Məhkəmə qərarları › İş №e-2-2(113)-3086/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3086/2021

13.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3086/2021 13.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “Miks Kart-E.L. MMC-yə, Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “Miks Kart-E.L. MMC-yə, Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 09 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 28.594,64 manat əsas, 15.355,91 manat məbləğində faiz, 392,22 manat məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə 24.10.2018-ci il tarixdən 26.05.2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3.701,7 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 48.044,47 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC "xxxx" İKB ASC ilə 09 oktyabr 2015-ci il tarixdə bağladığı 176/2015 saylı qarantiya müqaviləsinə əsasən qarant prinsipalın xahişi ilə, prinsipalın benefisiarla "xxxx" QSC ilə bağlandığı 30 sentyabr 2015-ci il tarixli müqavilənin icrası ilə əlaqədar olaraq, bank təminatı kimi 50000 manat məbləğində 09 oktyabr 2015-ci ildən 09 oktyabr 2016-cı il tarixədək qüvvədə olma müddəti ilə benefisiara qarantiya vermişdir. Benefisiar tərəfindən qaranta 24 oktyabr 2016-ci il tarixdə tələbnamə göndərilmiş və həmin tələbnaməyə əsasən və qarantiya məktubuna uyğun olaraq, qarant qeyd edilən tələbi icra etmişdir. Qarantiya müqaviləsinin 5.1-ci bəndinə əsasən qarant qarantiya üzrə benefisiara odədiyi məbləğin prinsipalın bloklaşdırılmış hesabına hər-hansı bir səbəbdən ödəmək mümkün olmadıqda prinsipal qarant qarşısında həmin məbləğ və ödəməli olduğu komissiya haqları həcmində məsuliyyət daşıyır. Mülki Məcəllənin 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Mülki Məcəllənin 479.1.-ci maddəsinə əsasən qarantiya prinsipalın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. 479.2.-ci maddəsinə əsasən qarantiya verilməsinə görə prinsipal qaranta şərtləşdirilmiş muzd ödəyir. Məcəllənin 489-cu maddəsinə əsasən qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir. Əgər qarantın prinsipialla razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, qarant prinsipialdan qarantiya şərtlərinə uyğun olmadan və ya qarantın benefisiar qarşısında öhdəliyinin pozulmasına görə benefisiara ödənilmiş məbləğlərin əvəzini tələb edə bilməz. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə görə bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Yuxarıda göstərilən qarantiya müqaviləsi üzrə bağlanmış 2015-ci il 09 oktyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə "xxxx" İKB ASC-dən illik 28%-lə 24 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 ilə 2015-ci il 09 oktyabr tarixli zaminlik müqaviləsi bağlanmışdır. 24 oktyabr 2016-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 24 oktyabr 2018-ci il tarixədək uzadılmışdır. 26 may 2021-ci ilədək Cavabdeh1 MMC-nin banka 09 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 28.594,64 manat əsas, 15.355,91 manat məbləğində faiz, 392,22 manat məbləğində ərimə borcu və kredit müqaviləsi üzrə 24.10.2018-ci il tarixindən 26.05.2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 3701,7 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 48.044,47 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" İKB ASC (qarant) ilə Cavabdeh1 MMC (prinsipial) arasında bağlanmış 09.10.2015-ci il tarixli 176/2015 saylı qarantiya müqaviləsi ilə müəyyən edilir ki, həmin müqavilənin: 2.1-ci bəndinə əsasən qarant prinsipialın xahişi ilə, prinsipalın bundan sonra benefisiar adlanacaq "xxxx" QSC arasında ani lotoreya biletlərinin satışı ilə əlaqədar 30 sentyabr 2015-ci il tarixində bağlanmış müqaviləni təmin etmək üçün, bank təminatı kimi 50.000 manat məbləğində 09.10.2016-cı il tarixinədək qüvvədə olma müddəti ilə benefisiara qarantiya vermişdir. 4.3.2-ci bəndinə əsasən qarant tərəfindən müvafiq tələb təqdim edildikdən sonra iki gün ərzində, qarantın qarantiya üzrə öhdəliklərinin icrası ilə yaranan bütün xərcləri və itkiləri qaranta ödəmək prinsipialın öhdəliklərinə aid edilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" İKB ASC (qarant) ilə Cavabdeh1 MMC (prinsipial) və Cavabdeh2 (zamin) arasında bağlanmış 09.10.2015-ci il tarixli 176/2015 (Z) saylı zaminlik müqaviləsi ilə müəyyən edilir ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən zamin, qarant qarşısında prinsipialın bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilələrdən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu qarant və borc alan araında bağlanmış 176/2015 saylı qarantiya müqaviləsi ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən borcalanın qarantiya üzrə öhdəliyinin vaxtında və ya lazımi qaydada icra etməməsi ilə əlaqədar tətbiq edilən sanksiyalar: prinsipial üzrəinə düşən öhdəlikləri icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilən məbləğin 0,1% miqdarında banka dəbbə pulu ödəməlidir. 1.4-cü bəndinə əsasən qarantiyanın məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu, prinsipialın öz vəzifələrini yerinə yetirməməsinə və ya lazımi qaydada yerinə yetirməməsinə görə qaranta dəymiş zərərin və borcun tələbi ilə bağlı məhkəmə xərclərinin ödənilməsi də daxil olmaqla zamin prinsipal ilə eyni həcmdə bank qarşısında cavabdehdir. 5.1-ci bəndinə görə bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi qarantiya və qarantiya müqavilələrinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və qarantiyanın əsas məbləği, faizlər və müqavilədə nəzərdə tutulmuş digər ödənişlər prinsipala tam həcmdə ödənilənə qədər qüvvədə qalır. 5.2-ci bəndinə əsasən bu müqaviləyə vaxtından əvvəl xitam verilə bilər: 5.2.1-ci yarımbəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə; 5.2.2-ci yarımbəndinə əsasən zaminliklə təmin olunmuş öhdəlik üzrə borcun digər şəxsə yönəldilməsi zamanı zamin yeni prinsipal üçün cavabdeh olacağı barədə Qaranta razılıq vermədikdə; 5.2.3-cü yarımbəndinə əsasən zaminin məsuliyyətini ağırlaşdıran və ya onun üçün qeyri-qənaətbəxş olan şərtləri qarantiya müqaviləsinə əlavə etdikdə. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" İKB ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli, 6-Q-1-0-183-15 saylı kredit müqaviləsinə əsasən müəyyən edilir ki, tərəflər kreditorun borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi, borc alanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödəməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin: 1.5-ci maddəsinə əsasən müqavilənin predmeti 50.000 manat, 1.6-cı maddəsinə əsasən kreditin müddəti 24 ay, 1.8-ci maddəsinə əsasən kreditin bağlanma tarixi 09.10.2018-ci il, 1.11-ci maddəsinə əsasən kreditin illik faiz dərəcəsi 28 faiz təşkil edir, 1.14-cü maddəsinə əsasən gecikdirilmiş borc yaranacağı halda tətbiq olunan sanksiyalar-hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,1%-i həcmində nəzərdə tutulur. 3-cü maddəsinə əsasən bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminatı cari hesabın qalığı. 6.1-ci maddəsinə əsasən 1.8-ci bəndi ilə nəzərdə tutulmuş vaxt borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir. 8.1-ci maddəsinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və tərəflər bu müqavilənin 1.8-ci bəndində nəzərdə tutulmuş müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. 9.1-ci maddəsinə əsasən bu müqavilə üzrə borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi, yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi halları üçün dəbbə pulu müəyyənləşdirilir. 9.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə , lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə, gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin bu müqavilənin 1.14cü bəndində nəzərdə tutulmuş miqdarında banka dəbbə pulu ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 09.10.2015-ci il tarixli, 6-Q-1-0-183-15 saylı kredit müqaviləsinə 24.10.2016-cı il tarixli əlavə saziş bağlanmışdır. Həmin sazişin: -1.1-ci bəndinə əsasən müqavilənin 1.4-cü bəndində qeyd edilmiş “silinməsi” sözündən sonra “24 oktyabr 2016-cı tarixli, 6-Q-1-0-183-15 saylı zaminlik müqaviləsi” sözləri əlavə edilmişdir. -1.2-ci bəndinə əsasən müqavilənin 1.5-ci bəndində qeyd edilmiş “50.000 AZN” sözləri “48.438 AZN” sözləri ilə əvəz edilmişdir. 1.3-cü bəndinə əsasən müqavilənin 1.7-ci bəndində qeyd edilmiş “09.10.2016-cı il” sözləri “24.10.2016-cı il” sözləri ilə əvəz edilmişdir. 1.4-cü bəndinə əsasən müqavilənin 1.8-ci bəndində qeyd edilmiş “09.10.2018-ci il” sözləri “24.10.2018-ci il” sözləri ilə əvəz edilmişdir. Əlavə Saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" İKB ASC (kreditor) ilə Cavabdeh1 MMC (borc alan) və Cavabdeh2 (zamin) arasında bağlanmış 24.10.2016-cı il tarixli 6-Q-1-0-183-15 saylı zaminlik müqaviləsi ilə müəyyən edilir ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən zamin, kreditor qarşısında borclunun bu Müqavilənin 1.2-ci bəndində göstərilən müqavilələrdən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu kreditor və borclu arasında bağlanmış 6-Q-1-0-183-15 saylı 24.10.2016-cı tarixli kredit müqaviləsi ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən zaminə kredit müqaviləsinin bütün mətni məlum olur, xüsusilə: 1.3.1-ci yarımbəndinə əsasən kreditin məbləği 48.438 manat, 1.3.3-cü yarımbəndinə əsasən kreditin verilmə müddəti 24 ay, 1.3.5-ci yarımbəndinə əsasən kreditin verilmə tarixi 24.10.2016-cı il, 1.3.6-cı yarımbəndinə əsasən kreditin qaytarılma tarixi 24.10.2018-ci il, 1.3.8-ci yarımbəndinə əsasən illik faiz dərəcəsi 28%, 1.3.10-cu yarımbəndinə əsasən gecikdirilmiş borc yaranan halda tətbiq olunan sanksiyalar – hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36%-dir. 2.1-ci bəndinə əsasən zamin və borclu bank qarşısında birgə cavabdehdirlər. 5.1-ci bəndinə görə bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. 5.2-ci bəndinə əsasən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl xitam verilə bilər: 5.2.1-ci tərəflərin qarşılıqlı razılığı ilə; 5.2.2-ci bəndinə əsasən zaminliklə təmin olunmuş öhdəlik üzrə borcun digər şəxsə yönəldilməsi zamanı zamin yeni borclu üçün cavabdeh olacağı barədə qaranta razılıq vermədikdə; 5.2.3-cü bəndinə əsasən zaminin məsuliyyətini ağırlaşdıran və ya onun üçün qeyriqənaətbəxş olan şərtləri kredit müqaviləsinə əlavə etdikdə. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 26.05.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh1 MMC-nin Q-1-0-183-15 saylı kredit müqaviləsi üzrəö banka əsas borcu 28.594,64, faiz borcu 15.355,91 manat, cərimə borcu 392,22 manat, əldən çıxmış fayda 3.701,7 manat, cəmi borcu 48.044,47 manat təşkil edir. İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış 16.03.2021-ci il tarixli KBD-4200 saylı xəbərdarlıq məktubuna əsasən müəyyən edilir ki, borc alan tərəfindən kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsinin təmin edilmədiyi, ödəmə müddətlərinin pozulduğu, bununla kreditorun kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək hüququnun yarandığı bildirilmiş və borc alan tərəfindən xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və faiz borcunun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borc alan Cavabdeh1 MMC-yə və Cavabdeh2 ünvanlanmış 27.04.2021-ci il tarixli, KBD-6665 saylı xəbərdarlıq məktubundan müəyyən edilir ki, zaminə borc alanın kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini təmin etmədiyi, ödəmə müddətlərini pozduğu, kreditorun kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək hüququnun yarandığı bildirilmiş və borc alan tərəfindən xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və faiz borcunun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (kreditor) ilə cavabdeh “Miks Kart-E.L. MMC (borc alan) arasında 09 oktyabr 2015-cu il tariхli 6-Q-1-0-183-15 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə 24.10.2016-cı il tarixli əlavə sazişə əsasən kreditin verilmə müddəti 24.10.2018-ci il tarixədək uzadılmışdır. İddiaçı ASC Cavabdeh1 MMC-yə müqaviləyə əsasən 24.10.2016-cı il tarixdə borc alana 24 ay müddətinə illik 24 %-lə 48.438 manat məbləğində kredit verməklə, göstərilən müqavilə və sazişlə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya 26.05.2021-ci il tarixinə kredit müqaviləsi üzrə 28.594,64 manat məbləğində əsas, 15.355,91 manat məbləğində faiz borcu yaranmışdır. Eyni zamanda İddiaçı ASC tərəfindən həmin borc məbləğinə kredit müqaviləsinin 1.14-cü bəndinə əsasən borcun ödənilməsinin gecikdirilməsinə görə 392,22 manat məbləğində dəbbə pulu və kreditin verilmə müddəti bitdiyi tarixdən – 24.10.2018-ci il tarixdən 26.05.2021-ci il tarixədək olan müddət üçün MM-in 445.7-ci maddəsinə əsasən gecikdirilmiş əsas borcun illik beş faiz olmaqla faizlər hesablanmışdır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin qərarda həmçinin göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə cavabdeh “Miks Kart-E.L. MMC-nin 09 oktyabr 2015-ci il tarixli, 6-Q-1-0-183-15 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin banka borcunun yarandığını, belə olan halda İddiaçı ASC-nin əsas borc məbləğinin və ona hesablanmış faiz borcunun, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun, AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarına uyğun olaraq bankın müqavilə müddəti bitdikdən sonrakı müddət üçün MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış faizlərin ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC-nin iddiası “Miks Kart-E.L. MMC-yə qarşı olan hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin zamin Cavabdeh2 qarşı olan hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə tələbetmə hüququnun yaranmasına əsas kimi 09 oktyabr 2015-cu il tariхli 6-Q-1-0-183-15 saylı kredit müqaviləsi üzrə borc alan “Miks Kart-E.L. MMC-nin öhdəliklərini təmin etmək məqsədilə tərəflər arasında bağlanmış 24.10.2016-cı il tarixli 6-Q-1-0-183-15 saylı zaminlik müqaviləsinə istinad etmişdir. Həmin müqavilənin “müqavilənin qüvvədə olduğu müddəti”ni müəyyən edən 5-ci bəndində zaminliyə xitam verilməsi kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin kreditora tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 367.1-ci maddəsinə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göstərilən normaların məzmunundan da göründüyü kimi qanunun tələblərinə görə müddət üç formada : 1)Təqvim tarixi ilə 2)illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə, 3) hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən edilə bilər. Göründüyü kimi əsas öhdəliyin icra edilməsi hökmən baş verməli olan hadisə olmadığından zaminliyin qüvvədə olmasının həmin hadisə ilə şərtləndirilməsi həmin müddəanın mülki qanunvericiliyin tələbləri baxımından müddət kimi qiymətləndirilməsini istisna edir. Bundan əlavə yuxarıda göstərilən müddəa müqavilə şərtlərinin cavab verməli olduğu “hüquqi müəyyənlik” prinsipinin tələblərinə də cavab vermir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 21.10.2016-cı il tarixli zaminlik müqaviləsində zaminliyin verilmə müddəti müəyyən edilməmişdir. Mülki Məcəllənin 477.0.4-cü bəndinə əsasən isə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi hazırkı işdə zaminlik müqaviləsində zaminliyin verilməsi müddəti müəyyən edilmədiyindən və kreditor zaminliyin təmin etdiyi əsas öhdəliyin icrası vaxtının çatdığı tarixdən (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən- 24.10.2018-ci il tarixdən) bir il ərzində zaminə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddiası Cavabdeh2 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın Cavabdeh1 MMC–yə münasibətdə təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdeh “Miks Kart-E.L.MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 28.594,64 manat məbləğində əsas borc, 15.355,91 manat məbləğində faiz borcu, 392,22 manat məbləğində dəbbə pulu və kreditin verilmə müddəti bitdiyi tarixdən - 24.10.2018-ci il tarixindən 26.05.2021-ci il tarixinədək olan müddət üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 % hesabı ilə 3701,7 manat məbləğində faiz borcu, ümumilikdə 48.044,47 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh2 münasibətdə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar