Məhkəmə qərarları › İş №e-2-2(113)-3087/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3087/2022

03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3087/2022 03.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qanuni nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkilli Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbi barədə ilkin, Cavabdeh İddiaçı qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 fevral 2021-ci il tarixli 02/21D saylı icarə müqaviləsinə əsasən cəmi 9.632 manat məbləğində icarə haqqının və 100 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 9.732 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 4814,5 kv.metr qeyri-yaşayış sahəsinin 860 kv.metr hissəsi Cavabdeh direktorou Qanuni nümayəndə ilə bağladığı 02/21D saylı 05 fevral 2021-ci il tarixli “ Qeyri yaşayış sahəsinin icarəyə verilməsi barədə” müqaviləsinə əsasən Cavabdeh MMCyə 11 (on bir) ay müddətinə anbar sahəsi kimi istifadə edilməsi məqsədilə icarəyə verilmişdir. İcarə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd olan icarə müqaviləsinin 3.2-ci bəndinə əsasən tərəflərin razılığı əsasında aylıq icarə haqqı bütün vergilər xaric 2580,00 (iki min beş yüz səksən) manat təşkil etmiş, 05 fevral 2021-ci il tarixdən 20 fevral 2021-ci il tarixədək köçmə dövrü kimi müəyyən olunaraq, bu dövr üçün icarə haqqı nəzərdə tutulmamışdır. Tərəflər razılaşmışlar ki, 2021-ci ilin 21 fevral tarixindən 31 mart tarixinədək icarə haqqı bütün vergilər xaric 3440 (üç min dörd yüz qırx) manat təşkil edir və müqavilə üzrə icarə müddətinin ilkin ödəniş məbləğidir, hazırkı müqavilə imzalandığı tarixdən 7(yeddi) iş günü ərzində icarəyə verənin hesab fakturasına əsasən “icarəçi” tərəfindən ödənilir. İcarə haqqının ödənişi müvafiq ayın 10-na dək həyata keçirilsin. Müqavilə bağlandıqdan sonra icarə sahəsi Cavabdeh MMC-nin istifadəsinə verilmiş və sonuncu özünə məxsus mebel aksessuarlarından ibarət malları anbara yığaraq orada saxlamışdır. İcarə müqaviləsinin 4.1.7-ci bəndinə uyğun olaraq anbar yararlı vəziyyətdə və icarəçinin müqavilədə göstərilmiş məqsədlərinə uyğun olacaq şəkildə tam istifadəyə yararlı olmuş, icarəçi “cavabdeh” tərəfindən hər hansı bir narazılıq daxil olmamışdır. Anbar malların saxlanması üçün çox əlverişli, malların mümkün qədər tez və səmərəli şəkildə daşınmasına və yüklənməsinə imkan verən əhəmiyyətli yerdə yerləşmişdir. Ondan sonra icarəçi Cavabdeh MMC tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə fevral, mart ayları üçün 3 440,00 ( üç min dörd yüz qırx)manat, aprel ayı üçün 2 580,00 (iki min beş yüz səksən) manat, may ayı üçün 2 580,00 (iki min beş yüz səksən) manat, iyun ayı üçün 2 580,00 (iki min beş yüz səksən) manat, iyul ayı üçün 2 580,00 (iki min beş yüz səksən) manat, avqust ayı üçün 2 580,00 (iki min beş yüz səksən) manat, sentyabr ayı üçün 2 580,00 (iki min beş yüz səksən) manat, dekabr ayı üçün 2 580,00 (iki min beş yüz səksən) manat cəmi 21 500,00 (iyirmi bir min beş yüz) manat icarə haqqı köçürmə yolu ilə icarəverənin hesabına ödənilmişdir. Lakin, sonradan icarəçi Cavabdeh MMC müqavilə şərtlərini pozaraq 2021-ci ilin oktyabr, noyabr ayları və 2022-ci ilin yanvar ayı üzrə hər ay 2 580,00 (iki min beş yüz səksən) manat təşkil etməklə, cəmi 9 632,00 (doqquz min altı yüz otuz iki) manat icarə haqqını ödəməkdən imtina etmişdir. Bununla bağlı Cavabdeh MMC-nə müraciət edilmiş, icarə haqqını ödəməsi tələb olunmuşdur, lakin Cavabdeh MMC qeyd olunan müraciətə hec bir cavab vermədiyindən 22 fevral 2022-ci il tarixdə icarə müqaviləsinə xitam verilmiş və həmin tarixdə Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən anbar boşaldılaraq təhvil verilmiş, bu barədə həmin tarixdə təhviltəslim aktı tərtib edilərək tərəflər tərəfindən imzalanmışdır. Ondan sonra da dəfələrlə müraciət edilsə də 9.632,00 manat icarə haqqını ödəməkdən imtina etmişlər. Səbəbini isə guya icarə haqqı ödənilməmiş 2021-ci ilin oktyabr, noyabr ayları və 2022-ci ilin yanvar ayında yağış yağması nəticəsində anbara yığılmış mebel aksesuarlarından ibarət malların bir hissəsinin islanaraq yararsız hala düşməsi olmuşdur. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması və əmlaka dəyən 9.879,10 manat zərərin, o cümlədən ödənilmiş 118,80 manat dövlət rüsumuunun, cəmi 9.997,9 manat pulun İddiaçı tutularaq "xxxx" MMC-yə odənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, “Dekoraks" MMC-nin fəaliyyəti mebel aksesuarlarının topdan ve pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. Bunun üçün sifariş alındığı malların yerli anbarlarda saxlamaqla, satışı həyata keçirilir. Buna görə İddiaçı ilə icarə müqaviləsi bağlanmışdır. Müqavilə 11 ay müddətinə bağlanmaqla, aylıq icarə haqqı vergilər xaric 2.580 manat müəyyən edilmişdir. Ödənişlər vaxtı-vaxtında həyata keçirilmiş, lakin 2021-ci ilin sentyabr ayında yağışların başlamış və həm icarəsinin sahəsinin içərisi, həm də giriş hissəsi yağış suları ilə dolaraq mallar islanaraq korlanmışdır. Bununla bağlı İddiaçı ilə əlaqə saxlanılmış, o da tez bir zamanda icarə sahəsinin düzəldiləcəyini vəd etmişdir. Bunun nəticəsində 9.879,10 manatlıq maddi ziyan dəymişdir. Bu müddət ərzində sahədən çıxmaqla bağlı danışıqlar aparılmış, ancaq İddiaçı tez bir zamanda sahəni təmir edəcəyini və çıxmamağı israrla bildirmişdir. Malların daşınması və başqa yer tapmaq əlavə xərc tələb etdiyindən verilən vədlərə inanılmış və gözlənilmişdir. Ona görə də, həmin aylarda ödənişlər olmamışdır. İddiaçı dekabr ayında icra obyektini qismən təmir etdirmiş və nöqsanın aradan qalxdığını düşünərək, dekabr ayı üçün ödəniş edilmişdir. Lakin yenidən yağış yağmış və təmirin keyfiyyətsiz olması səbəbindən yenidən yağış suları içəri daxil olmuşdur və bb da icarə sahəsindən çıxmaq üçün əsas olmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddianın məzmununa uyğun izahat verərək, qarşılıqlı iddiaya isə etiraz edərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qanuni nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə və Cavabdeh MMC-nin nümayəndəsi və vəkilli Nümayəndə ilkin iddiaya etiraz etmiş, qarşılıqlı iddianın məzmuna uyğun izahat verərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən həm ilkin, həm də qarşılıqlı iddia təmin olunmalıdır. Məhkəmə mübahisələrin həlli baxımından qeyd edir ki, ilk növbədə ilkin iddiaya münasibət bildirilməlidir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı (icarəyə verən) Cavabdeh (icarəçi) arasında 05 fevral 2021-ci il tarixdə icarə müqaviləsi bağlanaraq ünvan 1 ünvanda yerləşən 4814,5 kv.metr qeyri-yaşayış sahəsinin 860 kv.metr hissəsi icarəyə verilmişdir. İcarə müqaviləsinin müddəti 11 ay, aylıq icarə haqqı isə bütün vergilər xaric 2580 manat müəyyən edilmişdir. 22 fevral 2022-ci il tarixdə icarə müqaviləsinə xitam verilmiş və həmin tarixdə Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən anbar boşaldılaraq İddiaçı təhvil verilmişdir. İş üzrə hər iki tərəf aylıq icarə haqqının əvvəllər vaxtı-vaxtından ödənildiyi bildirmişlər və 2021-ci ilin oktyabr, noyabr ayları və 2022-ci ilin yanvar ayı və fevral ayının 22-dək icarə haqqının ödənilmədiyi bildirmişlər. Hazırda ilkin iddiaçı 2021-ci ilin oktyabr, noyabr ayları və 2022-ci ilin yanvar ayı və fevral ayının 22-dək icarə haqqı borcunun ödənilmədiyini, icarə haqqı borcunun cəmi 9.632 manatın tutulmasını xahiş edir. Cavabdeh isə Mülki Məcəllənin 677.1.1-ci maddəsinə (əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır. Yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmaların qüvvəsi yoxdur) istinad edərək ilkin iddiaya etiraz edir, həmin aylarda yağışın yağması səbəbi ilə ona məxsus olan 9.879,10 manat dəyərində mebel məmulatları (aksesuarları) məhv olduğundan ziyana düşdüklərini və ödəməli olmadığını billdirir. Məhkəmə ilkin iddia üzrə tələbin qanuni əsası kimi aşağıdakı normaların nəzərdən keçirilməsini zəruri hesab edir. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, 2021-ci ilin oktyabr, noyabr ayları və 2022-ci ilin yanvar ayı və fevral ayının 22-dək icarə haqqının ödənilmədiyi işin mübahisəsiz halıdır. Belə halda həqiqətən də ödənilməli olan icarə haqqı borcu 9.632 (2580x3=7.740, 2580/30=86 (bir gün üçün) 86x22=1.892 (22 gün üçün)+7.740=9632) manat təşkil edir. Cavabdeh etirazının dəlilinə münasibət də isə məhkəmə qeyd edir ki, yağış sularının icarə sahəsinə daxil olması nəticəsində icarə sahəsindən istifadəsi edilməsi imkanı aradan qalxmamışdır, əgər bu istifadə aradan qalxmış olsa idi və yaxud yararlılığı əhəmiyyətli dərəcədə azalmış olsa idi icarəçi sonrakı aylarda həmin sahədən istifadə etməz və icarə hüquq münasibəti xitam vermiş olardı. Belə ki, qeyd edilən dəlil yararlığın əhəmiyyətsiz dərəcədə azalması kimi qəbul edilməlidir. Beləliklə ilkin iddia təmin edilməli, 9632 manat məbləğində icarə haqqı borcu Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa məhkəmə iclası zamanı ilkin iddiaçının iddianın xahiş etdi hissəsində 100 manat dövlət rüsumunun da tutulmasını xahiş etsə də, həmin rüsumun ilkin mediasiya sessiyası üçün ödənilmiş pul olduğunu və həmin pulun tələb edildiyini bildirdi. Məhkəmə qeyd edir ki, ilkin iddia təmin edildiyindən ilkin mediasiya xərci olaraq ödənilmiş 100 manat məbləğində pul da Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, ilkin iddianın mübahisələndirilməyən halları qarşılıqlı iddiaya da aiddir. Qarşılıqlı iddiaçı icarə sahəsinin tavanının keyfiyyətsiz olması nəticəsində yağış sularının içəri daxil olması nəticəsində orada saxlanılan 9.879,10 manat dəyərində olan mebel məmulatlarının (aksesuarları) yararsız hala gəlməsini və maddi ziyana düşdüyünü qeyd edərək həmin pulun icarəyə verəndən (İddiaçı) tutulmasını xahiş edir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəf (İddiaçı) isə qarşılıqlı iddiaya etiraz edərək 2021ci ilin payız aylarında güclü yağışların yağmasının məlum olduğunu ancaq, həmin yağış sularının icarə sahəsinin giriş hissəsinə yığıldığını, icarə sahəsinə daxil olmadığını, 9.879,10 manatlıq hansı əşyaların yararsız olmasının məlum olmadığı, onların dəyərinin məhz 9.879,10 manat təşkil etməsini qarşılıqlı iddiaçının əsaslandıra bilmədiyindən, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qarşıqlıqlı iddia ilə bağlı mübahisənin həlli baxımından ilk müəyyən edilməli olan məqam icarə sahəsinin daxilinə yağış sularının daxil olubolmaması və sonradan əgər daxil olmuşdursa hansı dəyərdə olan əşyaların yararsız hala düşməsidir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən, həm də elektron daşıcı olan diskdə yerləşdirilmiş fotoşəkillərdən, diskdə olan məhkəmə iclası zamanı tərəflərin də iştirakı ilə baxış keçirilmiş video materialdan görünür ki, həm icarə sahəsinin giriş hissəsinə, həm də həmin icarə sahəsinin daxilinə yağış suları yığılmış və icarə sahəsinin daxilində olan Cavabdeh yazısı qeyd edilən içərisi dolu karton qutular islanmış və içərisindəki əşyalara ziyan dəymiş, həmin islanmış karton qutuların bir hissəsi nizamsiz şəkildə kənara yığılmış, bir hissəsi isə olduğu yerdə islanmış vəziyyətdə qalmışdır. Həmçinin də, iş materillarına əlavə edilmiş diskdə əks olunmuş Cavabdeh nümayəndəsi ilə, İddiaçı adından danışıqlar aparmış şəxsin telefon danışıqlarının məzmunundan aydın olur ki, Cavabdeh icarə sahəsinə yağış sularının daxil olduğunu, icarə sahəsinin tavanının düzəldilməsini istəməsini bildirir, əks halda icarə sahəsindən çıxacağını, qarşı tərəf isə onun icarə sahəsinin tavan hissəsinin təmirinin həyata keçirilməsi istəyini eşitmiş və “yaxşı” deyə cavab vermişdir. İşə əlavə edilmiş Cavabdeh tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli “akt”dan görünür ki, yağış sularının daxil olması nəticəsində mebel məmulatlarının (aksesuarları) dəyəri 9.879,10 manat təşkil edir. İşə əlavə edilmiş gömrük bəyannamələrindən də, göründüyü kimi adı çəkilən “akt”da göstərilən əşyalar və digər əşyalar Türkiyə və Çindən Azərbaycana Cavabdeh adına idxal edilmişdir. Bundan başqa Cavabdeh tərəfindən Dövlət Vergi Xidmətinə təqdim edilən 2021-ci il üçün X2 görünür ki, 9.879,10 manat dəyərində məhsullar “silinmişdir” kimi qeyd edilib. İddiaçı nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək, İddiaçı ilə çoxdan tanıdığını, qardaşı ilə dost olduğunu, özünün mühəndis olduğunu, işıqlandırmanı, qapını, döşəmə, tavanı keçən ilin yay aylarında təmir etdiyini, təmir edilən zaman Cavabdeh orada olmadığını, təmirdən az zaman sonra ora köçdüklərini bildirdi. Bunda başqa İddiaçı ona noyabrın axırı, dekabr ayında zəng edib Cavabdeh icarə haqqını ödəmədiyini deyən zaman anbar sahəsinə xarab olmuş malların aktlaşdırması məqsədi ilə getdiyini, lakin karobkalar bağlı olduğundan hansı malların xarab olmasını görməmiş, Cavabdeh ekspert vasitəsi ilə qiymətləndirəcəklərini bildirmişlər. Həmçinin də şahid diskdə olan videoya baxış keçirmiş və həmin sahənin verilmiş icarə sahəsi olduğunu qeyd etmişdir. Cavabdeh vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək Cavabdehnə xidmət müqaviləsi üzrə mühasibatlıq işləri ilə məşğul olduğunu, özünün məhz mebel məmulatlarını tanımadığını, ona görə karton qutuların açılmadan islanmış vəziyyətdə gördüyünü və bu barədə Vergi orqanına məlumat verdiyini bildirdi. Cavabdeh vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X6 Cavabdeh direktoru Qanuni nümayəndə atası olduğunu, yağış sularının həm darvazanın qarşısına, həm də daxilinə keçdiyini, İddiaçı bir dəfə həmin sahəni təmir etdirmiş olsa da, sonradan yağış yağdığında yenidən yağış sularının içəri daxil olduğunu və malların islandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddianın qanuni əsası kimi aşağıdakı norma nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 677.1.2-ci maddəsinə əsasən əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, iş üzrə yekun nəticəyə gəlinərkən təkcə birbaşa sübutlar deyil, həmçinin də dolayı sübutlar da tədqiq edilməlidir. Belə ki, dolayı sübutlar əsas faktlara, yaxud işin hallarına və ya hadisələrin gedişinə dair elə informasiyaları bildirir ki, onların əsasında əsas faktlar barəsində nəticə çıxarmaq mümkün olur. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə araşdırılmış halları və tədqiq edilmiş dolayı sübutlarla (şahid ifadələri, gömrük bəyannamələri, vergi bəyannaməsi, şəkillər, səs yazıları, videoyazı) icarə sahəsinə yağış sularının daxil olmasını, bunun nəticəsində də, Cavabdehnə məxsus olan əmlaka 9.879,10 manat məbləğində maddi zərər dəyməsi sübut olunur. Məhkəmə həmçinin də qeyd edir ki, qarşılıqlı iddianın xahiş etdi hissəsində qeyd edilən “ilkin iddianın rədd edilməsi” hissəsi ayrıca tələb kimi deyil, ilkin iddiaya etiraz kimi qəbul edilməlidir. Ona görə də, qarşılıqlı iddia təmin edilməlidir. Qarşılıqlı iddia da təmin edildiyindən mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18,80 manat məbləğində pul İddiaçı tutularaq Cavabdehnə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. 05 fevral 2021-ci il tarixli 02/21D saylı icarə müqaviləsinə əsasən icarə haqqı borcu üzrə 9.632 (doqquz min altı yüz otuz iki) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 100 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia təmin edilsin. Dəymiş zərərin olaraq 9.879 (doqquz min səkkiz yüz yetmiş doqquz) manat 10 (on) qəpik məbləğində pul İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 100 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 (on səkkiz) manat 80 (səksən) qəpik, ümumilikdə 118 (yüz on səkkiz) manat 80 (səksən) qəpik məbləğində pul İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilsin. Pul tələbləri qismən əvəzləşdirilsin. 247 (iki yüz qırx yeddi) manat 10 (on) qəpik məbləğində pul İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar