Məhkəmə qərarları › İş №e-2-2(113)-3105/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3105/2023

06.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3105/2023 06.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC-yə qarşı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1057/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi üzrə cavabdeh tərəfindən keçirilmiş hərracın və onun nəticələrinin, əmlakın qiymətləndirilməsi barədə sənədin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 2(002)-1057/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinin icrası üzrə cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC tərəfindən keçirilmiş hərracın və onun nəticələrinin, eləcə də daşınmaz əmlakın qiymətləndirilməsi barədə sənədin etibarsız sayılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil əlavələrin olmadığını işin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirirək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı iddia ərizəsində hərracın və onun nəticələrinin, eləcə də daşınmaz əmlakın qiymətləndirilməsi barədə sənədin etibarsız sayılması tələbini irəli sürsə də, nəticələrinin etibarsız hesab edilməsini tələb etdiyi hərracın keçirilməsinə dair sənədləri, eləcə də qiymətləndirmə rəyini fərdiləşdirməyə imkan verən məlumatları, o cümlədən hərracın keçirilməsi vaxtını, hərracın yekunlarına dair protokolun nömrə və tarixini, daşınmaz əmlakın qiymətləndirilməsi barədə sənədin nömrə və tarixini, eləcə də hansı qiymətləndirmə şirkəti tərəfindən verilməsini göstərməmiş, yəni iddianın predmetini dəqiqləşdirməmiş, eləcə də sözügedən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə tərəfindən göstərilən nöqsanların aradan qaldırılması üçün iddiaçıya vaxt verilsə də, nöqsanlar aradan qaldırılmamışdır. MPM-in: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in 259.0.12-ci maddəsinin tələblərinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC-yə qarşı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1057/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi üzrə cavabdeh tərəfindən keçirilmiş hərracın və onun nəticələrinin, əmlakın qiymətləndirilməsi barədə sənədin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar