Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-31/2024 20.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, müqavilədən imtina, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Qanuni nümayəndə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizələr ilə məhkəməyə müraciət edərək, DCS90040254-03 saylı kredit müqaviləsinə əsasən 30678,78 manat əsas borc, 5947,69 manat cərimə borcu olmaqla cəmi 36626,47 manat borcun, DCL90040254-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 25067 manat əsas borc, 2473,91 manat faiz borcu, 5525,88 manat cərimə borcu olmaqla cəmi 33066,79 manat borcun, DCL90040254-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 83998 manat əsas borc, 13118,73 manat faiz borcu, 9183,78 manat cərimə borcu olmaqla cəmi 106 300,51 manat borcun, DCL90040254-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6095 manat əsas borc, 1021,77 manat faiz borcu, 509,27 manat cərimə borcu olmaqla cəmi 7626,04 manat borcun və ödənilmiş 73,62 manat dövlət rüsumunun, 400 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2015-ci il tarixli BB GTS- 246/2015 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu, eyni zamanda həmin ümumi şərtlər toplusuna xx.xx.2015-ci il tarixli 1 nömrəli əlavə imzalanmışdır. Sonradan tərəflər arasında qeyd edilən ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DCL90040254-04 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, iddiaçı tərəfindən borcalana illik faiz dərəcəsi 17%, cərimə faiz dərəcəsi 15% olmaqla xx.xx.2022-ci il tarixədək 25067 manat məbləğində, xx.xx.2021-ci il tarixli DCL90040254-05 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və iddiaçı tərəfindən borcalana illik faiz dərəcəsi 17%, cərimə faiz dərəcəsi 15% olmaqla xx.xx.2022-ci il tarixədək 83998 manat məbləğində, xx.xx.2021-ci il tarixli DCL90040254- 06 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və iddiaçı tərəfindən borcalana illik faiz dərəcəsi 17%, cərimə faiz dərəcəsi 15% olmaqla xx.xx.2022-ci il tarixədək 6095 manat məbləğində kredit xətti açılmışdır. 2.2. Bundan başqa, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixli DCS90040254-03 saylı kredit müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 18 avqust 2020-ci il tarixli zm-41/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 18 ay müddətinə 150 000 manat məbləğində kredit verilmişdir. 2.3. İddiaçı ilə bağlanmış DCS90040254-03 saylı kedit müqaviləsi və DCL90040254-04 saylı, DCL90040254-05 saylı, DCL90040254-06 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə sonuncu ilə Qanuni nümayəndə arasında xx.xx.2020-ci il tarixli və xx.xx.2020ci il tarixli DG**********4 saylı, xx.xx.2021-ci il tarixli DG**********86 saylı, xx.xx.2021-ci il tarixli DG**********599 saylı, xx.xx.2021-ci il tarixli DG**********565 saylı zaminlik müqavilələri bağlanmışdır. 2.4. Lakin Cavabdeh1 MMC qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədilə mediasiya institutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.2.1, 448.1, 472-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə digər cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır. II. Tərəflərin mövqeləri:
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iddianın məzmununa uyğun izahatlar verdi və iddianın təmin olunmasını xahiş etdilər.
6. Məhkəmənin suallarına cavab olaraq sonuncu baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 11 iyun 2024-cü il tarixli 9/8466 nömrəli ekspert rəyi ilə ümumilikdə razı olduqlarını, lakin rəydə cərimə borcunun az göstərildiyini bildirdi.
7. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə3 məhkəmənin baxış iclasında iştirak edərək 11 iyun 2024-cü il tarixli 9/8466 nömrəli ekspert rəyi ilə razılaşdıqlarını qeyd etdi.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2015-ci il tarixdə BB GTS-246/215 nömrəli “Bank xidmətlərinin göstərilməsinə dair” ümumi şərtlər toplusu imzalanmışdır. Ümumi şərtlər toplusu çərçivəsində bank tərəfindən borcalana tərəflər arasında imzalanmış 05 iyul 2021-ci il tarixli DCL90040254-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə mal alışı məqsədi ilə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 25067 manat məbləğində, 10 noyabr 2021ci il tarixli DCL90040254-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə mal alışı məqsədi ilə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 83998 manat məbləğində, 09 dekabr 2021ci il tarixli DCL90040254-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə mal alışı məqsədi ilə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 6095 manat məbləğində birdəfəlik kredit verilmişdir. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında 24 avqust 2020-ci il tarixli DCS90040254-03 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı dövriyyə vəsaitlərinin artırılması üçün qaytarılmaq, məqsədli istifadə və faizlər ödəmək şərti ilə cavabdehə 150 000 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 18 ay müddətinə kredit verməyi, cavabdeh isə kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (illik faiz dərəcəsindən fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7,5% faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin adıçəkilən 4 kredit müqaviləsi üzrə cavabdeh Qanuni nümayəndə Cavabdeh1 MMC-nin iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
12. İddiaçı DCS90040254-03 saylı kredit müqaviləsinə əsasən 30678,78 manat əsas borc, DCL90040254-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 25067 manat əsas borc, 2473,91 manat faiz borcu, DCL90040254-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 83998 manat əsas borc, 13118,73 manat faiz borcu, DCL90040254-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6095 manat əsas borc, 1021,77 manat faiz borcunun cavabdehlərdən tutulmasını tələb edir.
13. Cavabdehlər 11 iyun 2024-cü il tarixli 9/8466 nömrəli ekspert rəyi ilə razı olduqlarını göstərir.
14. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.
15. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
17. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
18. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
19. İş materiallarından görünür ki, iddiaçı tərəfindən kredit müqavilələri üzrə əsas borc bütünlüklə ilk dəfə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi vasitəsilə Cavabdeh1 MMC-yə çatdırılması yolu ilə tələb edilmiş, nə mediasiya prosesinin tətbiqi barədə təklifdə, nə də pretenziya məktublarında müqavilənin ləğv edildiyi və ya bütün əsas borcun tələb edildiyi göstərilmişdir.
20. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
21. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).
22. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
23. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə Cavabdeh1 MMC-yə iddia ərizəsini yollayaraq kredit müqavilələri üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun Cavabdeh1 MMC tərəfindən qəbul edildiyi tarixdən müqavilələr xitam edilmiş hesab edilməlidir. Lakin həmin tarixdə (xx.xx.2022-ci il) xx.xx.2020-ci il tarixli DCS90040254-03 saylı və 05 iyul 2021-ci il tarixli DCL90040254-04 saylı kredit müqavilələri üzrə kreditin müddəti başa çatmışdır. Belə olan halda iddiaçı xx.xx.2020-ci il tarixli DCS90040254-03 saylı müqavilə üzrə kredit müddətinin başa çatdığı xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli DCL90040254-04 saylı müqavilə üzrə kredit müddətinin başa çatdığı xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli DCL90040254-05 saylı və xx.xx.2021-ci il tarixli DCL90040254-06 saylı müqavilələr üzrə isə xx.xx.2022-ci il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.
24. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. Borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, cavabdehlər ekspert rəyinə etiraz etməmiş, iddiaçı isə rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət verməmiş, ekspert rəyinə əsas və faiz borcu hissəsində etiraz etməmişdir.
26. Məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli e-2-2(113)-119/2023 nömrəli qərardadı əsasında aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının 11 iyun 2024-cü il tarixli 9/8466 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2020-ci il tarixli DCS90040254-03 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc 39621,6 manat, faiz borcu 952,85 manat, xx.xx.2021-ci il tarixli DCL90040254- 04 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc 25067 manat, faiz borcu 2473,91 manat, xx.xx.2021-ci il tarixli DCL90040254-05 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc 83998 manat, faiz borcu 9312,87 manat, xx.xx.2021-ci il tarixli DCL90040254-06 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc 6095 manat, faiz borcu 661,98 manat təşkil edir.
27. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir.
28. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli DCS90040254-03 saylı kredit müqaviləsi üzrə əsas borc 30678,78 manat (iddiaçının tələb etdiyi əsas borc məbləği), xx.xx.2021-ci il tarixli DCL90040254-04 saylı kredit müqaviləsi üzrə əsas borc 25067 manat, faiz borcu 2473,91 manat, xx.xx.2021-ci il tarixli DCL90040254-05 saylı kredit müqaviləsi üzrə əsas borc 83998 manat, faiz borcu 9312,87 manat, xx.xx.2021-ci il tarixli DCL90040254-06 saylı kredit müqaviləsi üzrə əsas borc 6095 manat, faiz borcu 661,98 manat olaraq müəyyən edilməlidir.
29. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
30. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
31. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
32. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, 24 avqust 2020-ci il tarixdə bağlanmış DCS90040254-03 saylı kredit müqaviləsinə əsasən 30678,78 manat əsas borc, 05 iyul 2021-ci il tarixdə bağlanmış DCL90040254-04 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 25067 manat əsas borc, 2473,91 manat faiz borcu, 10 noyabr 2021-ci il tarixdə bağlanmış DCL90040254-05 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 83998 manat əsas borc, 9312,87 manat faiz borcu, 09 dekabr 2021-ci il tarixdə bağlanmış DCL90040254-06 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 6095 manat əsas borc, 661,98 manat faiz borcu cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
33. İddiaçı DCS90040254-03 saylı kredit müqaviləsinə əsasən 5947,69 manat cərimə borcu, DCL90040254-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5525,88 manat cərimə borcu, DCL90040254-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9183,78 manat cərimə borcu, DCL90040254-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 509,27 manat cərimə borcunun da cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
34. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL90040254-04 saylı, xx.xx.2021-ci il tarixli DCL90040254-05 saylı və xx.xx.2021-ci il tarixli DCL90040254-06 saylı maliyyələşdirmə üçün ərizələrdən görünür ki, kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 32% razılaşdırılmışdır.
35. xx.xx.2020-ci il tarixli DCS90040254-03 saylı kredit müqaviləsinin 4.2-ci bəndindən görünür ki, borclu ödəniş cədvəli üzrə ödənişləri vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir.
36. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
37. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi).
38. Göründüyü kimi, Konstitusiya Məhkəməsi mülki qanunvericiliyin normalarından çıxış edərək göstərmişdir ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Başqa sözlə, müqavilənin qüvvədə olduğu müddət ərzində yol verilmiş pozuntuya görə məsuliyyət müqavilənin müddətinin başa çatmasına görə aradan qalxmır. Lakin müqavilə xitam olunduqdan (müddətin başa çatması, ləğvi və ya müqavilədən bir tərəfli imtina olunması) sonra qüvvədə olmayan müqavilə şərtinə istinad edilməklə dəbbə pulunun hesablanmasının hüquqi əsası yoxdur. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsi adıçəkilən Qərarda qeyd etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
39. Bu mənada məhkəmə qeyd edir ki, ekspert qarşısında müqavilənin qüvvədə olduğu müddətlərdə (bax §23) cərimənin hesablanması ilə bağlı suallar qoyulmuş, ekspert tərəfindən ona uyğun rəy verilmişdir.
40. Belə ki, 11 iyun 2024-cü il tarixli 9/8466 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2020-ci il tarixli DCS90040254-03 saylı kredit müqaviləsi üzrə cərimə məbləği 507,68 manat (xx.xx.2022-ci il tarixə), xx.xx.2021-ci il tarixli DCL90040254-04 saylı kredit müqaviləsi üzrə cərimə məbləği 22,28 manat (xx.xx.2022-ci il tarixə), xx.xx.2021-ci il tarixli DCL90040254-05 saylı kredit müqaviləsi üzrə cərimə məbləği 34,99 manat (xx.xx.2022-ci il tarixə), xx.xx.2021-ci il tarixli DCL90040254-06 saylı kredit müqaviləsi üzrə cərimə məbləği 2,54 manat (xx.xx.2022-ci il tarixə) təşkil edir.
41. Mülki Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
42. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
43. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdehlər öhdəliyi hissəvi icra etməmişdir.
44. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, ekspert rəyi ilə müəyyən edilən cərimə məbləğləri ağlabatan və ədalətlidir (ekspert rəyinin mötəbərliyinə münasibətdə bax §25).
45. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq xx.xx.2020-ci il tarixli DCS90040254-03 saylı kredit müqaviləsi üzrə 507,68 manat, xx.xx.2021-ci il tarixli DCL90040254-04 saylı kredit müqaviləsi üzrə 22,28 manat, xx.xx.2021-ci il tarixli DCL90040254-05 saylı kredit müqaviləsi üzrə 34,99 manat, xx.xx.2021-ci il tarixli DCL90040254-06 saylı kredit müqaviləsi üzrə 2,54 manat pul cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
46. İddiaçı ödənilmiş 73,62 manat dövlət rüsumunun, 400 manat mediasiya xərcinin də cavabdehlərdən tutulmasını xahiş edir.
47. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən 73,62 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.
48. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli MŞB7-00015/2022 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iddiaçının nümayəndəsi və cavabdehlər iştirak etmiş və mediasiya xərci olaraq 400 manat iddiaçı tərəfindən ödənilmişdir.
49. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, 27 yanvar 2023-cü il tarixli 9/7258 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 145 manat, 18 avqust 2023-cü il tarixli 9/2274 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 145 manat, 11 iyun 2024-cü il tarixli 9/8466 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri isə 145 manat təşkil edir.
50. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
51. Həmin Məcəllənin 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
52. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən qüvvədə olan redaksiya) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
53. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
54. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
56. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən (bax §43) məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehlərdən tutulmalıdır.
57. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 73,62 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı ASC-yə, ekspertiza xərcinin əvəzi olaraq 435 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 24 avqust 2020-ci il tarixdə bağlanmış DCS90040254-03 saylı kredit müqaviləsinə əsasən 30678,78 manat əsas borc, 507,68 manat cərimə, 05 iyul 2021-ci il tarixdə bağlanmış DCL90040254-04 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 25067 manat əsas borc, 2473,91 manat faiz borcu, 22,28 manat cərimə, 10 noyabr 2021-ci il tarixdə bağlanmış DCL90040254-05 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 83998 manat əsas borc, 9312,87 manat faiz borcu, 34,99 manat cərimə, 09 dekabr 2021-ci il tarixdə bağlanmış DCL90040254-06 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 6095 manat əsas borc, 661,98 manat faiz borcu, 2,54 manat cərimə olmaqla ümumilikdə 158 855,03 məbləğində pul cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 73,62 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə 435 manat məbləğində pul müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova