Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3099/2024 10.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, borc münasibətləri, borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması, hüquqi yardım xərcinin ağlabatanlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli məhsulların güzəştli alqı-satqı müqaviləsi üzrə 5000 manat əsas borcun və 120 manat vəkil üçün xidmət haqqının, 60 manat mediasiya xərcinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 01 nömrəli məhsulların güzəştli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilənin 3.2-ci bəndinə görə, nisyə alqı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. İddiaçı tərəfindən cavabdehə hesab-faktura №9 əsasında ƏDV xaric ümumilikdə 5000 manat məbləğində avans verilmişdir. Lakin cavabdeh həmin borc məbləğini qaytarmamışdır. 2.2. Adıçəkilən müqavilənin 6.2-ci bəndinə görə, ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə birtərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Bundan başqa, müqavilədə nəzərdə tutulmuşdur ki, cavabdeh tərəfindən məhsulların faktura və tara dəyərinin nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2% miqdarında dəbbə pulu ödənilməlidir. 2.3. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin bu günə qədər qeyd olunan borc məbləği ödənilməmiş, buna görə iddiaçı pozulmuş hüquqlarının bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 427, 442-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə digər cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3099/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmənin ikinci baxış iclasında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, hazırkı iddia ilə tələb olunan pul cavabdehə avans ödənişi kimi bank hesabına köçürülməklə verilmiş 5000 manat puldur. Avans ödənişinin məqsədi alıcının sahibkarlıq fəaliyyətini genişləndirmək və bu yolla satıcının gəlirlərini artırmaqdır.
8. Məhkəmənin sonuncu baxış iclasında iddiaçının nümayəndəsi iştirak etməmiş, məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III.Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında bağlanmış 23 aprel 2022-ci il tarixli 01 nömrəli məhsulların güzəştli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, bu müqaviləyə görə satıcı özünün istehsal və satışını təşkil etdiyi müxtəlif çeşidli alkoqolsuz spirtsiz içkiləri və çayları alıcıya satmağı, alıcı isə öz növbəsində həmin məhsulları qəbul etməyi, öz mağazasında (satış nöqtəsi, restoran, hotel, yemək xidməti sahəsi və s.) satıcının təklif etdiyi yerdə yerləşdirməyi və əvəzində faktura (elektron qaimə və ya malların təhvil-qəbul aktı və s.) və ya mədaxil qəbzi (və ya digər sənədlər) ilə müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür (tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin 8-ci bəndində əlavə şərtlər də nəzərdə tutula bilər) (1.1). Bu müqaviləyə əsasən satılan məhsulların adı satıcının istehsal və satışını təşkil etdiyi və ya gələcəkdə də satıcının istehsal və satışını təşkil edəcəyi məhsulların adı ilə eynilik təşkil edir (2.1). Tərəflər arasında razılaşdırılmış güzəştli şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilmişdir (8ci hissə).
14. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən faktura ilə nəzərdə tutulmuş məhsullar aşağıdakı hallarda alıcı tərəfindən qəbul edilmiş (təhvil alınmış) sayılır: alıcının özü; alıcının etibarnamə (və ya etibarnamə xarakterli digər sənəd) əsasında səlahiyyət verdiyi digər şəxs; alıcının fəaliyyət göstərdiyi ərazidə (ünvanda) məhsulları qəbul etmiş digər şəxs; daha əvvəl məhsulları qəbul etmiş və alıcı tərəfindən əvvəl qəbul edilmiş bu təhvil-təslimə görə ödəniş edilmiş şəxs (bu halda sözügedən şəxsə səlahiyyət verilməsi alıcı tərəfindən tanınmış qəbuı edilir).
15. Həmin müqaviləyə 23 aprel 2022-ci il tarixli 01 nömrəli Əlavədən görünür ki, alıcı satışını təşkil etdiyi qazlı içkilər, soyuq çay, meyvə şirəsi və plastik qablaşdırılmış su çeşidlərini "xxxx" MMC-dən (Coca-cola, Coca-Cola Şəkərsiz, Fanta və Fanta çeşidləri, Sprite, Bonaqua, Damla, Schweppes, Cappy meyvə şirəsinin çeşidlərini, Fuse tea soyuq çay çeşidlərini) alacağını satıcının ona istifadə uçun verdiyi soyuducuları təmiz və səliqəli saxlayacağını, satıcıya aid olan soyuducularda yad məhsullar saxlamayacağını, soyuducuları mümkün qədər dolu saxlayacağını və Müqavilə müddəti ərzində soyuducuları hər zaman bu Müqavilə uzrə razılaşdırılmış obyektlərdə saxlayacağını; bu Müqavilədə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş bütün öhdəliklər qarşılığında Müqavilə müddəti arzində satıcıdan satın aldığı 3500 kaset məhsulu salacağını, satıcı isə alıcıya müqavilə müddəti ərzində, satıcının istehsal və satışını təşkil etdiyi məhsullardan satacağına görə, ilk öncədən 5000 AZN (ƏDV xaric) ödəniş etməyi öz öhdəsinə götürür.
16. İş materiallarında olan 05 may 2022-ci il tarixli 09 nömrəli hesab-fakturadan görünür ki, hesab-faktura 23 aprel 2022-ci il tarixli 01 nömrəli Əlavəyə əsasən ƏDV-siz 5000 manat avans ödənişi üçün tərtib edilmişdir.
17. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 5000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürülmüşdür.
18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 23 aprel 2022-ci il tarixli 01 nömrəli məhsulların güzəştli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı özünün istehsal və satışını təşkil etdiyi müxtəlif çeşidli alkoqolsuz spirtsiz içkiləri və çayları cavabdehə satmağı, cavabdeh isə öz növbəsində həmin məhsulları qəbul etməyi, öz mağazasında (satış nöqtəsi, restoran, hotel, yemək xidməti sahəsi və s.) iddiaçının təklif etdiyi yerdə yerləşdirməyi və əvəzində faktura (elektron qaimə və ya malların təhvil-qəbul aktı və s.) və ya mədaxil qəbzi (və ya digər sənədlər) ilə müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 23 aprel 2022-ci il tarixli 01 nömrəli Əlavə üzrə 5000 manat məbləğində avans ödənişini xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı əsasında cavabdehin bank hesabıa köçürmüşdür.
19. İddiaçı alqı-satqı müqaviləsi üzrə avans olaraq ödənilmiş 5000 manat pulun cavabdehdən tutulmasını tələb edir.
20. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
21. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
24. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilən bütün sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
25. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı satıcı kimi cavabdehin (alıcı) sahibkarlıq fəaliyyətini maliyyələşdirmək üçün ödədiyi 5000 manat məbləğində pulun tutulmasını tələb edir. Lakin mülki qanunvericilikdə alqı-satqı münasibətləri çərçivəsində satıcının alıcını maliyyətləşdirmək üçün avans ödənişi etməsi tənzimlənməmişdir. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Belə olan halda, məhkəmə ödənişin təyinatını, xarakterini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin (tərəflər arasında öhdəlik münasibəti yaranarkən qüvvədə olan) borc müqaviləsi ilə bağlı müddəaları təşkil edir.
27. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
28. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır.
29. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
30. Hazırda tərəflərlər arasında borcun qaytarılması üçün müddət müəyyən edilmədiyindən və borcun predmeti 110 manatdan çox olduğundan Mülki Məcəllənin 742.2-ci maddəsindən təsbit edilmiş 3 aylıq xəbərdarlıq müddəti gözlənilməklə iddiaçının borcunun qaytarılmasını tələb etmək hüququ mövcuddur.
31. İş materiallarında olan pretenziya məktubu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemindən çıxarışdan görünür ki, cavabdehdən 5000 manat məbləğində pulun qaytarılması tələb edilmiş, həmin məktub informasiya sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə cavabdehə çatdırılmışdır.
32. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh xəbərdarlıq müddətindən sonra borcun qaytarılması vəzifəsini yerinə yetirməmişdir.
33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
34. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
37. Beləliklə, məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə borcun qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
38. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 23 aprel 2022-ci il tarixli 01 nömrəli məhsulların güzəştli alqı-satqı müqaviləsi üzrə 5000 əsas borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
39. İddiaçı həmçinin 120 vəkil xidmət haqqı, 60 manat mediasiya xərcinin və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
40. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli MŞB/20/2024-00029 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh sessiyada iştirak etməmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
41. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
42. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
43. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin dekabr ayı) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
44. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 10 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
45. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 385 nömrəli müqavilə üzrə 120 manat məbləğində pul vəkil bürosuna ödənilmişdir (0393638 nömrəli orderdə əks olunmuş müqavilə).
46. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
47. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
48. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
50. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması və s.) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
51. Beləliklə, yuxarıda göstərilənləri, iddia tələbinin təmin edildiyini və hüquqi yardım xərcinin ağlabatan olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 120 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat cavabdeh X2 tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 233, 242-244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı İddiaçı) ilə Cavabdeh arasında 23 aprel 2022-ci il tarixdə bağlanmış məhsulların güzəştli alqı-satqı müqaviləsi üzrə 5000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 120 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova