Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-309/2024 17.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. "xxxx" MMC ilə Cavabdeh arasında 15 fevral 2022-ci il tarixli “Park Bulvar” alış-veriş mərkəzində qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə müqavilə (Brands Hub) bağlanmışdır. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən; 1). Müqaviləyə əsasən “İcarəyə verən” Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 42 ünvanda yerləşən “X2-veriş Mərkəzi"ndə olan və Müqavilənin 1-ci maddəsində göstərilən sahəni (bundan sonra “İcarə obyekti" adlanacaq) müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada “İcarəçi"yə icarəyə verməyi öz öhdəsinə götürür. 2). “İcarəçi” icarə obyektini “Mağaza" üçün istifadəsinə qəbul edib əvəzində "İcarəyə verən"ə bu Müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqını ödəməyi və Alış-veriş Mərkəzində mövcud olan qaydalara riayət etməyi öhdəsinə götürür. - 3.1-ci bəndinə əsasən; 1). Hazırki müqavilə 15 fevral 2022-ci il tarixindən 31 may 2023-cü il tarixinədək müəyyən edilir və aparılan təmir işləri ilə əlaqədar əlavə icarə haqqı xx.xx.2022-ci il tarixindən, əsas icarə haqqı isə xx.xx.2022-ci il tarixindən hesablanır. 2). Müqavilənin müddəti icarə müddəti başa çatdıqda bitir. Müqavilənin qüvvədə olma müddətinin bitməsi və ya ona xitam verilməsi tərəflərin müqavilənin müddəti bitənə və ya ona xitam verilənədək icra etmədikləri öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyətdən azad etmir. - 5.2-ci bəndinə əsasən; 1). Əsas icarə haqqı icarə obyektindən istifadəyə görə onun sahəsindən asılı olaraq maddə 3.1.1 də müəyyən edilmiş müddət üçün 11.083,70 manat (ƏDV xaric) dəyərində müəyyən edilən aylıq ödənişdir. "İcarəçi" əsas icarə haqqını vaxtında ödəməli və bunu qabaqcadan tələb irəli sürülmədən həyata keçirməlidir. 2). "İcarəçi" hər hansı bir səbəbdən aylıq əsas icarə haqqını hər təqvim ayının ilk 10 (on) iş günü ərzində ödəməzsə, o zaman icarəçi hər gecikdiyi günə görə aylıq əsas icarə haqqının 2% dəyərində olan məbləği icarəyəverənə əlavə olaraq ödəməli olacaq, əks halda əsas icarə haqqı ilə birlikdə girov məbləğindən çıxılacaq. - 5.3-cü bəndinə əsasən; 1). Əlavə icarə haqqı İcarə Obyektindən istifadəyə görə onun sahəsindən asılı olaraq maddə 3.1.1-də müəyyən olun müddət üçün 2.243,03 manat (ƏDV xaric) dəyərində müəyyən edilən aylıq ödənişdir. 2). İcarə obyektinin hər kvadrat metrinə görə 12,50 manat (ƏDV xaric) əlavə icarə haqqı ödənilir. 3). Nəzərdə tutulmuş əlavə icarə haqqı hər təqvim ayının ilk 10 iş günü ərzində ödənilməzsə, o zaman icarəçi hər gecikdiyi günə görə aylıq əlavə icarə haqqının 2% dəyərində olan məbləği icarəyəverənə əlavə olaraq ödəməli olacaq, əks halda əsas icarə haqqı ilə birlikdə girov məbləğindən çıxılıb ödəniləcəkdir. - 5.4-cü bəndinə əsasən; 1). Kommunal xərclər dedikdə icarə obyektinin daxilində sərf olunan bütün elektrik, su, qaz, telefon, internet və icarə obyektinin daxilindəki isitmə, soyutma ilə bağlı elektrik enerjisi xərcləri və s. bu kimi digər xərclər başa düşülür. İcarə obyektinin (sahənin) kommunal xərclərinin ödənilməsi "İcarəyəverən" tərəfindən hər ay üçün təqdim edilən hesab (sənəd) əsasında “İcarəçi" tərəfindən ödəniləcəkdir. - 9.1-ci (a) bəndinə əsasən icarəçinin bu Müqavilə çərçivəsində hər hansı icarə haqqını, yaxud pul məbləğini ödəniş edilməli tarixdən etibarən 10 (on) gün ərzində ödəməməsi öhdəliklərin yerinə yetirilməməsi halı hesab ediləcəkdir. Müqavilə tərəflərin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
2. "xxxx" MMC ilə Cavabdeh arasında 15 fevral 2022-ci il tarixli icarə müqaviləsinə xx.xx.2022-ci l tarixli əlavə razılaşma imzalanmışdır. Əlavə razılaşmaya əsasən: - 1. İcarə müqaviləsinin 5.2-ci maddəsinin 1-ci bəndi üzrə aylıq əsas icarə haqqına, “Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın iri ticarət mərkəzləri və “Mall”arın bağlanması haqqında qərarına əsasən xx.xx.2021-ci il tarixə kimi Park Bulvar AVM müvəqqəti olaraq bağlandığından, xx.xx.2021ci il tarixdən iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkızlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti qismən bərpa olunduqdan sonra xx.xx.2021-ci il tarixdən fəaliyyətə başlamasına baxmayaraq, icarəçinin sahibkarlıq fəaliyyətinin zəifləməsi, AVM-ə gələn müştərilərin azalması nəticəsində icarə haqqı ödəmələrində çətinliklərlə bağlı onun fəaliyyətinə dəstək məqsədilə, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi 50%, 2023-cü ilin fevral ayı üçün 40%, mart ayı üçün 30% güzəşt müəyyən edilir. - 2. “Formula 1” yarışları zamanı yolların bağlı olduğunu nəzərə alaraq, icarə müqaviləsinin 5.2-ci maddəsinin 1-ci bəndi üzrə aylıq əsas icarə haqqına 2022-ci ilin iyun ayında 10 günlük güzəşt müəyyən edilir. - 3. Müqavilənin digər maddələri dəyişdirilmədən saxlanılır. Əlavə razılaşma tərəflərin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
3. "xxxx" MMC tərəfindən Cavabdeh 2023 ilin fevral ayı üçün əsas və əlavə icarə haqqı, eləcə yanvar ayı üçün istifadə olunan elektrik enerjisi haqqına dair ƏDV daxil 10.768,09 manat məbləğinə EBCO seriyalı, xx.xx.2023-cü il tarixli, 254512 saylı; eləcə də 2023-cü ilin mart ayı üçün əsas və əlavə icarə haqqı, eləcə də 2023-cü ilin fevral ayı üçün elektrik enerjisindən istifadə haqqına dair cəmi ƏDV daxil 12.027 manat məbləğinə xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 079181 saylı; 2023-cü ilin aprel ayının 20 günü üçün əsas və əlavə icarə haqqı və 2023-cü ilin mart ayı-aprel ayının 20 arası dövr üçün üçün elektrik enerjisindən istifadə haqqına dair cəmi ƏDV daxil 9142,82 manat məbləğinə EBDC seriyalı, xx.xx.2023-cü il tarixli 723312 saylı elektron qaimə göndərilmişdir.
4. "xxxx" MMC tərəfindən Cavabdeh borcun ödənilməsinə dair xəbərdarlıq ünvanlanaraq borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə hüquqi müdafiə vasitələrindən istifadə ediləcəyi bildirilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında yaranmış 31.938,58 manat əsas borc, icarə haqqının ödənilməsinin gecikdirilməsi ilə bağlı hesablanmış 4560 manat cərimə məbləği və 200 manat məbləğində mediasiya xərci, ümumilikdə 36.698,58 manat məbləğində pul vəsaitinin Cavabdeh hesabından tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh fərdi sahibkar Cavabdeh arasında, xx.xx.2022-ci il tarixində, iddiaçının mülkiyyətində olan “Park Bulvar” ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən 179.49 m² sahə ilə bağlı icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən, icarəyəverən - "xxxx" MMC icarə obyektini icarəçinin – Cavabdeh istifadəsinə verməyi, icarəçi isə aylıq olaraq ümumilikdə 13.327,33 manat (ƏDV xaric) icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi tərəfindən 2023-cü ilin fevral, mart, aprel aylarının icarə haqları ödənilməmiş, bununla da icarəçinin icarəyə verənə 31.938,58 manat borc öhdəliyi yaranmışdır. "xxxx" MMC Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrından Çıxarışa (Seriya RX № 0874586, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi **********92-06301, verilmə tarixi xx.xx.2016) əsasən mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında yerləşən “Park Bulvar” ticarət mərkəzində təyinatı mağaza, restoran, kino zalı, avtomobil dayanacağı, kiosk, anbar, reklam yerləşdirilməsi və s. olan qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə məşğuldur. Cavabdehin müraciəti əsasında ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən, təyinatı mağaza olan, 179.49 m²-lik sahəni əhatə edən əmlak cavabdehə xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə verilmişdir. İcarə müqaviləsinin 5.2.1) və 5.3.1)-cü maddələrinə əsasən, icarəçi əsas icarə haqqı olaraq 11.083,70 manat (ƏDV xaric), əlavə icarə haqqı (kommunal, təmizlik və s. xidmətlərin göstərilməsinə görə) olaraq isə 2.243,63 manat (ƏDV xaric) məbləğində ödənişi icarə müqaviləsinin bağlanmasından hər növbəti ayın ilk 10 iş günü ərzində icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi ilə icarəyə verən arasında bağlanmış icarə müqaviləsinə 20 aprel 2023-cü il tarixində xitam verilmişdir. İcarəçi 2023-cü ilin fevral və mart ayları və aprel ayının 20 günü üçün nəzərdə tutulmuş icarə haqqını ödəməmiş və ödəməsi barədə xəbərdarlıqlara baxmayaraq hələ də ödəməməkdədir. İcarəyə verən 2023-cü ilin fevral ayı üçün üçün biznesin davamlılığını təmin etmək məqsədi ilə əsas icarə haqqının 40%-i miqdarında, 2023-cü ilin mart ayı üçün əsas icarə haqqının 30%-imiqdarında icarəçiyə güzəşt tətbiq etmişdir. Müqavilənin 5.2.2) və 5.3.2)-ci maddələrinə əsasən icarə müqavilə əsasında nəzərdə tutulmuş əsas və əlavə icarə haqları hər növbəti ayın ilk 10 iş günü ərzində ödənilmədiyi təqdirdə, gecikdirilmiş hər günə görə aylıq əsas və əlavə icarə haqqının 2%-i miqdarında cərimə məbləği hesablanacaqdır. Qeyd olunanlara əsasən, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək hesablanmış aylıq əsas icarə haqqı + ƏDV, aylıq əlavə icarə haqqı + ƏDV, ümumilikdə 31.938,58 manat, ödənilməmiş məbləğlər üzrə hesablanmış cərimə məbləği isə 4560 manat olaraq hesablanmışdır.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.6 və 448.1-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə1 həmçinin izahatında bildirmişdir ki, pandemiya ilə əlaqədar 2021-ci ilin iyun ayından biznesin davamlılığına dəstək məqsədilə icarə haqqının 50%-i miqdarında endirim tətbiq etmişlər. Nümayəndə1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, müqavilədə bununla bağlı dəyişiklik edilməmişdir, lakin hər ay icarəçi ilə güzəştin həcmi qarşılıqlı razılaşdırılırdı. Fevral, mart, aprel aylarında icarə qiymətində artım olmamışdır, sadəcə icarə endirimini aşağı salmışlar. Bu məsələ də qarşı tərəflə razılaşdırılırdı. Bununla bağlı sənədləri təqdim edəcəkdir.
10. 20.12.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, fevral ayında “Park Bulvar”ın rəhbərliyi icarə haqqının qaldırılacağı barədə bildirdi. O buna etiraz etdi və həmin obyekti tərk etmək niyyətində olduğunu bildirdi. Lakin çıxmağına razılıq verilmədi və o, orada məcbur qalmalı oldu. Cavabdeh məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, aprel ayının sonuna kimi orada qalmışlar. Faktiki olaraq həmin aylarda (fevral, mart, aprel) mağazanı işlətməmişlər. Aprel ayında ölkədə keçirilən “Formula-1” yarışları ilə əlaqədar “Park Bulvar” həmin müddətdə bağlandığı üçün onlar məcbur olub icarəyə götürdükləri mağazadan çıxmışlar. Mart, aprel aylarında verilən hesab-fakturaları imzalamamışlar.
11. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
12. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
15. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
16. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
18. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Bakı Plaza Turizm İşlətmələri” MMC ilə Cavabdeh arasında 15 fevral 2022-ci il tarixli icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilənin şərtlərinə uyğun olaraq “Park Bulvar” alış-veriş mərkəzində yerləşən qeyri-yaşayış sahəsini cavabdehin sahibliyinə və istifadəsinə verməklə müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh 2023-cü ilin fevral, mart ayları və aprel ayının 20 günü üçün əsas və əlavə icarə haqqını, eləcə də 2023-cü ilin yanvar, fevral, mart ayları və aprel ayının 20 günü üçün elektrik enerjisindən istifadəyə görə haqqı ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh müqavilə üzrə borcu 31.938,58 manat təşkil edir.
20. Cavabdeh iddiaya etirazına əsas kimi istinad etdiyi -2023-cü ilin fevral ayından icarə sahəsindən çıxmaq istəsə də, iddiaçının onun icarə obyektindən çıxmasına icazə verməməsi, aprel ayının sonunadək icarə sahəsində qalsa da, fevral-aprel ayında mağazanı işlətməməsri barədə - dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, birincisi, Cavabdeh sözügedən faktiki halların həqiqətə uyğunluğunu sübuta yetirə bilməmişdir.
21. Digər tərəfdən mübahisəli aylarda icarə obyekti olan mağaza istifadə və sahibliyində qalsa da, faktiki olaraq fəaliyyət göstərməməsi barədə cavabdehin dəlilləri öz təsdiqini tapsa belə, iddianın əsassız hesab edilməsi üçün əsas vermir. Belə ki, icarəçinin icarə müqaviləsi üzrə icarə haqqını ödəmək öhdəliyinin yaranması icarəçinin icarə sahəsindən faktiki istifadə edib-etməməsi ilə deyil, icarə verənin icarə sahəsini icarəçinin sahiblik və istifadəsinə təqdim etməsi ilə şərtləndirilir. Odur ki, icarəçinin sahibliyinə və istifadəsinə verilmiş və icarəyə verənə qaytarılmamış icarə sahəsindən faktiki istifadə etməməsi sonuncunu icarə haqqını ödəmək öhdəliyindən azad etmir.
22. Belə olan halda məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə borcun tutulması hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir.
23. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 4560 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
24. Həmin tələblə bağlı məhkəmə hesab edir ki, Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
25. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini nəzərə almaqla tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 1500 manat məbləğində müəyyən edilməlidir.
26. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
27. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 199,49 manat təşkil edir.
28. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir..
29. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh ƏDV daxil 31.938,58 manat məbləğində borc və 1500 manat məbləğində dəbbə pulu, cəmi 33.438,58 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva