Məhkəmə qərarları › İş №e-2-2(113)-3102/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3102/2025

15.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3102/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 23519 (iyirmi üç min beş yüz on doqquz) manat əsas borc məbləği, hər gecikdirilmiş iş günü üçün 0.1% olmaqla 26552,95 (iyirmi altı min beş yüz əlli iki manat 95 qəpik) manat dəbbə pulu, əsas borcun gecikdirilməsinə görə illik 5% olmaqla 5388,8 (beş min üç yüz səksən səkkiz manat 80 qəpik) manat gecikmə faizi, eləcə də iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 257 (ikiyüz əlliyedi) manat dövlət rüsumunun, hüquqiyardım üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqının tutularaq iddiaçıya ödənilmsi barədə qətnamə çıxar;lmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – İddiaçı/Satıcı) ilə Cavabdeh MMC (bundan sonra Cavabdeh/Alıcı) arasında 18 may 2020-ci il tarixli, 007/20 nömrəli Alqı-satqı Müqaviləsi(bundan sonra Müqavilə) imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı satır, Alıcı isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan izolyasiya materiallarını (bundan sonra “Mal” adlandırılacaq) Satıcıdan alır və Malın müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Müqavilənin 2.1-ci bəndinə görə bu Müqavilə üzrə Malın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da müəyyən edilir. Müqavilənin 4.4.1-ci bəndində qeyd olunmuşdur ki, Alıcının vəzifələrindən biri Malın qiymətini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməkdir. Müqavilənin 5.1-ci bəndinə görə Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Müqavilənin 5.4-cü bəndinə görə Alıcı Müqavilə ilə müəyyən edilmiş qaydada Malı Satıcıdan təhvil aldıqda sonra bu Müqavilənin 01 №-li Əlavəsinə uyğun olaraq alınmış malın dəyərini ödəmədikdə və ya qismən ödədikdə, Satıcı Alıcıdan hər gecikdirilən iş günü üçün malın dəyərinin ödənməmiş hissəsinin qiymətinin 0,1%-i həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. Spesifikasiya və xüsusişərtlərə, Malların təhvil-qəbulaktına əsasən qeyd olunmuş elektron-qaimə faktura üzrə aşağıda dəyəri qeyd olunmuş Mallar Satıcı tərəfindən Alıcıya təhvil verilmiş və Alıcı tərəfindən təhvilalınmışdır: 1. 21 may 2020-ci il tarixli, EBAK seriyalı, 214830 nömrəlielektron qaimə-fakturaya əsasən əsas məbləğ 34931.35 (otuz dörd min doqquz yüz otuz bir manat otuz beş qəpik) manat, ƏDV6287.64 (altı min iki yüz səksən yeddi manat altmış dörd qəpik) manat, ümumilikdə 41219.00 (qırx bir min ikiyüz on doqquz) manat (Həmin elektron qaimə-fakturaya əsasən Alıcı tərəfindən Satıcıya əsas məbləğ 19931.35 (on doqquz min doqquz yüz otuz bir manat 35 qəpik) manat, ƏDV 3587.65 (üç min beş yüz səksən yeddi manat 65 qəpik) manat, ümumilikdə 23519 (iyirmi üç min beş yüz on doqquz) manat ödənilməmişdir) Odur ki, yuxarıda qeyd olunanlara əsasən əsas məbləğ 19931.35 (on doqquz min doqquz yüz otuz bir manat 35 qəpik) manat, ƏDV3587.65 (üç min beş yüz səksən yeddi manat 65 qəpik) manat, ümumilikdə 23519 (iyirmi üç min beş yüz on doqquz) manat dəyərində borc məbləğiAlıcı tərəfindən Satıcıya bu günədək ödənilməmiş və Alıcı tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 may 2020-ci il tarixli, 007/20 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı satır, Alıcı isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan izolyasiya materiallarını (bundan sonra “Mal” adlandırılacaq) Satıcıdan alır və Malın müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir.

9. Müqavilənin 2.1-ci bəndinə görə bu Müqavilə üzrə Malın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da müəyyən edilir.

10. Müqavilənin 4.4.1-ci bəndində qeyd olunmuşdur ki, Alıcının vəzifələrindən biri Malın qiymətini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməkdir.

11. Müqavilənin 5.1-ci bəndinə görə Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

12. Müqavilənin 5.4-cü bəndinə görə Alıcı Müqavilə ilə müəyyən edilmiş qaydada Malı Satıcıdan təhvil aldıqda sonra bu Müqavilənin 01 №-li Əlavəsinə uyğun olaraq alınmış malın dəyərini ödəmədikdə və ya qismən ödədikdə, Satıcı Alıcıdan hər gecikdirilən iş günü üçün malın dəyərinin ödənməmiş hissəsinin qiymətinin 0,1%-i həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər.

13. 18 may 2020-ci il tarixli Sertifikasiya və xüsusi şərtlərə dair Əlavə №1-ə əsasən ******* m3 miqdarda satılacaq malların dəyəri ƏDV daxil olmaqla 41.218,99 manat məbləğində olacağı razılaşdırılmışdır.

14. 21.05.2020-ci il tarixli malların təhvil-qəbul aktına əsasən 41219 manat məbləğində mal cavabdeh tərəfindən təhvil alınmışdır. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

15. 21 may 2020-ci il tarixli EBAK seriyalı 214830 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 34931.35 manat, ƏDV 6287.64 manat, ümumilikdə 41219 manat məbləğində iddiaçı tərəfindən cavabdehə e-qaimə göndərilmişdir.

16. 08.05.2020-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 15.000 manat məbləğində ödəniş edilmişdir.

17. 08.05.2020-ci il tarixli ƏDV Sub-Uçot Hesabından çıxarışa əsasən Cavabdeh MMC tərəfindən 2700 manat məbləğində ödəniş edilmişdir.

18. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

21. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

23. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

26. Göründüyü kimi tərəflər arasında 18 may 2020-ci il tarixli, 007/20 nömrəli bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı satır, Alıcı isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan izolyasiya materiallarını (bundan sonra “Mal” adlandırılacaq) Satıcıdan alır və Malın müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra edərək malları təhvil-təslim aktı və e-qaimə əsasında təhvil versə də, cavabdehin iddiaçıya müqavilə üzrə 23.519 manat ödənilməmiş borcu qalmışdır.

27. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, təhvil-təslim aktı, qismi ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 23.519 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 23.519 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 23.519 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

29. Bundan əlavə, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən hesablanmış 26552,95 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

30. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

31. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

32. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq, cavabdehdən tutulacaq dəbbə pulu 1176 manat məbləğində müəyyən edilməlidir.

33. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq (illik 5%) hesablanmış 5388,8 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini məhkəmə qismən əsaslı hesab edir.

34. Belə ki, Mülki Məcəllənin:

35. 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvvədə olmuş redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

36. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

38. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

39. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:

40. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;

41. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;

42. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

43. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.

44. İddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu və Mülki Məcəllənin 445.7-ci maddəsi ilə faiz tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödəmək öhdəliyinin ödənilməsinin gecikdirilməsinə görə iki məsuliyyət tədbirinin – müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun və illik 5% olmaqla faizlərin tutulmasını tələb edir. Bu zaman dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, dəbbə pulunun hesablanması üsuluna görə növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği olaraq tutulur, bundan fərqli olaraq dəbbə pulunun digər növü olan “penya” öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərindən göründüyü kimi həmin müqavilədə nəzərdə tutulmuş dəbbə pulu, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.

45. Digər tərəfdən maddi zərərlə dəbbə pulunun nisbətini müəyyən edən Mülki Məcəllənin 466-cı maddəsində zərərlə nisbətinə görə 4 dəbbə pulu növü fərqləndirilmişdir. Belə ki, həmin maddəyə görə qanunda və müqavilədə digər qayda müəyyənləşdirilmədikdə, dəbbə pulu əvəzləşdirilən dəbbə pulu hesab edilir, yəni dəbbə pulu məbləği zərər məbləği ilə əvəzləşdirilməklə zərərin yalnız dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə dəbbə pulunun digər növləri də nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər (müstəsna dəbbə pulu);. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər (cərimə xarakterli dəbbə pulu); kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (alternativ dəbbə pulu). Göründüyü kimi zərərlə yanaşı tutulan cərimə xarakterli dəbbə pulundan fərqli olaraq digər üç dəbbə pulu növü (əvəzləşdirilən, müstəsna və alternativ) zərər məbləğinə əlavə olaraq tutulmur. Başqa sözlə desək, cərimə xarakterli dəbbə pulu istisna olmaqla dəbbə pulunun sadalanan digər növlərinin tətbiqində məqsəd şəxsin öhdəliyin pozuntusuna görə cəzalandırmaq deyil, öhdəliyin icrasını təmin etmək və öhdəliklərin pozulması nəticəsində zərərçəkmiş şəxsin hüquqlarını bərpa etməkdən ibarətdir.

46. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, mübahisəli müqavildə nəzərdə tutulmuş dəbbə pulu (penya) əvəzləşdirilən dəbbə pulu hesab edilməlidir. Belə olan halda isə, həmin dəbbə pulu tutulduqda zərərin yalnız dəbbə pulu ilə əhatə edilməyən hissəsi tutula bilər.

47. Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır.

48. Beləliklə, hazırkı halda həm mübahisəli müqavilədə nəzərdə tutulmuş əvəzləşdirilən dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququnun universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.

49. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz. Belə ki, yuxarıda da şərh edildiyi kimi həmin maddənin tələbləri baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.

50. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən müəyyən qədər ödəniş edilsə də, lakin qalıq borc beş ilə yaxın müddətdir ki, ödənilməmiş qalmışdır. Beləliklə, 60 ay müddətinə gecikdirilmiş 23519 manat borca illik 5% ilə iddiaçını hesabladığı faiz borcu 5388,8 manat təşkil edir, cavabdehə tətbiq edilən dəbbə pulu məbləği isə 1176 manat təşkil edir.

51. Göründüyü kimi iddiaçının 60 aylıq müddət üçün tutulmasını xahiş etdiyi 5388,8 manat məbləğində faiz məbləği hazırkı qətnamə ilə tutulmuş dəbbə pulu məbləği (1176 manat) ilə əhatə olunmadığı üçün, yuxarıda qeyd edilən nörmaların təhlilinə əsasən əlavə olaraq əldən çıxmış fayda qismində 4212,8 manat (5388,8 m -1176 m =4212,8 m) faiz borcunun tutulması üçün əsaslar mövcüddur.

52. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi faiz borcu qismən - 4212,8 manat həddində təmin edilməlidir.

53. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 320 manat məbləğində vəkil xərci və 257 manat dövlət rüsumu ödənilmişdir.

54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

56. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 177 manat dövlət rüsumunun əvəzi olaraq və vəkil xərcinin əvəzi olaraq 320 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 23.519 manat əsas borc məbləği, 1176 manat dəbbə pulu, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 4212,8 manat faiz borcu, vəkil xərcinin əvəzi olaraq 320 manat və dövlət rüsumunun əvəzi olaraq 177 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar