəbzlərinin kötüyünə əsasən həmin bildirişlər şəxsən Ə.Əliyevə təqdim edilmişdir (c.2, i.v.48).

33. Cavabdeh2 ASC tərəfindən İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixdə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərilmişdir. 089608 saylı poçt qəbzlərinin kötüyünə əsasən həmin bildiriş şəxsən Ə.Əliyevə təqdim edilmişdir (c.2, i.v.48).

34. DƏDRX-dən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş qeydə alınmışdır.

35. “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 8İ- 2365 nömrəli İcra qeydinə görə, Cavabdeh2 ASC-nin tələbi ilə İddiaçı MMC-dən, X1 ünvan 1 ünvanında yerləşən mənzilə və Hacı Zeynalabdin qəsəbəsi Bakı-Quba yolunun 34-cü km-də Socarın Şimal anbarında yerləşən metal qırıntıları və borulara tutma yönəldilməsi, X1 925645,61 manat pulun tutulması müəyyən olunmuşdur.

36. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında Qərarı ilə xx.xx.2023-cü il tarixli, 8İ-2365 nömrəli İcra qeydi üzrə icraata başlanılmışdır.

37. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən İddiaçı MMC-yə xx.xx.2023cü il tarixli, 8İ-2365 nömrəli icra sənədinə əsasən tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.

38. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə xx.xx.2023cü il tarixli məktubla Bakı şəhəri 36 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydi üzrə ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərrac vasitəsilə satılması, ilkin satış qiymətinin 870000 manat (ipoteka müqaviləsinə əsasən) müəyyən edilməsi ilə bağlı müraciət edilmişdir.

39. "xxxx" MMC tərəfindən Nərimanov Rayon İcra Şöbəsi, X9, İddiaçı MMC və Cavabdeh2 ASC-yə xx.xx.2023-cü il tarixli 279\23 nömrəli və xx.xx.2023-cü il tarixli 279/23 nömrəli hərrac bildirişləri göndərilmişdir (birinci hərrac bildirişi İddiaçı MMC-yə çatdırılmış, F.Həmzəyev adlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 104305 saylı qəbzə əsasən qəbul edilmiş, ikinci hərrac bildirişi İddiaçı MMC-yə çatdırılmış, F.Həmzəyev adlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 105379 saylı qəbzə əsasən qəbul edilmişdir, X2 qeydiyyatda olduğu ünvana göndərilmiş bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır).

40. "xxxx" MMC tərəfindən hərraclarla bağlı elanlar (birinci, ikinci hərracla bağlı, habelə hərracın baş tutmaması ilə bağlı) “Market” qəzetinin buraxılışlarında (xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli) dərc etdirilmişdir.

41. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 279/23 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola görə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 464 kv. m olan mənzil Cavabdeh2 ASC tərəfindən əldə edilmiş, əmlakın satılmış son qiyməti 554625 manat olmuşdur.

42. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair xx.xx.2023cü il tarixli müqaviləyə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 464 kv. m olan mənzil Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir.

43. Məhkəmə proses iştirakçılarının izahatları dinləyib, kommersiya mübahisəsinin materiallarını, habelə məhkəməyə təqdim edilmiş icra işi və hərrac materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, hər iki iddia tələbi təmin olunmamalıdır.

44. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.7-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək ipoteka saxlayanın hüququdur.

45. Həmin qanunun 36.2.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq əks etdirilməlidir.

46. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir... Hərrac açıq auksion formasında keçirilir.

47. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

48. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.

49. Həmin Qanunun 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.

50. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər.Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

51. AR Nazirlər Kabinetinin 2 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci maddəsinə görə pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim olunur.

52. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

54. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

55. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

56. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

57. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, 1**- MF-*** nömrəli kredit müqaviləsi üzrə İddiaçı MMC-nin Cavabdeh2 ASC qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçün ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 464 kv. m olan mənzil ipoteka ilə, Hacı Zeynalabdin qəsəbəsi Bakı-Quba yolunun 34-cü km-də Socarın Şimal anbarında yerləşən metal qırıntıları və borular girovla yüklü edilmiş və X9 zamin kimi kredit müqaviləsi üzrə öhdəliyin icrası ilə bağlı borcalanla birlikdə üzərinə məsuliyyət götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklər borcalan tərəfindən icra edilmədiyi üçün əsas borclu və zaminə müvafiq xəbərdarlıqlar, habelə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş təqdim edilmiş, lakin həmin bildirişə etiraz edilməmiş, tələb edilən borclar ödənilməmişdir. Bu səbəbdən kreditor bankın müraciəti üzrə Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 8İ-2365 nömrəli, xx.xx.2023-cü il tarixli İcra qeydi verilmiş, həmin icra sənədi üzrə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında Qərarı ilə icraata başlanılmış və sonuncunun sifarişi əsasında cavabdeh "xxxx" MMC tərəfindən ilkin, təkrar hərraclar keçirilmiş, ipoteka predmetinin təkrar hərracda satışı baş tutmamış, ipoteka predmeti ipoteka qoyan tərəfindən əldə edilmiş, onunla hərracın yekunları barədə protokol və müqavilə bağlanmışdır.

58. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hər iki iddia ərizəsi üzrə mübahisələndirilən icra qeydi qanunvericiliyə müvafiq formada tərtib edildiyindən onun ləğvi üçün əsaslar mövcud deyildir. Belə ki, icra qeydində göstərilən borcların mövcudluğu və borcun ipoteka predmetinə yönəldilməsi imkanları iş materiallarında olan müqavilələr və digər sübutlarla təsdiq olunmuş, həmçinin icra qeydi aparılmazdan əvvəl iddiaçıya və üçüncü şəxsə icra qeydinin veriləcəyi bağlı bildirişlər göndərilmişdir.

59. Belə ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs həmin xəbərdarlıqları və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişi almadıqlarını bildirsələr də, materiallarda olan 089607,089610, 089608 saylı poçt qəbzlərinin kötüyünə əsasən həmin bildirişlər şəxsən Əzim Əliyevə təqdim edilmişdir (c.2, i.v.48).

60. Həmin poçt qəbzlərində olan imzaların ona məxsus olmasını Əzim Əliyev məhkəmə iclaslarında verdiyi izahatlarında təsdiq etmişdir.

61. Məhkəmə həmin poçt qəbzlərinə imza etməsinə baxmayaraq ona faktiki olaraq hər hansı sənəd verilməməsi barədə Əzim Əliyevin dəlillərini ağlabatan və inandırıcı hesab etmir.

62. Beləliklə, tələbkar tərəfindən borclulara bildirişlər ünvanlanması ilə bağlı adıçəkilən Qanunda və Təlimatda göstərilən tələbə riayət olunduğu işin halları ilə öz təsdiqini tapır. Buna görə də icra qeydinin aparılması ilə bağlı bildirişlərin göndərilməməsi ilə bağlı iddiaçı və üçüncü şəxsin dəlilləri əsassız hesab edilməlidir.

63. Bundan əlavə, həm iddiaçı, həm üçüncü şəxs iddia ərizələrində icra qeydində göstərilmiş borcu mübahisələndirsələr də, materiallarda olan və Cavabdeh2 ASC tərəfindən notariat ofisinə təqdim edilmiş maliyyə arayışında göstərilmiş ödənişlərdən savayı hər hansı ödənişin edildiyini, lakin həmin maliyyə arayışında nəzərə alınmadığını təsdiq edən, habelə icra qeydinin verildiyi tarixə faktiki borcun ümumiyyətlə hansı həcmdə olması barədə hesablamalarını (hesablama barədə hər hansı sübutu) məhkəməyə təqdim etməmişlər.

64. Bundan əlavə, məhkəmə iclasında verdiyi izahatında Əzim Əliyev də maliyyə arayışında göstərilmiş ödənişdən savayı, hər hansı ödəniş edilmədiyini təsdiq etmişdir.

65. Bu səbəbdən məhkəmə hesab edir ki, icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.

66. Məhkəmə iddia ərizəsini hərracın, habelə hərrac protokolunun etibarsız sayılması, çıxarışın ləğv edilməsi hissəsində də əsassız hesab edir.

67. Materiallardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında Qərarı ilə xx.xx.2023-cü il tarixli, 8İ-2365 nömrəli İcra qeydi üzrə icraata başlanılmış, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli, 8İ-2365 nömrəli icra sənədinə əsasən tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhəri 36 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydi üzrə ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərrac vasitəsilə satılması, ilkin satış qiymətinin 870000 manat (ipoteka müqaviləsinə əsasən) müəyyən edilməsi ilə bağlı müraciət edilmiş, "xxxx" MMC tərəfindən Nərimanov Rayon İcra Şöbəsi, X9, İddiaçı MMC və Cavabdeh2 ASC-yə xx.xx.2023-cü il tarixli 279\23 nömrəli və xx.xx.2023-cü il tarixli 279/23 nömrəli hərrac bildirişləri göndərilmişdir (birinci hərrac bildirişi İddiaçı MMC-yə çatdırılmış, F.Həmzəyev adlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 104305 saylı qəbzə əsasən qəbul edilmiş, ikinci hərrac bildirişi İddiaçı MMC-yə çatdırılmış, F.Həmzəyev adlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 105379 saylı qəbzə əsasən qəbul edilmişdir, X2 qeydiyyatda olduğu ünvana göndərilmiş bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır). "xxxx" MMC tərəfindən hərraclarla bağlı elanlar (birinci, ikinci hərracla bağlı, habelə hərracın baş tutmaması ilə bağlı) “Market” qəzetinin buraxılışlarında (xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli) dərc etdirilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 279/23 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola görə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 464 kv. m olan mənzil Cavabdeh2 ASC tərəfindən əldə edilmiş, əmlakın satılmış son qiyməti 554625 manat olmuşdur. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 464 kv. m olan mənzil Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir.

68. Bu səbəbdən məhkəmə hesab edir ki, hərraclarla bağlı bildirişlərin göndərilməməsi, kütləvi informasiya vasitələrində elanların verilməməsi, habelə ilkin satış qiymətinin aşağı müəyyən edilməsi barədə iddiaçının dəlilləri materiallarda olan sübutlarla təkzib edilir.

69. Məhkəmə həmçinin bildirir ki, X12 (Satıcı), Cavabdeh2 ASC (İpoteka saxlayan) və İddiaçı MMC (Alıcı; İpoteka qoyan; Borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli _113-MFİ-402 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin 1.7-ci bəndinə görə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilmiş rəyə əsasən ipoteka predmeti ******* (bir milyon o bir min beş yüz) manat qiymətləndirilsə də, İddiaçı MMC və Cavabdeh2 ASC ipoteka predmetinin ilkin satış qiymətinin 870000 (səkkiz yüz yetmiş min) manat olduğunu qəbul etmişlər.

70. Belə ki, hərraclar qanunvericiliyin tələblərinə uyğun olaraq keçirildiyindən və həmin hərracların etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Hərracların keçirilməsi ilə bağlı bildirişlər iddiaçının və üçüncü şəxsin qeydiyyat ünvanlarına göndərilmiş, iddiaçıya çatdırılmış, üçüncü şəxs qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən çatdırılması mümkün olmamış, bununla da qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Buna görə də hərracın etibarsız hesab edilməli olması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığına görə iddia ərizəsi qalan hissədə də əsassız olduğu üçün təmin edilməməlidir.

71. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

72. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).

73. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

74. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X8, Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğvi, hərracın etibarsızlığı” tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh2 ASC və Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X3 qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddiası təmin edilməməlidir.

75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

76. Məhkəmə hesab edir ki, iddia ərizələri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumları İddiaçı MMC-nin və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 özlərinə aid edilməlidir.

V. Nəticə:

77. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X8, Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğvi, hərracın etibarsızlığı” tələbinə dair iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh2 ASC və Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X3 qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumları İddiaçı MMC-nin və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar