Məhkəmə qərarları › İş №e-2-2(113)-3106/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3106/2025

18.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3106/2025 18.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlu, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" X3 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" X3 Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X5 Cavabdeh qarşı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X4 vurulmuş maddi ziyandan ödənilməmiş 1388.24 (bir min üç yüzsəksən səkkiz manat 24 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, e-2(006)- 1012/2025 saylı qərardadına əsasən, İddiaçı "xxxx" X3 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, e-2(006)- 1012/2025 saylı qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 25 və 26-ci maddəsinə istinad edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 13-cü bəndinə əsasən Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Qeyd olunan normaların müqayisəli təhlilindən və Ali Məhkəmə Plenumunun qərarından belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə iddiaçı hüquqi şəxs, cavabdeh isə VÖEN sahibi olan fiziki şəxs olsa da, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsi hesab edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında prookoldan görünür ki, X9 markalı 99UZ209 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmuş, yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı "xxxx" X5 həmin hadisə nəticəsində ona məxsus 1 ədəd polermo tipli işıq dirəyinə ziyan dəydiyini bildirərək, cavabdehdən ödənilməsini tələb edir. Ancaq iş materiallarına nəzər yetirildikdə görünür ki, heç bir yerdə qeyd edilmiş X9 markalı 99UZ209 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti üçün istifadə edilməsi kimi hər hansı bir qeyd yoxdur. Göründüyü kimi, tərəflər arasında olan mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" X3 Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar