Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-310/2022 14.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh ASC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30.04.2021-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1963,92 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 210000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə və fondlara ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 30.04.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 30.04.2021-ci il tarixə yaranan borcuna görə 23028 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə 04.05.2021-ci il tarixli, **********4 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 30.04.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1963,92 manat ödənilməmiş borcu qalmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında cavabdehin nümayəndəsi E.Mustafayev iddia ərizəsində göstərilən 1963,92 manat məbləğində borcun 10.11.2021-ci il tarixdə tam şəkildə ödənildiyini, iddia ərizəsində göstərilən tarixə (30.04.2021-ci il) hər hansı vergi borcunun olmadığını bildirib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, materiallara əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı tərəfindən 20.04.2021-ci il tarixdə cavabdehə vergi borcun ödənilməsinə dair **********3 saylı bildiriş göndərilərək, 20.04.2021-ci il tarixinə ümumilikdə 89756,38 manat, o cümlədən vergilər üzrə 14039,08 manat, maliyyə sanksiyaları üzrə 100 manat, faizlər üzrə 8827,15 manat, məhkəmə qərarı ilə təmin edilməmiş hissə üzrə 66790,15 manat məbləğində borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının “Vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 29.04.2021-ci il tarixli, **********4 nömrəli qərarı ilə cavabdeh vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Cavabdehə məxsus əmlak 03.05.2021-ci il tarixdə siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında **********4 saylı protokol, həmin protokola 13 saylı əlavə və vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında akt tərtib edilmişdir. Əmlakın siyahıya alınması haqqında **********4 saylı 03.05.2021-ci il tarixli protokola edilmiş 14 saylı əlavədə cavabdehə məxsus 210000 manat məbləğində 1 mərtəbəli 700 kv.m olan inzibati bina məbləğində birmərtəbəli tikililər siyahıya alınmışdır. İddiaçı tərəfindən 08.05.2021-ci il tarixdə cavabdehə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq 04.05.2021-ci il tarixdə 210000 manat dəyərində olan əmlakın siyahıya alınması bildirilmiş, əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdehin şəxsi hesab vərəqəsinə əsasən cavabdeh tərəfindən 10.11.2021-ci il tarixdə dövlət büdcəsinə 2263,62 manat ödəniş edilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 1.4-ci maddəsinə görə həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan cavabdeh vergilərin, eləcə də dövlət sığorta haqlarının və işsizlikdən sığorta haqlarının ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyərək, vergi borcunun, eləcə də dövlət sığorta haqlarına və işsizlikdən sığorta haqlarına görə borcunun ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borclarının ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən 04.05.2021ci il tarixdə cavabdehin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə onun 210000 manat dəyərində əmlakı siyahıya alınmışdır. Bununla yanaşı, materiallarda olan cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, iddia ərizəsində göstərilən tarixə (30.04.2021-ci il) dövlət büdcəsinə olan 1963,92 manat vergi borcu 10.11.2021-ci il tarixdə ödənilmişdir. Göründüyü kimi, cavabdehin hazırkı iş üzrə iddia ərizəsində istinad edilən tarixə, yəni 30.04.2021-ci il tarixə hesablanmış vergi borcu mövcud deyildir. Məhkəmənin iddia ərizəsində göstərilən tarixə cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olub-olmaması barədə məlumatın təqdim edilməsi barədə 22.12.2021-ci il tarixli sorğusuna cavab olaraq iddiaçı 29.12.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq cavabdehin sosial sığorta haqları üzrə 27057,30 manat borcunun olmasını bildirmiş, məktubda cavabdehin 30.04.2021-ci il tarixə olan vergi borcu barədə məlumat verilməmişdir. Cavabdehin 12.11.2021-ci il tarixə 72353,25 manat borcunun olması isə iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin borcun ödənilməsi ilə bağlı Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən bildiriş göndərilməli, müəyyən olunmuş müddətdə vergi borcu ödənilmədiyi halda əmlakın siyahıya alınması barədə qərar qəbul edilməli, bundan sonra əmlakın siyahıya alınması barədə protokol tərtib edilməli və vergi ödəyicisinə xəbərdarlıq edilməlidir. Daha sonra həmin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakların açıq hərracda satılması ilə bağlı məhkəməyə müraciət edilə bilər. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-310/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-310/2022
14.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver